Ayaqqabı ipləri

60 Baxış

kamransuleymanKamran Süleyman 

 

                                             (qatilin beyni)

 

Səhərə yaxın cinayətin qoxusu yayılmışdı şəhərin küçələrinə… Ayaqqabı iplərindəki ölüm yellənirdi küləyin məsum oxşamasıyla. İndi ən kəskin cinayət aləti idi ayaqqabı ipləri… Qatilin əlində yellənən bu iplər əcəl zəngləri çalırdı sanki….
Dünən axşam gecənin qaranlığına girən ölüm yeni qurbanıyla üz – üzə gəlmişdi günahların son dayanacağında. Qorxunc səslər doluşmuşdu boğazının düyümlərinə. Xırıltılar içində son dəfə qatilinin üzünə baxarkən barmaqlarını boğazıyla iplərin arasına keçirə bilmişdi və beləcə ölümün yaddaşını öz barmaqlarıyla yaratmışdı….
Qatil…Ən doğma və qəribə xoşbəxtlik içində ayaqqabı iplərini ayaqqabılarına keçirməyə başladı. Səliqəli keçirilən iplər köhnə kilsənin qapılarını sıxıb bağlayarcasına bərk – bərk düyünləndi.
Saat…səhərə az qalıb…kifayət qədər səbəb var siqaret yandırmağa. Amma o tələsmir tüstülərin rəqsinə.  Bir cinayəti də siqaretə qatıb çəkmək tütünə haqsızlıq olardı zənnimcə.
İçində narazılıq vardı. Beynində üfunət qoxulu xatirələrlə təkbaşına qalmışdı yenə… Alnına silah dirəyən fikirlər hər an çaxmağı çəkməyə hazır dururdu. Dərhal bir siqaret…sonra…
Dəniz möhtəşəmdi…dalğalar gəmilərin haqsızlığına üzülüb, qərib-qərib sahilə yan alır və beşik kimi yelləyirdi kiçik qayıqları…Bizim qatil qəhrəmanımız skamyada səssiz və hərəkətsizdir. Dostunun çoxdan dediyi bir sözü xatırlayır…”Pulsuzluqdan siqaret çəkməyi tərgidəndən bu yana dərd çəkməyə başlamışam. Bu da  təzə vərdişdi”.Bu axmaq fikir hardan gəldi ağlına…Hə dedim axı fikirliydi…Nəsə…
Ayaqqabısına bağlanmış “ölüm” bağları yeni qətlin pərdələrini aralamaq arzusundadır. Amma yaxşı ki ayaqqabılar ayaqların hökmündədi. Əgər fikrinə zorakılıq edən qüvvə yoxdusa.
Saat…axşama yaxındır…ayaqqabılar yenə ipsiz və səliqəsizdir.  Əllərində yellənən bu nazik iplər yenidən küləyin rəqsinə qoşulub. Yağış yağır küçənin kabus kölgələrinə. Şəhərin unudulan yerindən azan səsi yüksəlir. Minarələrdən asılmış müqəddəs sözlər ətrafa dərin hüzn və rahatlıq mesajı göndərir.
Son dərəcə müəmmalı olan qətllərin ən peşəkar ustası  olan qatil silsilə qətlin davamını reallaşdırmaq istəyir və özü də içində anlaya bilmədiyi bir kinlə hər öldürdüyü insanla sükutunun sərhədlərini pozan hər kəsi cəzalandırmış olur. Beləcə ağır yerişləriylə gecənin qaranlığına qarışır və nə vaxtsa yaxalanacağını düşünür…Amma nə vaxtsa…
Mən kiməm?…Onun beyni…

 

 

 

 

 

Bölmə : Ədəbiyyat