Azərbaycanın ilk peşəkar aktyorlarından olan – Rza Darablı və Panfiliya Tanailidi

16 Baxış

124929

“Darablı” onun səhnə təxəllüsüdür. Bir müddət tamaşalarda təxəllüsünü “Darablinski” yazdırıb. Əsasən aktyorluqla, müəyyən illərdə isə rejissorluqla da məşğul olub. 1933-cü ildə Azərbaycan Respublkasının əməkdar artisti fəxri adı ilə təltif olunub.

Rza Nəcəfəli oğlu Hüseynov (Darablı) 1883-cü ildə Bakıda doğulub. Əvvəlcə mədrəsədə, sonra türk-rus məktəbində təhsil alıb. Savadını ölkə xaricində ali məktəbdə davam etdirməyə çalışıb, lakin buna nail ola bilməyib. Mədəniyyətin müxtəlif sahələrinə maraq göstərib. 1911-ci ildən ara-sıra “Nicat” mədəni-maarif cəmiyyətinin truppasında epizodik, sözsüz surətlər oynayıb və üç il sonra isə müntəzəm şəkildə teatr tamaşalarında iştirak edib. Azərbaycanın ilk parodiyaçı aktyorlarından sayılır.

news-detail

RZA DARABLI 

(1883 -23.3.1942)

Rza Darablı “Nicat”, “Səfa”, “Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti” truppalarında dram, faciə, komediya, opera və operetta tamaşalarında maraqlı rollar oynayıb. Üzeyir bəy Hacıbəyovun “Şah Abbas və Xurşidbanu” operasındakı Məstavər obrazının yaxşı ifaçısı olub. 1919-cü ildən bugünkü Milli Dram Teatrının truppasında aparıcı aktyorlardan biri kimi çıxışlar edib. 1925-1928-ci illərdə Moskvada Mərkzi Teatr Sənəti Texnikumunda təhsil alıb və yenidən doğma kollektivə qayıdıb.

Komediya və dram aktyoru Rza Darablının yaradıcılığını iki dövrə ayırmaq olar:  1919-cu ilə qədərki dövr və ondan sonraki illərdəki fəaliyyəti. Birinci dövrdəki əsas rolları: Vəli, Hambal (“Arşın mal alan” və “Məşədi İbad”, Üzeyir bəy Hacıbəyov), Qacar, Həmzə bəy, İblis (“Ağa Məhəmməd şah Qacar”, “Dağılan tifaq” və “Pəri cadu”, Əbdürrəhim bəy Haqverdiyev), Məşədi Oruc və Şeyx Nəsrulla (“Ölülər”, Cəlil Məmmədquluzadə), Şamdan bəy, Şah Təhmasib (“Dilin bəlası” və “Nadir şah”, Nəriman Nərimanov), Tofiq bəy, Mustafa paşa, Haris (“Bakı müharibəsi”, “Ədirnə fəthi” və “Trablis müharibəsi”, Cəfər Cabbarlı), İsmayıl bəy və İbrahim (“Keçmişdə qaçaqlar”, Nəcəf bəy Vəzirov).

Teatr dövlət statusu alandan sonra Rza Darablı daha uğurla Ənvər bəy, Belokurov, Yanardağ, İbad (“Yulduz, yaxud Trablis müharibəsi”, “Yaşar”, “Od gəlini” və “Almaz”, Cəfər Cabbarlı), İbn Yəmin və İblis, Şeyx Sənan, Knyaz (“İblis”, “Şeyx Sənan” və “Knyaz”, Hüseyn Cavid), Qəhtan (“Dəmirçi Gavə”, Şəmsəddin Sami), Mixail Petroviç (“Qaçaq Kərəm”, Vano Mçedaşvili), Əlimərdan (“Eşq və intiqam”, Süleyman Sani Axundov), Arsini (“Nei qülləsinin sirri”, Aleksandr Düma), Dərviş Abbas (“Molla İbrahimxəlil kimyagər”, Mirzə Fətəli Axundzadə), Ursus (“Gülən adam”, Viktor Hüqo), Şpigelberq (“Qaçaqlar”, Fridrix Şiller), Qapral Barbaru (“İntervensiya”, Lev Slavin), Mironov (“Özgə uşağı”, Vasili Şkvarkin), Usta Bəhlul (“Şahnamə”, Canan), Məhkəmə sədri (“Dubrovski”, Aleksandr Puşkin), Molla Ağabala (“Toy”, Sabit Rəhman) rollarını ifa edib.

1940-cı il oktyabrın 24-də Pyer Bomarşenin “Fiqaronun toyu” komediyasında oynadığı Antonio rolu Rza Darablının teatrda son səhnə obrazıdır. Səhnə fəaliyyəti ilə yanaşı, Bakı Teatr Məktəbində dərs deyib, filmlərə çəkilib.

