Ayaz Arabaçının yeni şeirləri

84 Baxış

aaf

 

Bir gün urus çaldı,bir gün ingilis,
Bizi yuxulara “laylay” apardı…
Torpağı özümüz yağıya verib,
Sonra da dedik ki,”hay”lar apardı.

Çox qızıl vardı ki,zatı misiydi,
Bəstəkar,drijor pisin-pisiydi,
Böyüklər hamısı pay hərisiydi,
Onunçün bu yurdu paylar apardı.

Yıxıldı vüqarım,dağıldı binam,
İçimdə heç kimə qalmadı inam,
Gah şəhid ağladıq,gah da ki,imam,
Bütün ömrümüzü vaylar apardı.

Vətən sevgisini damara çəkdik,
Dərdi köksümüzdə tumara çəkdik,
Bəxti neçə dəfə qumara çəkdik,
Onda da ağıldan zaylar apardı.

Yüz öpüb,yüz əmib,yüz əlləşdirib,
Mindilər bu yurdu gözəlləşdirib..
Külli-Qarabağı özəlləşdirib,
Görünməz həftələr,aylar apardı.

Çəkilib gedəcəm mən də bir azdan,
Beş-altı qoşmadan,beş-altı sazdan,
Qorudum özümü Kürdən,Arazdan,
Məni saymadığım çaylar apardı….

 

 

 

Bu əsrin ən bivec adamı mənəm,
Vecinə almayır vec məni, dədə..
Fikrim isti-isti heç kimə çatmır,
Hamı gec anlayır,gec məni dədə.

Xəyalım nə dağa,nə düzə dönür,
Bəxtimin təkəri üz-üzə dönür,
Kimə can deyirəm öküzə dönür,
Süzür hər görəndə kəc məni, dədə.

Sözü hər küləyə əsdirəmmirəm,
Özüm-öz yükümü gəzdirəmmirəm,
Hara getdiyimi kəsdirəmmirəm,
Salıb qabağına köç məni dədə..

Əmir yad oğullar paralarını,
Sırıma,ağ deyə qaralarını,
Basıb qanadıram yaralarını,
Ayaqla biryolluq keç məni,dədə.

Pozulub bürcümün,qalamın kefi,
Verdiyim-aldığım salamın kefi,
Demirsən necədi balamın kefi,
Salmırsan yadına heç məni, dədə..

Sən öz bildiyini fəndə dəyişmə,
Gündə bir oduna rəndə dəyişmə,
Bu dəfə səsini qəndə dəyişmə,
Seç məni,seç məni,seç məni,Dədə!!..

Çöldə min il yağsa nədi,kəssə nə,
Öz dolusu,öz yağışı könlümün…
Ən günəşli bahar gələ çəkilməz,
Bundan belə qarı-qışı könlümün.

Göz yaşımdan torpaq dəmdi,səma dəm,
Mən bir eşqin şərabından dəm,Adəm..
Həsrətindən nalə çəkib dəmadəm,
Gecə-gündüz yanar başı könlümün.

Ha işlənib təzə qalıb ümidi,
İki kəlmə sözə qalıb ümidi,
Bir bükümlük bezə qalıb ümidi,
Nə zəri var,nə qumaşı könlümün

Mənim bəxtim başı üstə durubdu,
Haçan baxdım,hardan baxdım qürubdu.
Bir dilbilməz həsrət üstə qırıbdı,
Simlərini neçə naşı könlümün.

Köksüm altda alovlanar,qor-ahlar,
Biçər məni göyərdikcə oraqlar,
Uçub getmiş kəkliyini soraqlar,
Yetim qalmış dağı-daşı könlümün…

 

Bölmə : Poeziya
KÖŞƏ YAZARLARI
TOP 10