Azərbaycan dilinin özünə qayıdışında Heydər Əliyev Qətiyyəti – Firudin Rzayev

37 Baxış

unnamed (1)

Senet.az oxucularına AMEA Naxçıvan Bölməsi Onomastika şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayevin “Azərbaycan dilinin özünə qayıdışında Heydər Əliyev Qətiyyəti” adlı yazısını təqdim edir.

Azərbaycan dili xalqımızın doğma və qədim bir dili olmaqla bərabər, Tanrının bizə bir lütfüdür.

Ümummilli lider Heydər Əliyev 

Hər hansı bir xalqın dilinin mükəmməl bir şəkildə formalaşması tarixi prosesi, onun geniş arealda ünsiyyət vasitəsinə çevrilməsi zamanı çox qədim dövrlərin ictimai-siyasi hadisəsi olmuşdur. Bu tarixi proseslərdə işğalçı dövlətlərin işğal etdiyi ərazilərdəki xalqların dili, tarixi və mədəniyyətini məhv etmək qəsdi, onları assimilyasiya etməyin ən əsas şərtlərindən olmuşdur. Azərbaycan xalqının da belə işğallara məruz qalması dilimizdə xeyli sayda yad sözlərin yer almasına, rus dilinin evlərimizə, idarə və müəssisələrimizə, az qala ümum danışıq dilimizə keçməsinə səbəb olmuşdur. 8 min ildən artıq bir tarixlə səsləşən dilimizin dastanlarımızdakı yeri və geniş bir ərazidə yayılması, Strabonun məlumatında hələ m.ö. VI minillikdə xalqımızın qədim As-Asər əlifbasına sahibliyi məlumatı, onun çox qədim bir tarixə mənsubluğunu bir daha sübut edirdi. Lakin Xətib Təbrizinin həmyerlisi ilə danışığına maraq göstərən Əbül Ülanın “Siz hansı dildə danışırdınız” sualına cavab “Azərbaycan dilində” ifadəsi, xalqımızın XI əsrdən formalaşması kimi səhv bir elmi nəticə ortalığa çıxmışdır. Lakin istər Strabon və K.Ptalomeyin yazılarında Araz çayı boyunda As türklərinin adını daşıyan Azar, Azər adlı ölkənin adının olması və Araz çayının sağ sahilində göstərilməsi və s. amillər də bu sözün azər-“od” sözü ilə heç bir bağlılığı olmadığını sübut edir. Digər bir tərəfdən IX, XI əsrlərə aid edilmiş “Kitabi-Dədə Qorqud” dastanımız heç də bu dövrlərə aid deyil. Dastanın şeir üslubunda yazılışı, buradakı çoban və mələk izdivacından (şər və xeyir) Təpəgözün doğulması, Dəli Domrulla Əzrailin güləşi və insanın qalibiyyəti kimi tarixi faktlar Ana dilimizin və dövlət adımızın İslam dinindən xeyli əvvəl mövcud olub m.ö. X əsrdən eramızın IX əsrinə kimi olan hadisələri özündə cəmləşdirdiyini göstərir. “Oğuznamə”nin Uyğur variantında da “Qız o qədər gözəl idi ki, gülsə Gök Tanrısı gülər, ağlasa Gök Tanrısı ağlardı” ifadəsi xalqımızın Tanrıçılıq inancı dövründə m.ö. minilliklərdə bitkin, ifadəli Ana dilinə sahib olduğunu da ortaya çıxarır. Qaynaqlarda m.ö. IV əsrdə Makedoniyalı İskəndərin Azərbaycanda atını itirb onun Qarahun dağından tapması qeyd olunur və el bayatısında deyilir.

Hun dağına…

Lənət bu hun dağına

Balam əlimdən getdi

Dərd yığdım qundağına…

başqa bir bayatıda isə

Vermə Xəzərə məni,

Çəkər bazara məni,

Yada kölə olunca

Salla məzara məni

Şübhəsiz bayatılar hunların ərazilərimizə yürüşü, xəzərlərin güc olduğu bir dövrü əhatə edir. Əgər biz heç bir tərcümə və tədqiqat aparmadan bu bayatılarda quldarlıq dövrünün əlamətlərini hun işğallarının nəticələrini görür və tərcüməsiz anlayırıqsa, deməli Ana dilimizin şifahi xalq ədəbiyyatı hələ m.ö. VI əsrdən də xeyli qabaq mükəmməl bir dil böyüklüyündə bu gün dilimizin ifadə imkanları ilə eyni idi.

