Azər Almas: “Atam 32 kənddə məktəb tikdirmək üçün atının belindən enmədi”

19 Baxış

almas_ildirim2

… İyun ayının 10-u, saat 11:34. İzmir. Şənbə günü olduğu üçün mühacir şair Almas İldırımın oğlu Azər Almas bəyə mesaj yazaraq İzmirdə olduğumu, çap etdiyimiz kitabları gətirdiyimi, görüşmək istədiyimi bildirirəm. Zəng edir, evinə çağırır, ünvanını deyir.

Fahrettin Altay metrosunun qarşısından minibüsə minib İzmirin Güzelbahçe ilçəsinə doğru yola düşürəm. Az sonra minibüs sahil yolu ilə getməyə başlayır. Sağda qalan Ege körfəzinin maviliyini izləyərkən müsahibimin həyat yolu da gözümün önünə gəlir. Əgər Almas İldırım və xanımı Zivər bütün hisslərini boğub uşaqlarını qayanın dibində tərk etsəydilər, Azər bəyin taleyi indi necə olacaqdı? Türkmənistan və ya İran vətəndaşı olaraq ailə bildiyi insanların yanında böyüyəcək, atasının kim olduğunu heç bir zaman bilməyəcəkdi. Ən yaxşı halda…

Bolşeviklərin yer üzündə yaratdığı cəhənnəmdən xilas olanların hər birinin qaçışı məşəqqətlidir, həyəcansız oxumaq mümkün deyil. İldırım ailəsinin də Türkmənistandan İrana, İrandan Türkiyəyə doğru qucaqlarında körpə uşaqla mühacirət etməsi ağır şərtlər altında mümkün olmuşdu. Ailə başçısı Sovet casusu adı ilə 25 gün soyuq suyun içində saxlanılaraq işgəncə görmüşdü.

Nəhayət, bütün mühacirlərə qucaq açan Türkiyə onlara da Vətən oldu, öz yurdunda görmədiyi dəstəyi Almas İldırım bu ölkədə aldı, oxumuş, savadlı bir insan olaraq nahiyə müdiri vəzifəsinə qədər yüksəldi. Min bir əziyyətə qatlanaraq övladlarını oxutdu, Azərbaycanı tanıtdı, maarifçiliklə məşğul oldu. Məhəmməd Əmin Rəsulzadənin tərəfində yer alaraq Azərbaycan davasına ölənədək sadiq qaldı.

Şəxsi arxivimizdə Almas İldırıma aid bir məktub da var. Onu həm “Mühacirlərin dönüşü” kitabımızda, həm də “Almas İldırım haqqında xatirələr” kitabında yayımlamışıq. İzmirə gəlməyimizin bir səbəbi də xatirə kitabını oğluna təqdim etmək idi. Kitabın naşiri Şəmil Sadiq bəy İstanbula gələrkən Azər bəyə çatdırılası kitabları vermişdi. Nəhayət, iyun ayında kitabları çatdırmaq qismət oldu.

***

… Deyilən yerdə minibüs saxlayır. Qapını Azər bəy açır, salamlaşırıq, içəriyə dəvət edir. Evin eyvanında əyləşirik. Xanımı Katerina Almas və oğlu ilə görüşürəm. Həyəcanlı olduğumu deyib su istəyirəm.

Özümü təqdim edib nə iş gördüyümü, hazırladığımız kitabda nələrin olduğunu danışıram. Azər bəy tədqiqatçı Ənvər Arasın “Hazardan Hazara Elmas Yıldırım” kitabını imzalayaraq və içində Almas İldırım haqqında yazı olan “Ayarsız” jurnalının fevral sayını bizə hədiyyə edir. Mən də xatirə kitabı ilə yanaşı “Birlik” dərgisində yayımlanan Almas İldırımın nadir məktubunu ona təqdim edirəm.

