Azərbaycan postmodern poeziyası – Salidə Şərifova

12 Baxış

1998 Salida Serifova

Senet.az oxucularına “Ustad” jurnalının “Ustad ədəbiyyat” rubrikasından Salidə Şərifovanın “Azərbaycan postmodern poeziyası” yazısını təqdim edir.

Azərbaycan postmodern poeziyasının bədii xüsusiyyətləri

Çağdaş Azərbaycan poeziyasında tam təsdiqini tapmamış “postmodern” şeir anlayış əslində yeni və mübahisələr doğuran anlayışdır. Postmodernizm poeziyada özünü daha çox gənc şairlərin yaradıcılığında büruzə verir. Gənc ədiblər ənənəvi dəyərləri dekonstruksiya etməyə meyillidirlər. Məhz, Rasim Qaracanın, Murad Köhnəqalanın, Zahir Əzəmətin, Aqşinin, Şərif Ağayarın, Nərmin Kamalın, Sevinc Pərvanənin Günel Mövludun və başqa şairlərin şeirlərində postmodernizmin ilkin təzahürlərini və klassik mətnlərin dekonstruksiyasını açıq-aydın görürük.

Postmodern poetik nümunələrdə qaydaların pozulmasının, qeyri-müəyyənliyin, gələcəyə dönüşün (Back to the future), parçalanmanın, ironiyanın, hibridləşmənin, karnavallaşmanın və s. kimi postmodernizm əlamətləri özünü büruzə verir. Məsələn, Rüfət Əhmədzadənin “Azərbaycan, sənə nə versəm” şeirində postmodernist üslub ilk növbədə diqqəti cəlb edir. Müəllif şeirini amerikalı şair Allen Qinzberqin (İrvin Allen Qinzberq) “Amerika” şeirindən ilhamlanaraq qələmə almasını vurğulayır. Müharibə əleyhdarı və Bit cərəyanının qurucularından biri olan Allen Qinzberq homoseksual (gey) insanların azadlığını müdafiə edir, hətta öz şeirlərində homoseksual olduğunu gizlətmirdi. Allen Qinzberqin “Howl” (İnilti) şeiri Bit cərəyanının manifestinə çevrilmişdir. Həmid Piriyevin tərcümə etdiyi Allen Ginsberqin “Amerika” şeiri ilə Rüfət Əhmədzadənin “Azərbaycan, sənə nə versəm” şeirində oxşar çalarlar intertekstual əlaqələrdə özünü qabarıq büruzə verir.

Amerika, hər şeyimi sənə verdim və indi heç nəyəm…

deyən  Allen Qinzberqdən fərqli olaraq Rüfət Əhmədzadə qeyd edir ki,

Azərbaycan!

Sənə hər şeyimi verə bilərdim,

Amma qorxuram ki, heç nə olaram…

Allen Qinzberq

Əslində sən müharibə etmək istəmirsən, Amerika.

Bütün bunlar alçaq rusların əməlləridir, Amerika

deyə qələmə alırsa, Rüfət Əhmədzadə həmkarından fərqli olaraq yazırdı:

Bir əsgər tapmadınmı

Səninçün canından yox

Nəsli üçün yığdığı milyonlarından keçsin?

Dilin qısadır amma,

Uzun dirəklərinlə öyünürsən…

Sənə nə desəm azdır.

Ədəbi cərəyan olaraq postmodernizmin qafiyənin inkarını yerinə yetirməsi postmodern üslubda qələmə alınmış qafiyəsiz poetik nümunələrə xas əlamətlərdən biridir.

İnkarı inkar nəticəsində yaranmış postmodernizm cərəyanında Nərmin Kamalın qələmə almış olduğu “Paltaryuyan maşın haqda şeir” poetik nümunədə şairənin postmodern düşüncə tərzi özünü göstərir.

Küsülüdür ər-arvad,

qucaqlaşmır, öpüşmür,

yatmırlar neçə gündür

bir döşəyin üstündə

amma ki, paltarları

sıxılıb qucaqlaşır paltaryuyan maşında

qadının ətəkləri,

kişinin şalvarları,

sonra daha naziklər, –

qadınkılar ağ,

kişinkilər qara,

qadınkılar güpür,

kişinkilər pambıq,

qarışıb sevişirlər suların ortasında,

heç küsülü deyillər şüşənin arxasında

Təəssüf doğurucu haldır ki, son dövrlərdə poetik nümunələrdə vulqar ifadələri işlədən müəlliflər bu prosesi postmodernizmlə əlaqələndirirlər.Vulqar sözlərin çox işlədilməsini postmodernizmlə əlaqələndirən qələm sahibləri bu baxımdan yanlış mövqe tuturlar.

Postmodern şeirlərdə mövcud strukturun və məzmunun dağıdılmasına yol verilir.Postmodernizmi təsbit olunmuş xronoloji hadisə kimi qəbul etməyən, onu hansısa bir mənəvi durum kimi dəyərləndirən Umberto Eko “hər bir dövrün öz xüsusi postmodernizmi” olması amilinə toxunmuşdur. Umberto Ekonun fikrinə əsasən deyə bilərik ki, məhz bu fikir baxımından müxtəlif illərdə qələmə alınmış poetik nümunələrdə bunu qabarıq görmək mümkündür. Postmodern pərdə altında poetik nümunələr qələmə alan şairlərimiz üçün maddi aləmlə yanaşı mənəvi aləm də səthi anlayışdır. Bəşəriyyətin nemətlərini dekonstruksiyaya (bəzən rekonstruksiya) uğradan şairlər üçün kainatın özü bir boşluq idi, onlar üçün hibridləşmə, həmçinin keçmişi təcrübələr məxəzi kimi müasir mətnlərə yeridilməsi əsas idi. Dekonstruksiya anlayışı postmodernizmə aid anlayışdır və özünü şeirin strukturunda əks etdirir. Postmodern şeirlərdə mövcud strukturun dağıdılması ilə məzmunun dağıdılması da özünü büruzə verir.

