Azərbaycan povestində İsi Məlikzadə səhifəsi – Vaqif Yusifli yazır

11 Baxış

isi melikzade

Get-gedə “romanın özünü belə sıxışdıran” povest 60-70-ci illərin nəsr prosesinin aparıcı qüvvəsinə çevrildi. Azərbaycan povesti Azərbaycan gerçəkliyinin reallığını əks etdirdi – o reallıq ki, nəsrimizdə “müsbət qəhrəmanlar”ı sıravi, adi qəhrəmanlar əvəz etməyə başladı, bədii fikir insanın istehsalat, kolxoz, fabrik fəaliyyətinə deyil, daha çox məişətinə, gündəlik qayğılarına, intim hisslərinə yönəldi, fərdi insan taleləri nəsrin ümumi mənzərəsində daha çox görünməyə başladı. Cəmiyyət, xalq məfhumları bu fərdi talelərdə öz əksini tapdı, damlada dərya əks olunduğu kimi..

Əlbəttə, A.Hüseynovun doğru qeyd etdiyi kimi, povestə bütün ədəbi nəsillərin nümayəndələri müraciət edirdi. Amma o dövrdə povestin istər kəmiyyət, istərsə də keyfiyyət baxımından yükü “altmışıncılar”ın və onların yaxın sələflərinin üzərində idi – İsa Hüseynovun, Sabir Əhmədlinin, Əkrəm Əylislinin, Anarın, Elçinin, İsi Məlikzadənin, Sabir Süleymanovun, Sabir Azərinin, Maqsud İbrahimbəyovun, Rüstəm İbrahimbəyovun, Mövlud Süleymanlının, Sabir Azərinin, Seyran Səxavətin, Məmməd Orucun, Afaq Məsudun, Natiq Rəsulzadənin, Tahir Hüseynovun. 60-70-ci illər yaradıcılığı məhz onların yazdığı povestlərdə daha çox diqqəti cəlb elədi… Təbii ki, bu sənətkarların hər biri fərqli və özünəməxsus yaradıcılıq xüsusiyyətləri ilə seçilir, amma onları birləşdirən məqamlar da az deyil. Bu yazıda mən Azərbaycan povestinin İsi Məlikzadə səhifəsindən qısaca söz açacağam.

İsi Məlikzadə XX əsr Azərbaycan nəsrində hansı yenilikləri və orijinallığı ilə seçilir və bu gün, artıq nəsrimizin yeni bir inkişaf prosesində ondan nəyi öyrənməliyik?

…İsi Məlikzadənin öz povestlərində yaratdığı obrazlar “müsbət qəhrəman” sxeminə uyğunlaşmırdılar. Qaçay (“Evin kişisi”), Umud (“Quyu”), Qərib (“Yaşıl gecə”), Xəlil (“Küçələrə su səpmişəm”), Nurcabbar (“Dədə palıd”), Orxan (“Gümüşgöl əfsanəsi”) “müsbət qəhrəman”a məxsus olan mübarizlikdən, döyüşkənlikdən, qələbə əzmindən uzaq obrazlar kimi təqdim edilmişdi. O dövrün bir sıra tənqidi məqalələrində müəllifi təqsirləndirirdilər ki, İsi Məlikzadə niyə bu obrazlara qətiyyətlilik, mübarizlik aşılamır? Halbuki, İ.Məlikzadə “xarakterin öz həqiqətinə, məntiqi inkişafına sadiq qalırdı” (A.Hüseynov). Yəni demək istəyirdi ki, həyatda bu cür insanlar da var, onlar daxilən safdırlar, mənən cılız deyillər. İsi Məlikzadə onlara süni şəkildə “müsbət qəhrəman” pasportu, “mübarizlik” vəsiqəsi bəxş etməmişdir. Məsələ burasındadır ki, bu təmiz mənəviyyatlı insanlar həyatın özündə istənilən qədərdi, sadəcə, onları ədəbiyyata gətirmək lazımdır və digər “altmışıncılar” kimi İsi Məlikzadə də bu missiyanı yerinə yetirdi.