Nəhayət, müsahibə almaq üçün masa ətrafına keçirik. Müsahibədən öncə “Azərbaycan” jurnalında 1954-cü ildə yayımlanan bir şeiri oxuyuram:

Renk verdi millete sönmeyen aşkın,

Eminiz bu yolda emelin taşkın.

Sesin gür, kolun hür, volkansın yer-yer;

Uzaktan Azeri gelmeni bekler!

Layıktır yolunda harcanan emek,

Zahmeti çekilen millet Sen demek!…

Aktın her bucağa Türk namiyle Sen;

Dokundun maziye “Nizami”yle Sen;

Edipsin, şairsin, tek mücahitken!

Yetmiş yıl bu günse, yarın bir asır,

Ebedi gönlünde yaşasın bu sır!…

Bu misraları xatırlayıb xatırlamadığını soruşuram. Atasının şeirlərindən biri olduğunu söyləyir. Amma elə deyil, aradan ötən 63 il Azər bəyə özünün yazdığı şeiri unutdurmuşdu. Bu şeir onun İstanbul Texniki Universitetinin mədən fakültəsinin tələbəsi ikən Məhəmməd Əmin Rəsulzadənin 70 yaşına həsr etdiyi şeiri idi…

- İstanbulda mədən fakültəsində oxuyarkən Azərbaycan Dərnəyində Məhəmməd Əmin Rəsulzadənin anım günlərini keçirərdik. Mən gənclik qolları başqanı idim. Rəsulzadəni çox sevdiyim üçün hər dəfə bir şeir yazardım. Bir dənəsi əruzdadır, biri bu oxuduğunuz şeirdir, digərləri də var. Rəsulzadə böyüyümüz, unutmadığımız bir yaxınımızdır. 1955-ci ildə vəfat etdi, mən o zaman Almaniyadan gəlmişdim.

- Rəsulzadəni heç gördünüzmü?

- Rəsulzadəni yaşım çox az olduğu üçün xatırlamıram. Məktəb vaxtı sıxıntılı günlər keçirirdim. Gecə çalışırdım, anama, qardaşlarıma baxırdım. Azərbaycan Dərnəyinin toplantılarına qatılardım. Əhməd Cəfəroğlu, Mirzəbala Məhəmmədzadə yadımdadır. Allah rəhmət eləsin Mirzəbalaya…

- Onları necə xatırlayırsınız?

- Mirzəbala bəyin evinə bir neçə dəfə getmişəm. İstanbul Texniki Universiteti Gümüşsuyunda idi. Əhməd Cəfəroğlunun qızı Nazan xanım Gözəl Sənətlər Akademiyasında oxuyurdu, onunla dostluğum vardı. Mirzəbala bəy sakit, fasiləsiz oxuyan, yazan, heç səsi çıxmayan bir adam idi. Xasiyyəti bir az da atama bənzəyirdi. Yaddaşım yanıltmırsa, Arnavutköydə bir evdə qalırdı, nərdivanlardan qalxdığımı xatırlayıram. Onu ziyarətə gedərdim. Atam kimi idi, əlini öpərdim. Atamdan sonra mənə baxan Əhməd Cəfəroğlu, Mirzəbala bəy oldu. Bir də Nağı Keykurun vardı. Küçədə qalmışdım, sığınacaq heç bir yerim yox idi, onlar sahib çıxdılar.

- Nağı bəyi necə xatırlayırsınız?

- Mən iki il Nağı bəyin evində qalmışam. Laləlidə Türk Hava Qurumuna aid binada. Bundan öncə vali mənə demişdi ki, İstanbulda universiteti qazansan, ailəni də yanına göndərəcəyəm. Mən də mədən fakültəsini birinciliklə bitirdim. Malatyadan yetişənlər dərnəyinin nərdivanının altında yataq verdilər, orada qaldım. Nağı bəy sağ olsun, oğlu Yavuz gəldi, məni evinə dəvət etdi. Evlərində yataq verdilər. İTU-nun birinci və ikinci siniflərində Nağı bəygildə qaldım. Atam kimi idi, çox yaxşı insanlar idilər. Onlar məni yetişdirdilər, oxutdurdular.

