Şamaxı… Və Mirzə Ələkbər Sabir… – Pərvin

51 Baxış

116331_s10djvk6l1 (1)

Hər qadına şeir yazılmaz deyirlər. Şeir təbiət hadisəsidir, yağış kimi… Bu təşbehi davam etdirsək, şeir yazdıran Qadın yağışdan əvvəlki ildırıma bənzəyir… Guruldayır, vahimələndirir, darıxdırır, düşündürür və Yazdırır. Əlbəttə, sms yazmaqla şeir “guppuldatmağı” qarışdıran bəzi müasir “şairlərdən” danışmıram…

Poeziya tarixinə nəzər salanda qeyri-adi qadınların, gerçək istedadların üzə çıxmasında az qala kitab-dəftər qədər rol oynamış ilham pərilərinin obrazları aydın görünür və bir çox şeirlərdə dövrün özünəməxsus dəbini, münasibətlər sistemini hiss etmək mümkündür. Sözün düzü, anlamaq olmur ki, bu, “incə bel, nazik bədən” tələbləri  ənənədən irəli gəlib, ya elə doğrudan da ilham pərisinin “90-60-90” parametrlərinin olması mütləq imiş… Yəni yalnız bu cür qadınmı oyada bilər sözü-sözə qoşmaq arzusunu? Bilmirəm!!! Şübhəsiz ki, folklordan, klassik ədəbiyyatdan gələn ənənəni də istisna etmək olmaz. Görünür, hər yeni nəsil şairlər özlərindən əvvəlkilərdən təsirləniblər, hətta zahiri görünüşün təsvirində də müəyyən çərçivədən çıxmayıblar. Ona görə poeziyamız Molla Pənah demiş, “ağzı, dodağı, dili nazik” olan gözəllərlə doludur. Amma bir tərəfdən baxanda gözəl elə belə olar da, şairdə nə günah?

Deməli, bunu az-çox “müəyyənləşdirdik”, beş-on cümləlik çək-çevirdən sonra anladıq (anladıq ha!) ki, gözəl belə olar və məhz belə gözələ şeir yazılar. Ancaq elə bu mövzunun ardı kimi növbəti sual gəlir; bəs məkanlar, ərazi? Axı təbiət hər yerdə təbiətdirsə, suyun səsi, bulağın şırıltısı, çayın axması bir-birindən elə ciddi fərqlənmirsə, necə olur ki, bir yer – bölgə daha çox şair yetişdirir? Dəqiq desək, daha çox şeir yaradır?

Məsələn Şamaxı! Paytaxta ən yaxın təbiət parçasıdır Şamaxı. Bakıdan çıxıb yüz kilometrdən çox getdikcə-gedirsən, ucsuz-bucaqsız bozluqlardan keçirsən və Şamaxıya yaxınlaşdıqca təkcə rənglərin yox, ovqatın da, havanın da dəyişildiyini hiss edirsən. Şəhərin girişindəcə Şamaxı haqqında əsas sual yaxalayır insanı. Burda doğulan, burda yazıb-yaradan şairlərin barelyeflərinə baxanda, adlarını sadalayanda  fikirləşirsən ki, axı nədədi Şamaxının sirri? Və sirri axtarmağa başlayırsan…  Məsələn, bu tərtəmiz hava, saf su, sakitlik, yumşaqlıq, mülayimlik -  əsrlərdən əsrlərə bütün Şirvani təxəllüslü şairləri təsirləndirən bunlardırmı? Yox əlbəttə… Axı təbiətinə və zahiri gözəlliyinə görə burdan qat-qat üstün yerlər var. Elə isə sirr nədədir? Zəlzələlərdə? Tarix boyu, təxminən XII əsrdən Şamaxıda yeddi güclü zəlzələ olub. Bunlar hələ məlum olanlar, qeydə alınanlardır, heç şübhəsiz, Şamaxının yeri-göyü daha çox silkələnib… Şəhər bir neçə dəfə yerlə-yeksan olub və hətta 1191-ci ildə buna görə paytaxt Bakıya köçürülüb. Zəlzələdən söz salmağım təsadüfi deyil… Axı itirmək qorxusu da yeni sənətin yaranmasına, daha doğrusu, “dilin açılmasına” yardımçı olur. İnsan təhlükə ilə üz-üzə olanda, itirəcəyini düşünüb vahimələnəndə mübarizə aparır, təslim bayraqlarını heç vəchlə qaldırmaq istəmir. Söz adamının isə üsyanı da, mübarizəsi də elə öz sənətidir, yazmaqdır. Bu mənada Şamaxı zəlzələlərinin də bu bölgədən olan sənətkarların yetişməsində rolu istisna deyil. Yazıram və başa düşürəm ki, bu qənaətlərim Marsda suyun olub-olmamasını düşünmək, müəyyənləşdirmək kimi havayı işdir. Amma bütün hallarda Şamaxı ədəbi məktəbi və ümumiyyətlə bu torpağın yetişdirdiyi sənətkarlar haqqında düşünməyə dəyər. Axı Alim Qasımov “Sən məni bağladın bu yerə, bu göyə, İlahi!”  deyə oxuyub adamın min illik genlərini tərpədəndə, Allaha çatan səsiylə hər şeyin əla olacağına inamını püskürdəndə Şamaxı haqqında necə fikirləşməyəsən?! Bəli, Şamaxı təkcə söz yox, həm də musiqi beşiyidir. Şirvan aşıq məktəbi, Şamaxı muğam ənənələri haqqında uzun-uzun danışmaq olar… Amma indi niyyətim sadəcə sözə diqqəti çəkməkdir.

