Azərbaycan Xalq Cümhuriyyəti və dil məsələləri

43 Baxış

104331_bzv7zfinkp

Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddət ərzində həyata keçirdiyi tədbirlər xalqımızın tarixində böyük və əhəmiyyətli izlər buraxıb. 

Milliyyətindən, siyasi və dini mənsubiyyətindən, cinsindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar verilməsi, dövlət sərhədlərinin müəyyən olunması, Azərbaycan dövlətçiliyi atributlarının qəbul edilməsi, ana dilinin dövlət dili elan olunması Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaradıb. Demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq sahələrində atılmış addımlar Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyətini əks etdirən əsas istiqamətlər kimi qiymətləndirmək olar.

Müsəlman Şərqində ilk parlament respublikası-Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olmuşdu. Milli parlamentarizmin təşəkkül tarixi isə Azərbaycan parlamentinin 1918-ci il dekabr ayının 7-də keçirilmiş ilk iclasından başlayır. Fəaliyyət göstərdiyi müddət ərzində 145 iclasın keçirildiyi AXC parlamentində istər həmin dövr üçün, istərsə də bu günümüz üçün əsas ola biləcək bir çox əhəmiyyətli qərarlar qəbul olunmuşdu. Bunlara nümunə olaraq: Azərbaycan (türk) dili, Bakı Universitetinin açılması, üç rəngli bayrağın qəbulu, ordu quruculuğu və s. göstərə bilərik.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması mürəkkəb siyasi dövrdə cərəyan edən hadisələrin və Azərbaycan xalqının milli oyanışının məntiqi yekunu idi. Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə və digər görkəmli şəxsiyyətlər tərəfindən təməli qoyulmuş proseslər Azərbaycanda yeni tipli teatrın, məktəbin və mətbuatın yaranması ilə nəticələnmiş, milli özünüdərkin gerçəkləşməsinə böyük təsir göstərmişdir. Bakının neft paytaxtına çevrilməsi milli sahibkarlar təbəqəsinin formalaşması ilə yanaşı, dünyanın aparıcı universitetlərində təhsil almış ziyalılar nəslinin yetişməsinə şərait yaratmışdır. Əlimərdan bəy Topçubaşov və başqa ziyalıların siyasi proseslərə qatılması, Dumaya seçilməsi və Rusiya müsəlmanlarının təşkilatlanmasında oynadıqları rol tariximizin unudulmaz səhifələrindəndir.

İlk qərarı ilə milliyyəti, dini, sosial vəziyyəti və cinsindən asılı olmayaraq, ölkəmizin bütün vətəndaşlarına bərabər hüquqlar verən Cümhuriyyətin yaranması çox mürəkkəb şəraitdə elan olunmuşdur. Cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti tarixinin hər bir səhifəsi bütün azərbaycanlılar üçün olduqca əzizdir.

Azərbaycan Xalq Cümhuriyyətinin öz dövlətçilik atributlarını qəbul etməsi, dövlət və hərbi quruculuq, iqtisadiyyat və mədəniyyət, təhsil və səhiyyə sahələrində atdığı addımlar xalqımız üçün taleyüklü əhəmiyyət kəsb etmişdir. Cümhuriyyətin böyük uğurlarından biri də Paris sülh konfransında 1920-ci il yanvarın 11-də Azərbaycanın müstəqil dövlət kimi tanınması olmuşdur.

Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair sanballı əsərlər, hətta ikicildlik ensiklopediya, parlamentin steneoqram hesabatları və s. nəşr edilsə də, tariximizin bu mərhələsi ilə bağlı çox sayda sənədlər hələ xarici ölkələrin qapalı arxivlərində saxlanılır və öz tədqiqatçılarını gözləyir. Ancaq əfsuslar olsun ki, Cümhuriyyət dövrünü dərindən araşdırmayan, arxiv materiallarına bələd olmayan tədqiqatçılar AXC hökumətinin dillə bağlı yalnız bir qərar qəbul etdiyini yazmışlar. Halbuki Cümhuriyyət dövründə dil və təhsillə bağlı müxtəlif sahələri əhatə edən altı rəsmi sənəd-qərar qəbul edilmişdi.

Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqının tarixi, siyasi və mənəvi-psixoloji həyatında, o cümlədən, o dövrün ədəbi-bədii fikir nümunələrində silinməz izlər buraxmışdır. Cümhuriyyət dövrünün öz böyük poeziyası, nəsri, dramaturgiyası və publisistikası olmuşdur.Cümhuriyyət dövrünün ədəbiyyatını ilk dəfə araşdıran və dəyərləndirənlər də elə Cümhuriyyəti və onun mədəniyyətini yaradanların özləri olmuşlar. Ədəbi prosesi tənzim edənlər və yaradanlar – Məhəmməd Əmin Rəsulzadə, Mirzəbala Məmmədzadə, Parlamentin sədri Əlimərdan bəy Topçubaşov, sədr müavini Həsən bəy Ağayev, Cümhuriyyət hökumətinin sədri Fətəli xan Xoyski, həmçinin Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Salman Mümtaz, Üzeyir və Ceyhun Hacıbəyov qardaşları, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məhəmməd Hadi, Əhməd Cavad, Abdulla Şaiq və başqaları idilər.

 1918-20-ci illərdə Azərbaycanda ideoloji mübarizənin bütün ağırlığı dövri mətbuatın kəsərli silahı olan publisistikanın üzərinə düşürdü. Azərbaycan publisistikası ideya-mövzu cəhətdən çox rəngarəng və zəngin idi: çarizm əsarətindən yenicə qurtulmuş Şimali Azərbaycanın milli müstəqilliyinin qorunub saxlanması, milli ordunun yaranması, ölkədə demokratik parlament seçkiləri ve islahatlarının keçirilməsi, bolşevik və Denikin təhlükəsinin dəf edilməsi, Qarabağda erməni millətçilərinin törətdiyi müharibə yanğının söndürülməsi, ölkə daxilindəki təfriqəçilik, Bakı nefti uğrunda xarici imperialistlərin didişməsi və s. publisistikanın toxunduğu əsas məsələlər idi. Milli publisistikanın əsasında xalqın gələcəyi ilə bağlı böyük siyasi-ictimai konsepsiya dayanırdı. Bu konsepsiya XX əsrin əvvəllərində Azərbaycanda formalaşmış “türkləşmək, islamlaşmaq, müasirləşmək” ideyalarında təcəssüm olunurdu.

Müstəqil dövlətin mühüm atributlarından biri olan dövlət dili məsələsi yenicə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin diqqət mərkəzində idi. Cümhuriyyət Hökuməti 1918-ci il 27 iyun tarixli qərarı ilə o zaman türk dili adlanan Azərbaycan dilini dövlət dili elan etdi. Həmin qərar Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycanın ikiyə bölünməsindən sonra ana dilinin dövlət dili kimi işlədilməsinə aid ilk sənəddir. Qeyd edilməlidir ki, dövlət dili haqqında qərar Hökumətin Gəncəyə köçdükdən sonra qəbul etdiyi ilk qərarlardan biridir. Azərbaycan Xalq Cümhuriyyətinin 27 iyun 1918-də “Dövləti lisan türk dili qəbul edilərək iləridə bütün məhkəmə, idareyi- daxiliyyə və sair dəvair vəzifələri başında duranlar bu lisanı bilənlər olana qədər hökuməti müəssisələrdə rus dili istemalına da müsaidə edilsin”.

Qərarın adından da göründüyü kimi, hökumət o vaxtlar türk dili adlanan Azərbaycan dilini dövlət dili kimi qəbul edərək, ölkənin məhkəmə, daxili işlər idarələrində və digər sahələrdə çalışanların dövlət dilini bilmələrinə qədər olan müddətdə hökumət müəssisələrində rus dilinin işlənməsinə də icazə vermişdir. Qərarın mətnindən göründüyü kimi, Azərbaycan Xalq Cümhuriyyətinin rus dilinin istifadəsinə icazə verməsi müvəqqəti tədbir olmuş və yalnız idarəçilikdə milli kadrların yetişməsinə qədər olan müddət üçün nəzərdə tutulmuşdu.

Azərbaycan dilinin sözün əsl mənasında dövlət dili kimi işlənməsi təcrübəsi geniş şəkildə ilk Azərbaycan Parlamentinin dilində əksini tapmışdır. Dövlət idarələrində müəyyən müddət ərzində rus dilinin işlənməsinə də icazə verilməsi Parlamentə aid deyildi. Ona görə də Parlamentdə dillərin işlənməsi məsələsi, təbii olaraq, qanunverici hakimiyyətin, Parlament üzvlərinin öhdəsinə buraxılmışdı. Parlamentin istifadə etdiyi dil dövlət dili statusuna malik Azərbaycan türkcəsi idi. Qeyri-yerli Parlament nümayəndələri çıxışların rus dilində olmasını təklif etdikdə, Parlamentin iclaslarından birində bu məsələ ayrıca müzakirə olunmuş və bu xüsusda qərar qəbul edilmişdi.Qərara əsasən, Parlamentin rəsmi dili Azərbaycan türkcəsi elan olunmuş, digər millətlərin nümayəndələrinin rus dilində çıxış etmələri məqbul hesab edilmişdi.