İsi Məlikzadə xarakter ustası idi. Onun povestlərində yaddan çıxan, oxuduqdan sonra unudulan obrazlar nəzərə çarpmır. Götürək “Quyu” povestini. İsinin təsvir etdiyit insanlar – Umud, Məcid kişi, kolxoz sədri Xalıvq, onun arvadı Əsli, qızı Solmaz, qoca anası və bu ailəyə məhrəm orlan Piri obrazları son dərəcə təbiidirlər. Elçin Əfəndiyev “Quyu” müəllifinə məktub göndərmişdi və həmin məktubda yazırdı: “Bu məktubun əsas səbəbi Sizin “qazdığınız” “Quyu”dur və lap əvvəldən deyim ki, yaxşı “quyu” qazmısınız, suyunun “mət kimi şipşirin, göz yaşı kimi dumduru” olması barədə bir söz deyə bilmərəm, amma bu quyu bədii-psixoloji mənada gələcəyin daha dərin “Quyu”larından xəbər verir. Sizin yaradıcılığınızdakı inkişafı, bədii-estetik kamilliyə doğru keyfiyyət dəyişikliyini əyani şəkildə göstərir”. Bədii-estetik kamillik deyəndə, Elçin müəllim povestdə təsvir olunan obrazların həyat həqiqəti ilə necə səsləşdiyini nəzərə çarpdırırdı, İ.Məlikzadənin təhkiyeyi-kəlamındakı məxsusiliyə, dilinin səlisliyinə xüsusi önəm verirdi.

Öncə qeyd etdim ki, İsi Məlikzadə yaratdığı obrazlara “mübarizlik vəsiqəsi” bəxş etməyib, elə “Quyu”da Umud səviyyəcə, anlaq tərzi etibarilə mübariz deyil və bunu heç ondan tələb eləmək də doğru deyil, lakin onun içindəki saflıq, mənəvi təmizlik son anda mühüm bir qərar qəbul etməsinə gətirib çıxarır. “İçini sızıldadan o qəribə qorxunun səbəbini Umud anlamağa çalışırdı. Solmazı itirmişdi. Solmaza olan məhəbbətini itirmişdi, birdən-birə, qəflətən. Daha onu qarşıda böyük, xoş əzablar gözləmirdi. Umud özünü bir boşluqda, bir heçlikdə sandı. Qəhərlənə-qəhərlənə fikirləşdi ki, Solmaz doğrudan da onun arvadı ola bilər. Əsli öz qızını yola gətirib onun evinə köçürə bilər, ancaq belə asan, hazır məhəbbət Umudun nəyinə gərəkdir?”.

Deyirlər, yazıçı çox zaman əsərlərində təsvir etdiyi obrazlara öz həyatından, nəsə qatır, öz obrazını yaratmağa çalışır. Elə yazıçılar da var ki, avtobioqrafik əsərlər yazır və keçdiyi ömür yolunu nəql edir. İsi Məlikzadənin heç bir avtobioqrafik povesti, ya romanı yox… Amma…

