AYDIN səsli QARADAĞLI

250 Baxış

huseynHüseyn Məmmədsalahov

 

 

Özlərindən sonra iz qoyub gedənlər ölmürlər…

Xatirəsi həmişə onu tanıyanların, onu unuda bilməyənlərin

qəlbində yaşayır; əməli isə onun sənətini davam etdirənlərdədir.

Gültəkin Cabbarlı.

                         Aydın səsin beşiyi

Qarabağ Azərbaycanın dilbər guşəsidir. Şuşa isə Qarabağın incisidir. Xalq şairi Səməd Vurğun yazırdı: “Şuşa təkcə özünün gözəl təbiəti ilə deyil, yüksək, ahəngdar və poetik mədəniyyəti ilə də şöhrət tapmışdır”. Suyundandır, havasındandır bilinmir, amma Şuşalı
olub da səsi olmuyan adam yoxdur. Sanki bu onlara genlə keçən fitri istedaddır. Mənim məqaləmin qəhrəmanının babası – Həsənəli ağa Xan Qaradaği (Qaradağski) əslən Şuşa şəhərindən idi. Şuşanın qabaqcıl maarifçilərindən və şairlərindən olan Həsənəli ağa Xan Qaradaği Şuşada ilk dəfə olaraq parta və yazı taxtasından istifadə edib dərs keçən ilk Azərbaycan müəllimi olmuşdur. Zülfüqar Hacıbəyov, Cəmil Bağdadbəyov və başqa görkəmli şəxsiyyətlərə dərs keçən Qaradaği, həmçinin İ.A.Krılovun təmsillərini tərcümə etməklə “Vətən dili” dərsliyində dərc etmişdi. Qəhramanımın atası – Çingiz Qaradağlı da Şuşada doğulub. Onun haqqında qəzetdə verilən nekroloqda yazılır: “…görkəmli maarif xadimi, istedadlı müəllim Çingiz Həsənəlixan oğlu Qaradağlı 1903-cü ildə Şuşa şəhərində ziyalı ailəsində anadan olmuşdur. O, 1920-1932-ci illərdə Laçın və Şuşa məktəblərində müəllimlik etmiş, rus dilini zəhmətkeş balalarına öyrətmişdir. Ç.Qaradağlı 1936-cı ildən Bakı Şəhər Xalq Maarif Şöbəsində çalışmışdır. 1949-cu ildən 1962-ci ilədək Bakı məktəblərində müəllim olmuş və tədris işləri üzrə direktor müavini vəzifəsində işləmişdir”. Sovet dövründən qabaq adı Çingizxan idi. O həm də istedadlı həvəskar aktyor idi.

 

