Azərbaycan məhbəs nəsrinin yaradıcısı

642 Baxış

 elekberzadeYazıçı  Çingiz Ələkbərzadə  Rövşən Yerfinin “Xatırlanasılar” layihəsində..                            

Ölkəmiz müstəqilliyə qovuşandan sonra həyatımızın bir çox sahələrində olduğu kimi ədəbiyyatımızda da yeni keyfiyyət əlamətləri yaranmağa başladı. Ciddi sayılacaq belə əlamətlərdən biri də həbsxana həyatından  bəhs edən məhbəs nəsrinin yaranması idi.

Doxsanıncı illərdən başlayaraq iyirmi üç il ərzində özüm də daxil olmaqla yeddidən çox yazıçının (AYB üzvünün) yaradıcılığında özünü göstərən ədəbiyyatın bu növünün varlığı təəssüf ki, hələ də ədəbi tənqidimizin nəzərində yox kimidir. Müxtəlif vaxtlarda tanınmış tənqidçilərimizdən Vaqif Yusifliyə, Cavanşir Yusifliyə, Tehran Əlişanoğluya və bir neçə xanım tənqidçiyə müraciət edərək yeni nəsr sahəsi haqqında fikirlərini bildirməyi xahiş etsəm də əhəmiyyət verməyiblər. Görünür bu barədə hələ ki, Ədəbiyyat İnstitutundan və ya Yazıçılar Birliyindən göstəriş olmadığından özlərini zəhmətə salmamağa, susmağa daha çox üstünlük verirlər.

Ona görə də özüm danışmağa qərar verdim. Bu yazımda məqsədim ədəbiyyatımızda məhbəs nəsrinin yaradıcısı Çingiz Ələkbərzadə haqqında danışmaqdır.

Çingiz Ələkbərzadə 1936-cı il oktyabrın 17-də Bakı şəhərində, ədəbiyyatımızın görkəmli yazıçılarından biri olan Əbülhəsən Ələkbərzadənin ailəsində anadan olmuşdur. Tovuz şəhərində orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır . Tələbəlik dövründə “Kökəlməyin sirri”  adlı ilk hekayəsi almanaxda dərc olunmuşdur. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir.1964-cü ildə “Yarpaqlar töküləndə”adlı ilk kitabı çap olunmuşdur.

Əmək fəaliyyətinə Əli Bayramlı rayonundakı 2 saylı orta məktəbdə müəllim kimi başlamışdır. O, həyatı ərzində hərəsində bir neçə il işləməklə xeyli sayda iş yeri dəyişmişdir. İsmayıllı rayonundakı İvanovka kəndində müəllim, Əli Bayramlıda “İşıq” qəzetində, İsmayıllıda “Zəhmətkeş” qəzetində, “Azərbaycanfilm” kinostudiyasında, “Kirpi” satirik jurnalında çalışmışdır. Ən çox işlədiyi yer Azərbayca Dövlət Televiziya və Radio Verilişləri Komitəsi olmuşdur. Burada üç dəfə fasilələrlə müxtəlif illərdə on üç ildən çox fəaliyyət göstərmişdir.

1986-cı ildə televiziyanın “Günün ekranı” redaksiyasında Şirvan üzrə xüsusi müxbir işləyərkən ictimai qüsurları kəskin tənqid etdiyinə görə atasının vəfatının qırxını gözləmədən  rüşvət almaq şərləməsi ilə həbs edilmişdir. Şübhəsiz, dörd yüz manat pulun cibinə salınması və üzəduran hal şahidləri hadisənin “yuxarıların” sifarişi ilə qurulduğunu sübut edir.

Nəticədə əlli yaşlı Çingiz Ələkbərzadə iki il yarım həbsdə yatmalı olur. Çox keçmədən bəraət almış, həyatının qalan on ilini də bədii yaradıcılığa həsr etmişdir. 1999-cu ilin yanvarın 7-də vəfat etmişdir.

Çingiz Ələkbərzadə bir çox xalq yazıçılarının, şairlərinin övladları kimi heç vaxt atasının ad-sanından istifadə etməyə, yararlanmağa səy göstərməmiş, yüksək vəzifələrə can atmamışdır. Həbs edilənədək roman, povest və hekayələrdən ibarət beş kitabı çap olunmuşdu. 1977-ci ildə Mehdi Hüseynin “Abşeron” romanı əsasında çəkilmiş “Vulkana doğru” adlı ilk üç seriyalı Azərbaycan filminin ssenari müəllifi olmuşdu. Həbsdən sonra isə “Zindan”, “Qumarbaz”, “Türmə mənim ahımdır” kitablarını yazmışdır.

O, iki il yarımlıq həbs müddətində ömrünü qısaldan xəstəliyə  düçar olsa da, 1992-ci ildə nəşr etdirdiyi “Zindan”  romanı ilə Azərbaycan məhbəs nəsrinin əsasını yaratdı və ədəbiyyatımızda özünə yaşarılıq hüququ qazandı. Onun ardınca məhbəs nəsrində 1993-cü ildə Oənimət Əlisaoğlunun “Lənət qapısı”, 1996-cı ildə Oqtay Əhmədovun “Cəhənnəm yolu”, 2000-ci ildə İsmayıl Qarayevin  arxivindən “Sxodka” əsərləri oxucu kütləsinə təqdim olundu.

Məhbəs mövzusunun gənc oxucular arasında cəlbedici olması səbəbindən yazıçının “Zindan” və “Qumarbaz” adlı kitabları vəfatından sonra da özəl nəşriyyatlar tərəfindən bir neçə dəfə çap olunmuşdur. Oxucunu cinayətdən çəkindirmək, azadlığı qiymətləndirmək, xeyirlə  şərin mübarizəsini dərk etmək baxımından bu kitabları əvəzsiz ədəbi sənət nümunələri hesab etmək olar.

Hələ nə qədər ki, məhbəs nəsrində kitablar yazılmaqda davam edir, Çingiz Ələkbərzadə daim xatırlanacaqdır.

Bölmə : Manşet, Nəsr, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10