Beləliklə dilimizin quldarlıq dövrü və ondan əvvəllər də ümumişlək şəkildə olması, ədəbiyyatımızın o dövrlərdə janr xüsusiyyətləri daşıması onun ən azı m.ö. III minilliklərdən tam formalaşdığını sübut edur. Azərbaycan dilinin Bəsrə-Kəngər körfəzindən Dəmirqapı Dərbəndə qədər yayılması, eləcə də Rafael Dü Man, Adam Alyari, Ungelberq Kekberq, Öjen Flanden, Paskal Kost kimi Fransız və Avropa səyyahlarının “Azərbaycan türkcəsi Osmanlı imperiyası İran, Gürcüstan və Rusiyada ticarətdə mühüm bir vasitə” olduğunu “Səyahət” adlı kitabda göstərməsi onun əhatə dairəsinə canlı sübutdur. Kitabda: “Səfəvilər sarayında Azərbaycan türkcəsi hakim sülalənin ana dilidir. Bu dil saray vasitəsilə ailələr arasında elə geniş yayılıb ki, imtiyazlı təbəqədən olan hər hansı şəxsin onu bilməməsi utanc gətirən haldır” ifadəsi xüsusi vurğulanır.

Bütün bu məlumatlar dilimizin çox geniş bir ərazidə ümumişlək bir dil olmaqla onun təsir dairəsinin göstəriciləridir.

Bütün bu faktlar xalqımızın m.ö. III minillikdən ölkəyə və ümum Ana dilinə sahibliyini göstərsə də, işğallar altına düşmə səbəbi milli mədəniyyətimizlə yanaşı dilimizə yad sözlərin axınına yol açmış, həm də dilimizin məhv olma təhlükəsini yaratmışdır.

Tarix hər bir xalqın inkişafı və tərəqqisinə əvəzsiz xidmətlər göstərən şəxsiyyətlər yetişdirir. Böyük siyasi xadim Heydər Əliyevin Azərbaycan dövlətinin rəhbəri seçilməsi də Tanrının millətimizə bir lütfü idi. Dilimizin saflığı və yaşaması uğrunda mübarizə XIX əsrin əvvəllərindən XX əsrin ortalarına qədər davam etsə də, onun dövlət dili səviyyəsinə qaldırılması mümkün olmamışdır.

Məhz belə bir xaosda ilk dəfə hakimiyyətə gələn Ulu Öndər hakim rus dili “böyüklüyünü” tamamilə alt-üst edir. Hakimiyyətinin ilk illərində Azərbaycanın böyük yazıçıları öz əsərlərini, ana dilində yazır, Azərbaycan Yazıçılar İttifaqının aparıcı mətbuat orqanları – “Azərbaycan”, “Ulduz” jurnalları, “Ədəbiyyat və incəsənət” qəzetləri Azərbaycan dilində nəşr olunur. 1969-cu il ADU – nun yaranmasının 50 illik yubileyində bu mifi tam qıraraq Azərbaycan dilində çıxış edən Ümummilli lider, həm daxilimizdə, həm də Ukrayna, Belorusiya, RSFSR və digər müttəfiq respublikaların MK katibləri tərəfindən etirazla qarşılanır. Lakin böyük siyasi xadim “yəqin siz öz dilinizi sevmirsiniz” cavabı ilə onları susdurur və dilimizin dövlət dili olması tələbi ilə ziyalılarımızın Siyasi Büro qarşısında məsələ qaldırmasına nail olur. 1977-ci ildə Azərbaycan dili dövlət dili kimi Konstitusiyamızın 73-cü maddəsində öz əksini tapır. Bu Moskvaya, SSSR birliyinə meydan oxumaq və dilimizi yaşatmaq zərurətində Heydər Əliyev qətiyyəti idi.

Hakimiyyətə qayıdışının ikinci mərhələsində isə (1993-2003) biri-birindən gərəkli fərman və sərəncamlar fövqündə dilimizin “Azərbacan dili” şəklində Milli Məclis səviyyəsində qəbulu, Latın qrafikasına keçid, dövlət və elmi istiqamətdə bu dil yönündən aparılan islahatlar, tarix və dilçiliyə dair əsərlərin, dövlət əhəmiyyətli sənəd və kitabların və s. yenidən nəşri min ildə keçmədiyimiz yolun on ildəki qeyri-adi hadisəsi idi. Bütün bunlar ağlasığmaz tarixi təkamülün, Böyük siyasi xadim Heydər Əliyev fonemeninin təntənəsi idi.

