Azərbaycan ədəbiyyatının Türkiyədə baş konsulu – İsa Həbibbəyli

53 Baxış

109162_jvsnfdvb30

Türk dünyasında milli düşüncənin inkişafında Azərbaycan ziyalılarının böyük xidmətləri olmuşdur.

XX əsrin əvvəllərində Türkiyədə Azərbaycan ədəbi-elmi və ictimai-siyasi fikrini təmsil edən Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu həm də geniş mənada türk dünyasının inkişafına xidmət göstərmişlər. Türkçülük və azərbaycançılıq onların fəaliyyətində vəhdət halında olmuşdur. Bu format sonrakı dövrlərdə Türkiyə Cümhuriyyətində ön mövqeyə çıxan Azərbaycan əsilli ziyalılar üçün fəaliyyət modelinə çevrilmişdir.

Professor Yavuz Akpınar XX əsrin yetmişinci illərindən başlayaraq həmin ənənəni layiqincə davam etdirmiş və yeni tarixi epoxanın reallıqlarına uyğun olaraq daha da zənginləşdirərək inkişaf etdirmişdir.

Yavuz Akpınar – Azərbaycan ağırlıqlı türk ziyalısıdır.

Yavuz Akpınar – Türkiyə ilə Azərbaycan arasında möhkəm və etibarlı elm və ədəbiyyat körpüsüdür.

Yavuz Akpınar – türk dünyasına bütövlük sevdası ilə baxan və xidmət edən böyük elm xadimidir.

Yavuz Akpınar – sözü və əməlləri ilə Azərbaycan, Türkiyə və ümumən türk dünyası üçün eyni dərəcədə faydalı işlər görən, geniş dünyagörüşə malik mükəmməl ziyalıdır.

Mənşə etibarilə Azərbaycana bağlı olan, XX əsrin əvvəllərində hərbi-siyasi vəziyyətin doğurduğu zərurətə görə babaları Gəncəbasardan köçərək Türkiyə Cümhuriyyətinin Qars vilayətində məskunlaşan Yavuz Akpınar ilk təhsilini İqdırda, ali təhsilini isə Ərzurum Atatürk Universitetində almışdır. O, uzun müddət Ərzurum Universitetində elmi-pedaqoji fəaliyyətlə məşğul olmuş, burada sadə ali məktəb müəllimliyindən dosentliyə qədər gəlib çatmışdır. Yavuz Akpınar daha sonra İzmir Ege Universitetində fəaliyyətini davam etdirmiş, kafedra müdiri və professor vəzifəsinədək yüksəlmişdir. Harada çalışmasından asılı olmayaraq o, həmişə Azərbaycan və Anadolu ortaq türk düşüncəsinə sadiq olmuş bu sintezi və vəhdəti türk dünyasının müasir inkişafının və qarşılıqlı münasibətlərin zəruri faktoru kimi ucada saxlamışdır.

Professor Yavuz Akpınar Türkiyədə və türk dünyasında Azərbaycan ədəbiyyatının əsas tədqiqatçılarından biri kimi qəbul olunur. Ərzurum Atatürk Universitetində 1980-ci ildə yazıb müdafiə etdiyi Mirzə Fətəli Axundzadənin həyatı və yaradıcılığına həsr olunmuş filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyası Türkiyədə Azərbaycan ədəbiyyatı haqqında yaranan ilk mükəmməl elmi-tədqiqat əsərlərindən biridir. Bu sanballı elmi əsəri ilə Yavuz Akpınar görkəmli Azərbaycan yazıçısı Mirzə Fətəli Axundzadəni Türkiyədə tanıtmaqla bərabər, həm də axundovşünaslığı yeni müddəalarla daha da zənginləşdirmişdir. Böyük Mirzə Fətəli Axundzadənin komediyaları da Yavuz Akpınarın çevirmələri vasitəsi ilə Türkiyədə yayılmış və populyarlıq qazanmışdır.

Azərbaycan ədəbiyyatının sistemli tarixi inkişaf yolunun yaradılmasında professor Yavuz Akpınarın böyük xidmətləri vardır. Yavuz Akpınar Azərbaycan ədəbiyyatı tarixinin Türkiyədə və türk dünyasında qəbul olunan görkəmli tədqiqatçısıdır. O, XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatı tarixini yazıb nəşr etdirən İsmayıl Hikmətin və Fuad Köprülünün gördükləri işi yarım əsr sonra yenidən canlandırmış və daha da inkişaf etdirmişdir. Tədqiqatlarının elmiliyi və müasirliyi etibarilə Yavuz Akpınarı yeni çağın Fuad Köprülüsü adlandırmaq olar. Yavuz Akpınar Azərbaycan ədəbiyyatını Şimal və Cənub qolları ilə birlikdə tam halda öyrənib araşdıran nadir tədqiqatçılardan biridir. Onun elmi əsərləri mənbələrə əsaslanan dəqiq araşdırmalardır. Bu mənada Yavuz Akpınar əsl ensiklopedist alimdir.

