Azərbaycan ədəbi dilinin problemləri müzakirə olundu – DEBAT

342 Baxış

debatSenet.az xəbər verir ki, Axar.az müasir Azərbaycan dilində olan norma pozuntuları ilə bağlı debat təşkil edib. Debat zamanı Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, teletənqidçi, professor Qulu Məhərrəmli ilə filologiya üzrə fəlsəfə doktoru, yazıçı Şəmil Sadiq ədəbi dil qaydalarındakı çatışmazlıqları və mətbuatda xarici sözlərin yazılış problemlərini müzakirə edib.

 

– Azərbaycan ədəbi dilinin yazı qaydalarında olan çatışmazlıqlar haqqında nə qədər müzakirələr təşkil edilsə də, problem həllini tapmır. İlk sualım nisbətən ümumidir: Azərbaycan dilinin yazı normalarında hansı problemlər daha qabarıq görünür?

 

Qulu Məhərrəmli:

– Əvvəlcə onu deyim ki, hazırda Azərbaycan dilinin işlənməsi üçün geniş bir meydan yaranıb. Mətbuat orqanlarının, televiziya, radio verilişlərinin sayı artıb, o cümlədən, internet bizə dilin imkanlarını tətbiq etmək üçün geniş imkan verir. Çox təəssüf, indi dildə elə proseslər gedir ki, istər dilçiləri, istərsə də bu sahədə mütəxəssis olmayanları ciddi şəkildə düşündürür. Azərbaycan dilinin qaydalarının pozulması, ədəbi dil normalarından yayınma prosesi gedir, dilə laqeydlik hökm sürür. Orfoqrafiya qaydaları, televiziya və radio verilişlərində aparıcının dilində orfoepik normalar tez-tez pozulur. Sanki heç bir dil qaydası mövcud deyilmiş kimi, insanlar fikirlərini dolaşıq şəkildə çatdırırlar, bunu da kütləvi auditoriya anlamır. Mənim fikrimcə, ən bağışlanılmaz qüsur Azərbaycan dilinin qaydalarına sayğısızlıq, bu qaydaları bilməmək, həm də bilməyib öyrənməməkdir.

 

Şəmil Sadiq:

– Dilimizin yazı normalarında problemlər kifayət qədərdir. Düzdür, dövlət tərəfindən sərəncamlar, fərmanlar verilir. Amma onun icrası bir tərəfdən dövlət qurumlarının işidirsə, digər tərəfdən xalqın işidir. 30 il əvvəl ədəbi dilin formalaşması və inkişafında bədii üslub öndə idisə, indi publisistik üslub qabaqdadır. Bu üslubun da dili zənginləşdirmək üçün kifayət qədər imkanı var. Daha çox ağırlıq da elə mətbuatın üzərindədir.

Norma pozuntusunu da biz həm yazılı dildə, həm də şifahi nitqdə axtara bilərik. Bu gün nəinki orta statistik vətəndaşın, mütəxəssislərin də yazılarında xeyli xəta görürük. Orta məktəblərdə ədəbi dilə heç də xoş olmayan müdaxilə var. Jurnalisti işə götürəndə dil qabiliyyətinə baxılır, müəllimi işə götürəndə yox. Operativ Dil Mərkəzi yaradılmalıdır ki, hansısa bir sualımız olanda zəng edib soruşaq.

 

Q.M: –  Şəmil müəllimin fikrinə cavab olaraq deyim ki, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda qaynar xəttin yaradılması nəzərdə tutulub. Bu, məsələnin bir tərəfidir. İkinci mərhələ də olmalıdır axı. Qaynar xəttin ikinci qolunda sözlərin düzgün yazılışı, deyilişi və mənası haqqında məlumat veriləcək. Bunun üçün xeyli iş görmək, baza yaratmaq lazımdır. Şəmil müəllimin dediyi operativ dil mərkəzini indiki halda Nəsimi adına Dilçilik İnstitutu yarada bilmir. Bu, sosial-ictimai, milli məsələdir.

