Ayrılıq havası – İsmayıl Kazımov  

47 Baxış

isi5

(Povestdən bir parça)

«Kov» etnosunun qalıqları olan Qovşudlu camaatının bu yerlərdən nə zaman köçüb getdiklərini xatırlayan tapılmırdı. Görünür, bu köç yaxın zamanlarda olmamışdı. Onların hara və nə üçün köçdüklərinin səbəbini bilən də yox idi. Yalnız qədim qəbiristanlıq, torpağa batmış, kol-kos basmış qara daşlar nişanə qalmışdı. Bu nişanə də o ərazidə tut ağacları, toxmaçar, yonca bitkisi əkiləndən sonra tamamilə itib-batdı. Salatınlı camaatı həmin yerlərdən əkin-biçin kimi istifadə etməyə başladılar.

Həmin ərazi Salatınlı kəndi ilə Keyxalı kəndinin arasında yerləşirdi. Aranı Çaxmaq çaylağı (çaxmaqlıların da bu yerlərdə yaşadığı qeyd olunur!) kəsirdi. Araz çayının bu kəndlərə tərəf ayrılan qolu isə çaylaqla birləşirdi.

Araz çayının mehi hər iki kəndin üstünə əsirdi, yuxarılardan- Diri dağının ulu zirvəsindən burulub Köyərçinli yayalasına doğru səmt götürürdü. Dağın yamaclarında hər fəsildə görünən xari bülbül gülünün ətri başqa güllərə qarışaraq adamı bihuş edirdi. Yayda buralar çox sərin olardı. May ayı camaat Mazannənə pirinə qalxar, orada qurbanlar kəsilərdi.

Xudafərin körpüsündən Diri dağına qalxmaq çox çətin idi. Maşın, araba yolu yox idi. Piyada qalxanlar isə allah eləməmiş ayaqları büdürəyərək sürüşsələr, üzü aşağı tikələrəri də ələ gəlməz…

…Ərazi mübahisəli idi. Ərazi iki kəndin adamlarını bir-birinə düşmən etmişdi. Çaylağın o tayındakı «yelqovandan qorxan kənd»in adamlarının da bu torpaqda gözü var idi. -Biz də şərikik, deyirdilər. Yazhayaz başlamışdı, şikayət ərizələri yuxarılara gedirdi. Nədənsə Keyxalıların şikayətlərinə məhəl qoyan yox idi.

Vəziyyət dəyişirdi. Salatınlı və Keyxalı kəndlərinin camaatı bu mübahisəli yer üçün əldən-ayaqdan düşürdülər. Kənd adamları bir-birinə düşmən kimi baxırdılar. Artıq bir-birindən qız alıb qız vermirdilər. Əliş kişi bu kənddən oğlu Qəhrəmanı evləndirdiyi üçün camaat tələb edirdi ki, kənddən çıxsın. Baba kişi də oğlu İsini həmin kənddən evləndirmişdi, lakin camaat ondan çəkinirdi, ona bir söz deyə bilmirdilər, yalnız dalda-bucaqda danışırdılar.

Hələ 60-cı illərdə bu kəndlərin adamları arasında böyük bir dava olmuşdu. Keyxalı kəndinin arvadları çox qoçaq idilər, atdıqları çaylaq daşları hədəfdən yayınmırdı. Davada neçə-neçə adamların başı yarıldı, gözü kor oldu. Şahsənəmin əri Həbibullanın başını bu davada çaylaq daşı ilə yarmışdılar.-Dincəldinmi, əşi, sənə demədim, qoşulub gödək Mehdiyə, Eşşək Fərəcə getmə, indi öl, orda-Şahsənəmin məhlədə səsi eşidilirdi.

Dava Keyxalı tərəfdən bir nəfərin ölümü ilə nəticələnəndən sonra sakitlik yaranmışdı. Salatınlı tərəfdən tutulanlar da olmuşdu…

…Keyxalı kəndinin sədri Həmzə kişini də camaat işdən çıxarmaq istəyirdi. -Daha yeyib-dağıtdığın bəsdi, indi də çəbhəçilərdən biri o kresloda oturacaq. Söhbət gəzirdi ki, montyor Hüsəni kolxoz sədri qoyacaqlar. Hüsən dördüncü sinfi güclə bitirmişdi.

