Dilçilikdə ən çox istinad olunan əsər hansıdır?- ARAŞDIRMA

90 Baxış

 SEVİNC

Vera Canqidzenin rus dilində “Azərbaycan dilinin Qazax dialektinin Dmanisi şivəsi” adlanan 150 səhifəlik kitabı 1965-ci ildə Azərbaycan Elmlər Akademiyasının nəşriyyatında çap edilib. Göründüyü kimi, əsərin çapından yarım əsrdən çox vaxt keçdiyinə baxmayaraq, o, bu gün də maraqla oxunur, dönə-dönə müraciət olunur və bu sahədə aparılan tədqiqatların əksəriyyətində istifadə edilir. Kitabın redaktoru S.Cikiyadır. Azərbaycan dialektologiyası hər zaman xarici tədqiqatçıların diqqət mərkəzində olub. Belə ki, keçən əsrin əvvəllərində (1903-1904-cü illərdə) alman alimi Karl Foy Berlində çap olunan iki elmi məqaləsində Cənubi Azərbaycan, xüsusən Təbriz və onun ətraf şivələrinin xüsusiyyətləri haqqında geniş məlumat verib. 1924-cü ildə isə “Azərbaycanı öyrənən və tədqiq edən cəmiyyət”in təşəbbüsü ilə SSRİ EA-nın müxbir üzvü prof. N.İ.Aşmarin tərəfindən Azərbaycan dialekt və şivələrinin lüğətini toplamaq üçün proqram və təlimat hazırlanıb. Buna əsasən toplanılan 60 minə yaxın söz “Azərbaycan türk xalq şivələri lüğəti”ndə (A hərfi – 1930, B hərfi – 1931-ci illərdə) çap edilib.

Müəllif kitabın girişində göstərir ki, əsər Dmanisi şivəsinin fonetika, leksika və qrammatikasına həsr edilib. Tədqiqat işi 1950-1952-ci illərdə həmin ərazidə toplanılmış mətnlər üzərində aparılıb. V.Canqidze qeyd edir ki, bəzi arxaizmləri çıxsaq, Dmanisi ərazisində yaşayan azərbaycanlıların canlı şivələri və folklor nümunələri arasında heç bir fərq yoxdur. Araşdırmada həm azərbaycanlı (Ə.Dəmirçizadə, M.Şirəliyev, R.Rüstəmov və s.), həm də xarici müəlliflərin əsərlərindən istifadə edilib. Kitabda Dmanisi şivəsinin həm alınma (ərəb, gürcü, rus və s. mənşəli sözlər) leksikası, həm də yerli leksikası əhatəli və ardıcıl şəkildə öz əksini tapıb. Həmçinin, yerli idiomlar təqdim edilib, müxtəlif sahələrə aid sözlər qruplaşdırılaraq verilib. Kitabın sonunda Dmanisi şivəsinə aid olan bir çox mətnlər, folklor nümunələri yerləşdirilib. Hesab edirik ki, bu nümunələr gələcəkdə aparılacaq müqayisəli araşdırmalar üçün olduqca dəyərli mənbə rolunu oynaya bilər.

Şərqi Gürcüstan ərazisindəki digər Azərbaycan dili şivələri də tədqiqatçılar tərəfindən araşdırılıb. Q.Tuşmalişvili 1972-ci ildə Tbilisidə “Qardabani rayonunda yaşayan azərbaycanlıların şivə xüsusiyyətləri” mövzusunda dissertasiya işi müdafiə edib. 1973-cü ildə Mədət Çobanov Daşkənddə “Gürcüstan Respublikasının Bolnisi rayonunda işlədilən Azərbaycan dili şivələrinin leksikası” mövzusunda dissertasiya işi müdafiə edib. Teymur Qarayev 1981-ci ildə Bakıda “Gürcüstan Respublikası ərazisindəki Azərbaycan dili şivələrində qədim türk leksik qatının tarixi-linqvistik təhlili” mövzunda elmi-tədqiqat işi üzərində işləyib.

Azərbaycan dilçiliyində əksər sanballı əsərlərdə, tədqiqat işlərində, bir çox görkəmli dilçi, dialektoloq, türkoloqlar – M.Şirəliyev, T.Hacıyev, E.Əzizov, Ə.Tanrıverdiyev, M.Məmmədov və b., eləcə də gənc tədqiqatçılar tərəfindən Vera Canqidzenin “Azərbaycan dilinin Qazax dialektinin Dmanisi şivəsi” əsərinə istinadlar edilib. Arzu edirik ki, gələcəkdə də gənc müəlliflər kitablarının kəmiyyətinə deyil, keyfiyyətinə diqqət yetirib bu səviyyəyə qalxaraq kiçik həcmli əsərləri ilə uzun müddət aktual qalsınlar.

 

F.ü.f.d. Sevinc Qəmbərli

Bölmə : Araşdırma