Azərbaycanın ilk peşəkar aktyorlarından biri olan – Hüseyn Ərəblinski

23 Baxış

121972

Azərbaycan romantik aktyor məktəbinin banisi Hüseyn Ərəblinski sayılır. “Ərəblinski” qüdrətli aktyor və rejissorun təxəllüsüdür. Afişalarda bəzən “Ərəbli” kimi də yazılıb. Əsil adı Hüseynbala, soyadı Xələfovdur. 1881-ci ildə Bakıda doğulub. Atası Məmməd kişi yelkənli gəmidə işləyib və Hüseyn (Hüseynbala) bacısı Dürsədəflə kiçik ikən ailənin başçısı dəniz fırtınasında həlak olub. Anası Pərinin himayəsində qalan Hüseyn Ərəblinski bir müddət mollaxanada oxuyub, ancaq ailənin pis güzəranına görə ruhani təhsilindən uzaqlaşıb. 1893-cü ildə o, qeyrətli ziyalı, ehtiraslı teatr həvəskarı Həbib bəy Mahmudbəyovun kasıb uşaqlar üçün açdığı pulsuz təhsil sinifində oxuyub. Bu məşhur təhsil ocağı “Üçüncü rus-tatar məktəbi” adlanırdı və Həbib bəy oranın müdiri idi. Sultanməcid Qənizadə də orada dərs deyirdi və Hüseynin məktəbə qəbulunda onun ciddi səyi olub. Həbib bəyin məktəbindən sonra gələcəyin aktyoru “Mixaylovskaya Şkola”da oxuyub.

Rus dilini və ədəbiyyatını mükəmməl öyrənən Hüseyn 1900-cü ildə hərbi məktəbə (o vaxt “Kadetski korpus” adlanırdı) daxil olmaq üçün Tiflisə gedib. Ancaq nəslən hərbi qulluqçu olmadığına və ya özünün həmin sahədə müəyyən iş stajının yoxluğuna görə onu hərbi məktəbə qəbul etməyiblər. Yenidən Bakıya gəlib, müxtəlif işin qulpundan yapışaraq çörək-pulu qazanıb.

Həm də hərdən ayrı-ayrı həvəskar dəstələrinin təşkil etdikləri tamaşalarda epizod rollar oynayıb. 1901-ci ildə Şuşadan Bakıya gələn Əbdürrəhim bəy Haqverdiyev burada dağılmaqda olan teatr dəstələrini bir araya gətirib, nisbətən sabit truppa düzəldib. Az sonra həmin truppa “Müsəlman artistləri cəmiyyəti” (Şirkət) adlanıb. Hüseyn Ərəblinski bu truppa ilə sıx əlaqə yaradıb. Hüseyn Ərəblinski ilk dəfə səhnəyə 1897-ci ildə çıxıb. Müəllim işləyən və teatrın təşəkkülündə böyük xidmətləri olan Sultanməcid Qənizadə şagirdlərlə “Lənkəran xanının vəziri” komediyasını tamaşaya hazırlayıb. Əsər Novruz bayramı münasibətilə göstərilib və Ərəblinski (Xələfov) mehtər Kərəm rolunda səhnəyə çıxıb. Ağabəşiri isə onun məktəb dostu, sonralar aktyor, rejissor, dramaturq kimi fəaliyyət göstərən Mirmahmud Kazımovski oynayıb. 1900-1905-ci illər ərzində həvəskarların hazırladıqları tamaşalarda nəzərə çarpmayan rollarda çıxış edib. Onların arasında nisbətən yadda qalanı və əslində zəif olanı Nəcəf bəy Vəzirovun öz faciəsi əsasında hazırladığı “Müsibəti-Fəxrəddin”dəki nökər Hacı Murad rolu olub. Görkəmli teatr xadimi Əbülfət Vəlinin təşkil etdiyi teatr truppası 1905-ci ildə Lənkəranda qastrolda olub. Həmin tamaşada xəstələnmiş aktyorun yerinə Rüstəm bəyi Ərəblinski ifa edib. Aktyor bu rolda gözlənilməz uğur qazanıb. Qastrol nailiyyəti aktyorun yaradıcılığında ciddi dönüş yaradıb. Hüseyn Ərəblinski qısa bir müddətdə Bakı aktyorları arasında öncüllüyü ələ alıb. O, əsasən “tragik” (faciə rollarını oynayan (aktyor) kimi şöhrətlənmiş və tez bir zamanda, həm də rejissor kimi səmərəli fəaliyyət göstərməyə başlamışdı.

