Avropa Film Festivalında 13 ölkədən 10 film nümayiş olunacaq

0 Baxış

hg

İyunun 14-də Avropa Film Festivalı ilə bağlı onlayn formatda mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda belə festivalların Azərbaycan ilə Avropa İttifaqı arasında mövcud mədəni əlaqələrin inkişafına verdiyi töhfədən bəhs olunub.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Jankauskas deyib: “Biz Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıqdan danışırıqsa sabitlik, sülh, inkişaf və mədəni əlaqələrimizin gücləndirilməsi bir arada olmalıdır. Film festivalları insanları tanımaq, mədəniyyətləri kəşf etmək, fərqli insanların ideyalarını paylaşmaq üçün gözəl bir fürsətdir. Bu il 13 Avropa ölkəsindən 10 film nümayiş ediləcək. Fərqli janrlar – komediya, dram, sənədli filmlər bunlar hamısı müxtəlif mükafatlar almış ekran əsərləridir. Ümid edirəm ki, bu cür tədbirlər vasitəsilə Azərbaycan ilə Avropa xalqları arasında əməkdaşlıq daha da genişlənəcək. Bu formatın gözəlliyi də ondan ibarətdir ki, hər kəs bu festivala qoşulub zövq ala bilər”.

Onun sözlərinə görə, bu il festivalımız ilk dəfə onlayn formatda təşkil olunur: “Bu, Avropa kinematoqrafiyasını təkcə Bakıda deyil, həm də bütün Azərbaycan tamaşaçıları üçün daha da yaxın və əlçatan edir”, – deyə səfir Kestutis Jankauskas bildirib.

Bildirilib ki, festival iyunun 14-dən 29-dək onlayn formatda keçiriləcək. Filmləri festivalscope.com saytından izləmək mümkündür. Filmlər orijinal dildədir. Bəzi filmlər ingilis rus və Azərbaycan subtitrləri ilə təqdim olunur.

Qeyd edilib ki, filmlərin əksəriyyəti nüfuzlu beynəlxalq film festivallarının qalibləridir. Festival proqramına iyunun 17-də macar kinorejissor Gabor Reisz ilə görüş də daxildir. İyunun 24-də Azərbaycan auditoriyası beynəlxalq səviyyəli kurator, mühazirəçi və media eksperti Nikolay Nikitin ilə təqdimat və sual-cavab sessiyasında iştirak etmək şansı qazanacaq.

Avropa Film Festivalı ilə bağlı son məlumatları Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin feysbuk səhifəsindən izləmək olar.

Xatırladaq ki, Avropa Film Festivalları çərçivəsində indiyə qədər 148 film nümayiş olunub və 23 Avropa rejissoru, aktyoru Azərbaycana səfər edib.

Bölmə : Kino, Sənət