Azərbaycan rəssamlığında Mikayıl Abdullayev izləri – FOTO

10 Baxış

mikeil-abdullayev

Azərbaycan təsviri sənəti tarixində elə şəxslər olub ki, onlar hansı dövrdə, hansı şəraitdə yaşamasından asılı olmayaraq, sənət ideallarını daha uzaq zamanlara hesablayaraq əsərlər yaradıblar.
Xalq rəssamı Mikayıl Abdullayevin (1921-2002) yaradıcılığı bu qəbildəndir. Sənətkarın ilham mənbəyi, yaradıcılığının mayası doğma vətəni Azərbaycandır, onun gözəllikləridir. Rəssamın dilindən söylənən “Azərbaycan, doğma vətənim. Mən sənin doğma balan, aşiqin kimi səni, sənin gözəlliyini kətan üzərində vəsf etməkdən yorulmuram, doymuram” fikirləri də bunu təsdiqləyir.

Mikayıl Hüseyn oğlu Abdullayev 19 dekabr 1921-ci ildə Bakı şəhərində dünyaya göz açıb. O, 1939-cu ildə Ə.Əzimzadə adına rəssamlıq məktəbini, 1949-cu ildə isə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunu bitirib. İstedadlı rəssam 1955-ci ildə Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi fəxri adını alıb. 1958-ci ildə SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü seçilib. M.Abdullayev 1963-cü ildə SSRİ Xalq rəssamı fəxri adına, 1969-cu ildə beynəlxalq C.Nehru mükafatına, 1974-cü ildə isə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülüb. Qeyd etmək lazımdır ki, o, SSRİ Xalq rəssamı fəxri adına layiq görülmüş ilk Azərbaycan rəssamı olub.

M.Abdullayev müxtəlif illərdə bir çox xarici ölkələrdə – Hindistan, Əfqanıstan, Macarıstan, Polşa, İtaliya və digər ölkələrdə yaradıcılıq ezamiyyətlərində olaraq təəssüratlarını maraqlı əsərlərdə ifadə edib.

Rəssamın əsərləri dünyanın bir çox şəhərlərində təşkil olunan beynəlxalq sərgilərdə və festivallarda nümayiş olunub, dəfələrlə müxtəlif mükafatlara layiq görülüb. 1966-1967-ci illərdə Berlin və Leypsiqdə, eləcə də sonrakı illərdə başqa şəhərlərdə fərdi sərgiləri keçirilib. Onun əsərləri dünyanın müxtəlif muzey, qalereya və şəxsi kolleksiyalarında saxlanılır. Özünəməxsus yazı üslubu olan sənət ustasının öz yaradıcılığı və dünya sənətkarlığı barədə məqalələri müxtəlif qəzet və jurnallarda dərc edilib.

M.Abdullayev hərtərəfli biliyə malik sənətkar olub. Demək olar ki, təsviri sənətin bütün sahələrində çalışıb: dəzgah rəngkarlığı, qrafika, teatr dekorasiyası, monumental rəngkarlıq və s. Sadalanan sahələrin hər birində rəssam, özünəməxsus yaradıcılıq dəst-xəttinə uyğun, bitib-tükənməyən zərif sənətkar duyğularının ifadəsi olan əsl sənət inciləri yaradıb.

M. Abdullayev Sovet dövründə yaşayıb-yaradıb. Lakin rəssam yaradıcı şəxs olaraq, sənətkar kimi heç zaman mübaliğələrə, aldadıcı süni zahiri effektlərə, ənənəvi mövzulara üstünlük verməyib. Rəssam hər nə yaradıbsa, özünün daxili aləminin meyarlarına uyğun şəkildə bədiiləşdirib, təqdim edib. Əgər biz rəssamın əsərlərinə tamaşa etmiş olsaq orada impressionist sənətin xüsusiyyətlərinə, plener işığına, təəssürat xarakterli bədii şərhlərə rast gəlmiş olarıq. Bu xüsusiyyətlər koloritdə, işlənmə üslubunda, personajların ifadəsində özünü qabarıq şəkildə büruzə verir.

