Avropada yeganə teatrımız- Azərbaycan Kukla Teatrı

9 Baxış


Muxtar AvşarovEstoniyada Avropada yeganə teatrımız olan Rauf Avşarın Azərbaycan Kukla Teatrı bu il 20 illiyini qeyd edir. 


Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin məlumatına görə, teatrın rəhbəri Rauf Avşar müsahibəsində teatrın yaradılması ideyasından söz açaraq deyib: “Hər şey mən kolleksiya kuklaları yaradanda başlandı. Bu kuklalar məndə tamaşalara quruluş vermək fikri oyatdı”. Avropada ilk Azərbaycan Kukla Teatrı da elə ilk tamaşadan sonra yarandı. 

Teatrın rəhbəri Rauf Avşar Gəncədə xalq artisti Muxtar Avşarovun ailəsində anadan olub. O, 2006-cı ildə Azərbaycanın əməkdar artisti adına layiq görülüb. 

Teatrın repertuarına dünya xalqlarının nağılları ilə yanaşı, Azərbaycan nağılları, o cümlədən ”Cırtdan”, “Bağban və Şah Abbas”, “Şahın başı haradadır?”, “Ağ daşın nağılı”, “Qız Qalası əfsanəsi”, habelə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettası əsasında “Tacirin toyu” (“Məşədi İbad”) musiqili komediyası daxildir. 

Rauf Avşar bildirib ki, son iki ildə Salyan Dövlət Kukla Teatrında bir neçə tamaşanın quruluşçu rejissoru olub. Rejissorun sözlərinə görə, Estoniya tamaşaçısı onun yaradıcılığını rəğbətlə qarşılayır. Teatr Estoniya Mədəniyyət Nazirliyinin tamhüquqlu tərəfdaşıdır. 

R.Avşar ona göstərilən qayğıya görə, Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirərək deyib ki, Azərbaycan dövləti mədəniyyət, elm və incəsənət xadimlərinə həmişə xüsusi diqqət göstərir. 

Azərbaycan folkloruna müraciət etməyin onun üçün mənəvi borc olduğunu vurğulayan Rauf Avşar deyib: “Mən Estoniyanın və digər ölkələrin sakinlərini Azərbaycan nağılları ilə tanış etməyə, milli mədəniyyətimizi təbliğ etməyə, ona maraq və məhəbbət oyatmağa çalışıram”.