Azərbaycan kitabları Moskvada mükafata layiq görüldü

54 Baxış

kitab

Moskvada keçirilən 28-ci Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində MDB ölkələrinin “Kitab sənəti” (“Искусcтво книги”) XII Beynəlxalq müsabiqəsi qaliblərinin təntənəli mükafatlandırılması mərasimi keçirilib. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin müsabiqəyə təqdim etdiyi 10 kitab müxtəlif nominasiyalarda diplomlara layiq görülüb.

“Heydər Əliyev adına fotoalbom” (“Renesans” nəşriyyatı) müsabiqənin “Qran-pri” nominasiyasına seçilib. “Qələbə” nominasiyasında isə Heydər Əliyev Fondu və Bakı Media Mərkəzinin dəstəyi ilə çap edilmiş “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” kitabı birinci dərəcəli diploma layiq görülüb.

“İrs” silsiləsi çərçivəsində dərc olunmuş “Məftun edən şəhər” (“İRS Publishing House” nəşriyyatı) kitabı “Mənim ölkəm” nominasiyasında birinci dərəcəli diplom alıb. Sevinc Nuruqızının “Qədim Bakıya səyahət” kitabı “Uşaqlar və yeniyetmələr üçün kitablar” nominasiyasının qalibi seçilib. “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turanın “Əli bəy Hüseynzadə” kitabı isə müsabiqənin “Elm və innovasiyalar” nominasiyasında ikinci dərəcəli diploma layiq görülüb. “Tədris vəsaiti və təhsil” nominasiyasında ikinci dərəcəli diplom A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudovun və tarix elmləri doktoru Kərim Şükürovun dördcildlik “Azərbaycan: beynəlxalq münasibətlər və diplomatiya tarixi” toplusuna təqdim edilib. “İrs” jurnalının baş redaktoru Musa Mərcanlının redaktorluğu ilə “İRS Publishing House” nəşriyyat evində çap olunmuş “Qobustan – minilliklər kitabı” “Art kitab” nominasiyasında üçüncü dərəcəli diploma layiq görülüb. “Təbrizin sehrli nağılları” (“İRS Publishing House” nəşriyyat evi) isə “MDB-də çap olunub” nominasiyasının qalibi seçilib. Həmin kitabın müəllifi Cəmilə Həsənzadədir.

Diplomlar tanınmış şair, Əməkdar Mədəniyyət İşçisi Çingiz Əlioğluna, Azərbaycanın Rusiyadakı səfərliyinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundovaya və “İrs” jurnalının baş redaktoru Musa Mərcanlıya təqdim edilib.

MDB ölkələrinin “Kitab sənəti” Beynəlxalq müsabiqəsi Rusiya Mətbuat və Kütləvi Kommunikasiyalar Federal Agentliyi və MDB Dövlətlərarası Şurası tərəfindən 2004-cü ildən keçirilir. Bu il müsabiqəyə MDB-nin üzvü olan 5 ölkədən, habelə Gürcüstan və Estoniyadan layihələr təqdim edilmişdi.

Ənənəvi Moskva Beynəlxalq kitab satış-sərgisi Rusiya paytaxtındakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin binasında keçirilib. Bu il 28-ci dəfə təşkil olunan sərgiyə 300-dən çox nəşriyyat evi və ticarət təşkilatı qatılıb.

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10