Ay işığı, qarğıdalı tarlası – Ahmet Yıldız

10 Baxış

18788677_686687438184747_1941035360_n

Senet.az oxucularına “Ustad” jurnalının “Xaricdən yazanlar” rubrikasından Türkiyəli yazıçı Ahmet Yıldızın “Ay işığı, qarğıdalı tarlası” hekayəsini təqdim edir. Yazıçı həm müasir, həm də tarixi mövzularda qələmə aldığı bu nəsr nümunəsində insan həyatının mürəkkəb psixoloji durumunu incələməyə çalışmış, bir-birindən maraqlı insan obrazları yaratmışdır. Maraqla oxunan bu hekayəni oxucularımız tərəfindən rəğbətlə qarşılanacağına inanırıq.

 Ay işığı, qarğıdalı tarlası

                                              Alçaq fələk, sənə nə etdim, neylədim?

                                                                                  Pir Sultan Abdal

Hücrəmin eni on, uzunluğu altı addımdır. Qalxıb tavana çatan pəncərəni açıram. Paslı dəmir barmaqlığı iki əlimlə tutaraq dərin nəfəs alıram. Soyuq, təmiz havada, bəlkə, zehnim təmizlənər. O, talesiz gecə duyduğum qorxunc hayqırtının durmadan yenilənən təkrarı uzaqlaşar. Partapart eşidilən tüfəng səslərinin buraxdığı uğultuya bənzər cingiltinin ilişib qaldığı qulağıma bayır gecəsinin səssizliyi xoş gələr.

Başım qazan kimidir. Gecələr min dəfə qalxıb yuxu nədir bilmədən göy üzünə baxa-baxa gözləyirəm.Qarşı dağlardan əsən nəmli küləklə içəri girən təmiz hava belə bir lənətli düşüncə ilə əlləşən beynimi rahatlada bilmir. Xain bir alçaqlığa alət olduğumu fərq etməyim mənə od vurur. İnsanın heyvanlara, hətta insanlara etdiyi alçaqlıq çox olub. Canlıların ən alçağı insandır deyərlər, yəni insanın öz qardaşına belə bir tələ qurduğunu kimsə düşünə bilməz. O alçaq da cinayətinə görə tutulub, o da burda; eyni damın altında olduğumuzu bilmək, həqiqətən, halımı pisləşdirir. Amma qalanın ən uc hissəsində, məndən uzaq bir hücrədə yatır.

Kirli-pasaxlı, rəngi bilinməyən, divardan asılı, son vərəqi nə zaman qoparıldığı bəlli olmayan təqvim yarpağında 13 sentyabr 1968-ci il yazılıb. Sabah ilk dəfə hakim qarşısına çıxarılacağam. Şeytanın belə ağlına gəlməyəcək fövqəladə gecəni bütün detallarıyla anlada biləcəyimmi?

Çayın sahilindəki təpədə gürcü şahzadələrinin tikdirdiyi, indi qəsəbənin həbsxanası olan bu tarixi qalada, bu qəribə hücrədə nə edəcəyimi bilməyəcək haldayam. Çoxu meşədə qadağan olunmuş ağac kəsməkdə günahlandırılan digər hücrədəkikəndliləri ancaq gündüzlər həyətdə gəzinərkən  uzaqdan görə bilirəm. Mən bir meşə kəndlisiyəm. Minillik, bəlkə də, yüz min illik meşənin içində bir kənddə böyüdüm. Yenə də orman qaranlığı kimi qəfil çökən tənhalığı və ümidsizliyi dəf etmənin yolunun qaçaq tütün dumanından saralmış saqqalımın önündəki bu xətli dəftərə alaşıq-dolaşıq da olsa, olub-bitənlərin dastanını yazmaq lazım olduğunu bilirəm.

Ömrüm boyu açıq havada yaşadım, hücrəyə ayı kimi qapadılmaq, inanın ki, məni sarsıtdı. İndi zehni qaralmış, hafizəsi korşalmış, ağır vəziyyətdə bir dustağam. Yenə də bütün həqiqəti anlamaq niyyətindəyəm. Heç bir şey gizlətməyəcəyəm. Hadisələri qarışdıra bilərəm. Çünki o gecə çoxlu gavalı rakısı içmişdik. Danışdıqlarımda naməlum qalan nöqtələr varsa, bunları məhkəmə incəliyib ortaya çıxardar.

