Azərbaycan kinosu-2017: Zəngin yaradıcılıq ili

10 Baxış

15145533691624043940_1000x669

Başa çatmaqda olan 2017-ci il Azərbaycan kinosu üçün də əlamətdar hadisələrlə yadda qalıb. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmri ilə sentyabrın 15-i ölkəmizdə ilk dəfə olaraq kino mövsümünün başlanğıc günü elan edilib. Bakıda və bölgələrdəki Heydər Əliyev mərkəzləri, mədəniyyət müəssisələrində müntəzəm şəkildə filmlərin nümayişi həyata keçirilib. Ümumilikdə, 242 mədəniyyət müəssisəsi film nümayişi məqsədilə hazır vəziyyətə gətirilib. Həmçinin özəl kinoteatrların gündəlik repertuarlarında milli filmlər üçün seanslar ayrılıb. İlin sonunadək nümayiş etdirilmək üçün 30 bədii, 60-dan çox sənədli film, o cümlədən Milli Qəhrəmanlara həsr olunan 15-dən artıq ekran əsərindən ibarət repertuar hazırlanıb.

Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin əməkdaşı Elşad Əliyev Senet.az-a müsahibəsində deyib ki, bu il maraqlı filmlər kino həvəskarlarının ixtiyarına verilib. İyunun 30-da Nizami Kino Mərkəzində “Üçüncü günün adamı” bədii filminin təqdimatı keçirilib. Rejissor Babək Şirinsifətin Qarabağ mövzusunda lentə aldığı ekran əsəri Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ərsəyə gəlib. Uzunmüddətli cəzaya məhkum edilmiş filmin qəhrəmanı azadlığa çıxdıqda yaxınları dünyadan köçmüş, doğma rayonu işğal edilmiş olur. Təsadüf nəticəsində tanış olduğu həmyerlisi ilə birlikdə təmas xəttini keçərək Kəlbəcərdəki kəndinə gedib çıxan qəhrəman, nəhayət, öz arzusuna çatır – ata-anasının qəbirlərini ziyarət edə bilir.

Bütün kino işçilərinin səbirsizliklə gözlədikləri 2 avqust – Milli kino günündə isə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyası və “Buta Film” kino şirkətinin birgə istehsal etdiyi “Nar bağı” bədii filmi tamaşaçılara təqdim olunub. Məşhur rus yazıçısı Anton Çexovun “Albalı bağı” pyesinin motivləri əsasında çəkilən filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir. Rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev və digərləri canlandırıblar.

“Bu il filmlərimiz beynəlxalq festivallarda da uğur qazanıb. Son dövrdə çəkilmiş ekran əsərlərimiz müxtəlif ölkələrdə keçirilən festivallarda mükafatlara layiq görülüb. Türkiyənin Alanya şəhərində mayın 23-dən 29-dək keçirilən ənənəvi beynəlxalq film festivalında ölkəmiz dörd tammetrajlı bədii film ilə təmsil olunub. Festivala Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Çölçü” (rejissor Şamil Əliyev), “Həddən artıq uyğunluq” (Ülviyyə Könül), “İçərişəhər” (İlqar Safat) və “Qırmızı bağ” (Mirbala Səlimli) filmləri təqdim edilib. Festivalda filmlərin aktyor və yaradıcı heyəti müxtəlif mükafatlarla təltif olunublar”,- deyə Elşad Əliyev bildirib.

Qeyd olunub ki, “Çölçü” filmi Hindistanın Kəlküttə şəhərində keçirilən “Cult” beynəlxalq film festivalının “Qızıl tülkü” mükafatının qalibi olub. Film indiyədək 32 beynəlxalq kinofestivalda və forumlarda nümayiş olunub, müxtəlif mükafatlar qazanıb.

Avqustun 6-dan 26-dək Türkiyənin Trabzon şəhərində təşkil olunan beynəlxalq film festivalında isə ölkəmizi Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” və Mirbala Səlimlinin “Qırmızı bağ” tammetrajlı bədii filmləri təmsil edib. “Qırmızı bağ” bədii filmi üç “Altın kamança” mükafatına layiq görülüb. Filmdə rol alan Gülzar Qurbanova “Ən yaxşı qadın rolu”, Maqsud Məmmədov “Ən yaxşı kişi rolu”, Taleh Bədiyev isə “Münsiflər heyətinin xüsusi mükafatı” ilə təltif olunub.

