Aytül Akal: “Niyə yazıram?”

31 Baxış

39557840_2157918547803686_9070707132260679680_n

Senet.az “Ustad” jurnalında yayımlanan Aytül Akalın “Niyə yazıram?” məqaləsini təqdim edir:

 

Niyə yazıram?

Çılğın, azad, dinamik və xəyalpərəst… Bəlkə də, ağaclar, quşlar, kağızlar, dinozavrlar buna görə danışa bilir. Buna görə çarpayılar, uşaqlar, boşqablar uça bilir. İşıqfor oyun oynayanda fillər və zürafələr dost olur. Ay baba darıxır öz yerində. Gəmilər inadla dənizin altını görmək istəyir… Bu çılğın düşüncələr həmişə fikrimdə dolaşır. Qatıldığım rəsmi iclaslarda belə, ağlımdakı fikirlər məni güldürməyə davam edir…

Yazdıqlarımı sevdiyim rənglərə boyamaqdan zövq alıram. Bu rəngarəngliyi nağıllarımın, hekayələrimin və şeirlərimin sətirləri arasına yerləşdirirəm. Uçan boşqablar, yadplanetli uşaqlar, ulduzlu səma, gülümsəyən Ay baba uşaqlığımın ulduzlu gecələrinə olan həsrətimin nişanəsidir. Bəlkə də, bu səbəbdən yazıya çevrilən xəyallarımın səhifələrində göyüzü tez-tez görünür. Ağaca dırmaşmağı sevdiyim üçün ağaclı nağılar yazıram. Şokoladı, şirniyyatı çox sevdiyimə görə şokoladlı nağıllar qələmə alıram. Uşaqlığımdan heç vaxt uzaq düşmədim. Uşaq olmaqdan heç vaxt vazkeçmədim… Uşaqlığımla birlikdə yazıb-yaratmaq eşqi də heç vaxt məni tərk etmədi. Nə qədər asdım-kəsdim, qəzəbləndim, küsdüm, qovdum. Olmadı. “Bir də yazmayacam!” – deyə and içdim. Arxivimdə olan-qalan nə varsa, hamısını yerə töküb, neçə hekayəni, neçə şeiri cırıq-cırıq etdim… Yenə də məndən əl çəkmədi. Bu sevgi ürəyimə elə hakim kəsilib ki, bütün varlığımı əsir alıb, elə bil. Baş əyməkdən başqa çarəm qalmayıb.

1967-ci ildə gündəliyimə belə yazmışdım:

“Mən böyüyəndə məşhur şair, ya da məşhur yazıçı olacağam. Ölkəmə faydalı olmağa çalışacağam”.

O vaxt hələ 15 yaşım vardı. Gündəliyimi indiyədək kitabxanamda saxlayıram. Yazıram. Çünki göyüzünün aydınlığa qovuşmasını həmişə ümidlə gözləyirəm. Mən bir işığın izindəyəm… İnsanın içindəki alatoran otaqlarda gizlənən xəzinələri erkən yaşlarda kəşf etməyə, gələcəyin zənginliyini cibimizdəki pulda yox, ürəyimizdə axtarmağa yardım edəcək ziyanın izindəyəm. Orda-burda axtardığımız sehrin əslində öz içimizdə olduğunu uşaqlara necə anlada bilərdim? Onlara bu sehri nə qədər tez kəşf etsələr, həyatı bir o qədər tez dərk edəcəklərini, çətinliklərin öhdəsindən gəlmək bacarığına vaxtından əvvəl yiyələnəcəklərini necə başa sala bilərdim? Həyatımız boyunca axtardığımız gücün, qüdrətin əslində öz içimizdə olduğuna inandırıb, kəşflərə açılan qapını necə göstərə bilərdim onlara? Oxuduğumuz hər kitab bizi buludların üzərinə çıxarıb xəyallar aləminə aparmalı, içimizdə böyük bir coşğunluğa səbəb olmalıdır.  Məgər, incəsənətin vəzifəsi elə bu deyilmi? Bir tabloya tamaşa edəndə, musiqi dinləyəndə, film izləyəndə ürəyimiz şövqlə çırpınmalıdır. Həyata və yaşamağa təkrar-təkrar aşiq olmağın heyrətamizliyində qərq olmalıyıq.

Hələ yazmağa təzə başlayanda özümə söz verdim ki, oxucularım yazacağım kitabları bir dəfə yox, bir neçə dəfə oxumalıdır. Oxucularım hər oxunuşda yeni şeylər kəşf etsin deyə, nağıl və hekayələrimdə əsrarəngiz sürprizlər gizlədirdim onlara… Mavisel Yenerle birgə yazdığmız şeirləri oyunlarla bəzəyirdik. Və bu oyunları oxucularımızla da paylaşırdıq. İncəsənəti, oyunları və əyləncəni bir yerə topladıq. İnsanların yardımsevərliklə birlikdə çalışa, konstruktiv ünsiyyətin hər sahədə istifadə oluna biləcəyini göstərmək istədik. Mənim bəxtim orda gətirdi ki, eyni idealı paylaşdığım Aysel Gürmen “Uçan balıq”ı yaradacaq qədər cəsur, qərarlı və çalışqan idi. Məncə, bir yazıçının ən önəmli vəzifəsi oxucunun özünü dərk etmək və anlamaq üçün çıxdığı yolda ona hərtərəfli və məqsədyönlü irəliləməkdə kömək etməkdir. Mən də bunu elədim…

 

Tərcümə etdi: Aygün Ələkbərova

Bölmə : Manşet