Hakimiyyətə ikinci dəfə qayıdışından sonra onun 1995-ci ilin 12 noyabrında qəbul edilmlş Konstitusiyasının 21-ci maddəsi dövlət dili statusunun yerinə yetirilməsini qəti şəkildə tələb edirdi.

Onun 18 iyul 2001-ci il tarixli fərmanındada Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi , 9 avqust 2001-ci il tarixli fərmanında Azərbaycan əlifbası və Azərbaycan Dili Gününün qeyd edilməsi, 2 yanvar 2003-cü il tarixli fərmanında Azərbaycan Respublikasında Dövlət Dili qanununun tətbiq edilməsi məsələləri tam qətiyyətlə tələb olunurdu. 2001-ci il avqustun 1-dən Azərbaycanda latın qrafikalı əlifbaya keçməsi, 30 sentyabr 2002, 2 yanvar 2003, 4 iyul 2004-cü ildə Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibinin yaradılması, 12 yanvar 2004-cü illər Dövlət Dili haqqında Azərbaycan Respublikasının Qanunu, 9 avqustda fərmanı ilə “Azərbaycan Dili və Əlifbası Günü”nü təsis edilməsi və hər il avqustun 1-də “Azərbaycan Dili və Əlifbası Günü”ünün qeyd olunması Ulu öndər Heydər Əliyev qətiyyətinin təntənəsidir.

Təbii ki, müxalif qüvvələrin dilimizi “Türk dili” adlandırma cəhdləri dil tariximizi və xalqımızı öz tarixi kökündən uzaqlaşdırmaqdan özgə bir şey deyildi. Burada mənbələrə diqqətsizlik, tarixi dürüst bilməmək əsas amillər idi. Qədim dil tariximiz haqqında yetərincə məlumatlı olan ulu, dahi şəxsiyyətin faktlara istinadən qətiyyəti növbəti uğursuzluqlarımızın qarşısına əsl vətəndaş səddi idi.

Ümummilli lider Heydər Əliyev tərəfindən imzalanan bu fərmanlar əsl milli təəssübkeşlik qətiyyəti olmaqla gələcəkdə Azərbaycan Respublikası vətəndaşlarının bu dili bilmək, qorumaq və inkişaf etdirmək, dilçilik elminin nəzəriyyəsi və praktikasının inkişafını təmin etmək, onun ümumxalq dili kimi televiziya və radio kanalları ilə təbliğ etməklə, səlis danışıq dövlət dilini bütün xalqa aşılamaq kimi amilləri həyata keçirirdi. Bu qətiyyətli gedişlər dilimizin gələcəkdə başq dillərə yamanmaq təhlükəsini də aradan qaldırırdı.

Əgər bu qətiyyət olmasaydı hələ m.ö. VI minillikdən əlifbaya sahib olub öz dilini XVII əsrə qədər bütün Qafqaza (Gürcüstan, Ermənistan, Çeçen, Abxaz və s.) eləcə də İran və Rusiyaya qədər yayan xalqımızın ümumişlək dili “Yaxınlarda formalaşmış dil” və “gəlmə xalq” statusundan kənarlaşa bilməyəcəkdi.

Azərbaycan Respublikasının Konstitusiyasında mətbuat, televiziya, radio, kitab nəşri və digər nəşriyyat işi ilə məşğul olan qurumların Azərbaycan ədəbi dilinin normalarına riayət etmələrinə xüsusi tapşırıq, əks halda bu qanunu pozan hüquqi, fiziki və vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunma xəbərdarlığı, dilimizin əbədiyaşarlıq zəmanəti idi.

Bundan sonra Ümummilli liderin ideyalarını layiqincə yerinə yetirən Azərbaycan Prezidenti İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşmış,  Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latınqrafikasında yenidən nəşr edilməsinə nail olmuşdur. Prezidentin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı, həm də, əlifba ilə bağlı problemləri tamamilə həll etdi. Bunun da nəticəsində kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi təmin olundu. Dövlət başçısının sonrakı sərəncamları əsasında isə 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”, 100 cildlik “Dünya uşaq ədəbiyyatı kitabxanası”, 100 cildlik “Azərbaycan ədəbiyyatı kitabxanası” seriyasından olan yeni nəşrlər respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunu zənginləşdirdi.

Prezident İlham Əliyevin həyata keçirdiyi mühüm və uğurlu tədbirlərdən biri də 2004-cü il 13 yanvar tarixində imzaladığı “Azərbaycan milli ensiklopediyasının nəşri haqqında” Sərəncam oldu. Prezident İlham Əliyev milli xüsusiyyətlərimizin saxlanmasında ana dili və ədəbiyyatımızın başlıca amillərdən olduğunu dəfələrlə diqqətə çəkərək deyib: “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”.