Salatınlıların bir mübahisəli torpaq sahəsi də dəvəkəsənlilərlə idi. Bu kəndləri İpək yolu iki hissəyə bölürdü. Eminli deyilən bir tayfa da ortalığa atılmışdı. Eminlilərin ağsaqqalı öz qızlarını dəvəkəsənlilərin oğlanlarına verirdi və deyirdi ki, gələcəkdə onlardan olan övladlar dəvəkəsənlilərə qənim kəsilsinlər. Belə də oldu. Doğub-törədilər, nəticədə iki qohum bir-birinə düşmən kimi baxdılar, indii də bir-birinin xeyir-şərində iştirak etmirlər…

Sovet dövləti çökə-çökdə idi. Kəndlərdə, kolxozlarda da qəsdən çaxnaşma salırdılar. Avam camaatın isə heç nədən xəbəri yox idi. Tarixi ədavətlər qızışır, məhəllə davaları baş qaldırırdı.

İndi yeni məsələ ortaya çıxmışdı. Dəvəkəsənlilər ayrıca təsərrüfat, kolxoz olmaq istəyirdilər.

…Təzəcə ayrılmışdılar. Təzə məktəb direktoru, təzə koxoz sədri, təzə partkom, hesabdar, nə bilim nələr…Hətta canfəşanlıq eləyən Sadığı da vəzifəyə (Həmkarların sədri) qoymuşdular. Abbas kişi əhdinə çatmışdı, kürəkənini kolxoz sədri seçdirmişdi. Şad-şalyan, kefi kök yaşayırdılar. Qonşularına gəç baxa-baxa.

Qonşumuz Mələk Xankənddəki hadisələrdən danışırdı..-Ay cammat, nə bir-birinizə vurulmusunuz, ermənilər gəlir, siz də burada torpaq davası edirsiniz. Sədrinizi çıxarmaq istəyirsiniz?

… Qaçhaqaç başlamışdı. Kolxoz sədri, kənd soveti öz ev əşyalarını camaatdan xəbərsiz gecə ikən Beyləqana, İmişliyə köçürürdülər. İstəmirdilər ki, səs-küy olsun.

Dəvəkəsənli Baba kişinin, doxtur Muradın evləri o vaxt Salatınlı torpağında tikilmişdi. Bunu da rəhmətlik Bəyiş müəllim etmişdi. Bəyiş müəllim rəhbər vəzifələrdə işləmişdi. Baba kişinin zəhmətkeşliyinə, sadə bir insan olmasına görə özünə qonşu gətirmişdi. Qonşusu Bij İbiş bu ailəyə göz verib işıq vermirdi. Hər səhər «öhö, öhö» eləyən İbiş, ay Baba, onsuz da məcburən də olsa, səni burdan köçürərəcəyik. Siz nə vaxt köçüb gedəcəksiniz, bu yeri böyük oğluma götürəm!? (İndi Bij İbişin 5 oğlundan biri qalır. Qalan dördü Allah rəhmətinə gediblər)

Yaloba camaatı dınqır-dınqır deyirdilər. Əşi, dəvəkəsənlisən, düşmənin dəvəsini oğurlayıb kəsmisiniz, köç burdan, bizim içimizdə sizə yer yoxdur. Baba kişi də söyüşkən bir kişi idi. Dinənin dədə-babasını gözü qabağında…

Salatınlı, Dəvəkəsənli kəndlərinin adamları bir-birinə dəymişdilər. Tiflisə-arxivə adam axtarırdılar göndərməyə. Deyirdilər ki, o vaxt muzeyin direktoru Şahlar müəllim ordan xəritə gətirib. Dəvəkəsənli kəndinə məxsus xeyli topaq sahəsi Salatınlı camaatına məxsusdur. Onu da deyirdilər ki, Salatınlı kəndinin görkəmli alimlərindən biri-tarixçi Tahir Haqverdiyev hər şeyi bilir. Bakıda da hər iki kəndin başbilənləri toplantı təşkil etdilər. Kəndi, kolxozu bölmək üçün…Bir az da bu tədbirə ayrılmış pulu yemək üçün.