Hüseyn Ərəblinski 1906-1919-cu illər arasında “Nicat”, “Səfa” mədəni-maarif cəmiyyətlərinin teatr truppalarında, “Müsəlman artistləri cəmiyyəti”ndə, “Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti”ndə aktyorluq və rejissorluq etmişdir. Həmin truppaların bəzisində həmçinin baş rejissor kimi də səmərəli işlər görmüşdür.

Milli teatr sənətimizin peşəkar istiqamətdə inkişafında, başqa ölkə və şəhərlərdə tanınmasında, bir sıra bölgələrdə teatr sənətinin təşəkkülündə Hüseyn (Məkərə) Ərəblinskinin böyük xidmətləri olub. O, özünün təşkil etdiyi truppa-dəstələrlə 1906-cı ildə Dərbənddə, Tiflisdə, Gəncədə, Petrovskidə (indiki Mahaçqala), Temurxanşurada, Nijni Novqorodda, Həştərxanda (Hacıtərxan), 1909-cu ildə Tiflisdə, İrəvanda, Batumda, Vladiqafqazda, Moskvada, Şuşada, 1911-ci ildə Krasnavodskda, Aşqabadda, 1914-cü ildə Tiflisdə, 1917-ci ildə Hacıtərxanda və Tiflisdə qastrol səfərlərində olub. Qastrol repertüarının əsasını Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin, Nəriman Nərimanovun, Şəmsəddin Saminin, Namiq Kamalın, Jan Batist Molyerin, Henrix Heynenin dram və faciələri, həm milli, həm də tərcümə vodevil və məsxərələr təşkil edib.

Bir qayda olaraq bu tamaşaların rejissorluğunu Ərəblinski öz üzərinə götürüb. 1908-ci il yanvarın 12-də “Nicat” cəmiyyəti truppasının oynadığı ilk milli operamız olan Üzeyir bəy Hacıbəyovun “Leyli və Məcnun”unun quruluşçu rejissoru Hüseyn Ərəblinski idi. Müxtəlif vaxtlarda Üzeyir bəy Hacıbəyovun “Əsli və Kərəm”, “Şah Abbas və Xurşid banu” operalarına, “Arşın mal alan”, “Ər və arvad”, “Məşədi İbad” operettalarına, Zülfüqar bəy Hacıbəyovun “Aşıq Qərib”, “Evliykən subay”, “Əlli yaşında cavan” əsərlərinə dəfələrlə quruluşlar verib.

news-detail

HÜSEYN ƏRƏBLİNSKİ

(1881-1919)

Rejissor kimi Hüseyn Ərəblinskinin daha peşəkar sayılan quruluşları Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin”, “Ev tərbiyəsinin bir şəkli”, “Adı var, özü yox”, “Hacı Qəmbər”, “Daldan atılan daş topuğa dəyər”, Mirzə Fətəli Axundzadənin “Hacı Qara”, “Lənkəran xanının vəziri”, “Müsyö Jordan və dərviş Məstəli şah”, Əbdürrəhim bəy Haqverdiyevin “Bəxtsiz cavan”, “Dağılan tifaq”, “Ağa Məhəmməd şah Qacar”, Nəriman Nərimanovun “Nadir şah”, Yusif Talıbzadənin “Xalid ibn Valid”, Osmanlı ədiblərindən Namiq Kamalın “Vətən”, “Akifbəy”, “Naci bəy fədakarihürriyyət”, Şəmsəddin Saminin “Dəmirçi Gavə”, Hüseyn Bədrəddin və Məhəmməd Rüfətin “Əmir Əbül Üla”, rus müəllifi K.Baxmetovun “Napoleon” (“1812-ci il və ya Moskva yanğını”), alman Henrix Heynenin “Əl Mənsur”, Jan Batist Molyerin “Zorən təbib”, Vilyam Şekspirin “Otello”, Nikolay Qoqolun “Müfəttiş”, Fridrix Şillerin “Qaçaqlar” əsərlərinə verdiyi səhnə təfsirləridir. O, çoxlu xırda vodevillər, birpərdəli əsərlər də hazırlayıb. Yuxarıda adı çəkilən faciələrin əksəriyyətinə isə bir neçə dəfə quruluş verib.