Mənə kəndin dəlisi deyənlərin bunu nə üçün belə dediklərini, yəqin bilmək istəyirsiniz. Mən bir şairəm. İbtidai sinifdən sonra oxuya bilmədim, kənddə çarəsiz qaldım. O gözəl dördlüklərlə məramımı, dərdimi, ağrımı paylaşabilmək üçün artıq oxumağa ehtiyac yoxdur, məncə. Bir az istedad, qaynayan bir ürək bəs edirdi. Qəsəbədən hər həftə kəndə gedib-gələnləri daşıyan “cip”in əyləci dağılaraq dərəyə yuvarlanmışdı ki – istisnasız olaraq hər il olur belə qəza – yazdığım dastanlar kəndin bütün evlərinin qaranlıq mənzillərini aydınladan neft lampasının işığında öncə oxunur, sonra dildən-dilə dolaşır. Ya da meşədə ağac kəsərkən qəza törədərək ayağını, qolunu, şah damarını kəsən,  təkbaşına çərləyib ölən qərib kəndlilər üçün, ya da ac bir ayının tutub uçurumdan ataraq yarısını yediyi, yarısını basdırdığı inəklər üçün dastan yazıram. Ölən hər canlı üçün ürəyim qanayar, içim yanar. Ağrıdan pay almaq üçün yazdığımı düşünürlər, amma ağrıdan qurtarmaq üçün yazıram. Kəndlilər əllə çoxaldar, oxuyar, müqəddəs kitabların arasında saxlayarlar dastanlarımı.

Hər kəndli kimi kənddə kim kimin nəyidir, kimin nə dərdi var, yaxşı bilirik. Hər ailənin ehtiyaclarını  bütün detalları ilə, həqiqəti ortaya çıxardanadək bizim evdə danışırdıq. Yəni dedi-qodu edirdik. Bu uca dağların arasında, ortasından dərə keçən yabanı bir kənddə yaz gecələri belə uzun, ay donuq olur. Evlərdə üzləri mis rənginə çevirən gürgen odununun alovu qarşısında danışılacaq o qədər az şey var ki, küllərin içində bişirdiyimiz kartofları, qarğıdalıları yeyə-yeyə başqa kəndlilərin hal-vəziyyətlərini danışardıq. Nələrsə öyrənirik. Yəni problemin kökünü tapırıq. Amma son olaraq nə söyləyə bilərəm? Həqiqət bunun harasında – bunu ancaq məhkəmə heyəti söyləyə bilər.

Bunu deyim ki, qardaşların ikisi də uzunboylu, ağbədənli uşaqlardılar. Saçları sapsarı, gözləri masmavi, körpə üzlü böyük qardaş… Hansı ki, qəsəbədə taxta-şalban fabrikində texnik kimi işləməyə başlayınca orada haqq-hesab işlərinə baxan bir qıza aşiq olub… Kənddə beş ildir evli olduğu arvadını boşayıb onu almaq istəyib. İnanın, ən kiçik bir hadisə zamanı üzü qızarır, qızarmış üzündə uşaqlıqdan qalma çilləri yanaqlarında bəlli olur. Belə bir insanın ürəyinin qapqara buludlarla qapalı olduğunu kim bilə bilər? İstanbulda mühəndislik məktəbində oxuyan rəhmətlik kiçik qardaş da mavi gözlü, amma qapqara düz saçları, qələm qaşları olan insan  gözəli bir gəncdi. Sol görüşlüymüş, nəymiş, bildiyim qədərilə inad, gözütox bir dəliqanlı. Böyük qardaşının yengəsini boşamasının qəti əleyhinəymiş. Bir-iki ildir kənddə danışılan mövzuydu bu: kiçik qardaşdan qorxmazsa, arvadını çoxdan boşayıb o şəhərli qıza evlənəcəkdi deyirdilər. Ataları yaxın kənddə almanların işlətdiyi mis mədənində çalışır. Uşaqları oxutmaq buralarda ən böyük məqsəddir.