 

– Orfoqrafik normanın pozulması hallarına tez-tez rast gəlirik. Xarici saytların, qəzetlərin, brendlərin adları hər saytda bir cür yazılır, vahid qayda yoxdur. Türk dilindəki bəzi adları öz dilimizə uyğunlaşdıranda da qəribə hallar ortaya çıxır. Mənə elə gəlir, qohum dillərdən söz alma prosesi daha çətin, dolaşıq olur…

 

Q.M: – Dil qaydalardan çox qabağa gedib. Bizə də tez-tez zəng edirlər ki, “Əl Qaidə”, “Əl Əhrəm” necə yazılır? Məsələn, ingilis, “Sadıqov” soyadını necə yazmalıdır? “Şiller”, “Bənazir Bhutto” və s. kimi adlar 4-5 cür yazılır. Vahid qayda olmalıdır. Bununla da Dilçilik İnstitutu məşğul olmalıdır.

 

– Məşğul olurmu?

 

Q.M: – Dilçilik İnstitutunda problem ondadır ki, bəzən elm dil praktikadan uzaqda dayanır. Operativ elmi mərkəz olmalıdır ki, bu məsələlərə cavab versin. Dilçilik İnstitutu Sovet sistemindən qalma “Plan işi” deyilən əcaib bir işlə məşğuldur. Biz Dilçilik İnstitutunun strukturunu dildə gedən proseslərə uyğunlaşdırmalıyıq. Əgər elm praktikada olan məsələlərə cavab verə bilmirsə və ya əksinə praktika elmdən faydalana bilmirsə, bunun nə faydası var?

 

– Alınma sözləri dilimizin ahənginə uyğunlaşdırıb yazanda həmin dili bilməyən adam axtarış sistemində necə tapsın onu? Bir də dilimizdə olmayan hərflər, diftonqlar məsələsi var. Alınma adları olduğu kimi saxlasaq, əlifbaya yeni hərflər artırmalıyıqmı?

 

Ş.M: – Sözü axtaranda ingilis dilində tapıb vermək lazımdır. Hər iki dil latın qrafikalı əlifbadan istifadə etdiyinə görə axtarış sistemi o məlumatı verəcək bizə. Nəşriyyatda biz əsər tərcüməsində çox vaxt çətinlik çəkirik. Şəxs adlarını azərbaycanlılaşdırmaq lazım olur. İngilis dili mütəxəssisləri ilə Azərbaycan dili mütəxəssisləri fərqli fikirlər deyir. Nəticədə, vahid qayda olmadığına görə hərəsi bir cür yazır – biri adı tərcümə edir, digəri olduğu kimi də yazır. Çox vaxt da Türkiyə türkcəsini əsas götürürlər ki, onlar sözü olduğu kimi verirlər.

 

Q.M: – Saytlarda xarici sözləri olduğu kimi vermək ticarət mərkəzlərinə xarici adlar vermək kimi bir şeydir. Dilin öz materiallarından istifadə etmək lazımdır. Ad seçimində hər bir sayt sahibi, kitab müəllifi sərbəstdir, amma dilin qaydalarına tabe olmaq lazımdır. Bu tendensiya gedir və mən bunu xeyirli tendensiya hesab etmirəm. Məsələn, mən “Nyu York Tayms” qəzetinin adını yazmaq istəyirəm. Azərbaycan dilinin qaydalarına uyğun yazaram, mötərizədə də orijinalını verərəm ki, yazılışı belədir, axtarışa belə verilsin.

 

Bununla bağlı bir neçə il əvvəl müzakirə keçirildi, gördüm ki, bizim hörmətli dilçilərimiz nala-mıxa vururlar. Biz Uilyam demirik, Vilyam deyirik. Səslənişi əsas götürüb Azərbaycan dilində qrafik işarəsini vermək lazımdır. Məsələn, biz bilmirik, “samuray” yapon dilində necə yazılır, bizim dilimizə “samuray” şəklində gəlib çıxıb.