- Bu xatirələr çox önəmlidir. Mühacirlərdən başqa kimləri gördünüz?

- Dediyim kimi Əhməd Cəfəroğlu, Mirzəbala Məhəmmədzadə, Nağı Keykurun və onların ailələri. Ankaradakı Kültür Dərnəyindən Aküzüm vardı. Onları görmüşdüm. Gündüz dərsə gedib, gecə işlədiyim üçün görüşməyə vaxtım olmurdu. Bir də Əli bəy vardı. Başqa xatırlamıram.

- Atanıza kimlərdən məktub gələrdi, o kimlərə məktub yazardı?

- O zamanlar uşaq olduğum üçün çox xatırlamıram. Hər halda Rəsulzadə ilə yazışırdı. Mən liseydə, gimnaziyada atamdan ayrı qalmışdım. Xankəndində məktəb olmadığı üçün Elazığda yataqxanada qalırdım. Yəni demək olar ki, atam və anamdan ayrı oxudum. Atam Elazığa gələndə onu müəllim olaraq təyin etdilər. Daha sonra nahiyələrdə (Türkiyədə inzibati ərazi vahidi – D.Ə) nahiyə müdiri oldu. Kebanda kaymakamlık vəzifəsinə təyin edildi. 1940-cı ilə qədər müxtəlif nahiyələrdə müdir oldu. Mən ibtidai sinfə Ağında başladım. 1940-1945-ci illərdə atam 5 il Ağında nahiyə müdiri oldu. Ağının dağına daşına Azərbaycan adını yazdırdı. Məktəbə gələrdi, müəllimlərlə bir arada olardı. Xatırlayıram, “Məşədi İbad”ı səhnəyə qoymuşdu. Mən o vaxtı dördüncü sinifdə idim. O zamanlar xalq evləri var idi. Şagirdləri oraya toplayaraq şahmat öyrədirdi. Yəni şahmat klubları açmışdı. Müəllimlərə Azərbaycan haqqında bilgilər verirdi. Unutmadığım bir şey var. İndi Bakıda qohumum Hacıağa bəydədir. Masanın yarısı boyda bir parçaya Azərbaycan xəritəsi cızmışdı, anam da ona rəngli iplik tikmişdi. Onu nahiyə müdiri otağında Atatürkün fotosunun yanına asardı. Uşaqlara göstərərdi ki, bura Şəki, bura isə Gəncədir. Mən ibtidai sinfə getmirdim, Türkiyə xəritəsini bilmədiyim halda Azərbaycan xəritəsini öyrənmişdim. Bizi bu şəkildə yetişdirdi. Atama heyrət edirəm. Bir insanın aldığı nəfəs, içdiyi su qədər müqəddəs olan bu vətən sevgisi çox maraqlı gəlir mənə. Həddindən artıq dərəcədə vətəninə bağlı idi. İnancını heç bir zaman itirmədi. Mənə, “Oğlum, bir gün Azərbaycan bayrağını ürəyinə asacaq, gedib orada petrol mühəndisi olacaqsan” deyərdi. Mən o zaman gimnaziyada oxuyurdum. Onun tövsiyəsi ilə mədən fakültəsinə daxil oldum. Heç kim onu bu inancından vaz keçirə bilməzdi. Onun kiçik bir şeiri var, oxumaq istəyirəm.

Axşam olur, quşlar dönür yuvaya,

Mənim dönüb qonacağım dal hanı?

Sabah olur, çoban enir ovaya,

Mənim qalxıb gedəcəyim yol hanı?

Yay gəlincə dağlar duman quşanır,

Dərələrdən sellər axar, boşanır,

Könlüm deyir, onsuz necə yaşanır,

Söylər; Mənim o doğulduğum el hanı?

Həsrət qalıb baharına, qışına,

Sordum onu uçub gələn quşuna,

Baxma dostum, gözlərimin yaşına,

Məni ondan ayıracaq qol hanı?

