“Azərbaycan xalçasını tanı və tanıt” adlı onlayn görüş keçirildi

2 Baxış

hg

Xalqımızın mənəvi dünyasını, gözəllik duyumunu, fitri istedadını, dünyaya fəlsəfi baxışlarını sirli naxışlarda yaşadan Azərbaycan xalça sənətinin qədim tarixi var. Hər il mayın 5-i ölkəmizdə “Xalçaçı günü” peşə bayramı kimi qeyd edilir.

Senet.az xəbər verir ki, bu münasibətlə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Azərbaycan Milli Xalça Muzeyi, Bakı şəhəri 95, 107, 214, Gəncə şəhər 17 saylı orta məktəbin, həmçinin, evdə təhsil siniflərinin 5,6 –cı sinif şagirdlərinin iştirakı ilə “Azərbaycan xalçasını tanı və tanıt” adlı onlayn görüş keçirildi.

Qədim sənət nümunəsi kimi Azərbaycan xalçaları bütün dünyada məşhurdur. Bu sənət özündə ölkənin təbiətini, tarixini və həyat tərzini əks etdirir. Bu gün də ölkədə müxtəlif toxunuş və ornamentlərlə zəngin olan saysız-hesabsız xalça növləri mövcuddur.

Onlayn platformada Zoom proqramı üzərindən reallaşan görüş çərçivəsində, kitabxananın əməkdaşı, uşaqları Respublika Uşaq Kitabxanasının fondunda qorunub saxlanılan Azərbaycan milli xalçalarını özündə əks etdirən ədəbiyyatlarla tanış etdi. Həmçinin, ədəbiyyata istinad edərək Qarabağ xalçaları haqqında ətraflı məlumat verdi. Tərafdaşlıq edən Milli Xalça Muzeyinin şöbə müdiri Aygün Abbaslının təqdimatında Azərbaycan qədim və müasir xalçaları haqqında video-slaydın nümayişi ilə ətraflı məlumatlar verildi. Görüş zamanı, məktəblilərin müxtəlif sualları cavablandırıldı.

Sonda, kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova kitabxananın sıx əməkdaşlıq etdiyi Azərbaycan Milli Xalça Muzeyinin əməkdaşlarının simasında peşə bayramını qeyd edən bütün xalçaçıları təbrik etdi. Onlara ürəklə çalışdıqları işlərində müvəffəqiyyətlər arzuladı.

Bölmə : Sənət xəbər