Hüseyn Ərəblinskinin ifa etdiyi rolları şərti olaraq iki qismə bölmək olar: milli dramların və tərcümə əsərlərinin tamaşalarında oynadığı obrazlar.

Birinci bölümə Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin” (Hacı Murad, Rüstəm bəy və Fəxrəddin), “Hacı Qəmbər” (Xudaverdi bəy), “Daldan atılan daş topuğa dəyər” (Əbdürrəhman bəy), “Ev tərbiyəsinin bir şəkli” (Rəsul), Sultanməcid Qənizadənin “Axşam səbri xeyir olar” (Ağa Cavad), “Dursunəli və ballıbadı” (Ağa Cəfər), Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq” (Süleyman bəy), “Bəxtsiz cavan” (Fərhad), “Ağa Məhəmməd şah Qacar” (Qacar), Nəriman Nərimanovun “Nadir şah” (Məhəmməd xan, Gürcü bəy və Nadir şah), “Bahadır və Sona” (Bahadır), “Şamdan bəy (Yusif), Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” (Teymur ağa), “Hacı Qara” (Naçalnik), Haşım bəy Vəzirovun “Döymə qapımı, döyərlər qapmı” (Ağa Məcid), Məmmədəmin Rəsulzadənin “Qaranlıqda işıqlar” (Qəhrəman), İsmayıl Rüstəmbəyovun “Dövləti-bisəmər” (Ağabala), Yusif Talıbzadənin “Xalid ibn Valid” (Xalid), Mirzə Məmməd Axundzadənin “Səd ibn Vəqqas” (“Səd Vəqqas”. Səd Vəqqas), Səkinə Axundzadənin “Zülmün nəticəsi” (Səid bəy), Əhməd Qəmərlinin “Rüstəm və Söhrab” (Rüstəm), Abdulla Abdullazadənin “Xosrov-Pərviz” (Xosrov Pərviz) əsərlərinin tamaşalarındakı rollar daxildir.

Aktyor tərcümə əsərlərindən Nikolay Qoqolun “Müfəttiş” (Dobçinski və Xlestakov), Henrix Heynenin “Əl Mənsur” (Əli və Əl Mənsur), Fridrix Şillerin “Qaçaqlar” (Frans), Namiq Kamalın “Əta bəy” (Əta bəy), “Naci bəy” (Naci bəy), “Vətən” (İslam bəy), “Namus” (“Akif bəy”. Anif bəy), Jan Batist Molyerin “Zorən təbib” (Eyvaz), Fransua Volterin “Sultan Osman” (Sultan Osman), Yevgeni Çirkovun “Yəhudilər” (Naxman), Şəmsəddin Saminin “Dəmirçi Gavə” (Gavə və Pərviz), S.Lanskoyun “Qəzavat” (Əhməd bəy Şamxal), Məhəmməd Ehsanın “Cövdət bəy” (Cövdət bəy), Lentovskinin “Artistlərin məişəti” (Vəli), İvan Turgenevin “Pulsuzluq” (Cəmil bəy), Hüseyn Bədrəddin və Məhəmməd Rüfətin “Əmir Əbül Üla” (Əbu Dəyyab), Baxmetovun “1812-ci il” (Napoleon), Abdulla Şaiqin təbdilində “Qafqaz çiçəkləri” (Aslan), Vilyam Şekspirin “Otello” (Otello), Yusif Talıbzadənin təbdilində “Ərmənusə” (Arkadyos), Ehrabinin “Ləkkeyi taci Kəyan” (Səttarxan), Vano Mçedaşvilinin “Qaçaq Kərəm” (Kərəm), Əbdülhəq Hamidin “Tariq ibn Ziyad” (Tariq), Ələsgər Kamalın “Bəxtsiz igid” (Zakir), özünün tərcümə-təbdilində “Bədəfkarın külfəti” (Ata) pyeslərinin tamaşalarında müxtəlif səpkili rollar oynayıb.