O gecə dünyanın ən gözəl gecəsi idi desəm, inanarsınızmı? Gürcüstanla sərhəd dağlardan, gürgen meşəsinin bağrından axıb gələn dərənin səsi bir nəğmə kimiydi. Dərə ilk baxışda görünməz. Qarğıdalı tarlasının yanındaydı halbuki. Gecə ay işığında quş baxışıyla baxınca,  gümüş  bir bağ kimi qara bir qövs  cızaraq qızılağacların tünd haləsində bilinir ancaq. Bir qulağa yatımlı səs. Ortasından nazlı-nazlı axdığı kəndin harasına getsəniz, onun cağıltısını eşidərsiniz. Ayrılıqda bəslənən bir duyğunun zaman keçincə unudulacaq yerdə daha da çatışmaması kimi, bu dərənin də  özü uzaqlaşdıqca səsi daha gur eşidilir.

İnsan belə alçaq bir oyuna alət olunca, bəhs etmək istəmir.

Qarğıdalı tarlasını gözləmək üçün dörd uzun dirəyin insan boyundan yüksək yerinə taxtalar keçirərək bir çardaq təki qurulur. Təxminən talvar kimi. Əsgərlikdə növbə çəkdiyimizin oxşarı. Kilimlə üstü və ətrafı örtülmüş bu talvar belə ağrıların yaşanacağının əsla ağla gəlmədiyi bir sevinc yuvası idi bizlər üçün. Kənddə hər  qarğıdalı tarlasının meşə ilə bitişik kənarında bir dənə beləsi vardı. Yoxsul kəndlinin tək qışlıq azuqəsi olaraq saxlayacağı qarğıdalı tarlasına ayılar, vəhşi donuzlar dadanır. Meşənin bilinməz, qaranlıq dərinliyindən gəlib bir saat içində nəhəng tarlanı yerlə-yeksan edərdilər. Ayılar balalarıyla, donuzlar da öz sürülərilə gəlirdilər. Bir illik zəhməti yeyər, yemədiyini yerlə bir edərdilər. Bir ovuc tarlası, bağı-bağçası var kəndlinin. Yəni qarğıdalı çox dəyərlidir.

Tüfənglərimizi divara dayayardıq. Gəmiçi fənərinin titrək işığında bir yandan içirik, bir yandan da kart oynayırıq. Arada başımızı bayıra çıxardıb çoban səsilə bağırırıq gəlmək istəyən ayıları, donuzları ürkütmək üçün. Ortalıq qan gölünə dönməsin. Ayıların da, donuzların da balası var, canlarını da allah verib. Bu üzdən talvarın dörd bir yanına asılmış zənglərin bağlarını çəkirik arada. Bu səs-küyü vecinə almayıb ölümü gözünün altına alanlar olur bəzən. Amma öldürməyə deyil, havaya atəş açırıq çox zaman. Qaçırtmaq üçün. Hərdən də nərdivanlardan enib tarlanın içinə gedir, işəyirdik. Gavalı rakısının belə bir xüsusiyyəti var.

Kartı buraxdıq. Yeni çəkilmiş gavalı rakısının buraxdığı məstliyi yuxuyla çıxartmaq istəyirik. Məncə,gecə saat iki olmuşdu. Böyük bir ayın şahidliyi ilə işıldaböcəklərin vızıltısı dərənin səsinə qarışmışdı. Uzaqdan “ho-ho” deyə bağıran bir başqa qarğıdalı tarlası növbətçisinin səsini eşitdik.

Aralarındakı gərginliyi hiss edirdim desəm, yalan olar. Dedi-qodudan qaynaqlanan bir şübhəm vardı, ikinci qədəhdən sonra yoxa çıxdı. Saflaşdım, uşaqlaşdım bütün şairlər kimi. Türkü söylədik sırayla. Tapmacalar dedik, göydə kimin buğası (ulduzu) yaxşıdır, deyib mübahisə etdik. Kiçik qardaş İstanbulu, qızları, məktəbini, Türkiyənin necə geridə qaldığını anlatdı sonra. Təbiət özü bu gözəl gecəsiylə bizi rakıdan daha çox sərxoş edirdi. Təbiətin qoynunda daha xoşbəxt, daha içdən. Daha qardaşcasına duyğular içərisindəydik.

