Azərbaycan elçisinin sözləri Atatürkün anasını hirsləndirdi

130 Baxış

ataturkSenet.az “XAN” Xarici Xatirə Ədəbiyyatı silsiləsindən Falih Rıfkı Atayın “Atanız Atatürk” kitabından bir hissəni təqdim edir. Qeyd edək ki, kitabı türkcədən dilimizə uyğunlaşdıran f.ü.f.d Nərgiz Cabbarlı, redaktoru isə f.ü.f.d.dos, Şəmil Sadiqdir. Nəşri Kitabevim.az kitab marketindən əldə edə bilərsiniz. 

 

Mustafa Kamal 1934-cü ildən Atatürk soyadını almışdır. Heç bir böyük türk ondan əvvəl “Türkəm!” deməmişdi. Türk osmanlıcada qaba və kəndli demək idi. Şəhər əhalisi alafranqa isə osmanlı, alaturka isə müsəlman hesab edilirdi.

Atatürk Cümhuriyyətin onuncu il dönümündəki nitqini bu sözlərlə bitirmişdir: “Nə mutlu türkəm deyənə!”

O bir milliyyətçi idi, ancaq irqçi deyildi. Onun anlayışında vətən Türkiyə, türk də Türkiyəli demək idi. Bir gün ona:

– Bəs o biri türklər? – deyə soruşulduqda:

– Hamısının vətəni buradır. Hamısına da yurdumuzda yer var, – deyə cavab vermişdir.

Atatürk yaxşı bir ailənin uşağı idi. Atasını çox tanımamışdı. Ögey atası Rəqib bəyi isə əvvəllər heç sevməmişdi. Ancaq hər cür çətinlikləri yenərək onu yetişdirən anasına böyük məhəbbətlə bağlı idi. Uşaqlığından başlayaraq bu dövlət və millətin ən böyüyü olan günə qədər onu daima saymış, hörmət etmişdir. Evə hər gedişində anasının əlini öpmək onun adəti idi. Əsgər, komandir, baş komandan və dövlət başçısı olanda belə, o anasının yanında həmişə əvvəlki “Mustafacıq” idi.

Atəşkəs zamanı anası İstanbulda ikən işğal qüvvələri onun evini ələ keçirmiş, ona çox əziyyət vermişdilər. Sevgili övladının padşahın əsgəri məhkəməsində edama məhkum edildiyini qəzetlərdə oxuduğu gün bəlkə də bu ananın ömründən illər getmişdi.

Atatürk ilk fürsətdəcə anasını Ankaraya, Çankayadakı evinə gətizdirdi. Görüşdükləri zaman Atatürk yenə də böyük ehtiramla onun əlini öpdü. Ancaq anası oğlunu bağrına basmaqdansa, əlinə sarıldı. Atatürk heyrət içərisində:

– Neyləyirsən, ana? – deyərək əlini çəkmək istədi.

Anası Zübeydə xanım isə çox ciddi bir şəkildə:

– Mən sənin ananam, əlimi öpməklə sən öz borcunu yerinə yetirirsən. Ancaq sən həm də dövləti və milləti qurtaran insansan. Mən də bu millətin bir fərdiyəm. Ona görə də onu qurtardığın üçün sənin əlini öpməliyəm.

Bir axşam Mustafa Kamal Çankayaya sünnət toyuna dəvət edilmişdi. Qonaqlar arasında Azərbaycandan gələn elçi İbrahim Abilov da var idi. O Atatürkə:

– Xoş o ananın halına ki, Mustafa Kamalı doğmuşdur, böyük məmnuniyyətlə görüb, əlini öpmək istərdim, – demişdir.

Mustafa Kamal bu sözdən sonra bir yoldaşına üzünü tutaraq:

– Anamın yanına gedin. Mənim adımdan xahiş edin. Zəhmət olmasa, buraya gəlməsini istədiyimi söyləyin, – dedi.