Adı Gölcük olan bir göl var idi, Atatürkə məktub yazıb o gölün adını Xəzər olaraq dəyişdirə bildi. İndi də Xəzər adlanır. Nahiyə müdiri olduğu Hanköyünün adını da Xankəndi qoydurdu. Atamı çox sevirdilər, çünki çox çalışqan idi. Xalq evləri qurdurduğuna görə təhsil naziri də onu çox sevərdi. Atam elmə çox qiymət verərdi. Məktəbi olmayan 32 kənddə məktəb tikdirmək üçün atının belindən enmədi. Təbii ki, o zamanlar xidməti avtomobil at idi (gülür).

- Mühacirlər o dövrdə əsasən Ankara və İstanbulda toplanmışdı. Atanız bu iki şəhərdən birinə birdəfəlik köçməyi heç düşündümü?

- Heç düşünmədi. Elazığda orta məktəb və gimnaziya vardı, məni oxudurdu. Ömrü yetsəydi, ali təhsilim üçün Ankara və İstanbula gələrdi, amma olmadı. Təkbaşına gəldim… 1951-ci ilin iyununda Malatya liseyini birinciliklə bitirdim. 1952-ci ilin yanvarında da atam vəfat etdi. Məni İstanbul və ya Ankaraya gətirib fakültəyə yerləşdirmək niyyətində idi. Həyatda hər şeyi unuda bilərəm, amma o zamankı Malatya valisi Şefik Sanın adını yox. O mənim küçədə qaldığımı görüb axura bənzər bir yerdə yataq verdi. Dedi ki, mən ailənə baxacağam, sən də bu polisin yanında dur işlə, 2, 2 yarım lirə veriləcək. Bir gün Malatyada oxuduğum liseyin müdiri Lütfi bəy valini ziyarətə gələrkən məni gördü. Validən soruşdu, vali də “atası öldü, mən də kömək etdim” dedi. Müdir qayıdır ki, “bu uşaq nəinki sinfin, məktəbin birincisidir”. Vali bu zaman işin fərqinə vardı. Müdir getdikdən sonra məni yanına çağırdı, “Azər, oğlum, oxumaq istəyirsənmi” deyə soruşdu. “İstəyirəm” dedim. Vali də “Sən məktəbin birincisi imişsən. Mən sənə bir yaxşılıq edəcəyəm. Sənə 10 lirə verirəm, min qatara İstanbula get, əgər yaxşı bir yer qazansan, anan, qardaşların mənə əmanət, onların çörəyini verərəm. Universitetə daxil olsan, ailəni də qatara mindirib yanına göndərəcəyəm”. Elazığdan üç gün qatarla İstanbula getdim. 1953-cü il idi. Malatya dərnəyində yataq verdilər. Nağı bəyləri sonradan tanıdım. İTU-nun mədən fakültəsinə müraciət etdim. O zaman İTU-da 5 fakültə vardı: Makina, elektrik, inşaat, memarlıq, mədən. Mədən fakültəsi yeni açılmışdı. Hər fakültəyə baş vurmaq bir lirə idi, mən də mədən üçün baş vurdum. Mənə dedilər ki, “bəs digərlərinə baş vurmursan?”. Dedim “yox”. Çünki pulum yox idi. Birinciliklə bu fakültəyə daxil oldum. Bizim işimiz-gücümüz oxumaq idi. Dostlarımız üçün çətin suallar hazırlayardıq, qazlı sudan mərcə girərdik. İTU-nu birinciliklə bitirməyimin bir səbəbi də bu oldu ki, zamanında hazırladığım çətin suallardan ikisi sonra imtahanda qarşıma çıxdı. Malatya liseyindən 6 kişi məzun olmuşduq, hamımız İTU-ya daxil ola bildik. Birinci və ikinci yüksək nəticə göstərən məni və bir tələbəni ikinci ildə təcrübə keçmək üçün Almaniyaya göndərdilər. Bu arada vali də İTU-nu qazandıqdan sonra ailəmi yanıma göndərdi. Sultan Əhməd tərəfdə Azərbaycan dərnəyi var idi. Qara taxtalı bir binada yerləşirdi. Bizə dəstək oldular, anama dedilər ki, sən dərnəyin xadiməsi, çayçımız ol, buradakı işlərə bax. Sağ olsunlar, çox kömək etdilər.

