Azərbaycanın lətifə dövrü(müz) – Xanəmir Telmanoğlu

18 Baxış

Без названия (1)

Senet.az oxucularına “Ustad” jurnalının “Ustad təhlil edir” rubrikasından Xanəmir Telmanoğlunun “Azərbaycanın lətifə dövrü(müz) yazısını təqdim edir. 

Ey dili qafil fil faili məchul fani f…

Azərbaycan xalqının deyəcəyin gözyaşları heç vaxt qurumayıb. Bunu ən azından bayatılarından, folklorik ağı janrından görmək mümkündür. Ancaq bizim göz yaşlarımızla birgə eyni məsumluğuyla aşıb-daşan gülüşümüz də olmamış deyil. Molla Nəsrəddin adı altında ədəbi varlığımıza hakim kəsilmiş lətifələrin verdiyi ecaz bu gün də bəzən açıq, bəzən örtülü, gizli laylarıyla davam edir. Tədqiqatçılar Molla Nəsrəddin adlı şəxsin və yaxud bu adda lətifələrin yaranışını lap əski çağlara aparıb çıxarsalar da, faktiki olaraq onu XIII əsrlə bağlayırlar. Demək ki, Azərbaycan xalqı bu tarixdə gülümsəməyə, dodağını qaçırmağa, təbəssümünü ətrafa çiləməyə, şaqqanaq çəkişini aləmə görk eləməyə cəhd edib. Ən azından gülüşün metafizik nəfəsinə qatlana bilib. Etiraf edək ki, bu estetik cəhd həm də gözəl alınıb. Xalqın gülüşündə dəhşətli bir biclik, daha doğrusu, bütün zamanlara qarşı sarsılmaz bir politika gizlənib. Xalq öz ədəbi-bədii hakimiyyətini gələcək nəsillərə gülüşlə ötürüb. Xalq öz ədəbi iqtidarını gülüş, ironiya, sarkazm, satira əlacıyla qurub, yaşadıb. Sözsüz, mollalara, seyidlərə, yaramaz din xadimlərinə qarşı dözülməz dərəcədə sarsıdıcı zərbələr vuran lətifələr Molla adıyla adlandırılmaqla, demək ki, xalqın “ilanı seyid Əhməd əliylə tutmağa” üstünlük verməsinə imkan açıb. Din xadimi üzərinə şair, yazar, qəhrəman, ya pinəçi deyil, alim deyil, həm də alimi, yazarı, pinəçini, qəhrəmanı din adı altında, dini obrazda zalımın, şərin üzərinə göndərir. XIII əsr bizim Azərbaycan tarixində həm Nizami dövrünə, Xaqani Şirvani dövrünə təsadüf edir. Qarşıda isə Nəsimi və Füzuli, Şah Xətai dövrü gələcəkdi. Artıq Azərbaycan türkünün bu ərazilərdəki zamanına Molla Nəsrəddin gülüşlə daxil olur. Ən önəmlisi bu daxilolma prosesi eşşəklə gündəmə gəlib (niyə eşşəklə daxilolma məsələsi isə başqa yazı borcuyla həmhaldır).

Bu dönəmdə Azərbaycan türklərinin gülə bilmə şansı üzə çıxır. Bir tərəfdə Nizami Gəncəvi “Xəmsə”silə aləmə ün salır. O isbat edir ki, sözün qüdrətini yaradanlar, söz xəzinəsinə sahib olanlar, fikrin mahiyyətinə, sözün mənasının ecazına vaqif olanlar əsrlərdir özünü böyük, yenilməz, əbədi kimi göstərən padişahlardan, şahlardan ağılalmaz dərəcədə qüdrətli, əyilməz və əbədidirlər. Molla Nəsrəddin adı altında bir xalqın gülümsəməsi birdən-birə padişahlıq, ağalıq, üstünlük kimi yersiz keyfiyyətlərin (eqosentral vərdişin sayəsində) sirrinin darmadağın olması, gözdən düşməsi, öz mifini dağıtmasıydı. Bu, o qədər də asan baş tutan olay deyildi. Şərqin min illərdir despot psixologiyasında zəncir vuran, üz qızardan səriştəsi altındakı hakimlər, üstün sülalələr millətin üz-gözlərində bir damcı olsun belə sevincə, gülüşə, təbəssümə yer qoymamış, əksinə, xalqı sıxdıqca sıxmış, üz-gözlərində qəm-qüssə əlamətləri, cizgiləri sərt bir görkəm yaradaraq insanlarımızın ürəyini axar sulara, dışını isə daşa-divara, qayaya çevirmişdir.