Şamaxı ədəbi məktəbinin son dərəcə maraqlı inkişaf tarixi var. Təxminən X-XI əsrdə şair, filosof, səyyah Baba Kuhidən başlanan yol bir çox Şirvanilərin, Şamaxılıların yaradıcılığından keçib; XII əsrdə filosof-şair kimi tanınan və həm orijinal yaradıcılığı, həm də taleyi ilə ədəbiyyat tariximizdə qalan Xaqani Şirvani, lirik şeirlərindəki təsvirlərin zərifliyi ilə seçilən Fələki Şirvani, dönmədiyi əqidəsinə görə dərisi soyulan, hürufilik təriqətini inkişaf etdirən, poeziyada yeni bir üslubun, tərzin əsasını qoyan Nəsimi, ayrıca bir məktəbə çevrilmiş Seyid Əzim Şirvani, millətinin imzasının imzalar içərisində axtarar Hadi, intellekti ilə yaşadığı mühiti yönləndirən, dəyişdirən Abbas Səhhət… Və Mirzə Ələkbər Sabir!

Əlbəttə, Sabirdən sonrakı dövrə də nəzər salıb Şamaxıda doğulan, yazıb-yaradan bir çox şairləri, qələm adamlarını, sənətkarları qeyd etmək olar. Lakin Sabir bütün bu siyahının məntiqi yekunu kimi, daha dəqiq desək, yüksəldiyi zirvə kimi görünür. Həm şeirə gətirdiyi yeni tərz, yeni deyim forması ilə, həm də köhnə ağrıların, problemlərin təzə şəkildə ifadəsinə görə Sabir özündən əvvəlkilərdən seçilirdi… Hətta ustadı Seyid Əzim Şirvanini də heyrətləndirirdi…

MOLLAM DA DÖYÜR…

Mirzə Ələkbər Sabirin bu misralarını və onların tarixçəsini bilməyən varmı?

Tutdum orucu irəmazanda,
Gözüm qaldı iki qazanda
Mollam da döyür yazı yazanda.

Atası Zeynəlabdin onu mollaxanaya qoyubmuş. Özü qatı şiə olduğundan uşaqlarını da oruc tutmağa məcbur edirmiş, iftara yaxın ürəyi üzülürmüş zavallı oğlanın. O vaxt mədrəsələrdə Quranı oxumadan yazmağa icazə vermirlərmiş… Bu üç misranın bütün fəlsəfəsi 8 yaşlı uşağın “problemidir”… Amma indi Sabirin həyatını, taleyini əks etdirən proqram-şeir təsiri bağışlayır… Axı ömrü boyu mövhumatla mübarizə aparan şairi “mollalar” axıra kimi “döydülər”. Axıra kimi kasıblıq içində yaşayan Sabirin “gözüm qaldı iki qazanda” deməsi də xeyli simvolik səslənir.

