Azərbaycan Parlamenti necə açıldı? – Dilqəm Əhməd

23 Baxış

 images

Senet.az oxucularına “Ustad” jurnalının 19-cü sayından Dilqəm Əhmədin “Azərbaycan Parlamenti necə açıldı?” yazısını təqdim edir.

Bu il Azərbaycan Cümhuriyyəti Parlamentinin açılmasının yüzüncü ildönümü tamam olacaq. Bu tarixi hadisənin hansı şəraitdə baş tutmasını diqqət etdikdə Cümhuriyyət liderlərinin necə cəsarətli addım atdıqlarının şahidi oluruq.

Dünya müharibəsi başa çatınca dünyanın yeni xəritəsini cızacaq Paris Sülh konfransı yaxınlaşırdı. Öz müstəqilliyini hər vasitə ilə qorumağa çalışan Azərbaycan Cümhuriyyəti də orada bütün xalqın adından danışa biləcək bir siyasi qurumla təmsil olunmaq istəyirdi. Belə tam səlahiyyətli qurum isə Müəssislər Məclisi idi. Doğrudur, Azərbaycan hökuməti 14 sentyabr 1918-ci ildə Müəssislər Məclisinə seçkilər üzrə, 21 oktyabrda isə həmin quruma seçkilər haqqında qanunu hazırlayacaq iki komissiya yaratmışdısa da, onlar mövcud durumda bir iş görə bilməmişdi. Paris isə, təbii ki, Azərbaycanın nə zaman seçkilər keçirməsini gözləməyəcəkdi. Belə bir durumda Azərbaycan üçün ciddi təhlükələr yarana bilərdi, çünki məsələn, Versal Bakı valiliyinin Azərbaycanın tərkibindən çıxarılıb Rusiyaya verilməsi və b. faciəli qərarlar qəbul edə bilərdi.

Baş nazir Fətəli xan Xoyski Milli Şuraya müraciət etdi ki, Müəssislər Məclisini çağırmaq üçün hazırlıq işinə hökumətin vaxtı çatmadığından bu vəzifəni Milli Şura öz üzərinə götürsün.

Milli Şura təkliflə razılaşdı. Şuranın Məhəmmədəmin Rəsulzadənin sədrliyi altında 19 noyabrda keçirilən iclasında məsələ geniş müzakirə edildi. Elə həmin gün Milli Şura Azərbaycan Məclisi-Məbusanının (Parlamentinin) yaradılması haqqında qanun qəbul etdi.

Orada göstərildi ki, Zaqafqaziya Seymindəki Müsəlman fraksiyası Rusiya Müəssislər Məclisinə 1917-ci ildə ümumi səsvermə ilə seçilmiş 14 müsəlman deputatın üzərinə partiya nümayəndələrinin artırılması hesabına genişləndirilərək 44 nəfərdən ibarət olmuşdu. Həmin 44 nümayəndə may ayında özünü Azərbaycan Milli Şurası elan edərək yeni yaradılan Azərbaycan dövlətinin idarəsini öz öhdəsinə götürüb. Ancaq Azərbaycan yalnız türklərlə, müsəlmanlarla məskunlaşmayıb, buna görə də Milli Şura torpağımızda yaşayan bütün millətləri təmsil etməlidir, halbuki 44 nəfər bütün əhalinin təmsilçisi deyil.

120 nəfərdən ibarət olacaq Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanına (Parlamentinə) hər 24 min nəfərdən bir məbus (deputat) hesabı ilə müsəlmanlar 80, ermənilər 21, ruslar 10, almanlar 1, yəhudilər 1 məbus seçəcək.

Milli Şuranın 44 müsəlman üzvü ümumi səsvermə yolu ilə seçildikləri üçün Məclisi-Məbusana birbaşa üzv sayılacaq, qalan 36 yerə isə əlavə şəxslər seçiləcək. Qanunda Azərbaycanın ayrı-ayrı şəhər və qəzaları üzrə əlavə göndəriləcək nümayəndələrin sayı da müəyyən edilmişdi.