Aydın səsin ilk sədaları

Bütün qarabağlılara məxsus olan o gözəl, saf və təmiz səs genlə Çingiz Qaradadağlıdan elə öz oğlu Aydın Qaradağlıya da keçir. Azərbaycanda diktorluq məktəbinin banilərindən, bu çətin və şərəfli sənətin birincilərindən olmuş Aydın Çingiz oğlu Qaradağlı el arasında “Azərbaycanın Levitanı” kimi tanınaraq, həm siravi vətəndaşların, həm də məşhur yazıçı və şairlərin bəyəndiyi səsin sahibi idi. “Atamın uşaqlıqdan radioya böyük həvəsi olub” – oğlu Vüqar Qaradağlının “Atam öz sənətini necə seçib” adlı inşasından oxuyuruq: “O, bütün günü radioqəbuledici yanında olurdu. Görəsənən onun içində kim oturub? Danışan kimdir? Bu suallar ona rahatlıq vermirdi… Bir dəfə o, evdə tək olan zaman radionu açıb sökür. Və çox təəsüflənir ki, cihazın içində heç kimi tapmır…”. Aydın Qaradağlı teatr texnikumunda oxuya-oxuya Azərbaycan radiosuna dəvət olunanda diktor seçimində bir neçə amilə xüsusi diqqət yetirərdilər. Mikrofon qarşısında oturan şəxsin yüksək intellekti, zəngin mütaliəsi də olmalıydı. Oxuduğu mətni, şeri, xəbəri hər nə varsa özü anlamayan diktor heç zaman onu dinləyiciyə çatdıra bilməz. O zamanın özündə belə mətnin tam təfərrüatını, ən başlıcası məntiqini anlayıb, onu dinləyiciyə çatdıra bilən diktorları barmaqla saymaq olardı ki, Aydın Qaradağlı da onlardan biri idi. Aydın müəllim əvəzsiz diktor olmaqla bərabər, həm də radionun proqram siyasətinin gözəl bilicisi idi.  Aydın Qaradağlı Azərbaycan radiosunda işə başlayanda cəmi 17 yaşı olmasına baxmayaraq, oxuduğu mətnə məsuliyyətlə yanaşan, hətta tanış olmadığı materialın ilk cümləsindən onun səsləndirmə tonunu təyin etməyi, dinləyicilərə necə çatdırmağı sövq-təbii duyan diktor idi. Klassiklərimizin şeirləri, ələlxüsus da Nizami, Füzuli, Natəvan, Cabbarlı, Şəhriyar, Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Hüseyn Arif və digərlərinin şeirləri bu peşəkar bədii qiraət ustasının səsi ilə yeni ömrünü yaşadı və hələ də ölkəmizin “Qızıl fond”unda yaşamaqdadır. Aydın Qardağlı istər rəsmi mövzuları, istərsə də bədii əsərləri dinləyicilərə böyük ustalıqla çatdırırdı. Ulu öndərimiz Heydər Əliyev haqqında hazırlanan verilişlər, ölkə başçısının rəsmi görüşləri, səfərləri, imzaladağı sərəncamlar məhz Aydın Qaradağlının əfsanəvi səsində radio dinləyicilərinə çatdırlırdı. Təsadüfi deyil ki, Heydər Əliyevin xüsusi göstərişi ilə onun çıxışları efirə yalnız Aydın Qaradağlının səsi ilə verilirdi. Aydın Qaradağlının bu istedadı və bacarığı ulu öndərimizin diqqətindən qaçmamışdı və o diktorlar arasında ilk dəfə olaraq “əməkdar artist” fəxri adına layiq görülmüşdü. Yuxarıda qeyd etdiyim kimi Aydın Qaradağlının səsi şairlərimiz tərəfindən də çox bəyənilirdi.1949-cu il xatirələrində Aydın Qaradağlı yazır:“Böyük şairimiz Səməd Vurğun “Muğan” poemasını hissə-hissə yazdıqca radioya gətirib efirə oxuyardı. Bir dəfə o, verilişin efirə getməsinə bir neçə dəqiqə qalmış gəldi. Ancaq görürük halı özündə deyil, üzü bərk sarıqlıdı, Bizim otağımıza daxil olub diktor Ceyran Rəcəbovaya üz tutaraq dedi: “Dişim məni yaman incidir, deyəsən oxuya bilməyəcəyəm. Sizdə bir diktor var, cavan: Aydın Qaradağlı, o bu gün işləyir?” Ceyran xanım: – Bəli, işdədir, – deyib, məni çağırdı. Səməd Vurğun əlindəki poemanı mənə verib: A bala, get bunu oxu, halım yoxdur, – dedi. Mən böyük məmnuniyyətlə poemanı aldım. Ancaq verilişin başlanmasına yeddi dəqiqə qalırdı. Bir qədər narahat halda studiyaya keçdim. Oxudum. Qurtarıb çıxanda Şair mehriban baxışşlarıyla razılığını bildirərək – Ayə, ya mən diktor olajam, ya da sən şair” – dedi. Əməkdar artist, bədii qiraət ustası Ağalar Bayramov isə bu unudulmaz insan barədə belə söyləyir: “Azərbaycanda gözəl səsli diktor çoxdur. Amma Aydın Qaradağlını həmkarlarından fərqləndirən əsas xüsusiyyəti onun səsə bədiilik verməsi idi. Məlahətli səs çoxunda var, amma səsə ürəyin şirəsini qatmaq təkcə Aydında mümkünləşmişdi”. Diktorluqla yanaşı o, 1964-1968-ci illərdə Dövlət Radiosunun Baş rejissor, 1970-ci ildə isə Proqram Baş redaksiyasının Baş redaktru vəzifələrində də çalışır. Aydın Qaradağlı hərtərəfli yaradıcılığa malik istedadlı sənətkar idi. Hətta onu bəzi filmlərdə baş rolu canlandırmaq üçün sınaq çəkilişlərinə dəvət etsələr də, filmin nümayişi zamanı o, özünü görməyib. Bu da taleyin bir yazısıdır.