Satiramızı yeni bir mərhələyə yüksəldən, iti qələmi ilə neçələri-neçələri susduran Seyid Əzim Şirvani Şamaxıda bircə siniflik məktəb açmışdı. Sabir də həmin məktəbdə ikicə il oxudu, böyük şairdən şeirin incəliklərini öyrəndi. Amma atası Ələkbəri dükanında işləməkdən ötrü məktəbdən çıxardı və o, elə dükandaca ustadından qalan əlyazmalarla, dəftərlərlə öz aləmində təhsilini davam etdirirdi. Bir gün atası hirslənəndə onun şeir dəftərini cırır və balaca şair buna ciddi etiraz edib karvana qoşulub evdən qaçdı. Atası ardınca gedib Şamaxıdan bir mənzil uzaqda onu tapıb geri qaytardı və bundan sonra oğluna münasibəti dəyişdi, yumşaldı.

Sabir ustadı Seyid Əzimlə tez-tez görüşürdü. Seyid Əzim ona Nizaminin “Xəmsə”sini hədiyyə etmişdi. Zamanla Sabir Seyid Əzim ənənələrindən xeyli uzaqlaşsa da, öz yeni yolunu, cığırını açsa da, onların qarşılıqlı hörməti, sevgisi Seyidin ömrünün sonuna kimi davam etdi.

Mirzə Ələkbər Sabir hərtərəfli istedada malik şair idi. Hətta onun Seyid Əzimə göndərdiyi nohə ilə bağlı maraqlı bir əhvalat da var. Mərhum Füzulişünas Ələmdar Mahir televiziya verilişlərindən birində danışırdı ki, Sabirin Bakıda bir yaşlı kişi ilə şərikli qarpız xırı varmış. Şərikinin həzrət Əli Əkbərin heyranı olduğunu bilən şair soruşur: Əli Əkbərə bir nohə yazsam, neylərsən? “Qarpızın 3-də iki hissəsin sənə verərəm” – deyir şəriki. Növbəti gün Sabir nohəni yazıb gətirir:

Baxdı çün Əkbərinin nizədə Leyla üzünə,
Gördü zülfü tökülüb, çün Şəbi-yelda üzünə… 

Şəriki təsirlənsə də, bu nohəyə daha peşəkar adamın qiymət verməsini istəyir. Nohəni Seyid Əzimə göndərirlər, bir neçə gündən sonra münsif şairdən cavab gəlir, bir ağ kağız və lələk. Sabir baxıb gülümsəyir, “Seyid demək istəyir ki, bundan sonra nohə yazmaz daha…” Bəli, Sabir necə yazsaydı, nədən yazsaydı o təkrarsız istedadı görünürdü, şaxə qalxırdı. Uşaq şeirlərində də, lirik qəzəllərində də, dini motivli əsərlərində də böyük istedadı parlayırdı, göz qamaşdırırdı.

Abbas Səhhət yazırdı: “Sabir əfəndi köhnə şeirlə yeni şeir arasında bir əsrlik qədər uçurum açdı ki, bir daha geri dönüb də o uçurumu geri adlamağa kimsədə cürət qalmadı”.

Şair özü isə yeganə müsahibəsində, Salman Mümtazla söhbətində bu məsələni çox ciddi və təvazökar şəkildə izah edirdi:

“Əruz bizim deyildir. Bunu hamı bilir. Lakin 13 əsrdir ədəbiyyatımızı mühasirəyə almışdır. Bu mühasirə də böyük-böyük ustadların planı, nəqşəsi və əlləri ilə olmuşdur. Bu mühasirəni yarıb ədəbiyyatımızı xilas etmək, yenə yuxarıdakı ustadlar kimi böyük ustadların əlləri ilə mümkün olacaqdır”.