M.Abdullayevin sənət uğurları hələ Moskvada təhsil aldığı illərdən başlayıb. Belə ki, rəssamın 1943-cü ildə tələbə ikən yaratdığı “Üzeyir Hacıbəylinin portreti”, 1947-ci ildə işləmiş olduğu “Axşam” tablosu sənət dünyamıza yeni istedadın gəlməsindən xəbər verirdi. İyirmi iki yaşlı gənc rəssamın böyük bəstəkar Ü.Hacıbəylinin naturadan, yaddaqalan portretini yaratması artıq rəssamın uğuru demək idi. Kompozisiyada kresloda əyləşmiş vəziyyətdə çöhrəsini bir qədər yana çevirən, nəzərləri uzaqlara yönəltmiş halda dərin fikirlərə dalmış, müasir musiqi sənətimizin banisi Ü.Hacıbəylinin obrazı təsvir olunub. Rəssam işıq-kölgə effektindən bacarıqla istifadə edərək obrazın əlləri ilə çöhrəsi arasında ümumi uyarlıq yaradıb. Bu metod sonda bitkin kompozisiyanın yaradılmasına səbəb olub. Rəssam dahi bəstəkarın yaradıcı daxili psixoloji aləmini tamaşaçıya çatdıra bilib.

“Axşam” tablosunda təsvir olunmuş personajların qeyri-adi və ani şəkildə baş verən hərəkətləri tamaşaçıda bir qədər duyğulandırıcı lirik hisslər yaradır. Əsərin kompozisiya quruluşu və kolorit həlli ustalıqla həll olunub. Orada Azərbaycan kəndinin çağdaş durumu ailə-məişət adətləri, etnoqrafik xüsusiyyətləri yüksək ustalıqla təsvir olunub.

Rəssamın “Mingəçevir silsiləsi”nə daxil olan “Mingəçevir işıqları” (1948), “Beşilliyin yolları ilə” (1949), “Səadət quranlar” (1951), “Rəfiqələr” (1952-53), “Kürün sahillərində” (1954) və digər əsərləri o zamankı Azərbaycan həyatının möhtəşəm ifadəsidir. Silsiləyə daxil olan “Səadət quranlar” adlı əsərində rəssam qurub-yaratmaq əzmli insanların bədii əmək dastanını yaradıb. Rəssam əmək mövzusunun çalarlarını genişləndirərək ona başqa aspektdən yanaşmış və əməyin romantikasını ifadə etmişdir desək, yanılmarıq. Bu işlərin hər biri rəssamın gərgin yaradıcılıq axtarışlarının nəticəsidir.

Rəssam “Sevinc” tablosunda ana məhəbbətinin dolğun yaşantılarını incə rəng çalarlarıyla verib. Bunu M.Abdullayevin müəllimi, məşhur rus rəssamı, akademik İqor Qrabarın əsər haqqında dediyi fikir də təsdiq edir: “Lövhə rənglərlə və işıqla hədsiz dərəcədə dolğundur…” Elə əsərin 1958-ci ildə Brüsseldə Ümumdünya sərgisində gümüş medala layiq görülməsi də onun sənətkarlıqla işlənilməsinin nəticəsi idi.

M.Abdullayev 1956-cı ildə İtaliyada qısamüddətli yaradıcılıq səfərində olur. Bu səfər nəticəsində rəssam Avropa sənətinin ən dəyərli əsərləri ilə əyani şəkildə tanış olur və zəngin materiallar toplayır.