“Qəribin sinəsi od tutub yandı. Qərib iki əlini də sinəsinə qoydu, böyrü üstə uzanıb, iriləşmiş gözlərini Aya zillədi, indi Ay da yamyaşıl olmuşdu”. İsi Məlikzadənin “Yaşıl gecə” povesti bu sonluqla bitir və biz povestin qəhrəmanı Qəribin tənha ölümünün şahidi oluruq. Fiziki cəhətdən şikəst olan Qərib yaşadığı mühitdə heç bir mənəvi istinad nöqtəsi tapa bilmir, meylini təbiətə salır, çölün havasını uda-uda, quşların səsini dinləyə-dinləyə, Ağ gölə tamaşa edə-edə ağrılarını unutmağa çalışır. Ancaq burada daha rahatlıq tapa bilmir və onun fiziki ağrılarına mənəvi əzabları da əlavə olunur, o, başa düşür ki, toy gecəsi Gülsüm bu evə özgəsinin məhəbbətini gətirib və Qərib ömrü boyu sarsıntılar içində yaşayacaq. Odur ki, Qərib bu planlaşdırılmış məhəbbətdən imtina edir. Təkcə bu “səfdətdən” deyil, büsbütün onu əhatə edən mühitdən uzaqlaşır, çünki bu mühit onu qeyri-normal insan kimi qəbul edir. Təbiətə üz tutsa da, insanların heyvanlara, quşlara münasibətində də bir zalımlıq görür. Nədənsə, Qəribin bu ölümü ilə İsi Məlikzadənin ölüımü arasında bir uyarlıq görürəm. İsi müəllim ömrünün son illərində, artıq tanınmış bir yazıçı və ssenarist olsa da, öz həyatından, gün-güzəranından çox narazı idi, yazıçılar arasında nikbinliyi, şuxluğu, atası Abbas kişidən gələn yumoru ilə seçilən bu insan yaman bədbinləşmişdi. O zaman İsi müəllim qəti qərara gəlmişdi ki, yazıçılığın daşını atsın, təzədən mühəndisliyinə qayıtsın. Nəyə görə? Bir müsahibəsində demişdi: “Çünki ədəbiyyat, yazıçılıq məni ac qoyur, heç nə vermir. Hər şeyin başı gün-güzəran deyilmi, acqarına stol arxasına keçib necə əsər yazasan? Yazıçı gərək ancaq oturub yazmaq haqqında fikirləşə”… “Və sonra: “Mənim fikrimcə, nə olur-olsun, hansı partiya, hansı siyasi xadim hakimiyyətə gəlirsə gəlsin, mədəniyyət, sənət biganəliklə qarşılanmamalıdır”. Bu, elə bir dövr idi ki (90-cı illərin əvvəlləri), İsi Məlikzadə təkcə özündən danışmırdı, əksər sənət adamlarının adından danışırdı. Və üstəlik, onu üzən xəstəlik. 61 yaşını (1 may) təzəcə keçmişdi, amma ondan sonra cəmi 11 gün, 1995-ci il 12 mayda vəfat etdi. Bax, bu mənada İsi Məlikzadə öz vaxtsız ölən qəhrəmanlarına bənzədi.

Amma gəlin, bu pessimist bənzəyişi bir kənara qoyaq. 35 illik ədəbi fəaliyyəti ilə müasir Azərbaycan nəsrini xeyli zənginləşdirən, Azərbaycan povestinin yeni bir səhifəsini yazan İsi Məlikzadədən söz açıram. Onun müasirləri İsi Məlikzadədən professional, bitkin yazıçı kimi söz açıblar. Məsələn, Anar müəllim yazırdı ki: “İsi Məlikzadənin “Quyu”su sözün əsl mənasında həqiqi quyudur. Bu, müəllifin estetik məkanıdır, o, həyat, məişət hadisələrini ciddi və dəqiq qələmə alır, onun nəsrində yuxulara, mahnılara, poetik təhkiyə nümunələrinə demək olar ki, rast gəlmirik, əgər varsa da, adi danışıq üçün kifayət edici dərəcədədir. İsi Məlikzadə nəsrinin məkanı da dəqiq göstərilir, konkret ünvanı var – rayon mərkəzi. Yazıçının qəhrəmanları kənd əməkçilərindən çox, rayon mərkəzinin xidmət müəssisələrində işləyən dərzilər, dəlləklər, aşpazlar, şoferlər, ya da qayda-qanun gözətçiləri – milis nəfərləri, qoruq xidmətçiləri və sairdir”. İsi Məlikzadənin povestlərinin ən yaxşı təhlilçilərindən olan Akif Hüseynli isə yazmışdı ki: “İsi Məlikzadə təcrübəli, istedadlı yazıçıdır. Təsvirlərdə konkretliyə can atır, artıq təfərrüatdan qaçır. Süjetin hədsiz şaxələrini də mərkəzi oqbrazın xatirələri ətrafında incə keçidlərlə əlaqələndirir. Müəllifin sənətkarlıq məharəti şübhə doğurmur”. Bu gərəkli misallar İsi Məlikzadə nəsrinin sənətkarlıq xüsusiyyətlərinin doğru izahıdır və nəsə əlavə eləmək fikrim yoxdu. Amma söhbət İsi Məlikzadənin povestlərindən gedirsə (yeri gəlmişkən qeyd edim ki, o, bir sıra gözəl hekayələrin (“Oğul”, “Duz”, “Talisman”, “Qatarda”, “Şehli çəmənlərin işığı və s.) və iki romanın, bir neçə filmin ssenari müəllifidir).