 

Biz 90-cı illərin əvvəllərində Markesin əsərlərini nəşr edəndə müəllifin adını “Markes” kimi verdik, indi bunu yenidən Marquez kimi verəndə dildə dolaşıqlıq yaranır. Ruslar da əsərlərdə xarici adları öz dillərinə uyğunlaşdırır, kitabın arxasında isə müəllifin adı da daxil olmaqla bütün obrazların adlarının orijinal variantını verir. Bu qayda olmasa, türk dilindəki kimi xaos yaranacaq.

 

– Lüğətlərimiz hansı vəziyyətdədir? Hansı çatışmazlıqlar var? Orfoqrafiya lüğətimizin nəşri gecikdi, çıxanda da müəyyən səhvləri söz-söhbətə səbəb oldu…

 

Ş.M: – Bizim orfoepiya lüğətimiz yoxdur. 1982-ci ildə Əziz Əfəndizadənin bir lüğəti çıxmışdı, o kitabı hər on ildən bir təkmilləşdirilmiş variantla yenidən nəşr edirlər. Neologizmlər lüğəti çıxmalı idi, bilmirəm var, ya yoxdur. 2013-cü ildə orfoqrafiya lüğəti çıxdı, orada müəyyən xətalar var.

 

Alınma sözlərin necə yazılması ilə bağlı bəzi qaydalar var, amma konseptual bir plan olmalıdır ki, birbaşa Avropa dillərindən, Türkiyə türkcəsindən gələn sözlər necə yazılsın. Heç olmasa, ayda bir dəfə 7-8 nəfər ağsaqqal dilçi oturub hansısa yeni bir sözü müzakirə etməlidir ki, bunu necə yazaq? Leksik norma da çox pozulur. Məşhur mahnıda deyilir: “Nə şəhidlər ölməz, nə vətən bölünməz”. Bir cümlədə iki inkar yanaşı işlənə bilməz axı.

 

Q.M: – Lüğətlərin və qaydaların olmaması dildəki xaosun ən başlıca səbəblərindəndir. Mən 1991-ci ildə televiziya və radio işçiləri üçün orfoepiya lüğəti hazırlamışdım. O vaxt bir neçə mütəxəssisə göstərdim, bəyənənlər də oldu, amma bəyənməyənlər daha çox idi. Səbəbləri də o idi ki, dilin bir vurğu lüğəti varsa, bu, kifayət eləyir. Təbii ki, mən bununla razılaşmadım.

 

Bu gün orfoqrafiya lüğəti ilə bağlı iradlarla razılaşmamaq olmur. Dilçilik İnstitutu qərara gəldi ki, lüğət üzərində yenidən işlənilsin. Biz süni şəkildə istixanada söz yetişdirə bilmərik. Dil praktikasında olmayan sözləri gətirmək lazım deyil, biz heç kimin qarşısında öhdəlik götürməmişik ki, Azərbaycan dilində 200 min söz olmalıdır. Lüğətlər sahəsində ciddi iş getməlidir. Bir aydan sonra frazeologiya lüğəti çıxacaq. Lüğətdə 7 mindən çox frazeoloji ifadə var. Bu lüğət dilimizin necə zəngin olduğunu, böyük məna çalarlarını, ifadə imkanlarını göstərir. Amma mətbuatda gedən yazılarda, televiziyalarda çıxış edən adamların nitqində dil nə qədər çılpaq, miskin, zəif və imkansız görünür. Biz dilin şirəsindən faydalana bilmirik. Ən böyük problem dilə məsuliyyətsiz yanaşmağımızdır.