1957-ci ildə rəssamın Hindistana üç aylıq səfəri onun yaradıcılığında yeni üfüqlər açmış oldu. M.Abdullayevin səfər nəticəsində yaratdığı əsərləri Azərbaycan incəsənətinin ayrılmaz tərkib hissəsi hesab etmək olar. “Kəlkətəli tələbə qız”, “Benqal qızları”, “Balaca Çandra”, “Körpəsinə süd verən qadın”, “Caypur qadınları”, “İşdən qayıdanlar”, “Uzaq Caypurda”, “Racastan qadınları” və başqa əsərləri rəssamın “Hindistan silsiləsi”nin ən uğurlu əsərlərindəndir.

Rəssam bu dövrdə həm də “Həmyerlilərim” silsiləsinə daxil olan bir neçə əsər yaradır. Buna misal olaraq “Azərbaycan çöllərində” triptixini, “Çəltikbecərənlər” diptixini, “Qoca çoban”, “Masallı qızları”, “Lənkəranlı qız”, “Abşeronda”, “Tarlada” və başqa əsərləri göstərmək olar. “Çəltikbecərənlər” diptixinə tamaşa edərkən kənd mövzusunun romantikasını, mərd Azərbaycan qadınının əməksevərliyini inandırıcı boyalarla ifadəsini hiss edirsən. Bu əsərə görə rəssam 1974-cü ildə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülüb.

M.Abdullayevin “portretlər qalereya”sına nəzər yetirdikdə sənətkarın yaratdığı obrazın daxili aləminə psixoloq kimi nüfuz etməyi bacaran sənətkar olduğunu bir daha yəqin edirsən. Bu sıradan “İmadəddin Nəsimi”, “M.P.Vaqif”, “Aşıq Ələsgər”, “M.F.Axundov”, “Akademik Yusif Məmmədəliyev”, “Yüz yaşlı şəbəkə ustası Ə.Babayev”, “Şair Rəsul Rza”, “Pianoçu F.Bədəlbəyli”, “Əbu Əli ibn Sina” və digər portretləri misal göstərmək olar.

M.Abdullayevin qrafika yaradıcılığı da məhsuldar olub. Rəssam “Arazın o tayında” seriyası, “Kitabi-Dədə Qorqud” dastanına, M.Füzulinin “Leyli və Məcnun” poemasına, M.İbrahimovun “Gələcək gün” və S.Rəhimovun “Şamo” romanlarına, B.Vahabzadənin “Şəbu Hicran” poemasına və digər əsərlərə illüstrasiyalar çəkib və bədii tərtibat verib.

“Kitabi-Dədə Qorqud” dastanına və M.Füzulinin “Leyli və Məcnun” poemasına çəkdiyi illüstrasiyalar öz orijinal ifadə həllinə və işlənmə üslubuna görə kamil incəsənət nümunələridir. Rəssam Şərq və Qərb incəsənətinin mütərəqqi ənənələrini qovuşduraraq sonda özünəməxsus “Yeni miniatür üslubu”nun yaradılmasına nail olub.

M.Abdullayev eyni zamanda bir neçə teatr tamaşasına bədii tərtibat verib. Ü.Hacıbəylinin “Leyli və Məcnun”, “Koroğlu” operalarının və Niyazinin “Çitra” baletinin bədii tərtibatı belə işlərdəndir.

M.Abdullayevin monumental rəngkarlıq sahəsində yaratdığı əsərlər də misilsizdir. Onun dahi Nizami Gəncəvinin “Xəmsə”sinin süjetləri əsasında yaratdığı əsərlər Azərbaycan incəsənətinə parlaq töhfələrdir.

M.Abdullayev yaradıcılığı dövlət tərəfindən daim yüksək qiymətləndirilib. Ulu öndər Heydər Əliyevin M.Abdullayevi müstəqillik illərində “İstiqlal” ordeni ilə təltif etməsi buna bariz nümunədir. Rəssamın sənət irsi indi də prezident İlham Əliyevin rəhbəri olduğu dövlətimizin diqqətindədir.

Bölmə : Rəssamlıq, Sənət
KÖŞƏ YAZARLARI
TOP 10