- Atanızın şəxsi arxivi hər halda var idi? Onun taleyi necə oldu?

- Bir dəfə Ankaradakı Azərbaycan Kültür Dərnəyindən bir nəfər gəldi. Soruşdu ki, Almas İldırımın şeirləri varmı? Bir çamadan dolu arxiv idi, içində 500-1000 şeir vardı. O adama verdik. Dedilər ki, bunları çap edərik, sizə də bir xeyri olar. Buyurun dedik. Bilirsiniz, o vaxtlar bir kağızın surətini çıxarmaq mümkün deyildi. Bir kağızdan ikincisinin olması üçün yenidən yazmaq lazım idi. Karbon kağızı da yox idi. Olduğu kimi verdik. Çap etdilər o kitabı. O arxiv eləcə getdi. Çamadandakı yazıların da hamısı köhnə əlifba ilə idi. Atam şeirlərini köhnə əlifba ilə yazardı. Orada atama aid hər şey vardı. Mən o zamanlar gah Almaniyada olurdum, gah da burda, gecələri işləyirdim. Xatırlamıram, pul göndərdilərmi, ya yox. Yerin altında 1500 metr dərinlikdə çalışırdım, markla maaş alırdım, evə göndərirdim. Başqa baxacaq kimsə yox idi.

- Yəni atanıza aid heç nə qalmadı?

- Heç nə qalmadı.

- Azər bəy, kitablardan oxumuşuq ki, bacısı Almas İldırıma Bakıdan məktublar göndərib. Bu barədə məlumatınız varmı?

- Bu məsələni biz sonradan eşitdik. 1940-cı illərə qədər məktublaşıblar. Onda mənim 5-6 yaşım olardı. Necə olubsa, quş uçmayan dəmir pərdədən ona bir məktub gəlib. Məktubda yazılıb ki, Almas, sən daha bizə məktub göndərmə, çünki sənin məktub yazdığın ünvandakı adamlar yoxa çıxırlar. Hacıağa sonralar mənə danışdı ki, gəlirdilər, atamgili Nargin adasına aparır, 2-3 ay orada saxlayır, soruşurdular ki, bu məktub niyə gəlib, necə gəlib? Bütün ailəni sorğu-suala tuturmuşlar. Demək, Almasa gələn məktubda yazılanlar doğru imiş.

O məktubları evi axtaranda tapmasınlar deyə bibim köhnə çarpayıların borusunun içərisinə yumrulayıb qoyarmış. Bir gün deyirlər ki, gəlib bütün evi dağıdıb axtarış aparacağıq. Sona xanım da qorxur, bütün məktubları odda yandırır. Ondan sonra da ağlını itirir… Bunu mənə Bakıda əmilərim danışıb. Çox zülm çəkdik dedilər. Atam bundan sonra nə məktub aldı, nə də göndərdi.

Atam kitab aşiqi idi. Mən orta məktəbi oxuyanda evimizdə Taqorun külliyyatı vardı. Tez-tez evimizə kitablar gəlirdi, bütün pulunu onlara verərdi. Hamısını oxuyardım. Evimizdə heç nə olmasa da, kitab olurdu. Ziya Gökalpın, Atsızın, Taqorun əsərlərini əzbərləmişdim. Atama qarşı ilk təzyiq 17-18 yaşlarında İstanbulda bir dərgidə çap olunan “A dağlar” şeiri ilə başlayır. O zamankı KQB onu sorğulayır ki, bu şeir oraya necə gedib? O da deyib ki, mən göndərməmişəm. Həqiqətən o göndərməyib. İlk öncə Dağıstana sürgün edirlər, orada da boş oturmur, şeirlər yazır, ona görə də Aşqabada sürgünə göndərirlər. Anamla orda tanış olur. Mən Aşqabadda doğulmuşam. Artıq bundan sonra öldürüləcəyini düşünən atam xalça qaçaqçılığı ilə məşğul olan kürdlərlə yola düşür. Anamın atası ona yardım edir.