 

– Televiziyanın dili bu gün hansı səviyyədədir? Fikrimcə, aparıcıların nitqi nümunə olmaq əvəzinə mənfi tendensiyalar formalaşdırır…

 

Q.M: – Televiziyanın dilində müsbət meyilləri görürəm. Dilin tətbiqi ilə bağlı KİV-in imkanları genişdir. Bir çox mətləbi biz Azərbaycan dilində rahat şəkildə ifadə edə bilirik. Bu, məsələnin müsbət tərəfidir. Mənfi cəhəti isə odur ki, ümumi prosesə aid olan nöqsanlar burada da özünü göstərir. İstənilən saytda gedən bir yazıda bəlkə on səhv tapmaq olar – məna, üslub səhvi və s. Orfoqrafik səhvləri kompüterdə proqramlar vasitəsilə düzəltmək olur. Biz son vaxtlar monitorinqlərə heç orfoqrafiya məsələlərini salmırıq. Proqram orfoqrafik səhvi düzəldə bilər, amma təfəkkürümüzü dəyişə bilərmi? Jurnalistikada, qələm əhlində təfəkkür böhranı baş verir. Bir yazıda, reportajda 20-25 söz işlənir.

 

Ş.S: – Bu gün televiziyalarda şou əhlinə, müğənnilərə elə 25-30, maksimum 50 söz lazımdır ki, şablon və etalonlardan istifadə eləsin. Dili yaxşı bilən, üslub, qrammatik xüsusiyyətlərini mənimsəyən adamların efirə çıxması xalqın maariflənməsinə kömək edir. Zəlimxan Yaqub danışanda mənə xoş gəlir. Nitqi zəngindir, sinonimlərin, məcazların hamısından istifadə etməyi bacarır. Mən bu fikirdəyəm ki, dilə mühafizəkar yanaşmaq lazımdır, sərt qaydalar, senzura lazımdır.

 

Q.M: – Bəli, qaydalar lazımdır. Qayda xaosun qarşısını almaq üçündür. Qayda dil üçün işıqfor deməkdir. Mən 2008-ci ildə “Mediada işlənən alınma sözlər” adlı lüğət nəşr etdirdim. O lüğətdə alınma sözlərin hansı qaydada işlənməsini, necə tələffüz olunmasını göstərməyə çalışmışam. Amma Azərbaycan dilinin orfoepiya qaydalarına istinad etmişəm. Qaydasız mümkün deyil.

 

Ş.S: – Burada hansısa bədii obrazın dilinə müdaxilədən söhbət getmir ki! Obrazın dilində hər söz ola bilər, qadağalar ümumi kütləvi məsələlərdə, elanlarda, afişalarda, televiziyalarda olmalıdır.

 

– Bu qadağalarla bağlı məsələlər Dilçilik İnstitutunda keçirilən  monitorinqlərdə müzakirə mövzusu olur?

 

Q.M: – Bəli, hazırda apardığımız monitorinqlərin nəticələrini ümumiləşdirməklə məşğuluq. 600 obyektin 250-300-də Azərbaycan dilində söz yoxdur, bu, fəlakətdir. Şirkət, firma adları haqqında, reklam haqqında qanunda müəyyən müddəalar var. Həmin adlar hansı dildə yazılsa da, Azərbaycan dilində də qarşılığı verilməlidir. Həm də xarici dildə olan yazı Azərbaycan dilində olandan böyük yazıla bilməz. Özlərindən başqa heç kim tərəfindən tanınmayan şirkətlər var ki, onların adlarını xarici dildə yazırlar və heç kim heç nə başa düşmür. Bizim biznes adamlarında belə bir yanlış təsəvvür var ki, obyektə xarici ad qoyanda çox adam gələcək. Bu, qul təfəkkürüdür, dilə sayğısızlıqdır.

 

Ş.S: - Bu yaxınlarda Türkmənistanda idim. Mən orada nə rus, nə də ingilis dilində söz gördüm. Bir obyektin üstünə “Sevda mərkəzi” yazılmışdı.  Fikirləşdim, bəlkə nikah salonudur. Sonradan bildim ki, bu “sövdələşmə” sözünün köküdür. “Alış-veriş mərkəzi” deməkdir.