Azərbaycan xalqı Nizaminin dönəmində, ya az sonra gülməyə başlayır. Nizami bu gülüşün qabağını necə aça bilərdi. Əslində, Nizami öz əsərlərində kosmik – metafizik gülüşləri ustalıqla icad etmiş, təşkil eləməyi bacarmışdı. Təsəvvür edin ki, bu yazar dünyaca ünlü, hər şeyə qadir bir hökmdarı dirilik suyu dalınca haralara aparmır, haralarda gəzdirmir, haralara göndərmir? Qəhrəmanlarının başına itin oynunu açır. Deyir ki, ay bədbəxt, sən hələ də min illərdir yaranmış bu dünyanın sirlərini bilmirsən. Hər şeyi uzun ömürdə, dünyanı tutub əbədi yaşamaqda görürsən (“İsgəndərnamədə”). Yaxud Allahın südünü su yerinə arxla çəkdirib haralara aparmır? Bu gülünc doğuran, ikrah hissi yaradan səhnələr Nizaminin əsərlərində saysız-hesabsızdır. Sözsüz, bu səhnələri başqa ibrətamiz mənalar baxımından da yozmaq mümkündür, amma Nizaminin hədəfi padişahları, xalqı idarə edənləri islah etmək, bəşərin ilkin anlama, dərketmə kökünü, əxlaqi qaynağını göstərməklə, gerçək hədəflərindən biri və başlıcası şahlar, padişahlar, idarə edənlər olub. O yaxşı bilirdi ki, bütün fitnə-fəsadlar onların əxlaqı, davranışı, ağlı ucbatından baş verir. Nizami bu yuxarı təbəqəni əsatirlərə, miflərə, rəvayətlərə, dini anlayışlara bükərək gətirib Mollanının dönəminə, zamanına və səriştəsinə kimi çıxardı. Molla Nəsrəddin xalqı güldürmək üçün eşşəyi də özünə vasitə seçdi. Lətifələrin hədəfi şər, zülm, haqsızlıqlar olduğundan bu toxumların mənbəyi Nizaminin büküb-bürüdüyü hakim təbəqəydi. O, lətifələrində əslində tarladan, savadsızlıqdan, oğruluq və xəbislikdən danışsa belə, yenə də üstün təbəqəni, rəiyyəti əzən gücləri hədəf alırdı. Onları sözlərinin batini sarkazmı, gülüş tiyəsiylə deşik-deşik edir, yəni yıxıb-sürüyürdü. Necə ki, Molla eşşəyi minmişdi, eləcə də o sözlərinin siqlətilə şərin körükçülərini minib-çapırdı.

Nizami Gəncəvinin yaratdığı əsərlər kosmoqonik, metafizik anlamları nə qədər içərirsə, özündən sonrakı zamanlarda bir o qədər də o metafizikanın, kosmoqoniyanın bir parçası halına dönüşürdü. Tərkib hissəsi olan yerin, dünyanın, insanların, onların dünyagörüşü və həyat tərzinin ifadəçisiydi. Bu baxımdan, Nizami mətnləri ötə aləm üçün nə qədər energetik məna balansı təşkil edə bilirdisə, (hansı ki, bu qaçınılmazdır. Müəyyən dönəmlərdə belə batini əyləmlərdən uzaq gəzmək deyil, bizzat onun iştrakçısına çevrilmək gərəkir. Əks halda, fəsadları ötə aləmlərdən daha çox, dünya həyatıyla bağlı insanlara, yaşama, mədəniyyəti vurulacaq zərbələr nə görünən, nə bilinən olardı. Bu, başqa bir mövzudur.) bu dünya həyatıyla sıx şəkildəolan bağlarla tutunmuş insanların varlığına hikmət, məna qavramlarının müdaxilələri də az deyildi. İşin digər tərəfi isə məna və onun mahiyyət faktorunu dəqiq anlayan, duyan bu sənətkar sözün Mənası qarşısında Zamanı düzgün dəyərləndirdiyindən, zaman ekvivalentini düzgün hiss elədiyindən, özündən sonrakı dönəm üçün sahib olduğu mədəniyyətin hansı çalarlarla, qatlarla zənginləşə biləcəyinə stimul vermək iqtidarını da özündə tapa bilmişdir. Beləcə, Nizaminin hazırladığı şahlar, padişahlar Mollanın rahat nişangahına gələ bilir.