Salatınlı kəndində vaxtı ilə ev-eşik qurmuş dəvəkəsənlillərin əlavə torpaq sahələrini də əllərindən alırdılar. Baba kişi meyvə bağının alt tərəfində bir tut bağı salmışdı, yonca əkmişdi, səliqə-sahmanı hamını mat-məəttəl qoymuşdu. Salatınlı camaatından kimə dedilərsə, Baba kişinin toxmaçarını götürsün. Haqq üçünə yaxın gələn yox idi.

Ancaq bir nəfər tapıldı. Yalobalı Ağaqulu Baba kişinin dırnaqları ilə böyüdüb-başa çatdırdığı toxmaçarı sədr Həsənquluya rüşvət verərək əlindən aldı. Baba kişi gedib Ağaqulunun qapısında dədə-babasını qəbirdən çıxardı…Bir neçə gündən sonra Baba kişini Ağaqulunun üstündə fatiə duasını oxumağa çağırdılar. Baba kişi həm də hüzr yerlərində dua verirdi. Camaat Baba kişinin əməlisalehliyinə mat qaldı.

Ermənilər Yanarxaç tərəfdən Kökəltmə deyilən yerin üstündə lövbər salmışdılar. Ətraf kəndlərə hücum etmək üçün fürsət gözləyirdilər. Gecələrin birində onlar -ermənilər dağ və təpələrdən Arazboyuna-Arana tökülüşdülər. Gödək Mehdi o vaxt ov tüfənglərini camaatdan yığında, erməniləri isə Kalaşkinov avtomatı ilə silahlandıranda tüfəngini ot tayasının içində gizlətmişdi. O, gözümün qabağında iri bir ermənini qoşalülləsi ilə yerə sərdi. Qalan ermənilər isə bağlara tərəf qaçdılar.

…Qaçhaqaç başlamışdı. Valeh müəllim gəlib camaata xəbər vermimşdi ki, nə yatmısınız ermənilər Qaradüz yolunu tutublar. Vahimə içərisində kənd camaatı hara gəldi qaçırdı. Bafadaroğlu Cəmil dana-dunasını, sürüsünü itirmişdi, dəli vəziyyətinə düşmüşdü.

Artıq köç başlamışdı. Bir ucu İrana, bir səmti Qaradüzə tərəf…

Təkcə Bij Mətiş darvazasının yanında dayanıb qaçanlara tamaşa edirdi .-Ə, qorxaqlar torpağınızı qoyub hara qaçırsınız,- rişxəndlə qaçanlara sataşırdı. Bij Mətiş Salatınlının tipik adamlarından idi. Bir oturuma bir toyuğu yeyirdi. Tədbirlərdə üç boşqabla doyub çəkilmirdi. Gecələrin birində cavanlar onun yeməyinə qaynanmamış su tökürlər, yazıq kişi səhərədək bayırda qalır. Özü də qarlı qış gecələrinin birində, qaçaqaç zamanında.

Mətiş kişi deyirdi ki, söhbət edəndə iki nəfər qarşı-qarşıya oturmaları yaxşıdır. Üçüncü bir şəxs söhbətə qarışanda birləşib o birisini ələ salırlar.

Bij Mətişin səliqə-sahmanlı geniş həyət-bacası vardı. Heç kəsi yox idi. Arvadı Şirinbəyim allah rəhmətinə gedəndən sonra tək qalmışdı. Deyirdi ki, qoy erməni gəlsin, deyəcəyəm ki, ay erməni, donuzunu otarım, yazığam məni həyat-bacamdan çıxarma.

Can şirindir, ermənilər kəndə girəndə Mətiş kişini stansiya yolunda tutdular, yalvardı-yaxardı, belindəki gümüş kəməri ermənilərə verib canını birtəhər qurtardı.

Şıxçinarlı Tələt doxtur da inadkarlıq edib kənddən çıxmadı. Bu həmin Tələt doxtur idi ki, yağ tapılmayanda L.Brejnevə teleqrama vurmuşdu ki, mənə iki kiloqram kərə yağı göndər. Ermənilər bu zavallını «Aşağı bağ» deyilən yerdə güllələdilər.