Almas görür ki, kürdlər onları yarı yolda buraxacaqlar, karvandan ayrılır, yola düşürlər. Nəhayət, İran sərhədinə gəlirlər. Mən qucaqlarında 3 aylıq körpə olmuşam. Məni bir qayanın dibində buraxırlar, atam deyir ki, məni onsuz da öldürəcəklər, heç olmasa bu uşağı kimsə görər, götürüb saxlayar. Anam danışır ki, 10-15 addım getdikdən sonra sənin ağladığını görüb geri dönür ki, onu burada qoya bilmərəm. Beləcə, yenə yola davam edirlər, bir gün sonra sərhədə çatırlar. Amma İranda casus adı ilə 25 gün sinəsinə qədər soyuq suyun içərisində saxlayırlar.

- Atanızın ölümündən sonra ananız nə etdi? Sizi necə böyütdü?

- Anam həmişə Aşqabaddan qaçışlarını danışardı. Aşqabadda iki qardaşı varmış. Onlar da sonradan Tehrana gediblər, deyəsən. Aydın dayım bir dəfə bizi ziyarətə gəldi. Xomeyni inqilabından sonra Aydın İranda çox əziyyət çəkir. “12 yaşlı oğlumu götürüb İraqla savaşa apardılar” deyərdi…

- Türkmənistana getməyi düşündünüzmü heç?

- Nəsib olsaydı, gedərdim, getmədim. Bakıya bir neçə dəfə getdim. Bakıda hamı məni tanıyır. Maraqlı bir xatirəm var. Ötən il Novruzda Bakıya gedəndə gömrükdən keçərkən dedilər ki, çamadanlarınızı açın, zəhmət olmasa. Dedim, mən şair Almas İldırımın oğluyam, buraya dəvət ediblər. Qayıtdı ki, nə dedin? Dedim, Almasın oğlu Azər Almasam. Dedi ki, a kişi, bayaqdan niyə demirsən bunu? Dedim özüm demədim, hər vətəndaş necə, mən də elə. Dedi ki, Azər bəy, Almas İldırım bizim milli istiqlal şairimizdir. Elə bu vaxt digər cərgədən bir gənc “Kimsə, bilməz, Tanrı dağın yaşını, duman almış Altayların başını…” deyə oxumağa başladı. Tutuldum, dedim ki, gənclərə böyük ümidim var.

- Zivər xanımın məzarı haradadır?

- İstanbulda Ömərlidəki məzarlıqdadır. O zaman orda yaşayırdıq.

- Azər bəy, hazırda qardaşlarınız haradadır?

- Bakuhan Almaniyadadır, təqaüdə çıxdı, elə orada da qaldı. Bir şirkətdə xidməti sürücü idi. Onun övladları yoxdur. Odkan İstanbulda Küçükçekmecedə yaşayır. Bir oğlu, bir qızı var. Odkan atamla bağlı nələrsə xatırlamaz, çox kiçik idi. Aras hüquq fakultəsini bitirdi, maliyyə müşaviri oldu. Evlənmədi. Mənim isə iki oğlum var. Biri Rutil İldırımdır.

Mən mədən mühəndisi olduğum üçün mədənlə bağlı ad qoydum. İstanbul Texniki Universitetini bitirib, neft ixtisası üzrə magistr oxuyub, indi isə Bakıdadır, bir şirkətin müdiridir. İşləri çox olduğu üçün ildə bir-iki dəfə bayramlarda bura gələ bilir. Digər oğlum Səlcuq isə dərman sənayesində çalışır. Tiblə bağlı bir firması var.