Elə həmin müsahibəsində Sabir Füzulinin də nəhəngliyini etiraf edir və deyirdi: “Mən Füzulinin “Divan”ına, Füzuli qəzəllərinə başdan başa nəzirə yazmaq fikrindəyəm. Yəni o formada və o bəhrlərdə olmaq şərti ilə yeni-yeni mövzularda qəzəllər yazacağam”.

Axı Mirzə Cəlil də aktuallığı etibariylə Füzulini “Molla Nəsrəddin”in müəlliflərindən biri sayırdı. Füzulinin adından deyirdi: “Molladan yazmaq istəsən, yazmışam, varlıdan yazmaq istəsən, yazmışam, rüşvətxordan yazmışam, bu gün get, sabah gəldən, yəni “zavtra-zavtradan” yazmışam. Müxtəsər, hər şeyi əhatə etmişəm”.

Beləliklə, Abbas Səhhətin söylədiyi “köhnə şeirlə təzə şeir arasında uçurum”u yalnız Füzuli kimi böyük bir qayaya arxalanaraq salmaq olardı. Sabir də bunun fərqində idi və poeziyamızda gördüyü ən böyük iş elə bu oldu…

DRAMATURQ, RƏSSAM, NASİR, TARİXÇİ…

Mirzə Cəlil Məmmədquluzadənin “Lisan bəlası” adlı ilk satirik şeiri “Molla Nəsrəddin” jurnalının 7 aprel 1906-cı il, 1-ci sayında dərc olundu. Bu şeirlə Cəlil Məmmədquluzadə gələcək mollanəsrəddinçi satirik şairlərə nümunə göstərirdi:

Ey dil, dinmə və sükut et, səni tarı,
Lal ol və danışma.
Sal başını aşağə və heç baxma yuxarı,
Mal ol və danışma.

Sonrakı nömrələrdə Mirzə Cəlil hətta bölgələrdən gələn xəbərlərdən kiçik şeirlərlə “reportajlar” hazırlayıb verirdi. Amma bu da çətin idi, çünki redaktorun işi çox idi, ona görə dərginin ideyalarına uyğun şairə ehtiyacı vardı.

Sabir ilk vaxtlar xeyli dərəcədə çəkingənliklə bir uşaq vasitəsiylə göndərirdi dərgiyə şeirlərini. Uşağın hop-hop quşu təki atıla-atıla gəlib getməsinə görə həmin şeirləri “Hop-hop” imzası ilə çap edirlər. Günlərin birində uşağı izləyən Ömər Faiq Nemanzadə şeirlərin müəllifinin kimliyini öyrənir, “ictimai qınaqdan” çəkinən müəllif adını mübhəm saxlayırmış. Müəllifin Sabir olduğu bilinir və şairin dərgi ilə əməkdaşlığı başlanır.

“Molla Nəsrəddin” dərgisindən əvvəl Sabir “Şərqi Rus”, “Həyat” qəzetlərində çap olunmuşdu. Amma şairin tanınmasında “Molla Nəsrəddin”in özəl yeri var. Elə ilk şeirlərindən sevilən, yaddaşlarda iz salan şair zamanlar və zəmanələr gəlib keçsə də, bir-birini əvəz etsə də, aktuallığını itirməyib. Amma maraqlıdır ki, şairin yaradıcılığından hər kəs özünə “sərf edəni” təbliğ edib. Misal üçün, dinin əleyhinə olan Sovet rejimində tənqidçilərin böyük əksəriyyəti şairin “Harda müsəlman görürəm qorxuram” misrasını şüara çevirib, poeziyasını dinə qarşı “aksiya” kimi yozublar. Yaxud Sovet dövrü ədəbiyyatşünaslığından qalan terminin – “tipi öz dili ilə ifşa” ideyasının buxovundan çıxmaq çoxlarına müəssər olmayıb. Lakin məsələ burasındadır ki, heç bir ciddi təhsili olmayan şairin hərtərəfli intellekti, dünyaduyumu fenomenal bir hadisədir. “Hop-hopnamə”ni vərəqlədikcə ən müxtəlif xarakterlər insanın gözünün önündən keçir…

“- Görmə! – Baş üstə, yumaram gözlərimi,
- Dinmə! – Mütiəm, kəsərəm sözlərimi.
- Bir söz eşitmə! – Qulağımı bağlaram.
- Gülmə! – Pəki, şamu səhər ağlaram.
- Qanma! – Bacarmam! Məni məzur tut”.