Anası sünnət olunan uşaqların çadırında idi. Atatürkün göndərdiyi xəbəri alan kimi dərhal qalxdı, gəldi. Anası içəri girincə Atatürk o dəqiqə ayağa durdu və onu Azərbaycan elçisinin yanındakı stulda əyləşdirdi:

– Bu da yeni bir dostdur, – dedi, – bayaqdan bəri mənə hey səndən danışır.

Elçi Zübeydə xanımın əlinə sarılaraq bir neçə dəfə öpdü. Sonra Mustafa Kamalın anası ilə elçi ordan-burdan danışmağa başladılar. Bir az keçdi. Birdən Zübeydə xanım oğluna tərəf dönərək dilləndi:

– Bura bax bir, Mustafa, İbrahim Abilov bəy gör nə deyir?

– Nə deyir, ana?

– Deyir ki, sən padşah olmalıymışsan, guya sənə padşahlıq yaraşırmış.

Zübeydə xanım bu sözləri demək olar ki, qaşlarını çataraq söyləmişdi. Sözünü bitirdikdən sonra səbirsizliklə oğlunun üzünə baxdı. Mustafa Kamal gülümsəyərək:

– Söylədikləri xoşuna gəlmədimi? – deyə soruşdu.

Zübeydə xanım tamamilə ciddi şəkildə:

– Xoşuma gəlmədi, oğlum. Sən padşah olmamalısan.

Atatürk bir az altdan alaraq cavab verdi:

– Xeyr, ana, İbrahim Abilov doğru deyir. Bu sözlərdən niyə xoşun gəlmədi ki, başa düşmürəm.

Zübeydə xanım Mustafa Kamalın bu sözlərindən sonra lap həyəcanlanaraq:

– Nə səltənət, hə? Nə padşahlıq, hə? – deyə deyinməyə başladı.

Mustafa Kamal o zaman ona belə cavab verdi:

– Narahat olma, ana. Mən padşah olmayacağam, – dedi. Bir az susduqdan sonra əlavə etdi, – padşah olmayacağam, amma hər halda, baş olacağam, İbrahim Abilov da yəqin ki, sənə bunu anlatmaq istəmişdi.

Zübeydə xanım ancaq o zaman özünə gəldi.

– Mən səltənət istəmirəm, övladım… Səltənət istəmirəm… – deyə mızıldandı.

Anası Mustafa Kamal zəfərdən sonra evləndiyi zamanlarda gəlinini görmək və qəlb xəstəsi olduğundan dincəlmək üçün getdiyi İzmirdə ölmüşdü. Mustafa Kamal anasının məzarı başında belə demişdi:

– Zavallı anamı İzmirin müqəddəs torpaqlarında dəfn etdik. O zülm və istibdad dövrünün pisliklərinin qurbanı olmuşdur. Hərb Akademiyasından yenicə çıxmışdım. Həyatda ilk addımlarımı atırdım. O zaman məni həbs etdilər. Bundan xəbər tutan anam məni görməyə gəldi. İstanbulda onunla ancaq üç-beş gün görüşə bildim. Çünki məni evimdən alıb aparmışdılar. Sürgünə yollanmaq üçün mindiyim paroxoda isə anamın gəlməsinə icazə vermədilər. Göz yaşları içində Sirkəçi limanında qaldı. Atəşkəs zamanı Anadoluda ikən mənimlə bərabər İstanbuldan gələn adamımı anamın yanına göndərmişdim. O gələn adamın tək olduğunu görüncə mənim edam edildiyimi düşünərək iflic keçirmişdi. Anam üç ilinin hər gecəsini ağlamaqla yola vermişdi. Gözlərinin işığını demək olar ki, itirmişdi. Savaşdan sonra ona qovuşduğum zaman artıq yaşaya bilməyəcək halda idi. Anamın ölümündən şübhəsiz ki, çox kədərlənmişəm. Mənə təskinlik verən bir şey varsa, o da anamız vətəni xarabalıq və fəlakətə sürükləyən idarəçiliyin yıxılıb getməsidir. Anamın məzarı önündə və Allahın hüzurunda and içirəm: millətin bu qədər qan tökərək əlinə aldığı hakimiyyəti qorumaq uğrunda lazım gələrsə anamın yanına getməyə bir anlıq belə tərəddüd etməyəcəyəm.

