Atom quruluşlu Rüstəm Kamal!

48 Baxış

Yusif Ali Afsar

Fəlsəfə doktoru, dosent Yusif Alı Afşar

 

 

İlk dəfə dördüncü sinifdə oxuyarkən “Təbiətşünaslıq” kitabında atomun bölünməzliyi ideyasını irəli sürən, “atom təlimi”nin banisi, qədim yunan filosofu Demokritin adına rast oldum. Atomun bölünməzliyi haqqındakı təməl fərziyyə o qədər ilgimi çəkmişdir ki, burada verilən məlumatla kifayətlənməyib, atamın köməkliyi ilə Azərbaycan Sovet Ensiklopediyasında bu haqda və dahi Demokrit haqqında geniş bilgilər əldə etdim. İlkin elmi fərziyyə o qədər xoşuma gəlmişdi ki, hətta bu təsirlə ideyanın müəllifi Demokriti digər yunan alimlərindən daha çox sevməyimə başlamışdım. Tale, qismət elə gətirdi ki, ixtisasca fizik oldum. Atomun bölünməsini özüm həyata keçirib, parçalanmanı öz gözlərimlə görsəm də, yenə təfəkkürümdə atomu bölünməz qəbul edərək, ən ideal məqamları, şəxsiyyətinə sayğı duyduğum insanları da bu monolitliklə müqayisə edirəm. Atomun bölünərək kiçik zərrəciklərə qədər parşalanmasının özü belə, atomun necə mükəmməl bir struktura malik olduğunu əks etdirir. Sanki bölünən hissəciklər hər biri atomun bölünməzliyinə deyil, şaxələnməsinə dəlalət edir. Bu isə mükəmməlliyin, kamilliyin təzahürüdür.

Oxucuda təəccüb doğura biləcək bu haşiyəyə çıxmağım səbəbsiz deyildi. Çünki bu yazıda bəhs edəcəyim şəxsiyyət haqqında yazmağa başlamaq mənə çox çətin gəldi. Tənqidçi, ədəbiyyatşünas, esseist, filologiya elmləri doktoru, professor Rüstəm Kamal haqqında yazmaq, onun çoxüzlü prizmaya bənzəyən çoxşaxəli yaradıcılıq yönlərinin hansı tərəfindən başlayıb onu təqdim etmək sözün həqiqi mənasında mənim üçün çox çətin oldu deyə, belə bir haşiyədən başlamalı oldum. Onun şəxsiyyətini ifadə etmək üçün sözün həqiqi mənasında söz tapmaq çətinliyində qaldıqda Mahatma Qandinin haqlı olaraq söylədiyi: “Tolerantlıq sözü mənim xoşuma gəlmir, lakin mən bundan yaxsı söz tanımıram” fikirinə haqq qazandırmış oldum.

Rüstəm Kamalın nə ədəbi yaradıcılığından, nə onun ədəbi tənqiddə söylədiyi fikirlərdən, nə də məşğul olduğu ixtisas sahəsindən danışmaq və ona qiymət vermək fikrində deyiləm. Çünki bu fitri istedada malik, əsl insan, əsl ziyalı, əsl alim, sərt və mənalı zahiri görkəm sahibi haqqında dəyərli alimlərimiz, sənət insanlarımız çox sözlər demiş və Rüstəm Kamal şəxsiyyətini öz amplualarında bizlərə təqdim edərək daha da sevdirmişdilər. Mən sadəcə olaraq, Rüstəm müəllim haqqında öz düşündüklərimi qələmə alaraq ömrünün 53-cü ili münasibətilə ona ünvanlanmış təbrik xarakterli cızma-qaramı oxucularla bölüşmək istəyirəm.

Bayaq haşiyəyə çıxaraq qeyd etdiyim atom bölünməzliyi saf kristallik qurluşa malik Rüstəm bəyi xarakterizə etmək baxımından ən ideal yanaşmadır. Belə ki, 1910-cu ildə  ingilis fiziki Ernest Rezerfordun irəli sürdüyü atomun planetar  modelinə uyğun olaraq məhz Rüstəm Kamal şəxsiyyətinə və yaradıcılığına da bu modelə uyğun yanaşma qurmaq olar. Necə ki, atomun mərkəzində müsbət yüklü ağır nüvə dayanır, Rüstəm Kamal şəxsiyyətinin mərkəzində də ağır xarakterli, müsbət kişi əzmi dayanır. Atom ətrafında hərəkət edərək nüvə ilə bir cazibə balansı yaradan elektronlar kimi, Rüstəm Kamalın da çoxşaxəli yaradıcılıq elementləri onun şəxsiyyəti ətrafında dövrə vuraraq, şəxsiyyəti ilətamlıq təşkil edərək daima hərəkətdədir. Yəni Rüstəm Kamal şəxsiyyət kimi həm ədəbiyyatda, həm də insanlıqda hər zaman bütöv və tam olmuşdur.

Ümumiyyətlə, ixtisasıma uyğun olaraq sahə, fəza təsəvvürləri ilə mütəmadi məşğul olduğumdan təfəkkürümdə ikiölçülü, üçölçülü və dördölçülü fəzanın qarşılıqlı keçid imkanları formalaşmışdır. Bu fəzalar arasında keçid etmək üçün insan sanki ruh olaraq ruhlar içindən keçir. Ədəbiyyat və incəsənətdə üçölçülü fəzadan dördölçülü fəzaya keçmək daha çətindir. Əgər ruhun oxuduğun əsərdən, diqqətlə baxdığın sənət nümunəsindən zövq alıb, duyğu payı göterməsə dördölçülü fəzaya keçid mümkün olmur. Yəni simmetriklik asimmetrikliyə uğrayır. Məhz Rüstəm müəllim də o şəxsiyyətlərdəndir ki, onun yaradıcılığı haqqında düşünəndə, onun əsərlərini oxuyanda, onun tənqidi fikirlərini gözdən keçirəndə düçüncə sərhəddim genişlənir və Rüstəm müəllimi dərk etmək dərinliyi bayaq dediyim kimi, dördölçülü fəzada qərarlaşır. Çünki Rüstəm müəllim ruh insanıdır, ədəb-ərkanlı etika mücəssəməsidir. Rüstəm müəllimin fikir dünyası o qədər mükəmməl və çoxşaxəlidir ki, onun aurasında müxtəlif peşənin, müxtəlif sənətin təmsilçiləri cəm olmuşdur. Həmişə Dəmirçioğlu Məmməd, Ramiz Göyüşov, Məmməd İlqar, İbrahim İlyaslı və digər şair və sənətkarlarla söhbət edərkən Rüstəm Kamala bəslədikləri sevgilərinin gözlərində şimşək kimi çaxmasının şahidi olmuşam. Bu da hər kəsə xas ola biləcək keyfiyyət deyildir. Rüstəm müəllim ədəbi tənqiddə elə mövqedən çıxış edir ki, hətta ən sevdiyin şairin, yazıçının belə tənqidinə qarşı dözümlü dayana bilirsən və haqlı tənqidin detalları ilə barışsan da öz sevgində davam edə bilirsən.

Dəyərli Rüstəm Kamalı ömrünün 53-cü baharına qədəm qoyması münasibətilə, onu sevən çoxsaylı dostları, tanışları, eloğluları adından təbrik edirəm. Ona bu kəşməkəşli dünyanın gərgin həyat yolunda daim sevinc, xoşbəxtlik, ailə səadəti, can sağlığı və yaradıcılıq uğurları arzulayıram!

Doğum gününüz mübarək, USTAD!

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Tənqid
KÖŞƏ YAZARLARI
TOP 10