Hüseyn Ərəblinski 1916-cı ildə “Milyonlar və neft səltənəti” filmində Lütfəli bəy rolunda çəkilib.

Azərbaycan teatr tarixində böyük xidmətləri olan onlarca aktyor məhz Hüseyn Ərəblinskinin şöhrəti və yaxından qayğısı, yaxud ona bəslənən böyük rəğbət nəticəsində səhnə sənətinə gəlmişlər. Hətta Sidqi Ruhulla və Abbasmirzə Şərifzadə kimi qüdrətli aktyorlar vaxtilə onlara verilən “balaca Ərəblinski” qiyməti ilə fəxr etmişlər.

Rusiyada xüsusi teatr təhsili almaq arzusu ilə yaşayan və həmin istəyi maddi çətinlik ucbatından dəfələrlə puça çıxan Hüseyn Ərəblinski 1919-cu il martın 4-də dayısı oğlu Əbdülxalıq Əbdülkərim oğlunun tapançadan açdığı atəşlə qətlə yetirilib. O, son dəfə mart ayının 1-də səhnədə Nadir şah rolunda çıxış edib.

Qacar, Fərhad, Nadir şah, Otello, Fəxrəddin, Xlestakov, Frans, Gavə, Qaçaq Kərəm, İslam bəy rolları aktyorun teatr salnaməmizə əbədi həkk olan səhnə surətləridir. Hüseyn Ərəblinski səhnəmizin ilk aktyorlarındandır ki, suflyordan imtina etməyə səylə can atmış, oynadığı əksər obrazların sözlərini əzbər bilmişdir.

Hüseyn Ərəblinski aktyor sənətini elmi əsaslarla mənimsəmək üçün çoxlu mütaliə etmiş və kitablardan mənimsədiklərini sənət yoldaşlarına da öyrətməklə, səhnədə əyaniləşdirməyə çalışmışdır.

Hüseyn Ərəblinski milli rejissuramızda Əbdürrəhim bəy Haqverdiyevin qoyduğu ənənəyə sadiq qalaraq tamaşaya hazırlanan əsəri təhlilə çalışmışdır. Pyesin ideya və müəllif qayəsi barədə aktyorlara məlumat verməyi vacib saymışdır.

Hüseyn Ərəblinski hər hansı əsəri ayrı-ayrı ifaçılarla işləyib, sonra “calaq” eləmək vərdişinin əleyhinə çıxmış, tamaşanı iştirakçı aktyorların ansambl bütövlüyü ilə işləməyə üstünlük vermişdir. Sadəlik, canlılıq, eşq və ehtiraslar üzərində köklənən emosionallıq, coşğun temperament romantik aktyor Hüseyn Ərəblinskinin yaradıcılığı üçün səciyyəvi idi.

Hüseyn Ərəblinskinin məzarı Bakıda Fəxri xiyabandadır.

Sumqayıt Dövlət Musiqili Dram Teatrı görkəmli sənətkar Hüseyn Ərəblinskinin adını daşıyır.

P.S. Yazılar teatrşünas, sənətşünaslıq doktoru, professor İlham Rəhimlinin “Azərbaycan teatr tarixi” əsərindən götürülüb.

KÖŞƏ YAZARLARI
TOP 10