atanizAtatürk bir dəfə evlənmişdi. Zəfər günü İzmirə girdikdən sonra Göztəpədə bir evə qonaq olmuşdu. Evləndiyi Lətifə xanım Mustafa Kamalı o dəqiqə sevdi və ona bağlandı. Ankaraya döndükdən sonra aralarında məktublaşma davam etdi, sonra da evləndilər. Ancaq evlilik həyatı uzun sürmədi.

Atatürk böyük zəkalı adam olduğundan şərtlər yetişmədikcə öz fikirlərini ortaya atmaz, özü də vədəsiz meydana atılmazdı. Belə olmasaydı, çoxdan xərclənib gedəcəyinə heç bir şübhə yeri yoxdur.

Səbir etməyi və öz gününü gözləməyi yaxşı bacarırdı. Atatürkün idealı nə idi? Bu suala cavab vermək üçün o idealı ikiyə ayırmaq lazımdır. Məmləkəti və milləti üçün onun idealları tam mənasıyla “mədəni bir Türkiyə” və “mədəni bir türk” idi. O qazandığı zəfərləri və inqilabları ilə bunu təmin etmişdi. İnsanlıq üçün idealı “müharibəsiz və bütün insanların qardaş kimi yaşayacaqları dünya” idi. “Yurdda barış, dünyada barış” onun sözüdür. O bu sözündə səmimi idi. Ona görə də can düşməni yunanlarla barışmağı və dostluğu qardaşlığa qədər aparıb çıxarmağı bacardı.

Birinci Dünya Müharibəsindən sonrakı diktatorlar Hitler, Mussolini və Stalin mülkü insan idilər. Halbuki marşal formasını geyinmiş, ölənə qədər də əyinlərindən çıxarmamış və millətlərini müharibə üçün hazırlamışdılar. Birinci Dünya Müharibəsindən sonrasının diktatorlarından sayılan Atatürk isə əsgər və marşal idi. Qələbədən sonra əsgər geyimini çıxardı və mülkü paltar geyindi. Daima sülh müqavilələri və tərtibləri yaratdı. Hatay kimi canını yandıran bir vətən məsələsini belə sülh yolu ilə həll etmək, türk qanı tökdürməmək üçün özünü “yedi”. Xəstəliyini ağırlaşdıran səbəblərdən biri də elə bu idi.

O, əsir olan millətlərin azadlığına daima dəstək vermişdi. Onun fikrinə görə, heç bir millət yadelli məmləkətin nə müstəmləkəsi, nə də yarımmüstəmləkəsi olmamalıdır.

Həmin zamanlarda Türkiyəyə gələn bir Misir elçisi deyirdi:

– Min doqquz yüz otuz üçüncü ilin martında Atatürkün Misir elçiliyinə gəlişini xatırlayıram. Səhərə az qalmışdı. Dan yeri sökülmək üzrə idi. Sevinc içində olan Atatürk, – “Şərqdən doğmaqda olan günəşə bir baxın”, – dedi. Üfüqdə günəşin ilk şüaları parlamaqda idi. Sonra da belə söylədi: “İndi günün ağardığını necə görürəmsə, uzaqdan şərq millətlərinin oyanışını da eləcə görürəm. İstiqlal və azadlıqlarına qovuşacaq daha çox qardaş millətlər vardır. Bu millətlər bütün çətinliklərə, bütün maneələrə baxmayaraq hər şeyin öhdəsindən gələcək və onları gözləyən gözəl gələcəyə qovuşacaqlar. Müstəmləkəçilik və imperializm yer üzündən yox olacaq və onun yerinə millətlər arasında heç bir din, irq, rəng fərqi qoymayan yeni bir ahəng və iş birliyi dövrü gələcəkdir”. O bu sözləri dedikdən sonra bir az dayandı və bu sözləri əlavə etdi, – “Sizə bu sözləri söyləyən adam cümhurbaşqanı deyil, türk millətinin sadəcə bir fərdi olan Mustafa Kamaldır.

