Axınla aşağı – Pərvin

7 Baxış

1aaaaa

Rahatlıq insanın təbii arzusudur. Lap ən zəhmətsevər adamın belə. Axı nə qədər köklənsən də, nə qədər özünü məcbur edib ayaqda durmağa, yolundan dönməməyə çalışsan da, lap gücünü son damlasına kimi işlətməyə hazır olsan da, yenə də yorulursan… Bilinmir nədən, kimdən, nə üçün… Sadəcə istəmirsən, vəssalam. O alışdığın yolu  getmək üzücüdü, mübarizə mənasızdı, çalışmaq nəticə vermir… Əlini-qolunu yanına salıb oturmaq istəyirsən… Ya da ən yaxşı halda axına qoşulub getmək… Şübhəsiz ki, üzüaşağı, dibə doğru!

Asif Rüstəmovun “Axınla aşağı” filmi həyatını sadəcə, sürən, axınla aşağı gedən Əlinin həyatını, xarakterini əks etdirir. Əslində, bir anlıq adamda sual yaranır, bu ki, banal bir həqiqətdir, arvadını incidən, övladını anlamayan, ya da həyatda heç nəyə müqavimət göstərməyən nə qədər adam var. Sənət də belələrini diqqət mərkəzinə o qədər çəkib ki… Elə isə bu filmin qeyri-adiliyi nədədir? Heç şübhəsiz ki, elə reallığı bu cür sadə, açıq şəkildə ifadə etməsində.

Əli (Namiq Ağayev ifa edir) Mingəçevirdə avarçəkmə məşqçisidir. Şagirdləri arasında oğlu Ruslan (Elmin İmamverdiyev) da var. Amma oğlu onun ümidlərini doğrultmur, zəiflik göstərir. Əlinin xanımı Leyla (Mehriban Zəki) isə daxilən güclü, amma zahirən həyatı ilə barışmış bir qadındı. Yəni əslində, elə o da axınla aşağı getməyə məhkumdur. Çünki əgər el-aləm onun həyat yoldaşının polyak xanım məşqçi (Aleksandra Andreyevska) ilə eşq macərasından danışırsa və o, belə söz-söhbətlərə də alışıbsa, neyləməli? Nəyi dəyişmək mümkündür ki?! Heç nəyi! Elə film də çarəsizliyin yaratdığı qapalı dairəni göstərir. Hər şey Ruslanın ölümü, çayda batması ilə gərginləşir, amma axınla aşağı gedən adam üçün belə gərginlik çox sürə bilməz. Ona görə də Əli tapılan meyitin üzünə belə baxmadan oğlu olduğunu təsdiqləyir… Çünki hər şeyin bitməsini, yenə o monoton həyatına, gündəlik işlərinə qayıtmasını istəyir. Və tezliklə qayıdır da…

Filmin ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxia, operatoru Ayhan Salar, bəstəkarı Xəyyam Mirzəzadə, rəssamı Rafis İsmayılovdur. Əsasən Mingəçevirdə çəkilən “Axınla aşağı”nın bəzi kadrları Bakıda və İsmayıllıda lentə alınıb. Mənzərələrin estetikliyi, qeyri-adi dərəcədə gözəlliyi tamaşaçını çaşdırır, National Geoqrafikin təbiət mənzərələri əks olunmuş verilişlərini xatırladan səhnələr kinomuz üçün yenidir desək, yanılmarıq. Bir sözlə, bu gözəl və cazibədar təbiət Azərbaycana aiddir və bu gözəllik içərisində yaşayan insanlar ondan qətiyyən zövq ala bilmirlər.