Yavuz Akpınarın “Azəri ədəbiyyatı araşdırmaları” kitabı Türkiyədə yazılıb nəşr olunan birinci Azərbaycan ədəbiyyatı tarixidir. Vaxtilə İstanbulda çap olunmuş Yusif Vəzir Çəmənzəminlinin “Azərbaycan ədəbiyyatına bir nəzər” adlı kitabı (1923) Türkiyədə diplomatik xidmətdə olan azərbaycanlı tərəfindən yazılmışdır. Türkiyədə doğulub boya-başa çatmış, ali təhsil almış, elmi dərəcə qazanmış, qardaş ölkənin vətəndaşı olan Yavuz Akpınarın hazırlayıb nəşr etdirdiyi “Azəri ədəbiyyatı araşdırmaları” kitabında isə Anadolu torpaqlarında yaşayan Azərbaycan sevdalısı olan bir tədqiqatçının çalışmaları və elmi baxışları öz əksini tapmışdır. Bu kitabda Azərbaycan ədəbiyyatının çoxəsrlik tarixi inkişaf yolu mərhələlər üzrə və elmi cəhətlərdən əsaslandırılmış şəkildə əhatə olunmuşdur. Əsərdə Azərbaycan ədəbiyyatının görkəmli simalarının dolğun və obyektiv elmi portreti yaradılmışdır. Yavuz Akpınar Azərbaycan ədəbliyatını milli mətbuatın və teatrın inkişafı ilə əlaqəli şəkildə araşdırmaqla geniş mənada Azərbaycan mədəniyyəti və ziyalılığı haqqında tam və ümumiləşdirilmiş elmi təsəvvür yaratmağa nail olmuşdur. Buna görədir ki, “Azəri ədəbiyyatı araşdırmaları” kitabı Türkiyədə olduğu kimi, ölkəmizdə də Azərbaycan ədəbiyyatına dair mötəbər mənbə olaraq qəbul edilir.

Türkiyə-Azərbaycan ədəbi əlaqələrinin tədqiq edilməsinə Yavuz Akpınarın özünəməxsus baxışı və qiymətli əlavələri vardır. Türkiyədə yaşayıb-yaradan Yavuz Akpınar türk ədəbiyyatı klassiklərini əsasən Azərbaycan qaynaqları əsasında araşdıraraq elmi dövriyyəyə təqdim edir. Bu məqamda o, Türkiyə mənbələri ilə bərabər, həm də Azərbaycan arxivlərinin də bələdçisi kimi çıxış edir. Yavuz Akpınarın Azərbaycan arxivlərindən üzə çıxardıb nəşr etdirdiyi bir çox məlumatlar nəinki Türkiyə tədqiqatçıları, həm də ölkəmizin ədəbiyyatşünas alimləri üçün yenidir.

Professor Yavuz Akpınarın Azərbaycan qaynaqlarında Namiq Kamal və Azərbaycan mövzusuna həsr olunmuş araşdırmaları elmi yeniliyinə və əhəmiyyətinə görə mükəmməl bir doktorluq disserasiyasına bərabərdir. Bu qiymətli tədqiqat Namiq Kamalın həyatı və fəaliyyətinin Azərbaycan səhifəsinin ədəbi-tarixi güzgüsüdür. Professor Yavuz Akpınarın Türkiyənin ən böyük milli şairi kimi tanınmış Namiq Kamala ümumtürk baxışları miqyasında qiymət verməyin möhkəm təməllərinə çevrilmişdir. Onun Namiq Kamal və Azərbaycan mətbuatı istiqamətində aşkara çıxarıb tədqiqata cəlb etdiyi zəngin material bu qüdrətli sənətkarın əhatə dairəsinin genişliyi, ölməz sənətinin vüsətini görməyə və göstərməyə imkan verir. Bu mənada Yavuz Akpınarın tədqiqatları Türkiyə Namiqkamalşünaslığının mühüm nailiyyətləri hesab etmək mümkündür.

