“Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət”in təqdimatı olub

16 Baxış

w_1615706238015908051863_1000x669

Oktyabrın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət” kitabının təqdimat mərasimi keçirilib.

Senet.az xəbər verir ki, tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Azərbaycanla Özbəkistanın dostluq, qardaşlıq münasibətlərinin bütün sahələrdə olduğu kimi, elm və ədəbiyyat istiqamətində də uğurla inkişaf etdiyini bildirib. Akademik deyib ki, iki dildə çap olunan “Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət” AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu və Özbəkistan Elmlər Akademiyasının Ədəbiyyat, Dil və Folklor İnstitutunun elmi şuralarının qərarı ilə nəşr olunub. Bu, onun göstəricisidir ki, iki qardaş ölkə arasında elm sahəsində sıx əlaqələr öz töhfəsini verməkdədir.

Nizami Gəncəvi, Əlişir Nəvai, Məhəmməd Füzuli, Babur, Nəsimi, Əmir Teymur və digər ədiblərin Özbəkistan-Azərbaycan əlaqələrindəki rolundan bəhs edən AMEA-nın vitse-prezidenti vurğulayıb ki, iki ölkənin ədəbiyyatı və mədəniyyətinin bir-biri ilə vəhdətdə zənginləşməsinə və inkişaf etməsinə, eləcə də birgə tədqiqatlar aparılmasına “Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət”i böyük təkan verəcək.

İ.Həbibbəyli bildirib ki, rəhbərlik etdiyi Ədəbiyyat İnstitutunda Özbəkistan ədəbiyyatının nümayəndələrinin yaradıcılığının təbliği istiqamətində mühüm işlər görülür. İnstitutda fəaliyyət göstərən Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsində aparılan tədqiqatlar nəticəsində bir sıra kitablar nəşr olunub, özbək ədəbiyyatının Azərbaycanda yaşayıb yaratmış tanınmış nümayəndələrinin irsi araşdırılıb.

AMEA-nın Özbəkistan Elmlər Akademiyası ilə əməkdaşlığından danışan İ.Həbibbəyli təqdimatı keçirilən lüğətin çapdan çıxmasını dərin tarixə və çoxəsrlik ənənələrə malik olan Azərbaycan-Özbəkistan əlaqələrinin müstəqillik dövrü mərhələsinin əlamətdar hadisəsi adlandırıb. O deyib: “Lüğət hər iki ölkə üçün böyük əhəmiyyətə malik tarixi hadisədir. Yeni nəşr Azərbaycan alimlərinin özbək həmkarları ilə ortaq işidir və bu iş davam edəcək. Növbəti layihə böyük özbək mütəfəkkiri Əlişir Nəvai ilə bağlı olacaq”.

Sonra Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının üzvü, professor İsmayıl Məmmədli “Azərbaycan-özbək lüğətşünaslığı tarixində mühüm elmi hadisə” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, dünyada 35 milyondan çox insan özbəkcə danışır. Özbəkistanda isə 40 mindən çox azərbaycanlı yaşayır. Bu baxımdan yeni nəşr olunan lüğət iki ölkənin təhsil və mədəniyyətinin inteqrasiyasında, elmi-ədəbi əlaqələrinin inkişafında əhəmiyyətli rol oynayacaq. Alim qeyd edib ki, lüğətdə ümumilikdə 23 minə yaxın söz və ifadənin qarşılıqlı tərcüməsi verilib, hər iki dildə istifadə olunan əlifbada hərflərin transkripsiyası xüsusi cədvəldə öz əksini tapıb.

Bildirilib ki, fərqli tarixi inkişaf yolu keçmələrinə baxmayaraq, bu iki dilin kökü, özəyi, anası ümumi türk dilidir. Lüğətin nəşri Azərbaycan və özbək dilləri arasında daha güclü, qüvvətli bir körpü qurmaq məqsədi daşıyır.

Tədbirdə Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Almaz Ülvi Binnətova və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov yeni nəşrin önəmindən və gələcək əlaqələrdən bəhs ediblər.

Özbəkistanlı qonaqlar – ədəbiyyatşünas alim Babaxan Məhəmməd Şərif, tarixçi-publisist Şuhrat Barlas və şairə Xasiyət Rüstəm çıxışlarında bu cür lüğətlərin tərtib edilməsinin əhəmiyyətini vurğulayıblar.

Qeyd edək ki, “Azərbaycanca–özbəkcə, özbəkcə–Azərbaycanca lüğət” Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə ilk dəfə nəşr olunub. Layihənin rəhbəri və “Ön söz”ün müəllifi mərkəzin direktoru Samir Abbasov, tərtibçi müəlliflər isə Azərbaycan tərəfdən İsmayıl Məmmədli və Almaz Ülvi Binnətova, Özbəkistan tərəfdən isə ədəbiyyatşünas alim Babaxan Məhəmməd Şərif və professor Şahista Kamranlıdır. Nəşrə akademik Möhsün Nağısoylu və Özbəkistan Elmlər Akademiyasının Ədəbiyyat, Dil və Folklor İnstitutunun Lüğətşünaslıq şöbəsinin müdiri, dosent Abduvahab Mədvəliyev rəy veriblər. Lüğətin elmi məsləhətçiləri isə Azərbaycan tərəfdən akademik İsa Həbibbəyli və Özbəkistan tərəfdən Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, professor Şuhrat Siracəddinovdur.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10