Rejissor İlqar Nəcəfin “Nar bağı” bədii filmi Türkiyədə 7-ci Malatya beynəlxalq film festivalında baş mükafata layiq görülüb. Ekran əsəri noyabrın 9-dan 16-dək davam edən festivalın tammetrajlı filmlər müsabiqəsində “Ən yaxşı film” seçilərək “Büllur ərik” mükafatını qazanıb. Noyabrda Avstraliyanın Brisben şəhərində Asiya və Sakit Okean Ölkələri Kino Akademiyasının “Asia Pacific Screen Award” mükafatlarının təqdimetmə mərasimində kino akademiyasının üzvü, rejissor İlqar Nəcəf də iştirak edib. Rejissorun “Nar bağı” filmi akademiyanın “Young Cinema Award” nominasiyasında qalib olaraq mükafatlandırılıb. Rejissor “Asiya Oskarı” kimi tanınan bu mükafatı ikinci dəfədir qazanıb. Bundan əlavə, film Qazaxıstanda keçirilən 13-cü Avrasiya beynəlxalq film festivalında da mükafata layiq görülüb. Ekran işinin baş qəhrəmanlarından Əməkdar Artist Qurban İsmayılov “Ən yaxşı kişi rolu” nominasiyasında qalib olub.

Türkiyədə keçirilən “Hak-iş” beynəlxalq qısametrajlı film yarışmasında azərbaycanlı rejissor Amil Məmiyevin “Qara bağ” filmi “Ən yaxşı film” nominasiyasının qalibi elan edilib. Eyni zamanda, filmin baş qəhrəmanı Elxan Abbasov festivalın “Ən yaxşı aktyor” mükafatına layiq görülüb.

Bu il həm də paytaxtımızda keçirilən II Türk Dünyası Sənədli Film Festivalı ilə də yadda qalıb. Festival Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşavirliyi, Bakı Yunus Əmrə İnstitutu, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Türk Dünyası Qəzetçilər Federasiyası (TDQF) tərəfindən təşkil edilib. Festival türk xalqlarının bir-birini yaxından tanıması, müxtəlif ölkələrdə yaşayan türklərin zəngin mədəni dəyərlərini tanıtmaq və dünyaya təqdim etmək məqsədi daşıyırdı. Noyabrda Nizami Kino Mərkəzində “Türk filmləri həftəsi”nin açılışı keçirilib. Layihə Türkiyənin Yerli Düşüncə Dərnəyinin təşkilatçılığı, qardaş ölkənin Mədəniyyət və Turizm Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Bakı Yunus Əmrə İnstitutunun dəstəyi ilə reallaşıb.

Bakıda noyabrın 2-dən 12-dək VIII Avropa film festivalı keçirilib. Festivalın proqramına 18 ölkədən 21 ekran əsəri daxil edilib. Kino bayramı Azərbaycanın Avropa İttifaqı ölkələri ilə mədəni münasibətlərinin inkişafına kömək məqsədilə təşkil olunub.

Bu il, həmçinin tanınmış kino xadimlərinin yubiley mərasimləri, ustad dərsləri, gənc kinematoqrafçılarla görüşlər, ənənəyə çevrilən Buktreyler festivalı və digər maraqlı layihələrlə də yadda qalıb.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Vüqar İbrahimli bildirib ki, kinostudiyada “Eviniz abad” (“Köşk”), “Nar bağı” bədii filmləri və vətənpərvərlik mövzusunda olan “Qarabağın səsi” qısametrajlı silsilə filmlərin növbəti buraxılışları təhvil verilib. “Faşizm bu gün” və “Yadelli nağıllar” (“Azərbaycan musiqisi və erməni plagiatı”) sənədli filmləri üzərində işlər davam etdirilib. Bundan başqa, 1968-ci ildə çəkilmiş “Bu, həqiqətin səsidir. Bəstəkar Qara Qarayev” tammetrajlı sənədli filmi bərpa edilib, Azərbaycan və ingilis dillərində subtitrləri hazırlanıb. 2014-cü ildə çəkilmiş “Qisas almadan ölmə. Keçmişdən məktublar” bədii filmi alt yazı vasitəsilə alman dilinə tərcümə edilib.

Onun sözlərinə görə “Salnaməfilm” studiyasında Xalq Artisti Rəşid Behbudova həsr olunan “Nəğmə dolu bir ürəyəm” sənədli filmi təhvil verilib. “Cırtdan və sehrli xalat” 3D formatda cizgi filminin üzərində yaradıcılıq işi davam etdirilib.

“Yaddaş” studiyası “Batalyon”, “Qürbətdə qalmış məzar” sənədli filminin və “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən V hissənin – 15 sənədli filmin istehsalı başa çatdırılaraq təhvil verilib, silsilənin VI hissəsi – 6 sənədli film istehsala buraxılıb.

“Azanfilm” studiyası “Əlifba” cizgi filmi təhvil verilib, “Balaca şahzadə” cizgi filmi üzərində işlər davam etdirilib. “Debüt” studiyasında “Yol ayrıcında qalmış taksi” (“Gecə taksisi”) adlı qısametrajlı bədii filmin, “Dublyaj” studiyasında isə “Vandam Remboya qarşı”, “Dağ kəndinin qış günü” və “Avtoportret” sənədli filmlərinin istehsalı başa çatdırılıb. “SS Production” şirkəti ilə birgə Xalq Yazıçısı Anarın həyat və yaradıcılığına həsr olunmuş “Ardı yaşanılır” adlı sənədli film istehsala buraxılıb.

KÖŞƏ YAZARLARI
TOP 10