Atatürkün hürriyyət mübarizəsi bütün məzlum millətləri yerindən oynatmışdı. Çin kapitulyasiyası Türkiyədən sonra aradan qaldırıldı. Biz Hindistanda ikən Çin təmsilçisi Çan Kay Şeki görməyə getmək istəmişdi. O, belə deyirdi:

– Çan Kay Şek xaricilərin düşmənidir. Nə bir Avropalının, nə bir Amerikalının əlini sıxmaq istəyər. Yalnız siz türklər istisnasınız. Çünki o Atatürkün heyranıdır. Onun yolundadır. Baş ucunda olan kitab Atatürk haqqında yazılmış kitabdır.

Bir dəfə də Hindistanda ikən Qandinin qayınatası – o, vali idi – bizə belə dedi:

–Atatürk böyük dövlətlərə baş əydirənə qədər biz hansısa Şərq millətinin hansısa Qərb millətinin əsarəti altından bütünlüklə qurtula biləcəyinə inanmazdıq. Bizim məqsədimiz muxtariyyət idi. Atatürk qələbə qazandıqdan, Lozanda böyük dövlətlərə baş əydirdikdən sonra bizim də idealımız “istiqlal” oldu.

Əllinci il dönümündə iştirak etmək üçün getdiyimiz və dünyada özündən başqa heç kimi görməyən Hitler bizimlə söhbət edərkən:

– Atatürk, – dedi, – bir millət bütün vasitələrdən məhrum edilərsə, özünü qurtaracaq yeni vasitələr yarada biləcəyini isbat etdi. Onun ilk tələbəsi Mussolinidir. İkinci tələbəsi mənəm, – dedi.

Cavada yeni müstəqil hökumətin rəhbəri və baş naziri də bir qəzetçiyə Atatürkə aid bütün kitabları oxuduqlarını və onun tələbələri olduqlarını söyləmişdilər.

***

 

Atatürk nə ehtişamdan, nə mövqelərdən, nə də rütbələrdən ruhunu təmin edən zövq almamışdır. O fikir ardınca gedirdi. Əsl yüksəkliyi daima ideyaları uğrunda savaşmaqda, hər an bütün şan-şöhrətini, şərəfini o ideyalar uğrunda fəda etməyi gözə almaqda aramışdır.

Bir gün Ankara və İstanbul şəhərlərindən birinə “Atatürk” adı verilməsi üçün qanun təklifi hazırlanmışdı. Atatürk təklifi oxudu və yoldaşlarına belə dedi:

– Bir adın tarixdə qalması və ağızlarda söylənməsi üçün şəhərlərin təməllərinə sığınmaq şərt deyil. Tarix zorlanmağı sevməyən nazlı bir pəridir. Fikirlərə daha çox üstünlük verər.

Min doqquz yüz otuz ikinci ildə Marmara evində bir çay qonaqlığında gənclər onu sorğu-suala tutmuşdular. O zaman bir müəllim ondan soruşdu:

– Əfəndim, sizin doğum gününüzün tarixini tapa bilmədik. Həmin gün xalq evində bir mərasim hazırlamaq istəyirik.

Atatürk bu suala əsəbiləşərək cavab vermədi. Bir-iki qullab siqaret çəkdi, sonra bir tarixçiyə tərəf çevrilərək dedi:

– O zaman siz deyin, mən nə zaman anadan oldum?