Azərbaycan (türk) dilini dövlət dili elan edən ilk rəsmi sənəd çox böyük tarixi rol oynamaqla yanaşı, Azərbaycanda milli dil siyasətinin formalaşmasının, millətin mənafeyinə uyğun düzgün ideoloji mövqeyin əsasını qoydu. Qeyd etmək lazımdır ki, Azərbaycan hökumətinin qərarı sadəcə deklorativ bir sənəd deyildi; qərarın qəbulundan irəli gələn məsələlər vaxtaşırı olaraq parlamentin iclaslarında müzakirə olunur, Azərbaycan (türk) dilini bilməyənlərin bu dili öyrənməsi üçün kurslar təşkil edilirdi ki, hökumət həmin məqsədlə 351 min manat vəsait ayırmışdı.

Azərbaycan (türk) dilinin dövlət dili elan olunduğu qərardan sonra Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri Behbud xan Cavanşir “Azərbaycan” qəzetinə verdiyi müsahibədə dövlətin dil siyasətinin əsaslarının bu cür şərh etmişdi: “Azərbaycan müəssisələrində rus dilinin işlədilməsi hazırki dövrün zərurətindən irəli gəlir. Əlbəttə, bu çox davam etməyəcəkdir. Yüksək vəzifədə işləyən və türk dilini bilməyən məmurlar uzun müddət işləyə bilməyəcəklər. İki ildən sonra Azərbaycanın bütün müəssisələri milliləşdiriləcəkdir. Türk dilini bilməyən məmurlar isə vəzifələrini itirməməkdən ötrü bizim dili öyrənməli olacaqlar”.

Azərbaycan Xalq Cümhuriyyəti öz dil siyasətini həyata keçirmək üçün təhsilin çox mühüm sahə olduğunu ön plana çəkdi, belə ki, bunun davamı kimi 28 avqust 1918-ci ildə hökumət ibtidai və orta təhsil müəssisələrində təhsilin ana dilində aparılması haqqında qərar verdi. Həmin qərarda göstərilirdi ki;

 l. Bütün ibtidai təhsil müəssisələrində tədris ana dilində aparılır,

2. Dövlət dili icbari qaydada tədris olunur.

Cümhuriyyətin dil siyasəti yuxarıda qeyd olunan qərarlarla yekunlaşmırdı. Yeni tətbiq olunan dil artıq bütün dairələrdə rəsmi şəkildə istifadə olunmağa başlanmışdı. Aparılan bu islahatların məntiqi davamı kimi Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarov 27 dekabr 1918-ci ildə isə ordunun dilinin Azərbaycan-türk dili olduğu barədə əmr verdi. Nazir orduda xidmət edən, lakin dövlət dilini bilməyən zabitlərə onu öyrənmək üçün bir ay vaxt müəyyənləşdirdi. Və qərara alındı ki, həmin müddət ərzində heç olmasa hərbi əmrləri azərbaycanca (türkcə) verə bilməyən hərbi qulluqçular ordu sıralarından xaric ediləcəklər.

Yuxarıda qeyd olunan qərarlara nəzər saldıqda, qısa zaman ərzində dillə bağlı görülən işlər göz qabağında idi. Bu qərarların məntiqi davamı özünü bütün kəskinliyi və ölkədə mövcud dil situasiyasından irəli gələn problemləri ilə məhz Azərbaycanda ilk universitetin yaradılması məsələsi ortaya çıxanda göstərdi.

Azərbaycan Xalq Cümhuriyyətinin ömrü zamanca kiçik olsa da, xalqımızın çoxəsrlik tarixində bütöv bir dövr təşkil edir. İki ilin xüsusi bir dövr kimi qeyd olunması, əsrlərdən ibarət olan dövrlər silsiləsində ona ayrıca yer verilməsi zahirən qeyri-adi görünsə də, təsadüfi deyil; xalqımızın ictimai, siyasi, mənəvi həyatındakı bu bənzərsiz dövrün oynadığı rolla, gördüyü və görmək istədiyi işlərin yüz illərin görə bilmədiyi işlərə bərabər olması ilə bağlıdır. O, nəinki xalqımızın, ümumən qoca şərqin tarixinə daxil olmuş ilk demokratik respublika, Azərbaycan Milli Şurasının elan etdiyi ilk parlamentli respublika olmuşdur. 23 aylıq müddət ərzində görülən işlər hökumətin hansı şəkildə və necə həssaslıqla çalışmasından birbaşa xəbər verir.

Xüsusilə qeyd etmək istərdik ki, dövlət dili haqqında olan bu qərar hökumətin “Milli bayraq haqqında”kı 9 noyabr 1918-ci il tarixli qərarından altı ay əvvəl verilmişdi. Bu fakt ilk Azərbaycan hökumətinin dövlət dili məsələsinə necə diqqət yetirdiyini aydın göstərir.

