Ay işığı qucaqlayıb gecəni… – Afaq Şıxlı

19 Baxış

90226_i0pyqnfhvc

Senet.az Afaq Şıxlının şeirlərini təqdim edir.

Bir axşam otağına sehrli bir güc gələ,
Qayıdasan keçmişə -
otuz bir il əvvələ…

Hovxura əllərini isti iyun havası,
Toxuna yanağına ötən günün ziyası…

Ömrün dar köynəyindən
otuz bir ilmə düşə,
Sancaqtutmaz saçların
yenə belinə düşə…

Haradasa kimsə də
həsrətindən sarala,
Qəlbin təlatümündən gözlər yuxusuz qala…

Şirin ola sevgidən çəkdiyin çilə belə,
Könlün zərif gül kimi bir də açıla bilə…

Məhəbbətli ürəyin, kədərsiz başın ola,
Nə ola bir dəfə də on yeddi yaşın ola!

AY İŞIĞI QUCAQLAYIB GECƏNİ…

Ay işığı qucaqlayıb gecəni…
Tilsimdəyəm, istəyim yox tərpənəm.
Ayaqüstə seyr edirəm küçəni,
Hamı yatıb, oyaq qalan
bir mənəm…

Bax, yenə də ruhum uçur yanına,
Bircə anda gəlib sənə çatıram.
Sığal çəkib avazıyan saçına
Xəyalını qucaqlayıb yatıram…

İntizaram, nəfəsini bir duyam,
Aylar ötsə yenə yada düşmərəm.
El-aləmin sirdaşıyam, dostuyam,
Nədəndirsə təkcə sənə düşmənəm.

Kaş əlimi arzulara uzatsam,
Qoymasam ki, ümidlərim yıxıla,
Dilək tutub dəryalara çöp atsam -
Bu ayrılıq gəldiyitək yox ola!

KİMİN HİCRAN PAYIYAM?!

“Mən onsuz da bu dünyadan deyiləm”,
Xoşbəxtliyin bir gecəlik ayıyam.
Nə istədim – uzaq gəzdi, dolandı,
Bəxt oxunun gərilməmiş yayıyam.

Kədər daşıb, qismət məndən arlanıb,
Yoxsul ümid həsrətimdən varlanıb.
Yar bağında yollar-izlər qarlanıb…
Ayrılığın sanki əkiz tayıyam.

Yazan hanı… bu nağılın yox ardı!
Qışdan özgə kim qapımı çalardı?
Mən olmasam qürbət kimə qalardı…
Görən, Allah, kimin
hicran payıyam?!

SƏNƏ GƏLƏN YOLU NİŞAN VER MƏNƏ

Sənə gələn yolu nişan ver mənə,
Qıyma ki, ürəyim sıxıla, gəlim.
Bu yol can alsa da, can atım yenə,
Qoy elə yıxıla-yıxıla gəlim.

Ay tutsun əlimdən yoldaş yerinə,
Küləklər ətrimi qovub gətirsin.
Bir vüsal diləyək günün birinə
Hicranın bağrını ovub gətirsin!..

Məni qucaq açan bahara dön sən,
Aradan fəsillər ötməmiş kimi.
Keçmişdən yol alıb keç bu günümdən
Gəncliyin qoxusu itməmiş kimi!

…Sənin olduğun yer əzizdir mənə,
Döndər bu aləmi nağıla, gəlim.
Yollar can alsa da, can atım yenə,
Lap elə bu dünya dağıla, gəlim!

MÖVLUDA

“Darıxsan zəng elə”
K.N.

Darıxanda zəng elə,
Səbəb oldu, olmadı.
Dolub-boşaldı ürək,
Sənin yerin dolmadı!

Yazıq sən uçan bina
Donub qaldı yerində.
O gündən yoxdu adın
Evsizlər dəftərində.

Yazmadığın kitab da
Kölgəsini sürüyür…
Dərd böyüdür oğlunu -
Uşaqlar tez böyüyür.

Hələ istidi yerin,
Arada bir güman var,
Bir gün üşüyəcəklər
Səndən tez soyuyanlar.

Bir də, unutdum deyəm,
Borcların da silindi.
Daha azadsan yəqin,
Öz başın, öz əlindi.

Xəbər almaq istəsən
Mən də ki, elə-belə…
Darıxıram, bilirsən,
Arada-bir zəng elə!

19.03.17.

lll

Elman Tovuza

Ay dostum, şeir bişir
Bircə qab, bircə fincan,
Ürəyimiz bulanıb
Alaçiy misralardan.

Hədəflərin pul bibər,
Gülüşün kişmiş olsun.
Sözlərin hər vaxtkıtək
Yaxşıca bişmiş olsun.

Elə vur xallarını -
Ətirli, dadlı olsun.
Misralar daha coşğun,
Daha inadlı olsun.

Duyğuların xətrinə
Unut azar-bezarı;
Yoxsa bütün naşılar
Açıb şeir bazarı.

Sənə gələn dərd-bəla
Düşmənə, yada gəlsin.
Əsirgəmə ilhamı -
Ağzımız dada gəlsin.

Aç şair süfrəsini,
Xəyallara dal bir az…
Sonra götür qələmi
Bu gecə bir şeir yaz!

10.04.17.

BƏXTİN QÜRBƏT ADLI SÜRGÜNLƏRİNDƏ…

Başını dik tutub elə yaşa ki,
Hər kəs səndəkini dəfinə bilsin!
Nə dostlar üzülsün çətinliyinə,
Nə də ki, düşmənlər sevinə bilsin.

Ağrıyan belini əymədən yeri
Nə qədər gəlsə də üstünə həyat,
Yorğunluq sıxsa da çiyinlərindən
Ağrı-acıları misralara at.

Qamqalaq edərək arzularını
Yolunda od çatsa xəbis adamlar,
Yansa da ayağın, şux tut özünü
Elə bilsinlər ki, qanadların var.

Həsrətin əliylə qapa gözünü
Məhəbbət zamansız qismət olanda.
Şaxtaya, borana şeirlər oxu
Bir günəş nuruna həsrət olanda.

İsti yaşlarını görən olmasın
Qəmli günlərində, dar günlərində.
Desinlər, necə də xoşbəxt yaşayır
Bəxtin qürbət adlı sürgünlərində.

Həmişə ulduz ol, həmişə parla,
Arxanca sürünsün qoy acıdillər!
Başını dik tut ki, şair ömrünün
Dəhşət olduğunu düşünməsinlər!

MƏNİM MARAQLI İNSANIM

Görəsən, indi hardadır
Mənim maraqlı insanım?
Hər fəsildə yaz gözləyən,
Həmişə haqlı insanım?

Yəqin yenə gileylənir
Küləkli boz havalardan,
Yenə qaçır söz üstündə
Düşən yersiz davalardan?

Yenə də mahnı dinləmir,
Susur sükan arxasında,
Yenə sürür həyatını
Od ilə su arasında?

Yenə donub yalanlardan,
Qalın geyinir əynini,
Onun olmayan dünyada
İtmiş sayır əməyini?

Yenə qatıb-qarışdırır
Nisgilini zarafatla,
Hələ də barışa bilmir
Onu üzən boş həyatla?

Görəsən, hardadır indi
Mənim maraqlı insanım?
Hər yerdə düzlük axtaran
Əliçıraqlı insanım?..

 

KÖŞƏ YAZARLARI
TOP 10