“Axınla aşağı” tipik Azərbaycan kişisi obrazını gözlərimiz önünə gətirir. Əli uğursuz, sıradan, bir az da qorxaq adamdır. Polşalı məşqçi qadınla necə deyərlər, “gününü görür”… Hirsini tökməyə, qəzəbini soyutmağa isə ailəsi var. Oğlu Ruslan, xanımı Leyla. İstəyəndə onları zəhərləyib sakitləşə bilir. Leylanı ifa edən sevimli aktrisamız, əməkdar artist Mehriban Zəkinin oyunu xeyli düşündürücüdü. Ümumiyyətlə, film boyu rejissorun “sakit danışığ”ını eşitmək olar, bütün mətləblər sakit-sakit deyilir, hətta qəhrəmanlar əsəbləşəndə də, çığıranda da sakit edirlər bunu. Təbiət mənzərələrində də, suyun səsində, avarların çəkilməsində də bu həzinlik duyulur. Müəlliflərin məqsədi də bütün bu həzinlik, gözəllik, sakitlik içərisindəki ağrını, bəlanı, dərdi göstərməkdi. Bu mənada həm Mehriban Zəkinin, həm də Namiq Ağayevin oyunu xarakterikdir. Mehriban Zəki sadə bir evdar xanımın timsalında əslində, hər şeyi görən, duyan, anlayan, həm də ağrısını içində çəkən qadın obrazını yaradıb. Ümumiyyətlə, aktrisaya xas olan sakit danışıq, emosiyalarını xəsisliklə ifadə, alt qatda gizlədilmiş ağrının bir hissəsinin göstərilməsi Leyla obrazına tam uyğun gəlir. Ən maraqlısı isə bu evdar qadının daha sərbəst, daha açıq, zahirən daha sevimli polyak qadınla üz-üzə gəlməsidir. Leylanın “babetta” saç düzümü, heç nə ilə seçilməyən geyimi, üzündəki ifadəsizlik sadəliyi, hətta bir az da bəsitliyi göstərir. Amma rusca danışması, polyak qadınla deyişməsi və onu mat qoyması… “Gəldim onun növbəti qurbanına baxım” – deməsi. Bax, düşündürən də elə budur. Zahirən sakit, müqavimətsiz bir qadının içindəkilər… Hətta oğlunun öldüyünü də biləndə üzə çıxmayan ağrı…

Əlini canlandıran Namiq Ağayevin isə oyunu tam tərsidir. Hər şey üzündə, gözündə yazılıb bu adamın. Qorxaqlığı da, kompleksləri də, yalançı cəsarəti də, hətta vicdansızlığı da. Aktyorun da ən böyük xidməti bu müxtəlif hisslər qammasını, xarakter cizgilərini ifadə etməsində, göstərməsindədi. Əslində, Əlinin həyatı öz axarı ilə gedirdi. Əgər o məşum yarış olmasaydı, əgər oğlu Ruslanı başqasıyla əvəz etməsəydi… Filmdəki hadisələr məhz bu yerdə gərginləşir. Stress keçirən Ruslan dostlarıyla çaya çimməyə gedir və boğulur suda. Bəlli olmur, bu, acı təsadüfdü, ya o, bilərəkdən intihar edir. Hər halda müəlliflər bununla ciddi bir ideyanı irəli sürmüş olurlar. İnsan əvəz edildiyini görüncə geri çəkilir, üz döndərir, gedir və daha qayıtmır. Axı doğrudan da çağdaş dünyanın dəbdə olan ifadəsi ilə desək, “alternativ” əl altındadırsa, o zaman varlığını izah eləməyin, sübut eləməyin mənası qalırmı? Bir də müəlliflər bu hadisəni Əlinin katarsisi üçün priyom olaraq seçiblər. Yəni əslində, ümumi ağrı, itki, birgə iztirab Əlini saflaşdırmalı, dəyişməli, ailəsi ilə, Leyla ilə yaxınlaşdırmalı, doğmalaşdırmalı idi bəlkə… Amma!

Leyla ilə Əlinin münasibətləri Ramiz Rövşənin “Qara paltarlı qadın” şeirini yada salır. Bəlkə əslində, baş verənlər Azərbaycan reallığı, ailələri üçün xarakterik hadisədir, ona görə. İllər boyu dərd verdiyi qadının çox şeyə göz yumması, hətta hamının danışdığı dedi-qoduları da qulaq ardına vurması, oğlu öləndən sonra da Əlini ittiham etməyib onu incitməməsi fədakar bir insan xarakterinin cizgiləridir. Bu mənada “Qara paltarlı qadın”, yəni dərdli qadın obrazı, simvolu yerinə düşür…

Film boyu “Axınla aşağı” ifadəsi simvol olaraq istifadə edilir. Ruslanın meyitini axtaran kişi “yəqin su cəsədi aşağı aparıb” – deyir. Bəli, axına qoşulub getmək cansızlığın, ruhsuzluğun, heçliyin simvoludur. Amma Əli üçün varlıqla yoxluq elə ciddi fərqlənmir. Həyat “ömrünü sürmək”, “gününü keçirmək” ifadələriylə sinonimdir.