– On doqquz may, min doqquz yüz on doqquzuncu ildə.

O bu cavabdan tam razı qalaraq:

– Bu da mənim doğulduğum gün! – dedi.

İstanbula ilk dəfə gəldiyində bir şair onun haqqında qəsidə yazmışdı. İçində belə bir misra var idi: “Müjdə İstanbula Qazi cihandan gəldi”. Yanındakılar qəsidəni alqışladılar. Atatürk dodağını büzdü:

– Şair mübaliğəsi! Biz cahan yaratmadıq. Sadəcə viran qalmış bir yurdu yenidən bina etməyə çalışdıq, – dedi.

Bir gün Atatürkün gördüyü işlərdən söhbət düşmüşdü. Bir yoldaş:

– Ən böyük əsəriniz hansıdır? – deyə soruşdu.

Atatürk ona belə cavab verdi:

– Mənim gördüyüm işlər bir-birilərinə bağlı və bir-biriləri qədər də vacib işlərdir. Siz mənə gördüklərimdən deyil, görəcəklərimdən bəhs edin.

Yenə də bir gün insaniyyətçi bir yoldaş:

– Biz insanlıq idealının gerçəkləşməsinə çalışan fikir adamlarının bir araya gəlməsinə, bir-birilərinə yaxınlaşmasına çalışırıq. Bəlkə faydalı olar deyə…

Atatürk onun sözünü kəsdi:

– Siz belə danışmamalısınız. Hansısa bir gün insanlıq idealının gerçəkləşməyəcəyi ehtimalını mümkün hesab etməyin özü belə doğru deyil. İnsanlar bir gün bu bəxtiyarlığa mütləq yetişəcəklər, – dedi.

Cümhuriyyət Bayramı gecəsində Boğaziçi paroxodlarından birini kirayələyən gənclər Dolmabaxça sarayının limanına yaxınlaşmışdılar. Hay-küy salıb qışqırışırdılar. Atatürk qırıq-qırıq danışaraq pəncərəyə yaxınlaşmaq istədiyini başa saldı. Qollarına girib qaldırdılar, pəncərənin qarşısındakı kresloya qədər gətirdilər. Kresloya çökdü, əli ilə gəmiyə işarə etdi. Paroxodda sanki qiyamət qopdu. Gənclərin hamısı bir ağızdan:

Dağ başını duman almış

Gümüş dərə durmaz, axar…

– marşını oxuyurdular. Atatürk də dodaqlarının altında mızıldanmağa başladı. Sonra:

– Bu bayramlar və sabahlar sizindir…. Gülə-gülə, – dedi və ölüm yatağına geri döndü.

Atatürk bir dəfə üç gün davam edən komaya girdi. Özünə gəldiyi zaman ona yatmış olduğunu söylədilər. Amma inanmamış, lakin nə olduğunu da başa düşməmişdi. Atatürkün bu komadan çıxa bilməsi əsl möcüzə idi. Çox yaxın həkimlərdən biri demişdi ki:

– Sizə ədəbi bir şey demirəm, iyirminci əsr tibbinin qüdrətini bilən insan kimi söyləyirəm: ölüm ondan qorxdu.

Ancaq Atatürk son komadan oyanmadı. Qıvranma və çırpınma içərisində yatırdı. Yaxınları və həkimləri başının üstündə idilər. Noyabrın onunda səhər üzünün rəngi getdikcə dəyişdi, xırıltısı getdikcə artdı.

Saat ona beş dəqiqə işləmiş əsgər hərəkəti ilə başını həkiminə tərəf çevirdi, gözlərini açdı və… Bu onun son nəfəsi idi.

Atatürk öldü. Orada olanlar Atatürkün getdikcə istisi azalan əlini öpərək ağlaşdılar

 

 

 

 

 

 

Bölmə : Araşdırma, Manşet
KÖŞƏ YAZARLARI
TOP 10