Azərbaycanın Dostoyevskisi – İsa Muğanna

82 Baxış
???????????????????????????????
Xalq yazıçısı İsa Hüseynovun (Muğanna) Azərbaycan ədəbiyyatında böyük yeri var. Yazıçının yaradıcılığını izləyənlər, tədqiq edənlər onu əsərləri haqqında yazılarında İsa Hüseynovun  böyük bir ədəbi nəsli tərbiyə etdiyini, oxucu zövqünü formalaşdırdığını xüsusi qeyd edirlər. “Çətin və mürəkkəb mərhələdə İsa Hüseynov canlı həyat nəfəsi üstündə köklənmiş maraqlı, cəlbedici əsərləri ilə gerçəkliklərin təsviri və sadə insanların adi həyatı ilə ifadə olunan ciddi, mühüm mətləblərin böyük ədəbiyyatını yarada bilmişdir” deyə akademik İsa Həbibbəyli yazıçının yaradıcılığını incəliklə xarakterizə edir. Yazıçının həyatın və insan mənəviyyatının dərinliklərinə qədərki axtarışlarında son dərəcə səmimi, təbii, inandırıcı, real və eyni zamanda, obrazlı göründüyünü bildirərək “Azərbaycan altmışıncılarının möhtəşəm bir proloqu” adlandırır.
“İsa Muğannanın Azərbaycan ədəbiyyatında mövqeyini necə dəyərləndirirsiniz?” deyə ünvanladığımız suala yazıçı və şairlərin cavabı üst-üstə düşür.
İnsanların xarakterini açırdı
Fikrət Qoca: 
- İsa Muğannanın yaradıcılığı Azərbaycan ədəbiyyatında baş verən dönüşün başlanğıcında meydana gəlib. Ədəbiyyata keçid dönəminin əsas yazıçılarından biri İsa Muğanna idi. Onun “Tütək səsi” povesti, hekayələri o zaman əldən-ələ gəzirdi. İsa Muğanna bu əsərləri ilə möhkəm bünövrə qoydu. Biz bir yerdə işləmişik. Birlikdə Yazıçılar Birliyinin üzvü olmuşuq. Kiçik qardaş kimi həmişə onun hörmətini saxlamışam. Bu, mənim onun qarşısında vicdan borcum idi. Onun əsərləri ən çox oxunan əsərlər sırasında idi. İsa Muğannanın əsərlərində insanlar hərtərəfli təqdim olunurdu. Ədəbiyyatın borcu insanların xarakterini açmaqdır. İsa Muğanna da bunu çox gözəl bacarırdı.
Azərbaycan ədəbiyyatının dəyəri
 
Orxan Fikrətoğlu: 
- İsa Hüseynovla şəxsən tanış idim. Mən bir dönəm onunla işləmişəm. Onun şəxsiyyət və yazıçı olaraq mənim həyatımda əhəmiyyətli rolu var. Mənimçün İsa Hüseynov Çingiz Aytmatovun dilindən eşitdiyim bir sözlə başlayıb: o dönəmdə Çingiz Aytmatov Azərbaycanda tez-tez qonaq olurdu. Mən ona  Azərbaycan ədəbiyyatı haqqında təhrikedici suallar  verir, hansı yazıçımızın Azərbaycan ədəbiyyatının dəyəri olduğunu soruşurdum. O həmişə İsa Hüseynovun adını çəkirdi. İsa Hüseynovun həqiqətən Azərbaycan ədəbiyyatında xüsusən realist yazıları ilə özünəməxsus yer tuturdu. O, Azərbaycan ədəbiyyatı üçün xüsusi bir çəkisi, yeri və rolu olan yazıçıdır. Mən xüsusilə onun realizmini daha çox bəyənirəm. Ümumiyyətlə, istənilən yazıçı təbii ki, dünya nəsr kontekstində epoxal olması ilə seçilməlidir. Məsələn, Azərbaycan nəsrində bu janr çətindir. Azərbaycanlılar konseptual nəsr yazmağı tam öyrənməyiblər. Belə ki, Azərbaycan nəsri daha çox poeziyaya yaxındır. Yəni emosionaldır, epoxal deyil. Qoylan problemlər, çözülən məqsədlər dünyəvi deyil, məhəllidir. Amma İsa Hüseynov qoyulan məsələləri məhz insan kontekstində araşdırdı. İnsanın daxili təbəddüatlarını geniş dünyaya çıxardı. İsa Hüseynov yaradıcılığı çox böyük məktəbdir. Onun türkçülük, turançılıq məsələsinə özünəməxsus fəlsəfi yanaşması var. İsa Muğanna dünyaya çıxarılası bir yazıçıdır. Onun yaradıcılığı təkcə nəsrlə bitmir. O, tarixi əsərlər də yazıb. Biz onun əsərlərindən çox şey öyrənmişik. Onun əsərləri azərbaycanlı təfəkkürünə xeyir gətirən tərzdə düşünülüb. Bir çox Azərbaycan tarixi romanlarında tarix təhrif olunur. Bilmirəm bu, bilməməkdən irəli gəlir, yoxsa müəyyən mənbələrə istinad olunur. Ancaq İsa Hüseynov tarixdən yazanda öz baxış bucağından gerçəkliyə uyğun olaraq yanaşır.