Yeri gəlmişkən qeyd edək ki, həmin qərar dilimizin dövlət dili kimi işlədilməsinə aid ilk sənəddir. Başqa sözlə, həmin qərarın verildiyi gündən Azərbaycan və Azərbaycan dili tarixində Azərbaycan dili ilk dəfə dövlət dili elan olunmuşdur.Əlbəttə bu məqama etiraz edilə bilər ki, hələ XVI əsrdə Azərbaycan dilinin dövlət dilikimi işlədilməsi məlumdur. Bununla bağlı böyük dilçi alimimiz Ə.Dəmirçizadənin yazdığı kimi, “XVI əsrdə Şah İsmayıl Xətainin başçılıq etdiyi Səfəvilər dövləti zamanından başlayaraq Azərbaycan dilinin mövqeyi, nüfuz dairəsi daha da genişlənməyə başladı və Azərbaycan ədəbi dili dövlət idarələrində, sarayda, hərbi hissələrdə işlənilən rəsmi dillər sırasında yer tutdu, o zaman islamiyyətin dini dili sayılan ərəb dili və bədii ifadə vasitəsi kimi modalaşmış fars dili ilə yanaşı işlənən bir dil hüququ qazanmış oldu”.

Lakin yenə də Ə.Dəmirçizadənin çox doğru olaraq göstərdiyi kimi, “bütün bunlara baxmayaraq, demək lazımdır ki, bu dövr Azərbaycan dilinin rəsmi dövlət dili hüququ tam olmamışdır. Çünki tam rəsmi dövlət dili hüququ yeganə rəsmi dövlət dili olmaq deməkdir. Madam ki, Səfəvilər dövləti sarayda, idarələrində, rəsmi yazışma işlərində ərəb və fars dilləri də eyni dərəcədə işlənilmişdir, deməli burada tam hüquqlu Azərbaycan dövlət dilindən danışmaq olmaz. Bundan başqa, belə bir əlaməti nəzərə almalıyıq ki, hər hansı bir dilin rəsmi dövlət dili hüququnda olması həmirı dilin əsas təlim-təhsil vasitəsi və tədris fənni olması deməkdir. Məlum olduğu üzrə, XVI əsrdə Azərbaycan dili hələ belə bir dil hüququna malik deyildi.

Azərbaycan dili (Azərbaycan türkcəsi) xüsusən XIX əsrdə dövlət dili statuslu bir dil olmaq səviyyəsinə daha çox yüksəlir. Milli təşəkkül mərhələsində Azərbaycan ədəbi dilinin, demək olar ki, bütün üslubları fəaliyyət göstərir. Azərbaycan dilinin rəsmi dövlət dili olması məhz ilk Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci ilin 27 iyununda verdiyi qərardan başlayır.Cümhuriyyət hökuməti və parlamenti dövlət dili ilə bağlı, əvvəldə göstərilən qərardan başqa bir neçə qərarlar (6 qərar) və ya fərmanlar qəbul etmişdi.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə dil və tədrislə bağlı altı qərar qəbul edilmişdi. Bu qərarlardan Azərbaycan dili haqqında xüsusi qərar və fərmanın əhəmiyyəti çox böyük idi. O zamanlar türk dili adlanan ana dilimizə məclis məbusları, başqa sözlə, parlament üzvləri vaxtaşırı münasibət bildirirdilər. Xüsusən, parlamentin 21 avqust 1919-cu ildə keçirilən iclasında gündəlikdəki məsələ, Darülfünun-Bakı Universitetinin açılması məsələsi ilə bağlı deputatların çıxışlarında dil məsələsinə xüsusi diqqət yetirilmişdir. Çıxış edənlərin, demək olar ki, hamısı universitetdə, ölkəmizin bu ilk ali məktəbində tədris işləri ilə bərabər, onun hansı dildə aparılması məsələsinə də xüsusi diqqət yetirmişlər.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamı, həmçinin 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi son dərəcə təqdirəlayiq addımdır.

Əsası və təməli əsrin əvvəllində – 1918-20-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin nümunəsində qoyulan böyük “azərbaycançılıq” ideyası öz tarixi, qanunauyğun varisini çağdaş, suveren, demokratik Azərbaycan Respublikasının timsalında tapmışdır. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin qısamüddətli fəaliyyətinin zəngin ənənələrindən istifadə etmiş və bu tarixi varislik üzərində müstəqil Azərbaycan dövlətini yaratmışdır.

KÖŞƏ YAZARLARI
TOP 10