“Birimiz növbətçiolmalıyıq” dedim. “Hər hansı bir xışıltı olsa o birimizi oyandırmalıyıq”. Danışarkən tüfənglərimizin dolu olub-olmadığını, təhlükəsizliyinə nəzarət etdik. Kiçik qardaş qapıdan bayıra, qarğıdalı tarlasının yarpaqlarında parıldayan ay işığı dənizinə tutdu tüfəngi, uzun vaxt nişan aldı. Kölgələnmiş  biçimli burnu, geniş alnı bir şəkil kimi gözümün önündədir.

– Mən növbətçiolaram, siz yatın, – dedi böyük qardaş. Bəli, əminəm, bunu o dedi.

– Olmaz, abi, – dedi kiçik qardaş. Dəliqanlılığını göstərmək istəyirdi yəqin.

Amma mən kəndin keşikçisiyəm. Məndən sorulardı hər şey.

Xeyir, mən tutaram. Siz yatın, – dedim amma  içkili üzümə gülümsəyərək baxdıqlarını görüncə israr etmədim. Nəyi necə etməyi qərarlaşdırdıq. İnanın sərsəm başım indi bunu xatırlaya bilmir.

 Sonra ikimiz yatdıq, o alçaq növbəyə qaldı. Yerimizə elə paltardaca uzandıq. Leş kimi tər, tütün və alkaqol iyi ilə öz bədənimin iyini unudaraq yatmağa çalışdım. Yatıb qalmışam.

Böyük qardaşın məni dürtmələyən fısıltılı səsi ilə yerimdən sıçradım.

“Donuzlar gəldi” dedi və tüfəngin qundağı ilə yavaşca məni dürtmələdi.

Səhər saat dörd olduğunu hadisədən sonra bildim. Demək iki saat yatmışıq. Yatmış yox, mürgüləmişik. Yoxsa belə bir xətaya düşərdikmi?

Yatarkən ay işığına bürünmüş dənizin dalğaları kimi sarı fonda olanlar indi qətran qaranlığında idi. Bir nöqtədə qarğıdalılar şıqqıldayır, nələrsə bizə doğru gəlirdi. Tüfəngimi aldım, təhlükəsizliyi açdım, nişan aldım.

–Hanı? Harada? Nə tərəfdə?, – dedim mən də fısıldayaraq.

–Ode. Orada, – dedi mənə. Donuzlar sürətlə bizə doğru yaxınlaşırdılar demək ki. Tətiyi basdım. Böyük qardaş da arxamdan tətiyi basmışdı. Böyük bir vaveyla qopdu. Öncə tüfənglərin qulağımızı batıran səslərini duydum. Qaranlıqda barıtın çıxardığı duman  bir yanğın varmış kimi və sərxoşedici gözəl qoxuyla yayıldı təmiz havaya. Tarladan “Mənəm, mənəm! Məni vurdunuz!” bağırtısı axtalanan buğanın böyürtüsü kimi qulağıma doldu. O zaman anladım nə baş verdiyini.

Sürətlə talvardan endim. Yanına necə getdim, bilmirəm. Fənəri yuxarı qaldırdım. Arxası üstə düşmüş, qalxmağa çalışır, qan dolmuş ağzıyla bir qurdun ulaması kimi səs çıxardırdı. Əlləri ilə qanlı qarnını tuturdu. Qaranlıq bir çuxur kimiydi qarnı. Köynəyini aça bilmişdi. Rəngi bilinməz haldaydı. İlıq turşumuş qoxu burnuma vurdu. Bağırsaqları parçalanmışdı. Gecə yanımdan qalxıb tualetə getdiyini inanın ki, duymamışdım. Məni oyatmağa qıymamışdı. Səssizcə qalxıb getmişdi. Dəliqanlı gözəl gənci qarnından vurmuşduq.

Bütün kənd tökülüb gəldi şəfəqlər sökülmədən. Vay-şivən hər yana yayıldı. Ölümünün qarşısını almaq mümkün olmadı. Jandarmaya xəbər verildi. Sonrası da ki, bax burdayıq.

Bir dastan yazmalıyam ona, amma yaza bilmirəm: çünki yazdıqlarımın ən təsirlisi olmasını istəyirəm. Bu ümidlə gecələri qalxır, sonsuz göy üzünü seyr edərək yazılacaq o anı gözləyirəm.

 Çevirdi: Azad Qaradərəli

Mənbə: “Ustad” jurnalının 10-cu sayı. 

KÖŞƏ YAZARLARI
TOP 10