İsi Məlikzadə öz povestləri ilə Azərbaycan nəsrinə müharibədən sonrakı Azərbaycan kəndinin koloritli mənzərəsini gətirdi, doğrudur, onun bir sıra povestlərində əsas məkan rayon mərkəzidir, amma burada yaşayan insanlar şəhərli deyillər, əsl kənd psixologiyasını yaşayan insanlardır. Onun ilk povesti olan “İki günün qonağı”nda İslamın – artıq şəhərli olmuş bir ziyalının öz ata-anasının görüşünə getməsi təsvir olunur və bu görüş indinin özündə də oxucunu qəhərləndirə bilər. “İslamın qəlbi ağrıdı. Ona elə gəldi ki, qocaları son dəfə görür. Bir də bura qayıtsa, gec olacaq. Onda qapıları taybatay, otaqları bomboş görəcək. İslam anasının xırda, nəmli gözlərindən öpdü. “Sağ olun, salamat qalın” deyə bilmədi”. İsi Məlikzadənin “Dədə palıd” povestində isə insan və təbiət problemi qoyulub. “Dədə palıd”dakı Nurcabbar əsl təbiət aşiqidir. Amma Nurcabbar təbiətlə insan harmoniyasının pozulduğunu, insanın təbiətə qəsd etdiyini böyük ürək ağrısı ilə dastana, nağıla çevirir: “Quruyacaq Dədə Palıd, ayaq üstə can verəcək”. Dədə Palıd mişarlananda Nurcabbar da meşəni, təbiəti tərk edir.

İsi Məlikzadə kəndi, təbiəti yaxşı tanıyırdı, yaxşı tanıdığı üçün də özündən heç nə uydurmurdu. O, bu kəndin ağrı-acılarından, təbiətin ekoloji tənəzzülündən söz açırdı, ordenli-medallı qəhrəmanlarından yox. Bədii nəsrimizdə 60-80-ci illərin Azərbaycan kəndinin mənəvi, iqtisadi, sosial mənzərəsini öyrənmək istəyirsinizsə, İsinin povestlərini oxuyun.

İsi Məlikzadə Azərbaycan povestinin psixoloji çalarlarını da xeyli dərəcədə irəlilədə bildi. Onun bir çox povestlərində (“Yaşıl gecə”, “Dədə palıd”) qəhrəmanların zahiri hərəkətlərindən daha çox, daxili-ruhi aləmi, düşüncələri qabarıq nəzərə çarpır. Doğrudan da, bu obrazlar sanki düşünmək, fikirləşmək (bəzən bu düşüncələr səmərə verməsə də) üçün dünyaya gəliblər. Hətta bu baxımdan onun adını çəkdiyimiz povestlərini sırf psixoloji povestlər də adlandırmaq olar.

İsi Məlikzadənin povestlərində dilimizin canlı, dadı-duzu, şirəsi əksini tapır və indi də bu əsərləri oxuyanda təəssüflənirsən ki, niyə indi qələmə alınan bir çox povestlərimizdə xalq danışıq dilinin ədəbi dillə vəhdətini əks etdirən belə dil nümunəsi yoxdu.

Son olaraq: İsi Məlikzadə ilə neçə il bir redaksiyada (“Azərbaycan” jurnalında) işləmişəm. Elə son iş yeri də bizim jurnal oldu. Çox koloritli bir insan idi. Onunla dəfələrlə söhbət etmişəm və mənim üçün onun əsərləri nə qədər maraqlı idisə, özü də söhbətlərində, ünsiyyətində bir o qədər maraqlıydı. Elə bil xəyalımda ayrıca “İsi Məlikzadə” povestini vərəqləyirdim onunla söhbət edəndə.

Son dəfə – ölümündən bir neçə gün əvvəl onu Radio və Televiziya şirkətinin həyətində gördüm. Ayaq üstə dayanmışdı, rəngi də xoşuma gəlmədi, xəstə olduğunu hiss elədim. Kömək təklif elədim, dedi “yox”, Mövlud Süleymanlını görməliyəm. Və getdi. Bu mənim xəyalımda yaratdığım “İsi Məlikzadə” povestinin son cümləsi oldu. İki-üç gündən sonra televiziyadan onun ölüm xəbərini eşitdim. Ruhu şad olsun!

Vaqif YUSİFLİ
Edebiyyatqazeti.az

Bölmə : Ədəbiyyat