Senet.az ədəbiyyat və sənət dərgisində “Memuar notlar” layihəsi. Hər şənbə görüşünüzə gələcəyik!
***
Mirzə Fətəli məhkəməyə və başqa yerlərə hər zaman at üstündə gedirmiş. Bir gün yoldaşları ilə bərabər gəzməyə çıxdığı zaman, Mirzə Fətəli mindiyi atı dar bir arxın içərisi ilə sürür. Bir az getdikdən sonra ayaqları arxın o tərəf, bu tərəfinə ilişir, at onun altından çıxıb gedir. Mərzə Fətəli üzünü ata tutaraq deyir:
– Ay heyvan, dayan! Sən də Mirzə Hüseyn xan kimi mənə bivəfalıq etmə, haraya gedirsən məni də apar.
Yoldaşları xeyli gülürlər.
***
Mirzə Fətəli divanxanadan evinə müəyyən bir vaxtda qayıtmaz imiş. Gah tez gələrmiş, gah da yubanarmış. Bir gün arvadı ondan qəti söz alır ki, vaxtında gəlib nahar etsin. O söz verir və həmişə də dediyinə əməl etdiyi kimi, saat dörddə evə gəlir. Lakin bir gün Mirzə Fətəli verdiyi sözə əməl etmir, evə gec gəlir. Arvadının məzəmmətini eşitməmək üçün onu qabaqlayır:
–Bu dəfə məni bağışla, pəncşənbənin nöqtələrini qoyurdum, ona görə yubandım.
***
Avam dindarlar M.F. Axundzadəni kafir və dinsiz kimi tanıyırdılar. O, avam xalqın ona belə nəzərlə baxdığını gözəl bilirdi. Mərzə Fətəli yoldaşlarına deyirdi:
– Dəftərxanaya getdiyim vaxt, üstüörtülü dalanın ağzında oturan dükançı Məşədi Qasım məni görən kimi dodaqlarının altından mırtıldamağa başlayır… Sözlərini qana bilmirəm… Amma bilirsinizmi nə deyir? O deyir ki, “Ey fələk, göydəki daşlarını onun başına nə səbəbə yağdırmırsan? Ey yer, yarılıb bu məlunu nə üçün udmursan?”
***
Mirzə Fətəli bir gün Qoçur yaylağındakı dərələrdən keçərkən, yerdə nazikcə axan bir suya rast gəlir. Həmin saat oranı qazdırıb bir bulaq halına gətirir. Həmişə dostları ilə bu bulağın başına gəzməyə gələrmişlər. Dostları bu bulağa “Mirzə Fətəli bulağı” adını vermişdilər. Bir il sonra, günlərin bir günü Mirzə Fətəli ilə yoldaşları o bulağa gedərkən görürlər ki, Qoçur gürcülərindən birisi bulağın qaşına Məryəm ananın şəklini həkk etdirib. Mirzə Fətəli bunu görür və dostlarına deyir:
– Bax, bu bulağa ad qoydular, bunun adı Allah bulağıdır.
O zamandan bulağın adı “Allah bulağı” qalmışdır.
***
M.F. Axundzadənin fikrincə kamil adam olmaq üçün yeddi əsas insanlıq vəzifəsini yerinə yetirmək vacibdir:
Birinci vəzifə: insan pis əməldən qaçmalıdır.
İkinci vəzifə: insan yaxşılıq etməyə çalışmalıdır.
Üçüncü vəzifə: insan zülmü dəf etməyə ça lışmalıdır.
Dördüncü vəzifə: insan öz həmnövləri ilə cəmiyyətdə müttəfiq yaşamalıdır.
Beşinci vəzifə: insan elm ardınca getməlidir.
Altıncı vəzifə: insan hər yerdə elmi yaymağa çalışmalıdır.
Yeddinci vəzifə: insan öz qüvvəsi və imkanları daxilində özünə müttəfiq olan cəmiyyət, öz həmvətənləri və həməqidələri içərisində qayda və qanunları mühafizə etmək uğrunda mübarizə aparmalıdır.
***
Mirzə Fətəlinin andı: “Sizi and verirəm qəlbimdə sizə bəslədiyim məhəbbətə!”
Mirzə Fətəlinin məqsədi: “Mənim məqsədim İslam xalqlarını sarsıdan cəhaləti ortadan qaldırmaq, elmləri, sənətləri inkişaf etdirmək, xalqımızın azadlığı, rifahı və sərvətinin artması üçün, vətənin abadlaşdırılması üçün… ədalətə rəvac verməkdir ”.
Mirzə Fətəlinin etiqadı: “… Xalqın tərbiyəsi, onun səadəti, vətənin abadlaşdırılması və ölkənin vəziyyətinin yaxşılaşması uğrunda bir iş görülərsə, bu elə bir xeyirli işdir ki, insanlar onu bəyənər! …”
Mirzə Fətəlinin şüarı: “Fikir azadlığı olmadan tərəqqi mümkün ola bilməz!”
Mirzə Fətəlinin tapşırığı: “… Gəlin bir qədər şəxsi mənfəət güdmədən vətənimizin abadlığı, xalqımızın tərəqqi və səadəti yolunda yaxşı işlərə iqdam edək”.
Senet.az