Ən əsası isə Azərbaycan insanı bu dönəmlərdə artıq gülməyi bacarmağa başlayır. Bu gülüş bizlərə nələr verdi, bəxş elədi, yaxud biz bu gülüşlərdə qalmış hansı varidatımızı dartıb aldıq, qopardıq? Əslində, onu da deyim ki, Mirzə Cəlilin, Sabirin gülüşü əsil gülüş deyil. Millətin gülüşü dövrün, zamanın fonunda öz fəlsəfi siqlətiylə mədəniyyətə necə, nə cür müdaxilə edəndə, mədəniyyət müstəvisində nələrisə ortaya çıxaranda gülüş sayılır. Əks təqdirdə Sabir və Cəlil kimi yazarlarımızın gülüşə heç dəxli yoxdur.

Azərbaycan insanının üzündəki cizgilərin uzun-uzun gərilimlərdən sonra yumuşayıb, rahatlaması, sonra da qəribə bir şaqqanaq səsiylə açılıb-yığılması, dünyayla yeni bir reaksiyanın, anlaşmanın başlanğıcını qoyurdu. Məhz bu gərilimlərin ardınca üzü şaqqanaq çəkərək gülüşə də qapı açan insanımızın səriştəsində kosmik sürətlə dəyişimlərə yol açmağa başladı. Qatılaşmış mədəniyyətdə elastiklik baş tutdu. Bu elastikliyin “limfaları” arasına dolan yeni dönəm mədəniyyət elementləri artıq təptəzə, bambaşqa bir formatda təqdimatını sunurdu. Kosmos buna hazır idi. Bura qədər kosmik sifarişlə “işləyən” mədəniyyət, indi insanın üzə çıxmış içiylə, etnosun var olan potensialıyla şəkillənirdi. Azərbaycan insanının Molla taktikasıyla gülüşə başlaması qarşıda, düşüncəmizin, bədii inancımızın üfüqündə Nəsimini, “ənəl-həqq”i doğruacaqdı. Elə doğurdu da. “Ənəl-həqq” ruhani şüuru artıq kosmosdan deyil, əsrlərdir bu etnosun içinə oturuşmuş vədəsini tamamlayıb başqa bir dönəminə keçidini tələb edirdi (belə metafizik ədəbi müjdə ezoterizmə də gizli impuluslarını ötürmək üçün dinc durmayacaqdı). Bu tələbediş bu dövr insanının kosmosa, aləmlərin ötəsinə, bir zamanlar aldıqlarını, indi əmanət kimi, “xəyanət dışında bir etibarla” göndərməsiylə millətin valığında “metafizik üslubuyla” öz işini görürdü. Molla Nəsrəddinin gülüşü, lətifələri Nizamiylə Nəsimi arasındakı bir etnos mədəniyyətinin daşıyıcısı olan xalqın irtibatı, rabitəsi, keçid ahəstəliyinin həm də kosmosda mədəniyyətimizin yenidən bir qeydə alınış sürəci, qəbul edilmə hazırlığı, verdiyini geri alma vədəsiydi. Molla gülüşünün ardınca ənəl-həqq istibdadı, ərəfəsinin yayılımı da ayrıca bir yazı ola bilər. Ancaq Mollanın gülüşündən sonra ənəl-həqq səltənəti yerini Füzulinin ayrılıq gecələrinə, Leyli Məcnununa, xalqın Əsli və Kərəminə, Şah İsmayılın Azərbaycan dövlətçiliyinə kimi ötürdü. Bu nəydi?