Dağtumaslı Şaka da dəmir çarpayısına uzanıb evdən bayıra çıxmadı. Ermənilər onu əsir götürdülər. Amma Şaka qoçaqlıq edib əsirirlikdən qaça bildi. İndi yazı-pozu işləri ilə məşğuldur.

Mahnisəoğlu Azay Hadrus kəndlərindən gətirdiyi donuz çoşqalarını qoyub getmək istəmirdi. Zarafat deyil. Ermənilərin on dörd kəndi boşaldılandan sonra Azay on yeddi donuz çoşqası və bir boçka erməni çaxırı gətirmişdi.

Səməd də (ara adı Seryoqa idi) kənddən çıxmaq istəmirdi. Həmin ili tutdan, üzümdən, müxtəlif mevələrdən boçka-boçka araq çəkmişdi, bəs bunları neyləsin. Torpağı qazdı, boçkaları basdırdı, yerini manşırladı, üstünə üzümün qurumuş budaqlarını yığdı; qayıdanda lazım olar. Hamı qaçmışdı, kəndin toyuq-cücəsi, mal –heyvanı qalmışdı, Seryoqanın hayıfı gəlirdi, niyə bu nazı-nemət ermənilərə qalsın, onları da aradan çıxarmaq lazım idi.

Həmin ildə Qosdunun oğlu Vəliş ilə Rus Saleh (kənddə Mişa deyirdilər) yuxarı Qızıl Anbar deyilən sahədə soğan, kartof əkmişdilər. Soğanın yığım vaxtı idi. Getdilər ki, heç olmasa, hərəsi bir meşok soğan gətirsin. Onlar iki silahlı erməni dığası tərəfindən tutuldular. Ermənilər soğan sahəsinin kənarında yeyib-içirdilər. Vəlişlə Salehi də araq içməyə məcbur etdilər. Dığaların biri dedi ki, bunu kişinin sağlığına içməsəniz, sizin hər ikinizi güllələcəyəm. Vəlişlə Saleh qorxudan araq stəkanını başlarına çəkdilər. Sonra ermənilər onlara icazə verdilər ki, zəhmət çəkmisiniz, soğan, kartof əkmisiniz, ona görə də sizi öldürmürük, hərəniz bir meşok yığın, çıxıb gedin, bir də buralarda görünməyin. Elə o vaxtdan Vəliş ürək xəstəliyinə tutulmuşdu. Saleh isə baş götürüb Rasiyaya qaçdı. Bu günlərdə Xoşqədəmin «Səni axtarıram» verilişində onu da göstərdilər.

İsinin qaynanası qaçanda yüzdən çox toyuq-cücəni hinə yığıb qapını kilidlə bağlamışdı, heç bircəçiyini də şəhərdəki qızının evinə kəsib gətirməmişdi. Toyuq-çücə cəhənnəmə, arvadın on yeddi gəbəsi qalmışdı. Gəbələr çox qiymətli idi, ipəkdən, yundan toxunmuşdu. İkimərtəbəli evin aynabəndinin şüşəsinə kirvələri olmuş ermənilərin şəkillərini düzmüşdü ki, ermənilər görsün və evi yandırmasınlar. Yeznəsi elə hey gileylənirdi, deyinirdi ki, ay arvad, malın yeməyənin malını erməni yeyər.

Arvad da ki, söz altda qalmırdı,-ay İsi, qeyrətin olaydı, gəlib gətirəydin, indi də satıb yeyəydin.

Bir neçə ildən sonra həmin gəbələrdən bir neçəsini Sərabın Mehribani qəsəbəsində qonaq olan yeznəsi divarda asılı görmüş və tanımışdı. Amma qaynanasına bu barədə bir kəlmə də deməmişdi.

…Kiçik bir rayonun adamları iri bir şəhərə sığışmışdılar. Qəsəbələrdə, kəndlərdə, çadırlarda, vaqonlarda, fermalarda müvəqqəti yaşayanlar da tanış-biliş tapıb tələm-tələsik şəhərə axışırdılar. Deyirdilər ki, kəndlərdə vəziyyət ağırdır. İşıq yox, qaz yox, istirahət yox, nə bilim, nə yox…

Məcburi köçkünlərin bəziləri bekarçılıqdan şair və publisist olmuşdular. İstedadları birdən-birə parlamışdı, üzə çımışdı. Yatanda kəndləri, yurd yerləri tez-tez onarın yuxusuna girirdi, gecələr qorxulu yuxular görür, yuxudan durub qələmə sarılırdılar:

Oğlağa, quzuya göndərdi dədəm,

Qoymadı oxuyub şair olmağa.