 

– KİV-də, xüsusilə, televiziya kanallarında leksik və qrammatik normanın pozuntusuna da, demək olar, hər gün rast gəlirik…

 

Q.M: – Mən uzun müddət AzTV-də “Səhər” proqramının rəhbəri olmuşam. Onda bəlkə də düz eləmirdim, amma müğənniləri danışmağa qoymurdum. Müğənniləri danışdırmaq olmaz, çünki onların əksəriyyətinin təfəkkürü dayazdır. Bir neçə istisna var ki, onlar fikir ifadə edə bilirlər. Yerdə qalan müğənnilər kitab oxumur, onların danışığı zərərlidir, gənclərə pis nümunədir. Televiziya dəbdir – təkcə geyim deyil, həm də danışıq dəbidir. “Arşın mal alan” və ya “O olmasın, bu olsun” filmindən Azərbaycan ədəbi dilinə nə qədər söz keçib. Dili bu cür təbliğ edərlər, şit, bayağı, düşük televiziya verilişləri ilə yox. Bunlar təkcə dil faktı deyil, həm də təfəkkür, düşüncə, əxlaq məsələsidir.

 

– Həmin bayağı verilişlərin aparıcılarının sözləri bəzən tamaşaçı tərəfindən xoş qarşılanmır, sonra da həmin aparıcılar deyir ki, mən elə demək istəməmişdim. Əgər onlar nitq mədəniyyətinin formalarına – nitqin dəqiqliyinə və düzgünlüyünə (ifadəliliyini demirəm) riayət etsələr, sözü düzgün seçsələr, həmin problemlə də üz-üzə qalmazlar.

 

Ş.S: – Tamamilə doğrudur. Amma proses məktəbdən və universitetdən başlayır. İbtidai sinif müəllimləri xüsusilə diqqətli olmalıdır. Biz 20-30 ildir orta məktəbdə Azərbaycan dilinin qrammatikasını, dilçiliyi öyrədirik, dili öyrətmirik. Şagird ikinci növ təyini söz birləşməsinin nə olduğunu bilir, amma iki sözü yanaşı qoya bilmir.

 

Biz “Hədəf” nəşriyyatı olaraq dilin təkmilləşməsi ilə bağlı mətbuat üçün bir həftəlik, on günlük təmənnasız seminarlar təşkil etmək istəyirik. Deyəsən, Nizami Cəfərovun fikridir: “Azərbaycan dilində rəvan, asta, gözəl, səlis danışanda sanki şeir deyirsən”. Bizim dilimiz qaba, kobud dil deyil. Həm də fikrimizi ifadə etmək imkanımız var.

 

Q.M: – Dilin təbliğində media, xüsusilə, televiziya böyük rol oynamalıdır. Azərbaycan Dil Qurumunun rəhbəri Sabir Rüstəmxanlı bir neçə kanala müraciət edib ki, dillə bağlı verilişlər açılsın. Yaponiya kimi dövlətin ikinci kanalı tədris kanalıdır. Bizdə dili təbliğ edən hansı veriliş var? AzTV-də Nizami Cəfərov bir veriliş aparır. Bir də İctimai radioda İmir müəllimin “Özümüz-sözümüz” rubrikasını daim izləyirəm. Biz may-iyun aylarında televiziya aparıcıları, reportyorlar üçün treninq təşkil etdik, gözləmədiyimiz şəkildə irəliləyişlər müşahidə edildi. Elə treninqin gedişatında mövzuda dəyişiklik edərək daha aktual mövzular qoyduq. Ola bilər, kimsə Azərbaycan dilində fikrini ifadə edə bilməsin, bu o demək deyil ki, dilin ifadə imkanları zəngin deyil…

 

 

 

Bölmə : Bölməsiz
KÖŞƏ YAZARLARI
TOP 10