Azər bəylə müsahibəmiz yekunlaşdıqdan sonra həyat yoldaşı Katerina xanımla söhbətləşirik:

- Azərbaycan oxucusu üçün maraqlıdır ki, Azər bəylə necə tanış oldunuz?

- İstanbulda Azərbaycan dərnəyi var idi. Mənim də, Azər bəyin də anası oraya gedərdilər. Sonra biz tanış olduq, beləcə evlənməyə qərar verdik. Atam dedi ki, mənim üçün fərq etməz, yetər ki, yaxşı insan olsun, mənim qızımı kim xoşbəxt edəcəksə, onunla da evlənsin.

- Sizin ailəniz də mühacir həyatı yaşayıb. Necə olub?

- Babam hərbçi idi, ukraynalı idi. Çar Rusiyası devrildikdən sonra bolşeviklər onu güllələyiblər. Nənəm Gürcüstana gedir, orada bir gürcüylə evlənir, sonra Türkiyəyə qaçırlar. Atam həmin gürcünü ata olaraq bilir. Çünki qaçanda uşaq idi. Anamla atam da qonşu imişlər. Anamın adı Sona, bacısının adı Rübabə idi, Kadri və Bedri adında da iki dayım vardı. Ana babamın adı Hüseyn Xanbabayev idi. Türkiyədə soyadını Babacan yazıblar. 84 yaşında öldü, 1.90 boyu vardı. Dayılarım da hündürboy idilər. Babamın məzarı itib. Amma anamın, dayılarımın məzarları qalır.

- Azər bəy həm də sizin müəlliminiz olub.

- Fizika müəllimim idi. Həyatım boyu yalnız Azər bəyi tanımışam. Evliliyimizin 50 ili tamam olub.

- Zivər xanım necə bir insan idi?

- Çox yaxşı yaddaşı vardı. Hər şeyi xatırlayırdı. Konsul nəvəsi imiş. Qayınanam Rutilə deyərdi ki, sən konsulun nəvəsisən, sən də konsul olacaqsan. Elə də oldu. Rutil konsul da oldu. Zivər xanım çox ağıllı qadın idi. Dörd uşağı çətinliklə böyütmüşdü. Həmişə “mən azəriyəm” deyərdi.

- Bakıya getdinizmi?

- Çox getdim. Ən son 2007-ci ildə Almas İldırımın 100 illiyinə getdim. İlk dəfə 1993-də getdik. Çox xoşuma gəldi. Anam çox istəyirdi getsin, ona qismət olmadı, mən getdim.

- Siz daha yaxşı xatırlayarsınız, Almas İldırımın Bakıdakı qohumları ilə ilk əlaqə necə quruldu?

- Onlar bizi tapdılar. Televizorda görüblərmiş. Azərbaycanlı bir jurnalist vardı, onun sayəsində də tanış olduq. Onlar bizdə qonaq oldular, biz onlarda. Beləcə, qaynayıb qarışdıq. Aras sonra getdi, orada qaldı. Aras çox yaxşı insan idi, şeirlər yazardı. Mənim üçün də bir şeir yazmışdı. Heç vaxt pisliyini görmədim, ona həmişə dua edirəm.

- Sizin Arasa yazdığınız bir məktubu da arxivdən tapdım, onu da kitaba əlavə etdim ki, gələcək üçün xatirə qalsın… Sizlərə təşəkkür edirəm.

P.S. İldırım ailəsindən xoş təəssüratlarla ayrıldım. Qərara aldıq ki, bu il Almas İldırımın doğumunun 110-cu ildönümü olduğu üçün İstanbul və İzmirdəki Azərbaycan dərnəklərinin birgə əməkdaşlığı ilə İzmirdə Ege Universitetində tədbir keçirək.

Azər Almasla müsahibənin təşkil edilməsinə yaxından dəstək göstərən, İzmirdə yaşayan jurnalist həmkarımız Nigar Ögeday xanıma da təşəkkür edirəm.

KÖŞƏ YAZARLARI
TOP 10