Düşünən insanın faciəsidir bu… Sabirin faciəsidir, susa bilməyən insanın ağrısıdır. Şairi yazmaqdan heç nə çəkindirə bilməzdi və elə Mirzə Cəlilin “lal ol və danışma…” ideyasının davamı kimi səslənirdi bu misralar:

Necə mən dörddə birin yazmağa əymən deyiləm,
Qorxur on dörddə birin yazmağa həm əhli-qələm;

Dövrün sənətkarının, əslində, bütün dövrlərin söz adamlarının xarakterini yaradırdı bununla şair və sona qədər yorulmamağını belə izah edirdi: “Güc gətirir dərd usana bilmirəm…” Bəli usanmaq olmazdı… Mirzə Cəlilin nəsrdə, felyetonlarında, Əzim Əzimzadənin rəsmlərində dediklərini şeirlə deyirdi Sabir, həm də elə deyirdi ki, yaddaşlarda qalırdı.

Şairin xarakter ustalığından söz açanda bir məqamı xüsusi vurğulamaq istərdim. Əslində, Sabir kiçik həcmli şeirlərində bir neçə janrı birləşdirə bilib. Misal üçün, “Fəxriyyə” şeiri ilə Azərbaycan tarixinə kiçik bir səyahət edir, bu səyahət boyu “gördüyü” bəlalardan danışır. Və bu təsvirlərdə, ardıcıllıqlarda qəribə bir dramaturji priyomlar var. “Bir məclisdə on iki kişinin söhbəti” şeirində on iki misra ilə on iki xarakter yaradır şair; vəkil, həkim, tacir, dərviş, elm, molla, əvam, qəzetçi və s. “Əhvalpürsanlıq, yaxud qonuşma” şeirində iki nadanın dialoqu ilə bütöv bir bəlanı, millətin təhsilə münasibətini göstərir.

Evimizdə var idi hər nə desən:
Qatıq, ayran ilə qaymaq, nə yesən!
Nə bilirdik nə zəhirmardı kitab?
Biz olan evdə haçan vardı kitab?

“Çatlayır, Xanbacı qəmdən ürəyim” – deyə rəfiqəsiylə dərdləşən qadının bu sözlərindən bütöv bir səhnə, oxumuş ərini, kitaba bağlı həyat yoldaşını anlamayan nadan qadın və qeybət göz önündə canlanır. Amma eyni zamanda da gecəsini-gündüzünə qatan sənətkar, çox güman ki, Sabirin özü:

Gah gedir fikrə, bərəldir gözünü,
Məhv olur oylə ki, bilmir özünü;
Sübh olunca gecələr darğa kimi,
Yatmayır, qır-qır edir qarğa kimi;
Gah da bir yatsa da vəqtində əgər,
Çəkməyir yuxladığı bir o qədər.

Sabirin əsas üstünlüyü “tip” yox, canlı insan yaratmasıdır; məhz bu cür dramaturji priyomlarla, hadisə  təsvir etmək məharəti ilə. Ona görə də şairin “oxutmuram əl çəkin”, “nə işim var”, “kim nə deyər bizdə olan qeyrətə” deyə danışan qəhrəmanları bu qədər yaxındır oxucuya. Əzim Əzimzadənin, ondan sonra da başqa rəssamların bu personajların zahiri görünüşünü də yaratması, karukaturlarını, miniatürlərini çəkməsi ilə ideya tamamlanıb…

Həm də axı bu qədər illər keçsə də, bizim hər gün müasir texnikanın ekranlarında, qonum-qonşuda, küçədə-bazarda gördüyümüz, müşahidə etdiyimiz adamlardı bunlar… Bəli, ona görə “doğmadılar”, ona görə…

