Atatürkün dərslik olmasını istədiyi kitab ilk dəfə Azərbaycan dilində

223 Baxış

Ağ zanbaqlar ölkəsi“Ağ zanbaqlar ölkəsi” kitabı ilk dəfə türk dilinə Mustafa Kamal Atatürkün dövründə tərcümə edilib. Atatürk kitabı oxuduqdan sonra əsərə heyran olub və dərhal kitabın ölkədəki məktəblərin, xüsusilə hərbi məktəblərin proqramına salınmasını əmr edib. Türk əsgərləri ölkələrindəki “həyat tərzini dəyişmək” üçün mütləq bu kitabı oxumalı idilər. O dövrdə kitaba maraq o qədər çox olub ki, Qurani- Kərimdən sonra ən çox oxunan kitaba çevrilib.

“Ağ zanbaqlar ölkəsi” əsəri 1923- cü ildə rusiyalı yazıçı Qriqori Petrov tərəfindən qələmə alınıb. Əsər Petrovun müxtəlif dövrlərdə Finlandiyaya etdiyi səyahətlər zamanı götürdüyü qeydlər əsasında yazılıb. Kitab 1800-cü illərin sonlarında Finlandiya xalqının yaşadığı sıxıntıları, cəhalətdən qurtulmaq üçün başda Yohan Vilhelm Snellman olmaqla Fin ziyalılarının apardığı mübarizə öz əksini tapıb. Belə ki, yoxsulluğa, imkansızlığa və əlverişsiz təbii şəraitə baxmayaraq, az sayda ziyalının öndərliyi ilə əsgərlərdən din xadimlərinə, professorlardan müəllimlərə, həkimlərdən iş adamlarına qədər bütün peşə sahibləri çiyin-çiyinə çalışaraq vətənləri Finlandiyanı- geri qalmış bir ölkəni inkişaf etdirmək üçün mübarizə aparırlar. Onların bu mübarizəsi isə bütün insanlar üçün bir nümunə ola bilər.

Kitab ilk dəfə 1923-cü ildə Sarayevoda çap olunub. Qısa müddət ərzində əsər bir çox dillərə tərcümə edilib. Xüsusilə də Yuqoslaviya Krallığında, Bolqarıstanda və Türkiyədə yazıçının ən çox sevilən əsəri olub.

Senet.az da kitabın bir çox ölkələrdə maraqla qarşılandığını nəzərə alaraq əsəri oxuculara təqdim etməyi qərara alıb. Əsər ilk dəfə olaraq Azərbaycan dilinə tərcümə edilir.  Əsərin Azərbaycan dilində tərcüməsi saytımızda silsilə şəkildə yerləşdiriləcək.  “Tarixdən alınacaq ibrət dərsi” başlıqlı ilk hissəni təqdim edirik.

Tarixdən alınacaq ibrət dərsi

Bundan 30-40 il əvvəl[1] Moskvadakı Dövlət Teatrının divarlarında birdən-birə böyük çatlar əmələ gəlmişdi. Bünövrədən dama qədər qalxan bu çatlarla bütün binanın qəflətən yıxılıb içəridə olanlarla birlikdə ətrafdakılara xəsarət yetirməsi təhlükəsi vardı.

Binaya baxış keçirən mühəndislər çatların səbəblərini araşdırmağa başlamışdılar. Bünövrənin bir neçə yerində aparılan müayinələrin nəticəsi belə olmuşdu:

Artıq çürüməyə və çökməyə başlayan Moskvanın bu tarixi daş binası əslində taxta təməllər üzərində inşa edilmişdi. Dövlət teatrının binası inşa edilərkən daha möhkəm olması üçün yerə qalın payalar vurulmuş və bunların üstünə də qalın daş divarlar hörülmüşdü.