* * *

Azərbaycan insanının gülə bilmə yetənəyi bizi hara kimi apardı? Nəsimidən, müstəqil Azərbaycan dövlətindən sonra (XVI əsrdən) hardasa 5 əsr azərbaycanlılar gülə bilmədi. XX əsrdə sovetlərin gəlişiylə Azərbaycan mədəniyyyətində baş verənlər təsəvvür edin ki, Nizami Gəncəvinin dönəmində baş verənlərin materiya halında təcəssümüydü. Məsələn, Nizami təkbaşına bir yazar olaraq (söhbət mahiyyətcə deyil, formal olaraq nəzərə alınsa) padişahları vasitə edərək, mədəniyyətə açdığı əraziylə, sovet yazarlarının topdan bir Nizami şəklində padişahlarla isti münasibət atmosferində ortaya çıxan bədii varidatının mədəniyyətə etibarlılıq qazanması gözardı edilməməlidir. Sadəcə, Nizami təkbaşına hədəfində padişah olayını qoysa da, sözünün məna qatlarında gizlədərək ortaya qoyduğu ideyalarla bir ötə həyatın da səmimiyyətini, yaddaşını gündəmə gətirirdi. Bu iki qarşılaşmada XIII əsrdə zühur edən Azərbaycan insanının molla adı altındakı gülüşünün mahiyyəti gizlinə, inzivaya çəkilməklə “bir sonrakı dönəmlərə” qazandıracaqlarını yenidən qoruyurdu.

* * *

Budur, artıq Nizamiylə xalqı harda, hansı zamanda, necə üz-üzə qoyduq. Tərəzinin bir gözünə çıxmış Xəmsə, o biri tərəfində xalq yaradıcılığı olan Lətifə sindromu üz-üzə gəlir. Əslində, Nizami də folklordur (şifahi təfəkkürün məhsulu kimi). Xalqın, müəyyən bir dönəmdə xalqın nəfəsinə çevrilmiş enerji külçəsidir. Əgər XII əsr olmasaydı, bu əsrdə bir xalq mövcud olmasaydı, bu xalqın bəlli bir adət-ənənəsi, yaşamı, danışığı, bu xalqın içindən seçilmiş elə insanlar üzə çıxıb da Nizami kimisini oxu(t)masaydı, Nizminin də “Xəmsə”sinin olacağına, təşəkkül tapacağına inana bilmərəm.