ŞAMAXIDAN QAÇIŞ…

“Molla Nəsrəddin” səhifələrində gedən hər yazının, karikaturanın səbəbini Şamaxılılar Sabirdə görürdülər. Şamaxı mollasının rəsmi gedirdisə, qaragüruh şairin üstünə düşürdü… Sabun bişirməklə ailəsini dolandıran şairə lazım olan maddələr satılmırdı, onu heç hamama da buraxmırdılar, hələ üstəlik molla münbərdən onu düşmən də elan eləmişdi…

Bütün bunlardan bezən şair Sultan Məcid Qənizadəyə məktub yazdı:

“Daha taqətim, təb və səbrim başa gəlibdir. Qardaşlarının əlindəki Yusif kimi əsir qalmışam. Birisi şillə ilə üzümə vurur, o birisinin məhəbbət ağuşuna atılmaq istəyəndə o da yumruqla başımda vurur, bu biri tərəfə gedəndə o da yumruğu başıma zollayır. Ondan azad olub başqasıyla dost olduqda döşümdən itələyir, ağzımdan vurur, ona dal çevirəndə digəri dalımdan vurur, ağzıüstə yıxılıram. Bir daha Şamaxıda qalmağa tabım qalmayıb. Bir nəfər də havadarım və qəmxarım yoxdur, yenə Sizə ümidvar olub sizə dərd-sər verməyə cəsarət edirəm.

Acizanə xahiş edirəm, mənim burda katorqa cəzasına məhkum olub qalmağıma razı olmayasınız. Lütf və mərhəmət əlinizi mənim tərəfimdə uzadıb, məni bu cəhənnəmdən xilas edəsiniz”.

Sabiri Bakıya dəvət etdilər, o zaman işini dəyişib təhsil inspektoru olmağa hazırlaşan Firudin bəy Köçərlinin yerinə müəllim kimi işə düzəlməli idi şair. Amma bu da alınmadı, Sabir Şamaxıya qayıdıb “Ümid” məktəbi açdı. Ümid? Qalırdımı Ümid?

Bir müddət sonra Sultan Məcid Sabiri Balaxanı məktəbinə müəllim təyin edir, amma xəstəlik burda da işləməyə imkan vermir, Şamaxının saf havasına alışmış şair bu ağır havada, ağır xəstəlik içində yaşaya bilməzdi. Xəstəliyi isə çox ağır idi, çox…

ÖLDÜ SABİR… ÖLDÜMÜ?

Ağır xəstə idi Sabir… Ciyəri serroz olmuşdu. Mirzə Cəlilin, Həmidə xanımın təkidi ilə Tiflisə getsə də, orda bütün müayinələrdən keçsə də, lazımi müalicə yazılsa da, xeyri olmadı. Şair  əməliyyatın əleyhinə idi, “Mənim qarnım sandıq deyil ki, açıb bağlayasınız…” – deyirdi… Abbas Səhhətə vəsiyyətində isə daha təsirli demişdi sözünü:

“Mən vücüdumda olan ətimi xalqımın yolunda çürütdüm. Əgər ömür vəfa etsəydi, sümüklərimi də xalqımın yolunda qoyardım”.

Canını xalqı yolunda qoyması məsələsində zərrə qədər mübaliğə yoxdur. Şair özü də bunun fərqində idi…

Mirzə Cəlil və xanımı Həmidə nə qədər çalışsalar da, şairə qulluq eləsələr də, faydası olmur, onu Şamaxıya yola salırlar… 4 ay sonra Abbas Səhhət Molla Nəsrəddin redaksiyasına bir teleqram göndərdi: “İyulun 12-sində Sabir vəfat etdi”.

Vəssalam! Sanki böyük bir mübarizə burdaca sona yetirdi… Mirzə Cəlilin əli işə yatmırdı, bir müddət dərgini də buraxmadı… Bu da növbəti Şamaxı zəlzələsi deyildimi?