Bu gecə yuxuma girmişdi kəndim,

Ağladım, ağladım, göz yaşı tökdüm.

Tələ qurub torpağımı böldülər,

Kürəyimi xəyanətlə dəldilər.

Naşı əldə kəhər atlar öldülər,

Qatırımız, ulağımız qalıbdı.

Daha çox həsrət, kədər mövzulu şeirlər yazılırdı. Hamı kəndlərdə qalan əşyalarından danışırdı. Biri deyirdi, evim qaldı, biri deyirdi, mal-heyvanım qaldı, biri deyirdi toyuq-cücəm qaldı, dədəmin qəbri qaldı, şeir yazanlar da deyirdilər ki:

Sacı ocaq üstə asılı qaldı,

Oxlovu bucağa qısılı qaldı,

Səhəngi eyvanda küsülü qaldı,

Anamı təsəlli ovutmaz daha.

Hicranın odunda qarsıblar məni,

Kədər dəryasına basıblar məni,

Elə bil göylərdən asıblar məni,

Yerdəki torpağa həsrət qalmışam,

Qədim Qırağdıya həsrət qalmışam,

Doğma Cəbrayıla həsrət qalmışam.

Şair olanların bəziləri kənd üçün darıxırdılar. Ən çox darıxan Şahqulu görün nə yazırdı:

Sənsiz yaşamaqdan yaman bezirəm,

Yer tapa bilmirəm bu şəhərdə mən.

Yuxuda hər gecə səni gəzirəm,

Durub boğuluram min qəhərdə mən,

Darıxma, ay yurdum, bir gün gələcək,

Bu oğlun qoynunda yeyib-içəcək.

Şair olmuş Bəybala isə zəmanədən gileylənirdi, şikayətlənirdi:

Ərzin ədaləti, divanı hanı?

Bir evin dirəyi, tavanı hanı?

Kənddisə, qocası, cavanı hanı?-

Gecələr yuxuda bir kənd görürəm.

Hələ harasıdır, Araz çayını özünə təxəllüs seçmiş bir müəllim «şair-publisist-metodist» olmuşdu; qəzetlərdə imzasının altından belə yazırdı.

Böyük-böyük, cild-cild kitablar çap olunurdu. Ədəbi mühitin başı qarışıq idi, oxuyanlar yox idi. Amma haqq üçünə həmin şeirlər camaat tərəfindən yaxşı qarşılanırdı.

Köçkün motaristin də iki böyük şeir və poemalar kitabı çapdan çıxmışdı. Kitablara çox böyük alim, görkəmli ədəbiyyatşünaslardan biri «ön söz»də yazmışdı. Şair kişinin sevinci yerə-göyə sığmırdı. O vaxtlar kənddə çap etdirə bilmədiyi əsərlərini indi nəşr etdirmişdi. Hətta bir yağlı sponsor da tapa bilmişdi. Kitabdakı şeir və poemaların əsas ideyası əsasən insanları bu hala salan quruluşun ifşası idi.

Molla, seyid, falabaxan, hacı olanlar da var idi. Kənddə sayılmayan Tənzilə xalanın kiçik oğlu Məcid seyid olmuşdu. Sumqayıt şəhərində ad-san qazanmışdı, məlum olmuşdu ki, Məcid böyük seyidlər nəslindəndir.

Kənddə mollalıq edənlər şəhərdə ixtisasını dəyişib tamadalıqla məşğul olmağa başlamışlar, iki tərəfli qazanırdılar.

Dayımın oğlu Əbdül alkaşlığı atıb Həci olmuşdu. Bizə də araq içməməyi məsləhət bilirdi.