 

Aydın və Gültəkin

Radionun yaşlı dinləyiciləri, yəqin ki, bu sözləri hələ də unutmayıblar: “Mətni oxudu Aydın Qaradağlı”, “Verilişi aparırdı Gültəkin Cabbarlı”. Aydın Qaradağlı ilə 24 il bir yerdə həyat sürən Gültəkin Cabbarlı da Azərbaycanın ilk və əfsanəvi diktorlarından biri idi. Hər ikisinin də adı dahi azərbaycanlı dramaturq Cəfər Cabbarlının “Aydın” əsərindən götürülüb. Gültəkin Cabbarlıya bu adı elə öz doğma əmisi Cəfər Cabbarlı verib. Aydın Qaradağlının adı isə valideynlərinin Bakıda təşkil olunmuş özfəaliyyət teatrların birində Cəfər Cabbarlının “Aydın” pyesindən sonra verilib. Bu tamaşada Aydının atası – Çingiz Qaradağlı Aydın obrazında, anası – Külsüm Talıblı isə Gültəkin obrazında idi. İki gənc təkcə səhnədə deyil, həyatda da talelərini bağlamış olurlar. Bir neçə müddətdən sonra Çingizlə Külsüm Bakının yay istisindən qurtulub Qubaya istirahətə gedirlər və 1929-cu ilin 20 avqust tarixində dünyaya Aydın gəlir. İllər sonra Aydının da gələcək həyat yoldaşı Gültəkin Cabbarlı ilə olan tanışlığı da Çingiz Qaradağlı ilə Külsüm Talıblının tanışlığı kimi maraqlıdır. İllər sonra Gültəkin Cabbarlı demişdi ki “Həyatlarımızdakı paralellər çox maraqlıdır”. Gültəkin Cabbarlı hələ orta məktəbin sonuncu sinfində oxuyarkən (1947-ci il, fevral) məktəbdə keçirilən seçim turları nəticəsində radionun uşaq verilişləri redaksiyasına dəvət olunmuşdu. Gültəkin canlı efir zamanı şeir söyləməli idi. Məsələ burasındadır ki, efir zamanı Gültəkinə divarın o tərəfindən (ayrı studiyadan) aparıcı diktorun üzü görünmədən yalnız mehriban və ciddi səsi gəlirdi: “Sakit olun” (bu səs o zaman artıq radioda çalışan Aydın Qaradağlının səsi idi). Bir müddət sonra iki əfsanəvi diktor dram teatrında birbirlərini tanımadan “Aydın” tamaşı zamanı rastlaşırlar. Gültəkinin tələbə yoldaşı Zəhra onu Aydınla tanış edir. İlk diktorluq təcrübəsini unuda bilməyən Gültəkin radioya müraciət edərək yoxlanış komissiyasından keçir. Bu komissiyanın üzvlərindən biri də elə Aydın Qaradağlı idi. Səs rejissorunun otağından Gültəkinə bir neçə sual verdilər. Yoxlanışdan sonra Gültəkini işə qəbul etdilər. Gültəkin dəhlizə çıxanda “Aydın” tamaşısındakı ucaboy gənci gördü. O ucaboy gənc 1947-ci ilin fevral ayında “Sakit olun” deyən şəxs idi.

