“Azərbaycan” jurnalının növbəti sayı

2 Baxış

hg

Bu günlərdə “Azərbaycan” jurnalının iyun və iyul buraxılışından ibarət növbəti sayı oxuculara təqdim edilib.

Əməkdar incəsənət xadimi İntiqam Qasımzadənin “Şuşanın dolayları” adlı essesində İntiqam müəllimin 30 illik həsrətdən sonra Şuşaya qayıdışı ilə bağlı təəssüratları yer alıb. Şuşalı günlərin sevinci ilə dolu esse olduqca təsirlidir, müəllif işğaldan öncəki Şuşa səfəri barədə xatirələrini də oxucularla bölüşüb.

Poeziya bölməsində Fəxrəddin Əsəd, Süleyman Abdulla, Musa Ələkbərli, Zeynal Vəfa, Zahid Afşar Eloğlu, Məlahət Məhruqun şeirləri yer alıb.

“Nizami Gəncəvi – 880″ sərlövhəli söhbətlərin növbəti qonağı Firudin Qurbansoydur. AYB Gənclər Şurasının sədri Fərid Hüseyn onunla, Nizami Gəncəvi yaradıcılığında astrologiya və astronomiya elmləri mövzusunda həmsöhbət olub.

Nəsr hissəsində Alpay Azərin “Ömürlük sırğa” povesti, Vüsal Nurunun “Dörd nömrəli kağız” hekayəsi yer alıb. Həmçinin, Tahir Taisoğlunun “Asılqan buynuzu” romanından bir hissə təqdim edilib, əsərin ardı növbəti saylarda dərc olunacaq.

Türkiyənin tanınmış qələm adamı Nəcməddin Turinayın “Yunus Əmrə” adlı məqaləsi “Türk dünyamız” bölməsində yer alıb. Yazını dilimizə Aygün Ələkbərzadə çevirib.

Oxucular bu dəfə “Yeni tərcümələr”də İmdat Avşarın “Bitməyən roman”, Leonid İvanovun “Milad gecəsində” hekayəsi ilə tanış ola bilərlər. Əsərləri Təranə Vahid və Məmməd Oruc çeviriblər.

Əməkdar jurnalisti, şair və nasir Qərib Mehdinin 85 illik yubileyi münasibətilə Qəşəm Nəcəfzadənin xatirələrlə dolu təbrik yazısı da jurnalın bu sayında yer alıb. Əhməd Oğuz isə Kamil Əfsəroğlunun 70 yaşı münasibətilə “Adsız rəngin çalarları” adlı yazı qələmə alıb.

“Tənqid və ədəbiyyatşünaslıq” bölməsində budəfəki təhlil yazısı “I Şah Təhmasib dövrü Azərbaycan ədəbiyyatında Nəsimi təsiri” adlanır.

“Azərbaycan” jurnalının bundan əvvəlki sayında dərc olunan Mübariz Cəfərlinin “Ərəfə” romanı barədə Nərgiz Cabbarlı düşüncələrini oxucularla bölüşüb.

Jurnal, ənənəvi olaraq, “Kitab rəfi” bölməsi ilə yekunlaşır.

525.az

Bölmə : Ədəbiyyat