Görkəmli ədəbiyyatşünas Yavuz Akpınarın uzun illər ərzində nəşr etdirdiyi “Qardaş ədəbiyyatlar” jurnalı Türkiyədən türk dünyası ədəbiyyatına açılan qapı funksiyasını layiqincə həyata keçirmişdir. “Qardaş ədəbiyyatlar” jurnalı türk dünyasının genişliyi və bütövlüyü haqqında əhəmiyyətli bir ədəbiyyat bələdçisidir. “Qardaş ədəbiyyatlar” jurnalındakı ardıcıl olaraq verilən məqalələr vasitəsi ilə sovet dövrünün çətinlikləri şəraitində Türkiyə elmi-ədəbi ictimaiyyəti ayrı-ayrı türk xalqlarının ədəbiyyatı, o cümlədən, Azərbaycan ədəbiyyatı ilə yaxından tanış ola bilmişlər. “Qardaş ədəbiyyatlar” jurnalı sovet rejiminin sədlərini aşaraq, türk dünyası ölkələrində geniş yayılmışdır. “Qardaş ədəbiyyatlar” jurnalı Yavuz Akpınarın türk dünyası ədəbi və elmi fikrinə böyük ərmağanıdır. “Qardaş ədəbiyyatlar” – türk dünyası ölkələri arasında möhkəm və etibarlı körpü yaratmışdır.

Azərbaycan ədəbiyyatının Türkiyə türkcəsinə çevrilməsində də Yavuz Akpınar fədakarlıq nümunəsi göstərmişdir. Klassik və müasir Azərbaycan yazıçılarının əsərlərinin Yavuz Akpınar çevrilmələri əslində, ortaq türkcənin canlı örnəkləridir. Mirzə Fətəli Axundzadə, Məhəmmədəmin Rəsulzadə, Məhəmmədhüsyn Şəhriyar, Anar, Elçin və başqa yazıçıların əsərlərinin ən yaxşı çevirmələri sırasında Yavuz Akpınara məxsus “tərcümələr” orijinala daha çox yaxınlığı, yazıçıların hər birinin fərdi üslubunun qorunub saxlanılması ilə xüsusilə diqqəti cəlb edir.

Türkiyə Cümhuriyyətində nəşr olunan ensiklopediyalarda Azərbaycan və azərbaycanlılar haqqında məqalələrin bir çoxu Yavuz Akpınarın qələmindən çıxmışdır. Yavuz Akpınara aid yazılarda ensiklopedik informasiyaların zənginliyindən başqa, həm də elmi cəhətdən dürüstlük və dəqiqlik mövcuddur. Yavuz Akpınar çoxillik tədqiqatçılıq fəaliyyəti ərzində dərindən araşdırıb öyrənmədiyi, dəqiqliyinə bələd olmadığı bir sətir də qələmə almamışdır. Bir sözlə, professor Yavuz Akpınar – Türkiyədə mötəbər bir ensiklopedist Azərbaycanşünaslıq məktəbidir.

Yavuz Akpınarın türk dünyasının böyük ideoloqu və məşhur mətbuat xadimi İsmayıl bəy Qaspıralının əsərlərini ilk dəfə çoxcildlik halında çap etdirməsi böyük xidmətdir. Bütün türk dünyasının bu gün İsmayıl bəy Qaspıralını Yavuz Akpınar nəşrləri vasitəsilə oxunur, tədqiq olunur. Yavuz Akpınar İsmayıl bəy Qaspıralının müasir “tərcüman”ıdır.

Azərbaycan ədəbiyyatının Türkiyədə tanıdılması və təbliğində də professor Yavuz Akpınarın müstəsna xidmətləri vardır. XX əsrin səksəninci illərində Ərzurum Atatürk Universitetində onun yaratdığı zəngin “Abbas Zamanov kitabxanası” Türkiyədəki ən mötəbər Azərbaycanşünaslıq mərkəzidir. Bakıdan görkəmli ədəbiyyatşünas professor Abbas Zamanovun çətin şəraitdə özünün şəxsi vəsaiti hesabına poçt vasitəsi ilə Türkiyəyə göndərdiyi kitablardan ibarət olan bu nadir kitabxana qardaş ölkədə Azərbaycanı tanıdan mühüm elmi xəzinədir. “Abbas Zamanov bağış kitabxanası”ndakı üç mindən çox kitabın oxucuları təkcə Ərzurum Atatürk Universitetinin müəllimləri və tələbələri yox, Türkiyənin bütün tanınmış ziyalıları olmuşdur. Türkiyənin dörd bir tərəfindən gəlib bu kitabxanadan istifadə edənlərin sayı həmin xəzinədə olan kitabların sayından çox olmuşdur. Ərzurum Atatürk Universitetinin “Abbas Zamanov bağış kitablığının kataloqu”nu hazırlayıb kitab halında çap etməsi və yayması bu kitabxananı bütün Türkiyənin üzünə açmışdır.  XX əsrin doxsanıncı illərində və XXI əsrin əvvəllərində biz Naxçıvan Dövlət Universitetindən və şəxsi kolleksiyamızdan Ərzurum Atatürk Universitetindəki Abbas Zamanov bağış kitabxanasına yüzlərlə kitablar hədiyyə etməklə klassik fədakarlıq nümunəsi olan həmin ənənəni yaşatmağa çalışdıq. Görkəmli elm xadiminin qardaş ölkədəki Abbas Zamanov kitabxanasının qarşısında asılmış kiçik fotosunu böyük ölçüdə yağlı boya ilə çəkilmiş portretlə əvəz etməklə Azərbaycan-Türkiyə  əlaqələrinin bu nadir əsərinə layiq olduğu əzəməti verməyə çalışdıq.