 

Aydın səsin yadigarları

1955-ci ildə ailə həyatı quran cütlüyün 1956-cı ildə Xanım, 1959-cu ildə Aygül adlı qızları, 1966-cı ildə isə Vüqar adlı oğulları anadan olur. Aygül Qaradağlı 1959-cu il sentyabrın 1-də Bakıda anadan olub. Bülbül adına musiqi məktəbini bitirən populyar diktor Aygül Qaradağlı ilk dəfə 1984-cü ildə televiziyada diktor kimi fəaliyyətə başlayır. 10 il televiziyada çalışıb, sonradan öz işinə qayıdır. Bülbül adına orta ixtisas məktəbində fortapianodan dərs deyir. Bir müddət “Günaydın” və “Ad günü” verilişlərinin aparıcısı olub. 2000-ci ildən 2009-cu ilə qədər dublyaj sahəsində çalışıb.. “Klon” serialında Hade daxil, 20-ə yaxın obrazı səsləndirib. Vüqar Qaradağlı 1966-cı il noyabrın 24-də Bakıda anadan olub. 1990-cı ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. 2006-cı ilin dekabrından Bakı Dövlət Universitetinin ərəb filologiyası kafedrasının dosentidir. Filologiya elmləri namizədidir. 1991-2011-ci illərdə  Qurani-Kərimin Ziya Bünyadovla Vasim Məmmədəliyevin tərcüməsində Azərbaycan dilində çapdan çıxmış 12 nəşrinin redaktoru, 2007-ci ildə 1882 və 1888-ci illərdə A.O.Çernyayevski ilə S.H.Vəlibəyovun müəllifliyi ilə çıxmış “Vətən dili” kitabının əski əlifbadan transfoneliterasiyasının, ön söz, qeyd və cədvəllər, şərhlərin müəllifi olub. 2012-ci ildə “Təcvid” adlı kitabı işıq üzü görüb. 2012-ci ildə “Qurani-Kərim: latın qrafikası ilə fonetik transkripsiyası (təcvidli, vurğulu)” kitabını yazıb. “Bizim əsr” və elə həmin il iyunun 4-dən nəşrə başlayan “Naş vek” qəzetlərinin baş redaktoru olub. 1999-cu ildən efirə çıxan “Radio Lider”in və 2000-ci il sentyabrın 1-dən fəaliyyətə başlayan “Lider” televiziyasının daxil olduqları “Media-Holdinq”in baş direktoru işləyib (2006-ci il sentyabrın 1-dək). “Mərkəz” qəzetinin baş redaktoru olub (2008-ci ilin noyabr ayından 2010-cu ilin oktyabrınadək). Hal-hazırda Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasının (ATV) prezidentidir. Göründüyü kimi iki əfsanəvi diktorumuzun övladları bu gün cəmiyyətimizdə öz layiqli yerlərini tutublar və Qaradağlı soyadını şərəflə daşıyırlar.

 

Əbədiyaşar aydın səs

Biz – aydın səsin vurğunları, bu günə kimi əfsanəvi diktorumuzu sevərək xatırlayırıq və buna sübut kimi mənim məqaləmi, məndən əvvəlki yazarların məqalələrini misal çəkmək olar. Əfsanəvi diktorun adını əbədiləşdirmək məqsədi ilə Siyəzən rayonunda küçələrdən birinə Aydın Qaradağlının adı verilib. Yenidən həmən o aydın səsin sehrinə düşmək istəyənlər üçün də diktorun əziz xatirəsinə həsr edilmiş www.aydinqaradagli.com saytı yaradılıb. Çünki bu səsə həmişə ehtiyacımız var.

 

 

ƏDƏBİYYAT

  1. Filologiya elmləri doktoru, professor Vüqar ƏHMƏD – “Qaradağlılar”.
  2. Filologiya elmləri doktoru, professor Vüqar ƏHMƏD – “Qızıl səsli” diktor.
  3. “Aydın danışardı ki…” – Gültəkin Cabbarlının xatirələrindən.
  4. “Məndən söz aldı getdi…” – Gültəkin Cabbarlının xatirələrindən.
  5. Qazeta Analitik İnformasiya Mərkəzi – “Səs və söz sənətinin vəhdətini yaradan dahi”.
  6. “Azərbaycan” qəzeti –  “Səsi ilə seçilənlər”.

 

 

 

 

 

 

KÖŞƏ YAZARLARI
TOP 10