Poeziyada postmodernizm özündən əvvəl mövcud olan və bu mövcudluğu inkar etmədən mətni dekonstruksiyaya və ya rekonstruksiyaya uğradaraq inkişaf edərək özünü qabarıq şəkildə göstərir. Postmodern üslubda qələmə alınmış poeziya nümunələrinin məzmunca dekonstruksiyaya yaxud da rekonstruksiyaya məruz qalmaları özünü büruzə verir. Poetik nümunə dekonstruksiyaya məruz qaldıqda, bu zaman yeni yaradılan şeirin mətninin məzmunu ironik şəkildə ondan əvvəl yaradılmış şeirlərin məzmununun əksinə olur. Yeni yaradılmış poetik nümunənin məzmunu ədəbiyyata məlum şeirlərin mətninin məzmun ilə əkslik təşkil edirlər.

Azərbaycan Sovet ədəbiyyatında Rəsul Rzanın V.İ. Leninə həsr etmiş olduğu “Lenin” poemasındakı fikirlər postmodernizmdə dekonstruksiyaya uğrayaraq oxucuya təqdim edilir. Rəsul Rzanın

Mən hansı bir insana

bənzədim ki Lenini,

Məzarının başında

cahan ağlamış olsun

bəndi Murad Köhnəqalanın “Gilas və səbət” şeirində dekonstruksiyaya uğramış mətn kimi təqdim edilir:

Mən hansı bir meymuna

bənzədim ki insanı

meymun onun yanında toya getməli olsun

və ya

Mən hansı bir kişiyə

bənzədim ki bizdən yazan qələm dostumuzu

hamımızı dirigözlü güllələtməmiş olsun

Murad Köhnəqala “Gilas və səbət” şeirinin mətnini bizə məlum Rəsul Rzanın “Lenin” poemasındakı mətni dəyişdirmişdir. Bununla şair sadəcə olaraq “Mən hansı bir… bənzədim ki” formasını Rəsul Rzanın “Lenin” poemasındakı  “Mən hansı bir insana bənzədim ki” misrasından götürərək dekonstruksiya uğramış postmodernist mətn yaratmağa nail olmuşdur. Bu poetik nümunədə postmodern ədəbiyyata xas intertekstual əlaqələr özünü göstərmişdir. Azərbaycan postmodern poeziyasında güclü intertekstual əlaqələr özünü göstərməkdədir. Məsələn, Fikrət Sadığın “Bənzətmə” adlı beş misralıq şeirində Azərbaycan xalq yaradıcılığı, xüsusilə də, “Kitabi Dədə Qorqud” dastanı ilə sıx intertekstual əlaqələr müşahidə olunur. Fikrət Sadığın qələmə aldığı

Oğlağa quzu demədi o Dədə Qorqud,

Gödəyə uzun demədi o Dədə Qorqud,

Bütövə dilim demədi o Dədə Qorqud,

Nadana alim demədi o Dədə Qorqud.

Kim dedi bəs?

bəndi Dədə Qorquda xas olan

Gəlinə ayran demədim mən Dədə Qorqud,

Ayrana doyuran demədim mən Dədə Qorqud.

İynəyə tikən demədim mən Dədə Qorqud.

Tikənə sökən demədim mən Dədə Qorqud.

bənd arasında intertekstual əlaqələri müşahidə etmək olar.

Rəsul Rzanın poeması Əlisa Nicatın “Mən hansı bir insana bənzədim ki Lenini” şeirində də dekonstruksiyaya uğrama ilə yanaşı intertekstual əlaqələr özünü büruzə verir.

Mən hansı bir julikə

Bənzədim ki, Lenini

Krupskaya adında

Arvadı ola-ola

Londondan, Cenevrədən

Gətirib Moskvada

İnessa Armand ilə

Kef edib əyyaş olsun.

Hökmüylə min-min şair

Alim, nasir, filosof

Dönüb danabaş olsun.

Postmodern poeziyada real aləmin inkar edilərək xaotik aləmin təsviri də özünü göstərməkdədir. Belə ki, xaotik aləmi təsvir edən şairlər qələmə aldıqları şeirlərdə nizamsız mənəvi meyar və dəyərləri ehtiva etməyən aləmi təsvir edirlər. Ələkbər Əliyev Rasim Qaracanın qələmə almış olduğu şeirdə

yaxşı bir təklifim var

gəlin özümüzü öldürək….

gözəldir təbəssüm dodağında

atılmaq yüzüncü mərtəbədən

sanki uçursan

ya da

alnında tapança lüləsi və

kiçik bir çaxmaq işarəsi

həyatın mənasızlığını

misralarındakı xaotik aləmin təsvirini “Mənalı dünyamıza bir işıq tutaq” şeirində rekonstruksiyaya uğradır.

Yaxşı bir təklifim var

Gəlin hamımız dirilək Е

****

Gözəldir təbəssüm dodaqlarda

Ölümə gedərkən

Bu din uğurunda.

Yaxşı bir təklifim var

Gəlin özümüzü dirildək

***

Mənalı dünyamızı çirkabdan təmizləyək!

Yazının davamını “Ustad” jurnalının 12-ci sayından oxumaq olar.

KÖŞƏ YAZARLARI
TOP 10