Ümumiyyətlə, Abbas Zamanov – Yavuz Akpınar münasibətləri Azərbaycan və Türkiyə ziyalıları üçün örnək sayılmağa layiq olan əməl və məslək dostluğu nümunəsidir. Yavuz Akpınar Azərbaycan üçün böyük vətəndaş, alim professor Abbas Zamanovun kəşfidir. Yavuz Akpınarı Azərbaycan elmi mühitinə professor Abbas Zamanov təqdim etmişdir. Abbas Zamanovun şəxsiyyətinin və irsinin Türkiyədə tanıdılması və təbliğində də Yavuz Akpınarın böyük xidmətləri vardır. Yavuz Akpınarın öz sözləri ilə desək, “Abbas əmi” onun üçün unudulmaz böyük müəllim və əvəzsiz mənəvi atadır.

Biz də əziz dostumuz Yavuz Akpınarı XX əsrin səksəninci illərində böyük müəllimimiz Abbas Zamanov vasitəsi ilə tanımış, dostluq və əməkdaşlığımızı davam və inkişaf etdirmişik. Keçən dövr ərzində Yavuz Akpınarla Bakıda, Ankarada, İzmirdə, Naxçıvanda və İqdırdakı çoxsaylı görüşlərimiz ailəvi dostluqla yanaşı, həm də əhəmiyyətli bir elmi əməkdaşlıq üçün etibarlı bir münasibət yaratmışdır.

Abbas Zamanov-Yavuz Akpınar dostluğu tanınmış türk ziyalısı İbrahim Bozyel vasitəsilə daha da möhkəmlənmişdir. İbrahim Bozyel sovet dövründən etibarən Azərbaycanla Türkiyə arasında mövcud rejimlərin yaratdığı buzları əritmək, xalqları və mədəniyyətləri daha da yaxınlaşdırmaq yollarında böyük fədakarlıqlar göstərmiş ortaq dostumuz idi. O, sözün əsl mənasında Türkiyədə yaşayan Azərbaycan idi. Yavuz Akpınar da, İbrahim Bozyel də, Seyfəddin Altaylı da Abbas Zamanovu böyük ustadları və müəllimləri kimi qəbul etmişdilər. Ortaq dostluğumuzun möhkəmlənməsi və davam etməsi ortaq müəllimimiz Abbas Zamanovun xidmətidir.

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə professor Yavuz Akpınar arasında səmərəli bir işgüzar münasibət mövcuddur. Hazırda Türkiyədəki Azərbaycan mühacirət ədəbiyyatının araşdırılıb öyrənilməsində Yavuz Akpınar bizim etibarlı bələdçimizdir. Azərbaycan ədəbiyyatı haqqında Türkiyə mənbələrindən və axtarmaq istəsək, Yavuz Akpınarın yalnız “hə” cavabı alarıq. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının Azərbaycan-Türkiyə elmi əlaqələrinin inkişafındakı çoxillik və səmərəli xidmətlərinə görə İzmir Ege Universitetinin professoru Yavuz Akpınara “İlin alimi” diplomunun verilməsi haqqında qərarı həm onun elmi xidmətlərinə, həm də əbədi dostluğuna verilmiş obyektiv qiymətdir.

Yavuz Akpınar – Azərbaycan ziyalılarının və Həbibbəylilər ailəsinin məslək dostudur.

Yavuz Akpınar – Azərbaycan sevdalı Türkiyə vətəndaşıdır.

Yavuz Akpınar – Böyük dostluğun yaşayan klassik nümunəsidir.

Yavuz Akpınarın özünəməxsus portretini 2008-ci ildə yazılmış aşağıdakı misralarla ümumiləşdirmək istəyirəm:

Yavuz Akpınar -
İşıqlı şəxsiyyət,
Elmdə, vicdanda: məsuliyyət.
Türk dünyasına
Abbas Zamanovun təqdimatı,
İbrahim Bozyelin nəbzi, ovqatı.
Türkiyədə Mirzə Fətəlinin
Və Qaspıralının yeni həyatı.
“Qardaş ədəbiyyatlar”ın
Aydın yolu,
Azərbaycan ədəbiyyatının
Türkiyədə baş konsulu.

Əziz və möhtərəm dostumuz, 80 yaşı tamam olmuş professor Yavuz Akpınara möhkəm cansağlığı, dostluq və əməkdaşlıq yollarında daha böyük uğurlar arzulayıram.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10