50-ci illərdə sovet ideoloji zəminində Azərbaycan ədəbiyyatında kənd və şəhər nəsli formalaşdı. Kənddən şəhərə gəlib darıxan, obrazlar yaradan yazıçılar daha çox idilər. İsa Hüseynov hər iki nəslin fövqündə idi. Onun nəsli konseptuallığı ilə tanınırdı. Onun qəhrəmanları fəzada idilər. Romanda elə bir ədəbi fəza yaratmalısan ki, onun içində olan qəhrəmanlar sevilsinlər. O, istənilən nəsil nümunəsində ədəbi fəzanı çox dəqiq verirdi. İsa Hüseynovun “Tütək səsi” əsəri əsasında çəkilən filmi xatırlayın. Onun qəhrəmanlarının hamısı bütöv qəhrəmanlardır. Onlar öz dövrünün arxa cəbhədə çalışan, vuruşan insanları idilər. Bu gün Qarabağ uğrunda müharibədə vuruşan və ön və arxa cəbhədəki qəhrəmanlarımızı yarada bilmişikmi? Məncə, yarada bilməmişik. Biz olanı, olmuşu və olacağı nəsrə gətirə bilməmişik. Ancaq İsa Hüseynov öz dövrünün insanının fotosunu çəkib və həmin foto ilə o dövrü tanıtdırıb. Onun ədəbi gücü də budur: konseptuallıq, fotoqrafik ədəbi qəhrəmanların yaradılması. İsa Hüseynovu ədəbi dili də çox gözəldir. O, təmiz təfəkkürə malik, aşıq zəngulələri ilə zəngin nəsir dilidir. İsa Muğanna bir ara yazmaqdan imtina elədi.
İsa müəllim həm də çox maraqlı insan idi. Mən 1983-cü ildə kinostudiyaya gələndə orada böyük ziyalılar çalışırdılar. Dövrün gənci özündən böyükləri təpikləmək istəmirdi. Biz onunla çox söhbət edirdik. Mən onu gerçəkliyə uyğun olmayan, bəsit insanı şaşırda bilən söhbətlərinin də şahidi olmuşam. Onun yazıçılarla, xüsusən Yusif Səmədoğlu ilə zarafatları da yadımdadır. Onun gözünə görünənlər məncə böyük yazıçı olmasından irəli gəlirdi. Onun xarakteri, dili, miqyası çox geniş və sanballı idi. Rus nəsri üçün Dostoyevski kimdirsə, bizim nəsr üçün də İsa Hüseynov həmin insandır. Bir çox Azərbaycan nasirləri onun şinelindən çıxıblar.