O zamanlar “bu bünövrə kifayət qədər dayanıqlıdır” deyilmişdir. Həqiqətən də teatr binası bu şəkildə uzun illər dayanıqlığını saxlaya bilmişdi. Ancaq illər keçdikcə zaman da öz təsirini göstərmişdir; bünövrədəki qalın taxta payalar  yararsız hala düşdüyü üçün bünövrə sürüşməyə başlamış, nəticədə binanın divarlarında böyük çatlar əmələ gəlmişdir.

Mühəndislər “Bu təhlükənin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?” deyərək həll yollarını tapmağa çalışmışdılar. Tarixi binanı dağıtmağı gözə almamışdılar. Əvvəlcə künclərdən başlayaraq bünövrəni qazmışdılar. Çürüyən payaların yerinə hissə-hissə möhkəm qranit daşlar yerləşdirmişdilər. Bu işləri görərək yavaş-yavaş bütün bünövrəni yeniləmişdilər. Beləcə, Dövlət Teatrının qədim binası yenidən sağlam bünövrəyə sahib olmuşdur.

Mühəndislərin gördükləri işlər nəticəsində teatr bu gün də təhlükəsiz bir vəziyyətdədir.

Dövlətlərin tarixi və millətlərin mövcudluğu da Moskvadakı Dövlət Teatrının binasına bənzəyir. Dövlət nizamının köhnə təməlləri- xalqı idarə etmək üçün çıxarılan qərarlar o zaman üçün nə qədər yetərli görünürdüsə də, bu gün həmin təməllər- köhnə rəhbərlik qanunları böhrana səbəb olur, yetərsiz qalır.

Məşhur bir atalar sözü vardır: “Yeni cəmiyyətlər özləri ilə birlikdə yeni mahnılar yaradır”. Zaman keçdikcə nəsillər davamlı olaraq dəyişir, yenilənir. Hər nəsil özü ilə birlikdə yeni anlayışlar, yeni ehtiyaclar və tələblər gətirir.

Yeni nəsillərə artıq köhnəlmiş, zamanla dəyişmiş idarəçilik üsulları və qanunlar tətbiq edilə bilməz.

Yeni nəsillər üçün daha yeni, daha ağıllı, daha adil, daha sağlam təməllərə söykənən idarəetmə anlayışlarının tətbiq edilməsi vacibdir. Ağıl və sağlam düşüncə sahibi dövlət adamlarına sahib olan ölkələrdə artıq bu iş bu şəkildə həyata keçirilir. Bu ölkələrdə böhranlara, qarışıqlıqlara, ictimai sarsıntı və çalxalanmalara səbəb olmadan daha müdrik, daha ədalətli metodlar tətbiq edilir.

Bir çox ölkədə isə dövlət məmurları xalq hakimiyyətinin və təhsil sisteminin tənzimlənməsinin vacib olduğunu başa düşmürlər və ya başa düşmək istəmirlər.

Bu şəkildə dövlət idarəçiliyinin sütunları sıradan çıxır, hissə-hissə çatlar meydana gəlir, amma getdikcə dərinləşən və genişlənən bu çatlara əhəmiyyət verilmir.

Elə buna görə də zahirən sağlam və güclü görünən dövlət idarələrinin ləğvi, hətta yıxılmasına heç də təəssüflənmək lazım deyil. Qədim İran dövləti bu şəkildə süquta uğradı. Böyük Osmanlı imperiyası, Avsrtiya İmperatorluğu süqut etdi. Böyük Rusiya İmperiyası məhv oldu. Bismarkların[2] və Vilhelmlərin[3] Almaniyası da məhv olub getdi.

Müqəddəs kitablarda qeyd olunur: Bir vaxtlar qüdrətli və zalım bir hökmdarın sarayının divarlarında yazılmış belə bir təsirli sözlər olub:

Mene, tekel[4], peres![5]

Bu sözlərin mənasını kimsə başa düşməmişdir. Müdrik Danyal[6] bu sözləri belə şərh etmişdir:

Bu atəşdən yazılan yazılar nə isə möhtəşəm bir hadisənin baş verəcəyinin xəbərçisi hesab edilir. Bunların mənası odur ki, artıq dövlət var olma gücünü itirib. Danılmaz bir müsibətlə məhv olmağa məhkumdur.