29 noyabr 1918-ci ildə Azərbaycan Milli Şurasının sədri Məhəmmədəmin Rəsulzadənin yayımladığı “Bütün Azərbaycan əhalisinə” müraciətnaməsində oxuyuruq:

“Bu ayın 19-da qəbul elədiyi qanunnaməyə görə, Şurayi-Milli dekabrın 3-nə qədər 120 əzalıq bir Məclisi-Məbusan (Parlaman) halına gələcəkdir. Bu Məclisə azlıqda qalan millətlərdən nümayəndələr cəlb olunduğu kibi, məmləkətin vilayətlərindən də vəkillər çağırılmışdır. Bu surətlə yığılacaq Məclisi-Məbusan iləridə ümumi intixab üsulu ilə Azərbaycan Məclisi-Müəssisanı yığışıncaya qədər yurdumuzun sahibi olacaq, onun müqəddəratını həll, hökumətini təşkil və mənafeyini mühafizə edəcəkdir. […] Bizi təxribkar qüvvətlərdən, məhvedici anarşidən, hərc-mərcdən qurtarmaq içün öz dəvətimizlə gələn türklər vəzifeyi-xilaskaranələrini ifa edərək bu gün mövqelərini Müttəfiq əsgərlərə təslim etmişlərdir. Qafqasya ərazisi üzərində asayişi təmin eləmək içün gələn bu yeni qüvvət millətlərin müqəddəratını təyin edib də istədikləri kibi yaşamaq əzminə mane bir qüvvət deyildir. “Cəmiyyəti-Əqvam” fikrinin ələmdarı bulunan rəisi-cümhur Vilson bu zümrəyə mənsubdur. Paytaxtımızda müsafir bulunan Müttəfiq əsgərlərinin komandanı müsyö Tomson Qafqasyaya aid məsələlərin Sülhi-ümumi Konfransında həll olunacağını rəsmən bəyan etmişlərdir. […] Əvət, vətəndaşlar, Azərbaycanın müqəddəs həqqi-istiqlalı heç bir millət tərəfindən inkar edilməyir, biləks, hüsni-təvəccöh və qəbul görməkdədir. İnanalım millətimizin istiqbalına, inanalım Azərbaycanın səadətinə! [...] Bütün Azərbaycan vətəndaşları bilafərqi-millət və məzhəb bir vətənin övladıdırlar. Ümumi vətəndə müştərək həyatlarını qurmaq və bərabərlikdə kəndi səadətlərini hazırlamaq üçün onlar yekdigərinə əl uzatmalı və yardım etməlidirlər. Bu xüsusda ən böyük məsuliyyət və ən ağır vəzifə, bittəb, Azərbaycanın türklərinə, müsəlman camaatına düşəcəkdir. Onlar bu topraq üzərində yaşayanların ən böyük əksəriyyətini təşkil etdiklərindən daha ziyadə fədakar və daha ziyadə mütəhəmmil bulunmalıdırlar. [...]

Yaşasın Azərbaycan Məclisi-Məbusanı!

Yaşasın Azərbaycan Cümhuriyyəti!

Yaşasın Cəmiyyəti-Əqvam!”.

Gördüyümüz kimi, Məclisi-Məbusanın (Parlamentin) açılışı 3 dekabra təyin edilmişdi, ancaq Bakıdakı rus və erməni Milli Şuraları bu işə mane olmaq üçün Bakıya yenicə gəlmiş Müttəfiq qoşunlarının baş komandanı general Tomsondan istifadə etməyə çalışdılar. Azərbaycan rəhbərliyinin general Tomsonla apardığı danışıqlar onların səylərinin qarşısını xeyli aldı – qəzalardan bütün deputatların Bakıya gələ bilməsi üçün Parlamentin açılışı 7 dekabra keçirildi.

Beləliklə, 7 dekabr 1918-ci ildə gündüz saat 1-də H.Z.Tağıyevin Nikolay küçəsində yerləşən keçmiş qız məktəbinin (indiki AMEA Əlyazmalar İnstitutunun) binasında müsəlman Şərqində ilk parlamentin açılışı oldu. Ancaq şəhərdəki durum hələ də gərgindi – deputatların həbs edilməsi təhlükəsi vardı. Azərbaycan istiqlalını hər şeydən üstün tutan Məclis üzvləri isə qorxuya üstün gələrək cəsarətlə bir yerə toplandılar.

