Axırda yaxşı olacaq – Simran Qədim

108 Baxış

25323765_1128114640652482_1475654380_n

Hekayə

- Vay, vay, vay… görürəm, mən hər şeyi çox gözəl görürəm, lap gerçək həyatdakı kimi. Sənin başın yaman çox bəlalar çəkib, ay xanım! Çox keşməkeşlərdən, çətinliklərdən keçmisən! Ah, necə də əzablı həyatın var, nə qədər məşəqqətlərə qatlaşmısan! Mən görürəm, lap film kimi, özünə güzgüdə baxan adam kimi… aydınca görsənir hər şey. Sənin həyatın, keçdiyin ömür yolu… Necə də cəfakeş, fədakar, təəssübkeş bir qadınmışsan. Adamın lap ürəyi yanır. Sənin yaxşılıqlarını, yaxınlarına etdiklərini kim edər ki?! Can, can… halal olsun, əhsən! Sən gözəl övlad, bacı, həyat yoldaşı, gəlin, ana olmusan! Ay yazıq…

Mən yaxşıca tərif gedirəm, sözlərim də xanımın ürəyinə lap yağ kimi yayılır. Tərifi, gəlişigözəl deyilən xoş ifadələri kim xoşlamır ki? Qoy nə qədər istəyir şellənsin özü üçün, elə bilsin ki, doğrudan da ondan yoxdur. Hardasa eşitmişdim, birdən yadıma düşdü: deyir, bəd əməllərdən həmişə özünü qoruya bilərsən, amma biri sənə tərif söyləməyə başlasa, tam müdafiəsizsən.

- Vay, vay, vay… görürəm, astral aləmdən ötürülən bilgilərə, sevimli ruhlarımın, cinlərimin pıçıltılarına əsasən, hamısı agahdır mənə, hər şeydən xəbərim var. Bütün bunlar magik-mistik, ekstrasensorik, parapsixoloji məsələlərdir, elm var burda! Nanotexnologiyaların, atomların, neytronların, nə bilim, kvant fizikasının, fotonların işidir. Aç bir kitab oxu, mifologiyaları vərəqlə, Şumer, Akkad əsatirlərinə baş vur. Boş yerə yazılmayıb ki onlar. Elm təzə-təzə gəlir bunlara. Üç min il əvvəl açılmış sirlər, indi-indi öyrənilir… Qeyb aləmindən səslər eşidirəm, nəfəsim çatmır, boğuluram. And olsun Zevsə, Poseydona, Afroditaya. Uuuu…

“Nanotexnologiya, atom, neytron, kvant fizikası, Zevs, Poseydon!” – mənim nə başım çıxır bunlardan. Heç bilmirəm nə olan şeylərdir, hansı ağıldankəmlər çıxarıb belə-belə əcaib-qəraib sözləri? Təkcə onu bilirəm ki, bu cür danışmağın yeri var, qabağındakı adam yaxşıca inanır sənə, ağzını ayırıb, gözlərini bərəldib mat-mat baxır. Hələ bir mistik ab-hava da qatırsan: alaqaranlıq otaq, heç qatı açılmayan dini-mifoloji kitablarla dolu rəf, kiçik, dəyirmi masa, uzun saçaqlı süfrə, ortada da yekə bir kristal kürə. Saçlarımı dağıtmışam, üzümdə qatmaqarışıq bir makiyaj var, dırnaqlarım uzundur, geyimim isə əsl falçı geyimi. Lap nağıllardakı kimi! Hələ ovuc-ovuc ot da yandırmışam, qoy aləmi tüstü-duman bürüsün. Bu otlar adamı hallandırır da. Ha-ha-ha, bir də baxacan, xanımın gözünə cinlər, əcinnələr görünür, başlayır hay-həşir qoparmağa.