Üzünü belə görmədiyi meyiti oğlu kimi “tanıyandan” sonra belə, çox az şey dəyişir. Müəlliflər Əlinin yolda maşını saxladıb böyürtkən almasını da, sonra oğlunun öldüyü sahilə gəlib oturub ətrafa baxması və əlləri böyürtkən qırmızısına batmış halda gözəl təbiəti seyr etməsini də simvol olaraq istifadə ediblər. Polyak məşqçinin onu yaşatmaq cəhdlərinə, götürüb özüylə xaricə aparmaq, orda karyerasını qurmaq arzusuna “yox” cavabı verəndən, oğlunun ölümündən və cəsədinin “tapılmasından” sonra yenidən yaşamaq, həyata davam etmək lazımdır. Böyürtkəni gözünə təpərək çaya, suya, yaşıllıqlara baxan Əli “buralar nə gözəlmiş” – deyir və onun “qana” – qırmızıya bulaşmış əlləri, ağzı iri planda görünür. Ailəsinin, əzizlərinin faciəsi olan bu adamı bundan yaxşı göstərmək olmazdı…

Bir ildən sonra isə şagirdləriylə yeni bir qələbəsini, uğurunu qazanan Əli sevincindən qanad açıb uçur sanki və elə onun gülüş, məmnunluq dolu siması ilə film bitir. Axı axınla aşağı gedən adamların həyatları necə, hansı səbəbdən dəyişə bilər? Həm də ölüm-itim kimi “ötəri” maneələr belə, aşağı axının qarşısını ala bilərmi? Yox, əlbəttə. Elə Əli üçün də “Həyat davam edir”…

“Axınla aşağı” filmi son illərdə ən çox uğur qazanan ekran əsərlərimizdən biridir. Tamaşaçılara təqdim olunduğu gündən kinoşünasların da, sadə tamaşaçıların da rəğbətini qazanıb. Film Asif Rüstəmovun tammetrajlı bədii film kimi debütüdür. Elə bu nominasiyada da Qızıl Pəri mükafatına layiq görülüb film. Həmçinin, ABŞ-da Seefest Beynəlxalq Film Festivalında “Ən yaxşı debüt filmi” mükafatını qazanıb.

Sənətin tərbiyəvi əhəmiyyəti olmalıdımı? Ümumiyyətlə, sənət tərbiyə etməlidimi? Birbaşa yox əlbəttə. Amma ruhu, ovqatı elə sənət tərbiyə edir. Və “Axınla aşağı” filminin alt qatında axına qarşı gedənlərə kiçik bir tərbiyəvi mesaj var. TƏSLİM OLMAQ QADAĞANDIR! – mesajı…

“Get dolangilən, xainsən hələ” işıq üzü görüb

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda (AMEA) “Plyus bədii yaradıcılıq” seriyasından ikinci kitab çap olunub. Görkəmli elm xadimi Məmməd Cəfər Cəfərovun  “Get dolangilən, xainsən hələ” tragikomediyası bu silsilədə işıq üzü görüb. Akademik İsa Həbibbəylinin müəllifin şəxsi arxivindən əldə etdiyi pyes ilk dəfə olaraq oxuculara təqdim edilir, tragikomediya akademik İsa Həbibbəylinin tərtibi və “Akademik Məmməd Cəfər Cəfərovun dram əsəri: “Get dolangilən, xainsən hələ” başlıqlı geniş ön sözü ilə nəşr olunub.

Akademik Məmməd Cəfər Cəfərov elmi fəaliyyəti ilə birlikdə bədii yaradıcılıqla da məşğul olub, satirik hekayələr və pyeslər yazıb. Akademik İsa Həbibbəyli görkəmli alimin “Xatirələr” memuarını, böyük demokrat yazıçı Cəlil Məmmədquluzadənin həyatı və mübarizəsindən bəhs edən “İnsanlar və talelər” kinodramını nəşr etdirib. Onun çapa hazırladığı  “Get dolangilən, xainsən hələ” tragikomediyasında elmi-tədqiqat institutlarından birində baş verən hadisələrin fonunda keçmiş sovet cəmiyyətindəki ziddiyyətlər açılıb göstərilir, yeniləşmə zərurəti irəli sürülür. 1965-ci ildə yazılmış əsər ideya-bədii xüsusiyyətlərinə görə Azərbaycan dramaturgiyasının mühüm yaradıcılıq nailiyyətlərindən biri hesab olunmağa layiqdir.

Kitabın redaktoru filologiya üzrə elmlər doktoru, professor Vüqar Əhməd, ikinci səhnəsinin əski əlifba ilə yazılmış mətnini latın qrafikasına çevirən isə filologiya üzrə fəlsəfə doktoru Zəhra Allahverdiyevadır.

Mənbə: 525.az

KÖŞƏ YAZARLARI
TOP 10