Məclisi-Məbusanın açılışını edən Azərbaycan Milli Şurasının sədri Məhəmmədəmin Rəsulzadə geniş təbrik nitqi ilə çıxış etdi. O, millət vəkillərinə bunları da dedi:

“Zaman ağır, gedəcəyimiz yol çok tikanlı və arizəlidir. İləridə bir çox müşkülat və maneələri dəxi gözə almalıyız. Dumanlı yolları keçmək və səri-mənzili-məqsədə irmək üçün siz, məbus əfəndilər, bir çok fədakarlıqlar etməli, təmsil etdiyiniz millətə səbat, mətanət göstərmək üzrə bir nümuneyi-əmsal təşkil etməlisiniz. Bu nümunəni göstərəcək iqtidar və istedada malik oldunuzsa yolun yarısı gedilmiş deməkdir. Əvət, əfəndilər, bu gün firqə ehtirasları, şəxsi qərəzləri və bütün bu kibi vətən və millət qayəsi qarşısında səqət qalan qərəzlər atılmalı, Vətən qayğısı, millət duyğusu hər şeydən yüksək tutulmalıdır”.

Məclisi-Məbusanın bu ilk iclasında Əlimərdan bəy Topçubaşov onun sədri, Həsən bəy Ağayev isə sədrin birinci müavini seçildilər. (Əlimərdan bəy öncə İstanbulda, sonra isə Parisdə Azərbaycan təmsilçisi olduğu üçün Parlamentə gerçək sədrlik Həsən bəyin üzərinə düşdü).

Az sonra Məclisi-Məbusanın 3 nəfərlik katibliyi də seçildi.

İlk iclasda Azərbaycan Cümhuriyyəti müvəqqəti hökumətinin sədri F.x.Xoyski hökumətin fəaliyyəti haqqında hesabat verdi və onun istefasını qəbul etməyi Məclisi-Məbusandan xahiş etdi. Parlament hökumətin istefasını qəbul etdi.

Qeyd etmək gərəkdir ki, Məclisi-Məbusan haqqında qanunda ermənilərə 21, ruslara 10 deputat yeri ayrıldığına baxmayaraq onlar Məclisin ilk iclaslarına qatılmadılar. Bakı Rus Milli Şurası burada iştirakı “Vahid və bölünməz Rusiya” ideyasına xəyanət, Azərbaycanın Rusiyadan ayrılması faktının tanınması kimi dəyərləndirirdi. Ancaq Bakıdakı “Rus-slavyan Cəmiyyəti” özlərinin nümayəndələrini Məclisə götürmək xahişi ilə Milli Şura sədri Rəsulzadəyə müraciət etdikdən və onlara 5 yer ayrıldıqdan sonra Rus Milli Şurası da 1919-cu ilin yanvarında Məclisə qatılmaq istədiyini bildirdi.

Azərbaycan Parlamentində iştirak etməməklə onun fəaliyyətini pozacaqlarını güman edən Erməni Milli Komitəsi də Məclisə iki ay nümayəndə göndərmədi. Parlamentin onlarsız da normal işlədiyini görüncə ermənilər Məclisə qatılmağa qərar verdilər və burada iki fraksiya yaratdılar.

Beləliklə, artıq 1919-cu ilin sonlarına yaxın Məclisi-Məbusanda 11 müxtəlif partiya fraksiyası və qrupun təmsilçisi olan 96 deputat vardı. Fəaliyyətinin sonunadək müxtəlif əvəzlənmələrlə Məclisi-Məbusanın 100 müsəlman və 28 qeyri-müsəlman olmaqla 128 deputatı olub.

Məclisi-Məbusan işə balayınca yeni hökumətin təşkili də vacib məsələ kimi ortaya çıxdı. Parlamentin feilən sədri Həsən bəy Ağayev 13 dekabr 1918-ci ildə F.x.Xoyskiyə müraciətlə yeni kabinənin təşkilini ondan xahiş etdi. İkinci xahişdən sonra Fətəli xan Məclisi-Məbusandakı “İttihad” fraksiyasından başqa bütün yerdə qalan qrupların nümayəndələrindən ibarət koalisyon hökuməti 28 dekabrda təşkil edərək Parlamentin təsdiqinə verdi.

Bu hökumət təsdiqlənən kimi general Tomson onu Azərbaycanda yeganə qanuni hakimiyyət kimi tanıdığını bəyan etdi.

Cəmi 17 ay yaşamasına baxmayaraq Azərbaycan Cümhuriyyətinin Məclisi-Məbusanı 1918-ci il dekabrın 7-sindən 1920-ci ilin 27 aprelinədək 145 iclas keçirdi və ölkənin ən önəmli həyati məsələlərini həll etdi. O, özünün yüksək işgüzarlıq qabiliyyəti ilə sübut etdi ki, Azərbaycan xalqı həqiqətən parlament idarəçiliyi səviyyəsinə yüksəlib.