Rza Darablı 23 mart 1942-ci ildə Bakıda vəfat edib.

news-detail

PANFİLİYA TANAİLİDI

(1891-15.10.1938)

Milliyyətcə yunan olan Panfiliya Nikolayevna Tanailidi 1891-ci ildə İrəvan xanlığı Zəngəzur mahalının Basarkeçər kəndində doğulub. Ailəsi buraya Türkiyənin Qars şəhərindən gəlib və bir müddət yaşayandan sonra Tiflisə köçüblər. Türkcə təmiz danışan Panfiliya xanım Tiflisdə rus və gürcü dillərini də öyrənib.

Xüsuci təhsil görməyib. Zərif bədəni mütənasib biçimli idi və o, ən müxtəlif ritmli rəqsləri uşaq yaşlarından məharətlə oynayıb. Buna görə də on dürd-on beş yaşlarından Tiflisin Kazyonnı teatr, Zubalov adına “Xalq evi” kimi böyük salonlarında azərbaycanlıların keçirdikləri müsamirələrdə, müxtəlif həvəskar teatr truppaların hazırladıqları tamaşalarda “Zəngəzurskaya” və “Sürəyya” təxəllüsləri ilə çıxışlar edib.

Mustafa Mərdanov və Mirseyfəddin Kirmanşahlının təşkil etdikləri truppa-dəstələrlə İranda, Türkiyədə qastrollarda Tanailidi dram, opera və operetta tamaşalarında oynayıb. Bu dövrdə ayrı-ayrı illərdə Bakıya gələrək müxtəlif teatr dəstələrinin tərkibində tamaşalarda oynayıb. Tiflis Dövlət Azərbaycan Teatrının yaradıcılarından biri də Panfiliya Tanailidi idi. 1925-ci ildə Tiflisdən gəlmiş baş rejissor Aleksandr Tuqanovun dəvətilə Panfiliya Tanailidi yenidən Milli Dram Teatrının truppasına daxil olub.

Panfiliya Tanailidi 1919-cu ildə Mehriban (“Dəmirçi Gavə”, Şəmsəddin Sami), Şəmsa (“Trablis müharibəsi”, Cəfər Cabbarlı), Azərbay (“Azərbay və Can”, İsa bəy Aşurbəyli), 1925-ci ildən sonra isə Kəblə Fatma (“Ölülər”, Cəlil Məmmədquluzadə), Emiliya, Karvansaraçı, Cülyettanın dayəsi (“Otello”, “Şıltaq qızın yumşalması” və “Romeo və Cülyetta”, Vilyam Şekspir), Marqarita, Ledi Ariyella (“80 gün dünya səyahətində” və “Kapitan Qrantın uşaqları”, Jül Vern), Şamama cadu (“Pəri cadu”, Əbdürrəhim bəy Haqverdiyev), Tükəz (“Hacı Qara”, Mirzə Fətəli Axundzadə), Köylü qadın, Rübabə, Marqo (“Topal Teymur”, “Səyavuş” və “Knyaz”, Hüseyn Cavid), Qəmər xanım (“Tələbələrin kələyi”, Brandon Tomas), Tamara, Böyükxanım, Tafta (“Oqtay Eloğlu”, “Aydın” və “Sevil”, Cəfər Cabbarlı), Marri (“Tom dayının koması”, Biçer Stou), Karoleva Anna (“Gülən adam”, Viktor Hüqo), Amaliya (“Qorxu”, Aleksandr Afinogenov), Qalçixa “Günahsız müqəssirlər”, Aleksandr Ostrovski), Nisə xala (“Polad Qartal”, Aleksandr Korneyçuk), Nənə (“Göy quş”, Moris Meterlink) rollarını və digər səhnə surətlərini ifa edib.

1937-ci ildə tüğyan edən şəxsiyyətəpərəstiş dövrünün repressiyası Panfiliya Tanailididən də yan keçməyib. Dekabr ayının 15-dən 16-na keçən gecə həbs olunub. Dəhşətli və işgəncəli istintaq uzun müddət davam edib və aktrisanın güllələnməsi barədə hökm çıxarılıb. Şən xasiyyətli, şux zarafatları və kollektivin rəğbətini qazanmış Panfiliya Tanailidi 1938-ci il oktyabr ayının 15-də, axşam saat onun yarısında Bakıda gullələnib. Məzarı yoxdur.

P.S. Yazılar teatrşünas, sənətşünaslıq doktoru, professor İlham Rəhimlinin “Azərbaycan teatr tarixi” əsərindən götürülüb.

KÖŞƏ YAZARLARI
TOP 10