Axmaqlar – Ayzek Əzimov

7 Baxış

download

Naron uzunömürlü Rigel irqindən idi və ailənin qalaktika qeydiyyatını aparan dördüncü üzvüydü. Naronun böyük bir dəftəri vardı. Burda qalaktikalarda zəkası inkişaf edən xeyli irq qeyd olunmuşdu, daha kiçik dəftərə isə yetkinləşərək Qalaktika Federasiyasına daxil olmaq hüququ qazanmış irqlərin adı yazılırdı.

Böyük dəftərdə bəzi adların üstündən xətt çəkilmişdi, çünki onlar hansısa səbəbdən uğursuz hesab olunmuşdu. Buna şanssızlıq, biofiziki-biokimyəvi qüsurlar və cəmiyyətə uyğunlaşmamaq kimi təsirlər aid edilirdi. Amma kiçik dəftərə yazılmış heç bir ad bugünədək silinməmişdi. Çapar yaxınlaşanda dolu bədənli və kifayət qədər yaşlı Naron da başını qaldırdı. Xəbərçi – Naron – dedi, – Ulu Varlıq!
– Hə, nə olub? Qurtar bu dəm-dəstgahı! 
– Bir qrup varlıq da artıq inkişaf etdi. 
– Əla! Əla! Artıq daha sürətlə inkişaf edirlər. Heç bir il keçmədən yeni bir üzvümüz artır. Bəs hansı qrupdur bu? Çapar qalaktikanın kodunu və içindəki planetin koordinatlarını verdi. 

– Ah, bəli. – Naron dilləndi. 
– O planeti tanıyıram. 
– Və bəzəkli hərflərlə planetin adını böyük dəftərə qeyd etdi. Sonra kiçik dəftərə də eyni cür yazdı. Ənənəyə sadiq qalaraq, həmin planetə ən böyük icmanın istifadə etdiyi adı verdi: Yer. 
– Bu yeni canlılar rekordu qırdılar, – dedi. 
– Qruplardan heç biri zehni inkişafa bu qədər tez çatmamışdı. Ümid edirəm, heç bir səhvə yol verməmişik. – Səhv yoxdur, cənab. 
– Çapar dilləndi. 
– Atom enerjisini əldə ediblər, ya yox? 
– Əldə ediblər, cənab. 
– Elə gözlədiyimiz də budur. 
– Naron güldü.
– Onda tezliklə kosmik gəmiləriylə gəlib Federasiya ilə bağlantı quracaqlar. 
– Möhtərəm Varlıq, – çapar dodaqucu dilləndi. 
– Müşahidəçilərimiz onların hələ kosmosa çıxmadıqlarını bildirirlər.
– Yəni heç çıxmayıblar? 
– Naron təəccübləndi. 
– Heç kosmik stansiyaları da yoxdur?
– Hələ ki yoxdur, cənab. 
– Amma onların atom enerjisi var, bəs təcrübə və partlayışları harda edirlər?
– Öz planetlərində, cənab. Altı metr boyu olan Naron ayağa qalxıb guruldadı. 
– Necə? Öz planetlərində?! 
– Bəli, cənab. Naron ağır-ağır qələmini götürüb kiçik dəftərə yazdığı sonuncu adın üstündən xətt çəkdi. Bu vaxta qədər hələ bu cür hadisə verməmişdi, amma Naron müdrik idi və qalaktikadakı hər kəs kimi bu qaçılmaz sonluğu görmüşdü. 
— Axmaqlar. — O mırıldandı. 

Tərcümə: Cəmil Salmanov

KÖŞƏ YAZARLARI
TOP 10