Uzun qış gecələrinin unudulmaz xatirəsi
 
Yazar Cavid Zeynallı:
- İsa Hüseynov hər şeydən əvvəl ədəbi nəsillərin yetişməsində, həqiqi oxucu zövqünün formalaşmasında böyük xidmətləri olan sənətkardır. Həqiqi ədəbiyyat nədir, hansı mövzular ədəbi material ola bilər, insanın daxili təbəddülatlarını necə yazmaq lazımdır – bütün bunları İsa Hüseynov miras qoyub getdiyi əsərlərində bizə yaddaş kitabçası kimi təqdim edib. Mənə görə, İsa müəllimin yaradıcılığı iki yerə bölünür: 1950-75-ci illəri əhatə edən birinci dövr “Yanar ürək” “Teleqram”, “Saz”, “Tütək səsi”, “Şəppəli” və digər əsərləri. Bu əsərlərin müəllifi realist-psixoloji nasir olan İsa Hüseynovdur. İkinci mərhələ 1975-ci ildən yazıçının vəfatına qədər olan dövrü əhatə edir. Bu dövrdə o, “Məhşər” “İdeal”, “Qəbiristan”, “Cəhənnəm” və başqa romanları yazıb. Adını çəkdiyim əsərlərin müəllifi artıq İsa Hüseynov yox, İsa Muğannadır. İsa Muğanna təkcə Azərbaycan ədəbiyyatının yox, dünya yazıçılarının sırasına daxildir. Və nə xoş ki, bu böyük yazıçı ilə görüşmək mənə də nəsib olub. Həmin görüşdə İsa Hüseynov çox maraqlı bir fikrini bizimlə bölüşdü. “Məmməd Səid Ordubadinin yaradıcılığı haqqında nə düşünürsünüz, onun yaradıcılığını necə qiymətləndirirsiniz?” deyə soruşdum. Çox maraqlı yanaşmadır ki, Ordubadinin Azərbaycan ədəbiyyatının inkişafındakı ən böyük xidməti savadsızlıqdan yeni çıxmış insanları qalın-qalın romanlar oxutdurmağa alışdırmasıdır. Bu, çox ciddi məsələdir. Kitab oxumaq vərdişdir, bu vərdişi formalaşdıranda artıq daxili tələbat yaranır. Ordubadinin oxumağa alışdırdığı insanlar sonralar İsa Hüseynov yaradıcılığının həqiqi qiymətini verə bildi, kitabın, ədəbiyyatın dəyərini özü üçün müəyyənləşdirdi. İsa Hüseynovun bizim ədəbiyyat tarixinə qızıl hərflərlə yazılan povestlərini tələbə vaxtı, uzun qış gecələrində oxumuşam. Bu böyük ustad həm də mənə o uzun qış gecələrinin unudulmaz xatirəsini yaşatdığına görə əzizdir.
Həmişə təzə və aktual
 
Yazar Pərvin Nurəliyeva:
- Qəribədir ki, Sovet dövrünün uşaqları deyildik, o dövrün kəndini, ordakı münasibətləri, müharibəni görməmişdik. Amma uşaqlıqdan İsa Hüseynovun əsərləri, filmləri bizə təsir edirdi. “Tütək səsi” filminə hər dəfə baxanda necə sarsılmağım, sonralar əsəri oxuyub daha artıq təsirlənməyim yaxşı yadımdadı. Amma zamanla İsa Muğanna yaradıcılığı ilə daha yaxından tanış olduqca məni onun həm də şəxsiyyəti maraqlandırdı. Yəni mənə görə İsa Hüseynov təkcə yazdığı əsərləri ilə yox, həm də özünün xasiyyəti, xarakteri ilə qeyri-adi idi. Hələ ilk gənclik illərində Tibb Universitetinə daxil olub, sonra ordan imtina etməsi, yaşının müdrik çağında isə bütün əvvəlki yaradıcılığını bir kənara qoyub özünü yazıçı kimi yenidən “dünyaya gətirməsi” düşündürücü məqamlardır. Əlbəttə, bir çox oxucuları üçün, elə mənim üçün də İsa Hüseynovun yaradıcılığının birinci dövrü, “Saz”, “Tütək səsi”, “Kollu koxa” kimi əsərləri, “Nəsimi”, “Nizami” filmləri daha maraqlı və unudulmazdır. Amma zənnimcə, yazıçının yaradıcılığının ikinci dövrünə də xüsusi yanaşma lazımdır. Bu mərhələdə nə qədər mübahisəli məsələlər olsa da, bu miqyasda yazıçının bu məqama çatmasının, kosmosa, mistikaya, inanclara üz tutmasının səbəbləri tapılmalıdır.
60-cı illər nəsrini tədqiq etdiyim üçün bu dövr yazıçılarının əsərlərini sistemli oxuyub araşdıranda İsa Hüseynovun öz dövrünü, zamanını nə qədər qabaqladığını gördüm. 50-ci illərdə yaradıcılığa başlayan bu yazıçı həm sosializm-realizminə qədərki nəsrimizin zəngin ənənələrini davam etdirdi, həm də tamam yeni bir nəfəs gətirdi ədəbiyyatımıza. Və ən maraqlısı budur ki, çağdaş zamandan, ədəbiyyatımıza yeni-yeni cərəyanların gəldiyi bir dövrdən də İsa Hüseynov yaradıcılığına baxanda o yenə də təzə və aktualdır.
Mənbə: Kaspi.az
KÖŞƏ YAZARLARI
TOP 10