Ölkə başçısı, həmçinin, 2012-ci il mayın 23-də “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” imzalanan Sərəncamda Son dövrlərdə müasir Azərbaycan ədəbi dilinin tükənməz imkanlarından lazımınca və düzgün istifadə edilməməsi, ədəbi dilimizin özünəməxsus inkişaf qanunauyğunluqlarına xələl gətirə biləcək yad ünsürlərin üzə çıxarılması və s. məsələlər öz əksini tapır. Bütün bunlar Ulu şəxsiyyətin milli gedişlərinin davamı və təsdiqidir.

Hazırkı müstəqil dövlətçiliyimizdə ana dilimizin inkişafı və təkmilləşməsi üçün hər cür şərait eləcə də dövlət qayğısı var. Naxçıvan Muxtar Respublika Ali Məclisin Sədri Vasif Talıbov cənablarının Muxtar respublikamızda da dövlət dil siyasəti, uğurla həyata keçirilir. Azərbaycanda latın qrafikasına keçiddən sonra Muxtar respublikanın kitabxanalarına 2 milyondan artıq kitab verilmiş, Naxçıvan şəhərində “Ana dili” abidəsi ucaldılmışdır. Son illər Muxtar Respublikamızda dərc olunmuş “Naxçıvan Ensiklopediyası”, Azərbaycan və İngilis dillərində “Naxçıvan Abidələri Ensiklopediyası”, 3 cilddə “Naxçıvan Tarixi”, 3 cilddə “Naxçıvvan folkloru Antologiyası” və s. xeyli sayda belə nəşrlər dilimizin və tariximizin əbədiləşməsi rəmzləri olmaqla Respublika Ali Məclisin Sədri Vasif Talıbov cənablarının əsl vətəndaşlıq qeyrətinin təcəssümüdür. Dilimizin saflığı və qorunması istiqamətində həyata keçirilən bu kimi tədbirlər ictimaiyyət tərəfindən çox böyük rəğbətlə qarşılanır. Bütün bunlar Azərbaycan dilinin inkişafı məqsədilə görülən işlərin davamı olaraq xüsusi elmi əhəmiyyətə malikdir. Ali Məclis Sədri cənab Vasif Talıbovun birbaşa şəxsi səyi və milli təəssübkeşliyi ilə gündən-günə gözəlləşən şəhərimizdəki abidə, qədim məbəd və digər qədim tikillilər bərpa olunmuşdur. Bununla bərabər, cənab Sədrin xarici arxeoloqların ərazimizdə arxeoloji axtarışlara cəlb olunması, Gəmiqaya daş yaddaşımızın tədqiqi istiqamətində ekspedisiyaların təşkili, daşınmaz əmlak olan hər qəbildən tikintilərin yüksək milli memarlıq üslubunda başa çatdırılması, təkcə son 5 ildə minə yaxın belə tikililərin təhvili və sair məsələlər bu qayğının təkzibolunmaz nümunələridir. Hər birində tariximiz, memarlıq üslubumuz və onların adında isə dilimiz yenidən həyata qayıtmaqdadır.

Bu gün dilimizin ayrı-ayrı istiqamətləri geniş tədqiq olunur və dilimizin tarixinə dair yeni qiymətli materiallar üzə çıxarılır. Təbii ki, hazırda beynəlxalq aləmə inteqrasiyada “çox dil bilmək” məcburiyyəti yaranıb, lakin buna görə ana dilinə arxa çevirmək olmaz. Biz bütün səyimizlə ANA DİLİMİZİ və mədəniyyətimizi qorumalı, bu dildə yaranmış dastan və qədim yazılarımıza, adət və ənənəmiz üzərində köklənmiş bütün mirasımıza sahib çıxmalı onu xarici dövlətlərə aşılamağa çalışmalıyıq.

Babalarımızdan bizə miras qalan Azərbaycan dili Ana dilimiz olaraq həmişə yaşayacaq və bu dil tarix durduqca millətimizin ünsiyyət vasitəsinə xidmət edəcəkdir. Biz inanırıq ki, torpaqlarımız bütünlükdə geri qayıdacaq, bir zamanlar bütün Qafqazın, Osmanlı dövləti və Rusiyanın içərilərinə adlamış dilimiz yenə o ucalıqdan bizə baxacaqdır!

 

 

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10