Lətifələr folklor ünsürüdür, folklorun ən güclü qolu, hissəsidir. Molla Nəsrəddin lətifələri XIII əsrdə xalqın o zamana qədər təfəkkür, düşüncə və ruhunda toparladığı mədəniyyətə stimul verən, onu qiyamətə kimi götürən (xalqı həm də kosmik arenada qoruyan və müdafiə edən,), dəstəkləyici elementə çevrilən ilahi qaynaqlı haldır. Lətifə xalqın halıdır. Lətifə xalqın halı kimi həm də məqamının, səviyyəsinin göstəricisi rolunda çıxış edir. İndi xalqın təfəkkür məhsulu olan Molla Lətifələri etnosun tarix boyunca milli energetikasını müvazinətdə saxlamağı, rahatlatmağı, mədəniyyətin digər mədəniyyətlərdən nələrisə əxz elədiyini, digər mədəniyyətlərin bizim dəyərlərimizə yönəlmə, diqqətdə saxlama kimi əlamət və keyfiyyətləri ortaya qoyması kimi ayrıca incələnəcək nəhəng mövzu ünsürüdür. Sadəcə olaraq, Lətifəni bir gülüş kimi alqılamaq, şərə qarşı haqqın var olduğunu, onun heç vaxt dünya səhnəsindən silinmədiyini bəyan etmək baxımından da düzgün olmadığı qənaətindəyik. Bütün var olan mədəniyyət yüklü, etnos bağları qabarıq olan bu türlü xalq təfəkkür qatlarına sirayət eləmiş məqam və hallar, bir tərəfdən də bəlli bir coğrafiyada, bəlli bir zaman kəsimində dışarı vuraraq Kainatın Sahibkarı və Düzən Vericisi tərəfindən də İlahi gedişata uyğun mədəniyyətə bütövləşdirici, yaxud mədəniyyətin hansısa dövrə, zamana, nəslə sirayət etməsi üçün təkan verici iksirə qovuşdurması sarıdan da önəm kəsb edir. Bu aspektdən yanaşdığımız zaman Nizaminin Xəmsə külçəsilə Mollanın Lətifələri arasındakı rabitə, bağ, qohumluq elementlərinin mədəniyyətdəki görünməz, izi azdırılmış təzahürünün heç bir təvafütü, ya fərqi yoxdu. Belə demək mümkünsə,  Lətifələr Nizaminin yaradıcılığının dünyaya, aləmə, təbiətə, cəmiyyətə sızmış, yayılmış yetişkən, dəymiş halıdır. Bədii əsərlərin yetişkənliyi xalqın tale torpaqlarında bu cürə təzahür edir. Nizaminin “Xəmsə”si bütün zamanlar, özəlliklə öz zamanı üçün də kal bədii təfəkkür salnaməsidir. O, yəni bu bədii kal təfəkkür xəzinəsi bir əsr sonra yetişkən olaraq lətifə şəklində dışa vurur. Nizami daha sonralar lətifə şəklinə bürünərək (çünki onun sufiyanə düşüncə və sözünün bədii siqlətində bürünmə, gizlənmə, şəkil dəyişdirmə təbiidir. Bu dərvişlərə, təriqət əhlinə xas olan ən sadə xüsusiyyətdir), Füzulinin qəzəllərində gecələməyə başlayır. Bu gecənin qaranlığından, orta əsr Şərq Azərbaycan insanının düşdüyü mühit, yaşam tərzi, həyatı inanc içində itib-batsa da, bu sərxoşluğun siqlətində başqa bir eyham – artıq bezginlik, adətlərin, ənənələrin dini inanclarla əlbir olub daha çox yanlış yönlərə baxışları sürükləməsi qorxu dolu fəsadları üzə çıxardırdı. “Leyli və Məcnun” poeması isə yenə də bu dönəmdə Nizaminin Leylisi və Məcnunu olaraq Lətifələrdən, xalqın təfəkkürünün elastikliyindən bir az ayrılıb onu yenidən dünya həngamələrində üz-üzə qaldığımız Şəri ötə aləmlərin, ilahi qaynaqların Xeyirlə qaplanmış, donatılmış şərafətinə ürcah edirdi. Lətifə isə marıqda bəkləyərək işini görürdü. Bir tərəfdə isə şah Xətai adı altında qurulan “Azərbaycan” adlı Dövlət isə, Molla Nəsrəddin Lətifələrinin Nizamini xalqın varlığındakı mədəniyyətlə irtibata çəkməsinin ehtişamındakı gizli şölənin qoxusunu ruhuna sormasıyla müşayiət olunurdu. Azərbaycan adlı dövlətin varlığında xalqın iztirablarından doğulmuş gülüş energetikası öz sözünü nəyin bahasına olur-olsun, deyirdi. Bu səfər lətifələr Füzulinin qəzəllərinin, Leyli və Məcnun poetikasının siqlətindəki Tanrıtanımazlığın yaxasını buraxıb, Azərbaycan Dövləti mahiyyətində Şah Xətainin bizzat şəxsiyyət və varlığına hakim kəsildi. Bura qədər bir millətin kosmik-ezoterik həyat məskənindən yerdəki, dünyəvi arealda mədəniyyət ağırlıqlı mahiyyət qazanmasına kimi yol gəlmiş, fərqli dövrlərdə fərqli “işlər“ görmüş, Lətiflər, artıq Şah İsmail Xətayi adlı bir şəxsiyyət və yazarın, dövlət başçısının, sərkərdəsinin taleyində izini itirməklə məşğul idi. Xalqın gülməsi, gülə bilmə yaddaşının oyanmağı bir yana, bu yaddaş başqa dövrlərə sirayət edərək, eyni varidatı fərqli şəkillərə salmaqla, millətin taleyini gözardı eləmirdi. Bax, önəmli olan budur, burasıdır. Ancaq işlər heç də burda tamamlanmış sayılmaz. Gedişat öz yolunda qaraltısını əsirgəmir, kölgəsini azaltmırdı. Əsli və Kərəm dastanının zühuru, az sonra da “Koroğlu” adlı dastan indi ortaya daha maraqlı ədəbi-bədii fərasətlər və fəsadlar çıxardacaq.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10