Qədim Roma imperatorluğu, Filippin[7] və Alba Dükasın[8] İspaniya səltənəti, XV Luisin[9] Fransada hökmranlığı, Romanovların[10] Rusiyası, Hohenzollernlərin[11] Almaniyası, Habsburqların[12] Avtriyasının eyni faciəvi sonluğu oldu. Tarix onlarla bağlı lazım olan hökmü verdi: Mene, tekel, peres!

Bütün bu məsələləri ciddi düşünün! Həşəratlar kimi önəmsiz olan şəxsi məşğuliyyətləriniz və dərdlərinizin bataqlığında qıvranmayın. Bunun qarşılığında dövlətin əsaslarını və cəmiyyətin bundan sonra alacağı təhsili düşünün.

Tarix bəzi millətlərin və dövlətlərin faciəvi sonluğunu yazdığı kimi, bəzi dövlətlərin və millətlərin irəliyə doğru addımlaması və yüksəlməsini yazmaq üçün parlaq səhifələr də açır.

Tarix xalqın hər hansı heyvan sürüsü halından və ya çalışqan qarışqa koloniyası (Ameisenvölker) şəklindən çıxaraq, ağıllı və xoş həyat tərzi keçirən milyonlarla sənətkar və istehsalçıya çevrilmə yollarını, dövlətin necə gücləndirilməsini, cəmmiyyətə necə təhsil verməyi göstərən bir elmdir.

———-

[1] Əsərin 1920-ci ildə yazıldığı nəzərə alınmalıdır.

[2] Otto von Bismark (1815-1898): 19-cu əsrdə zəif bir konfederasiya olan Almaniyanın güclü bir imperatorluğa çevrilməsində ən önəmli rol oynayan və ilk baş nazir olan Alman dövlət adamı

[3]İ. Vilhelm ya da Kayzer Vilhelm (Wilhelm Friedrich Ludwig) (1797-1888): Prusiya kralı və Alman imperatoru. II Vilhelm (1859-1941): Son Alman imperatoru və Prusiya kralı.

[4]Mətndə tegel kimi qeyd edilib.

[5] Mene, tekel, peres: “Divardakı yazı” ya da “divardakı əlyazması” kimi bilinən talesizlik və ya bəla uzaqgörənliyi mənasını verən bir deyimdir. Daniel kitabında qeyd edilən, Babil imperatorluğunun bölünməsini xəbər verən fövqəltəbii yazıdan qaynaqlanmaqla yanaşı, gündəlik və ədəbi dildə geniş istifadə edilmişdir.

[6]Danyal və ya Daniel (e.ə. 605-562): İsrailoğullarına göndərilən peyğəmbərlərdəndir. Yəhudiləri Babil əsarətindən xilas etmişdir.

[7]Kral II Filipp (1527-1598): İspaniya imperatorluğunun qurucusu

[8]El duc d`Alba (Duques de Alba de Torme), İspaniyanın qədim nəsillərindən biridir.

[9]XV Luis (1710-1774): Fransa kralı. Zəif idarəçiliyi ilə krallığın nüfuzunun aşağı düşməsinə və 1789- cu ildə Fransa İnqilabının başlamasına səbəb olmuşdur.

[10] Romanovlar sülaləsi: 1613-cü ildən 1917-ci ilin Oktyabr çerilişinə qədər Rusiyanı idarə edən sülalə.

[11]Hohenzollern sülaləsi: Almaniya Milli Birliyinin qurulmasına liderlik edərək Almaniya imperiyasını quran kral ailəsi. Avstriyalı Habsburq və Osmanlılar kimi 12-ci yüzillikdən Birinci Dünya Müharibəsinədək Almaniyanı idarə edən sülalə.

[12]Habsburq sülaləsi: Avropanın müxtəlif ölkələrini yüz illər boyunca idarə etmiş Avstriya sülaləsi. Qurulması və dağılması Osmanlı imperiyası ilə yaxın vaxtlara təsadüf edir.