Kərim daymın gəlini birdən-birə dönüb olmuşdu falabaxan, hamımızın matımız-qutumuz qurumuşdu. Bibim oğlu Cəmilin qızı Gülşən də falabaxan oldu. Deyirdi ki, dayı oğlu, allah bərəkət versin, dolanışığımı tapmışam, hələ dədəmə də kömək edirəm.

Danışırdılar ki, Osman müəllim Həccə gedib, dönüb olub həci. Camaat yas yerlərində onu görəndə özlərini yığışdırırdılar.

Təzə bir söz peyda olmuşdu: Atanşiklər. İmkanı olanlardan faizlə pul alıb sonra aradan çıxırdılar, qaytarmırdılar. Yazıq Şıxçinarlı Eşşək Qurbanın pullarını bu cür atanşiklər göyə sovurdular. Kişi bu dərdə dözə bilmədi…

Köçkünlərin demək olar ki, əksəriyyəti dərddən-qəmdən içkiyə qurşanmışdılar. Gecələr İran spirtinindən araq istehsal edirdilər. İsi günə altı-yeddi butulka araq düzəldib evinin yaxınlağındakı butkalara satmaq üçün verirdi.

Qədir doxdur da çox içirdi. Onu da arvadı aparıb Göy məsciddə and içdirmişdi, daha içməsin, həkim isə xəlvətə salıb içirdi.

Köçkünlərin bəziləri biznesmen olmuşdular. «Mersedes»lərdə, «Çep»lərdə gəzirdilər. Onlara müraciət eləyəndə –ay filan müəllim deyirdilər.

Bu iri şəhərdə işlə-güclə məşğul olmayanlar ancaq yemək-içməklə məşğul idilər. Eynalı müəllim «dejurnu alkaş» ləqəbini qazanmışdı.

Xülasə, insanlar dəyişmişdilər. Şıxçinarlı yetim Çibişin oğlu yaman varlanmışdı. Bacısı deyirdi ki, Bakıdakı «Avropa» hotelini almaq istəyir. Neçə-neçə yerdə marketlər, digər obyektlər açmışdı.

Bir il Rusiyada hərlənən, veyllənən Uzun Eldarın oğlu Elməddin müəllim şəhərin müxtəlif yerlərindən uşaqları üçün ev almışdı. Amma günlərin bir günü bankrot oldu, bütün evləri əlindən alındı. Laüt-üryan qaldı.

Karxulu Sarı müəllim deputat olmaq istəyirdi. Mərcanlıdan bir yerə qarşı deputatlığa altı nəfər namizəd var idi.

İllər keçirdi. Camaatın arzu və istəkləri sönükləşirdi. Camaat daha geri qayıtmaq istəmirdilər. Salatınlı qonşumuzla təsadüfən rastlaşdım. Cavanlaşmışdı.-Cümşüd dayı, eviniz yadına düşürmü heç?- Bala, şahidsən, günün altında çəkdiyimiz əziyyətləri görürdün. Allah atalarına rəhmət eləsin. Ayağımız toz görmür. Oturmuşuq bu tərtəmiz yerdə (yataqxananı nəzərdə tutur). Ot biçmirik, kərənti çalmırıq, barama qurdu saxlamırıq. Bala, bu gündən belə nəyimə lazımdır o torpaqlar mənim?

İllər keçirdi… Ayrıq havası çalınırdı. Bu havada camaat köç arzusuna düşmüşdü. Bu arzunu yuxularında görürdülər. Görürdülər ki, kəndləri büsbütün dəyişib. Təzə fin evləri tikiblər, təzə ağaclar çiçək açıb. Amma əvvəlki insanlardan əsər-əlamət yoxdur. Bu insanlar bir-birini hələ tanıya bilmirlər. Suyu qurumuş kəhrizin həndəvərində dayananlar «Sən kimlərdənsən?»-Rəhmətlik Vəliqulunun nəvəsiyəm, hansı Vəliqulunun? Nə bilim. Rəhmətlik ködək Mehdinin nəticəysiyəm. Rəhmətlik Murtuzəlinin kiçik qızının oğluyam. Rəhmətlik Həsənqaranın qohumuyam ….» Çiyinlərini çəkən, tınınmayan yeniyetmələr bir-birinin üzünə təəccüblə baxırdılar…