- Vay, vay… Sən bu gün də əzab-əziyyət içindəsən ki, bir rahat nəfəs almağa macalın yoxdur. Ərin, uşaqların, qoca qayınanan, hərəsinin də bir cür dərdi-səri. Bütün ailənin yükünü çiyinlərinə götürmüsən, qəddin əyilib, belin bükülüb, lap qocalıb əldən düşmüsən ki. Mən bayaqdan keçmişdən deyirdim, bu günündən danışdıq, indi isə gələcəkdən xəbər vermək istəyirəm. Qoy eşidib biləsən ki, səni, yaxınlarını nələr gözləyir, hansı əzab-əziyyətlərdən, ağır yollardan keçəcəksiniz. Kimlərin bəd nəzərləri var üstünüzdə, heç ağlına da gəlməyən hansı adamlar cadu-pitiylə, min bir oyunla sizin evinizi yıxmağa, ailənizə bəla gətirməyə çalışır. Can, can, sizin işiniz çox, özü də çox-çox çətin olacaq. Ay yazıq…

Xanım gözlərini üzümə dikib elə diqqətlə qulaq asır ki, deyirsən, görən mən nə danışıram. Əslində özümü gülməkdən zorla saxlayıram, az qalıram uğunub gedəm. Axı mən onun keçmişindən, ya indidən nə söylədim ki, hansı xəbərləri gətirdim? Telefondaca özü hər şeyi açıb-tökmüşdü. Ağılsız adamlar var da dünyada, neyləyəsən.

- Amma axırda yaxşı olacaq, hə? – xanım həyəcanla gah mənə, gah da kristal kürəyə baxıb səsi titrəyə-titrəyə dillənir.

- Axırda… axırda… dayan, dayan bir görüm… Aman Allah, ərinlə çox ciddi problemlər yaşayacaqsınız, dava-dalaş, qırğın-qiyamət, lap boşanmaq həddinəcən. Böyük oğlunun başında havada uçuşan qarğa topası kimi qara buludlar dolaşır, sanki cadulayıblar onu, işlərinə düyün vurulub. Qızının da bəxti qaradır, onun da taleyi bağlanıb, bir qisməti çıxmır. Görürəm, görürəm. Kiçik oğlunun da halı yaman, heç düzələnə də oxşamır…

- Bəs axırı necə olacaq, de də?

Xanım yenə səsi titrəyə-titrəyə eyni sualı verib, həyəcanla gah mənə, gah da kristal kürəyə baxır. Sanki nəsə görəcəkmiş kimi. Mənim isə halım qarışır niyəsə, özümü pis hiss etməyə başlayıram. Ancaq nəfəs dərmədən danışığıma davam edirəm:

- Xəstəliklər qapıdadır, ərin, uşaqların, özün. Təkcə qoca qayınanan, o ifritə sap-sağlam. Qəzalardan, qada-balalardan danışmıram hələ. Uşaqlarından birinin başına mütləq nəsə gəlməlidir. Maddi çətinliklər, işsizlik, səfalət. Ailənizin durumu çox çətin olacaq, çox…

- Amma axırda, axırını de, ay arvad, yaxşımı olacaq? Qaydasına düşəcəkmi hər şey?!

- Vay, vay…. – mən sözümün dalını gətirmək istəsəm də, qəfildən halım pisləşir, lap özümü itirirəm. – Axırda, axırrdd…

- Hə, de də, de görüm necə olacaq?

- Axır… – gözlərim qaralır, başım hərlənir, nəfəsim çatmır. Deyəsən, bu dəfə otlardan yaman çox yandırmışam.

- Noldu sənə, ay arvad?! Falçı bacı! Ürəyi getdi ki bunun! Qalx, qalx, ay arvad…

- Uuuu… – gözümün önündə əcaib-qəraib məxluqlar, cinlər, əcinnələr, qulağımda isə müştərinin cır səsi.

- Noldu sənə, axırını demədin axı. Ayıl, ayıl, de görüm axırda yaxşı olacaq, hə?

KÖŞƏ YAZARLARI
TOP 10