Həm də şair sağlığında kitabının belə nəşrini görmədi axı, alınmadı, pul yığılmadı, olmadı… Ustadı Seyid Əzim kimi sağlığında görmədi kitabını və ilk “Hop-hopnamə”nin necə, hansı vəsaitlə çap olunmasını yazmaqda acizəm. İstəmirəm bu faktı yazmaq. Bunu Abbas Səhhət həmin kitabın müqəddiməsində qeyd edib, Şirməmməd Hüseynov da müsahibəsində deyib, başqaları da yazıb, tədbirlərdə də dəfələrlə səslənib… Amma mən yazmaq istəmirəm! Bircə o fakt sevindirir ki, Sabirin kitabı üçün Balaxanı məktəbliləri valideynlərinin verdiyi “bulka pulu” qəpikləri əsirgəməyiblər… Elə bu da şairin mübarizəsinin boşuna olmadığını göstərən detaldı…

Nə qəm, uğratsa da bir gün məni ifnayə zəman,
Mən gedərsəmsə, məramım yenə dünyadə durar!

O məram heç vaxt ölməyəcək… Ən azı ona görə ki, bu il Sabirin nəvələri Gündüz Tahirli və Sevda xanım Tahirli onun ev muzeyinin olduğu kimi tikilməsi üçün, Sabirin qapılarının ziyarətçilərin üzünə açılması üçün əllərindən gələni əsirgəmədilər. O kasıb ev, şairin sabun bişirdiyi, oturduğu, yatdığı kiçik otaqlar heç getmir gözümün önündən. Gündüz Tahirlidən, Sevda xanımdan nələrisə soruşmağa çalışanda çox böyük təmkinlə, təvazökarlıqla danışmaları da yadımdan çıxmır. Axı bilirlər, çoxdan bilirlər ki, Sabir onlara məxsus deyil və elə bunu bilmələri babalarına ən böyük ehtiramın, sevginin nümunəsidir…

Hər il Sabir poeziya günlərinə gələn şairlərin şeirləri də o ideyaların, məramın davamı kimi səslənir və heç şübhəsiz ki, Mirzə Ələkbər Sabir mübarizəsi zaman-zaman ən müxtəlif qələm adamlarının misralarından duyulacaq…

P.S. ƏL GÖTÜR MƏNDƏN…

Mirzə Ələkbər Sabirin sevgi şeirini axtaranda maraqlı bir mənzərə ilə qarşılaşmışdım. Klassik şeirimizdə olan təşbehləri lağa qoyan şair qadının “çopur” üz-gözünü təsvir edib “Qah-qah qəribə gülməlisən xaniman xərab” – yazırdı şeirlərindən birində. Amma başqa bir qəzəlində deyirdi…

İstəsən könlüm kimi zülfün pərişan olmasın,
Ol qədər cövr et mənə ah etmək imkan olmasın! 

Dərdi-eşqin qəsdi-can etdisə, mən həm şakirəm,
İstərəm cismimdə dərd olsun, dəxi can olmasın! 

Qoyma əğyar eyləsin kuyində cövlan, ey pəri!
Əhrimənlər maliki-mülki-Süleyman olmasın!

“Yüz gözəl sevgi şeiri” layihəmdə bu iki şeirin arasındakı ziddiyyət haqqında yazdığım üçün burda eyni fikirləri təkrar etmək istəmirəm. Amma məsələ burasındadır ki, poeziyada da, həyatda da ən gözəl mənzərədir bu; sevgiyə inanmayan adamın birdən aşiq olması, dünən lağa qoyduğunu bu gün yaşaması, özü də sevə-sevə… Bəli, “ürəyim genişdi, insanları sevirəm” – deyən adamın ürəyi birdən-birə biradamlıq kameraya çevrilir və o, bundan məmnundu. Doğrusu, beləsini görəndə adam özünü zorla saxlayır, istəyirsən o çılğın aşiqin kürəyindən sakit döyəcləyib soruşasan: “Sənə nə oldu?” Amma axı istedadlı adam bütün sahələrdə istedadlıdır… Sabirin də hərtərəfli istedadı bütün mövzularda yazmağa, həm də bütün hissləri yaşamağa imkan verirdi… Və “Yağışdan əvvəlki ildırım onada şeir yazdıra bilibmiş”.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10