Azərbaycanın  pul vahidləri ( e.ə III – e.XIX əsrləri)

1006 Baxış

Şəkil1Adəmi  adəm eyləyən paradır, Parasız  adəmin üzü qaradır.

                                                                                    M.Ə.Sabir

Pulun öldürdüyü ruh, qılıncın öldürdüyü bədəndən çoxdur.

                                                                                 Walter Scott.

Bəlli  kəfənin cibi yoxdur, amma bütün paltarların cibi vardır.

                                                                                  Marvin Small.

 

Bakı sirlər və əfsanələr  şəhəridir.Bu şəhərin qədim tarixini, hakimiyyət dəyişikliklərini, iqtisadi – siyasi tarixini, ticarət əlaqələrinin yayılma dairəsini özündə toplayan  əsrlərdən, minilliklərdən üzü bəri bizlərə gətirib çatdıran dəfinələr, sikkələr və nominallardır.Bu dəyərli faktları özündə birləşdirən elm isə  numizmatikadır.

Numizmatika bizi təkzib olunmaz faktlar qarşısında qoyur. Arxeoloji araşdırmalar nəticəsində üzə çıxan, mübahisə doğuran tarixi faktları məhz bu dəyərli sahə təsdiq edir.

Kiçik ərazisi və 2-3 min əhalisi olan İçərişəhərin çox qiymətli və dəyərli memarlıq abidələri vardır. Bu abidələrin ərsəyə gətirilib başa çatdırılması  üçün bütün zamanlarda külli miqdarda vəsait lazım gəlirdi.Təbii ki, Bakı ipək yolu üzərində yerləşdiyindən, liman şəhəri olduğundan əsas gəliri ticarət təşkil edirdi.

Orta əsr Bakısının ən yüksək  şəhərsalma və memarlıq inkişafı XI – XV əsrdə baş vermişdir.Bu dövrdən başlayaraq Bakı tanınmış liman və ticarət mərkəzinə çevrilir. Buradan xaricə neft, duz, qatran, zəfəran, ipək sonralar isə xalça, silah, qab- qacaq və.s. aparılırdı.

Hələ arxaik dövrlərdən  bu ərazidə  torpaqdan çıxan qaz sitayiş məbədinə çevrilərək zəvvarları cəlb etmişdir. Təbii sərvətimiz  olan “nafta”- neft sayəsində ticarət əlaqələri  yaranmışdır. Bu da şəhərin gəlirinin çoxalmasını və  pul dövriyyəsini bizim vaxta qədər gətirib çıxarmışdır.

Əsrlər boyu Azərbaycanın  iqtisadi həyatında böyük  rol oynayan  Bakının tarixi zənginliyi,  bu ərazidə tapılmış sikkələri və pul dövriyyəsini  mərhələli olaraq sizlərə tanıtmağımıza imkan verir.

Azərbaycan dünyada qədim zamanlardan puldan istifadə edən insan məskənlərindən biridir. 2500 il bundan əvvəl bizim əcdadlarımız başqa xalqlarla ticarət münasibətləri yaratdıqda pullardan yararlanırdılar.Doğrudur, bu pullar bizim yaşadığımız  ərazidə zərb edilmirdi. Onlar qədim Yunanıstanda, Romada, İranda  dövriyyədə olan əsas dəyər vahidləri idi. Bu pullar əhali arasında geniş yayılmamışdan əvvəl   ayrı-ayrı əşyalardan, yaxud təbiətdən hazır şəkildə tapılan nadir və qiymətli əmtəələrdən natural mübadilədə – yəni hansısa bir məhsulu digərinə dəyişərkən  istifadə etməyi geniş anlamda bacarırdılar. Qeyd etmək lazımdır ki, numizmatika elmində “əşya dəfinələri”anlayışı mövcutdur. Bu cür dəfinələr əslində pulaqədərki inkişaf pilləsinin göstəricisi hesab edilirdi. Əmtəə pul nümunələrindən Azərbaycanda tuncdan hazırlanan qolbaqlar, üzüklər, dəvəgözündən düzəldilən sadə əşyalar, uzaq Sakit və Hind okeanından gətirilən balıqqulağı – kaurini misal çəkmək olar. Belə əşyalar əsasən arxeoloji qazıntılardan aşkar edilir. Bütün bunlar Azərbaycanın qədim sivlizasiyalar arasında öz yerinin olmasını sübut edir.

İlk dəfə yerli pullar  eramızdan əvvəl III əsrdə-2300 il bundan əvvəl zərb edilməyə başlamışdı. Bu pullar Makedoniyalı İsgəndərin adından dünyada tanınmış pulların “oxşatması” idi. Eynilə yüksək əyarlı gümüşdən, nəfis şəkildə hazırlanan pullar Qafqaz Albaniyası adlandırdığımız qədim dövlətdə tədavüldə idi. Bu cür pullar əsasən indiki Azərbaycan ərazisindən  Qəbələdən, Bərdədən, Şamaxıdan  aşkar edilməkdədir. “Oxşatma” pullar 100 ilə qədər daxili bazarlarda istifadə edilmişdi. Eramızdan əvvəl II əsrdən etibarən Parfiya dövlətinin sikkələri artıq dağılmış imperiyanın bəzi ərazilərində zərb edilməyə başlayır. Azərbaycanın da Roma ilə Parfiya imperiyası arasında maraq dairələri, bazarlar uğrunda gedən mübarizələrdə və müharibələrdə Parfiyanın təsiri altına düşdüyünü məhz buradan aşkar edilən  gümüş draxmalar  sübüt edir. Buradan Roma pulları  say hesabı ilə müqayisədə az aşkar edilir. Əksinə Parfiya dövlətinin adından zərb edilən sikkələr bütün Azərbaycan ərazisindən tapılır. Bu pulların üzərində-aversində – hökmdarın profildən real portreti bütün bəzək elementləri, geyimi və hakimiyyət rəmzlərinin simvolları ilə zərb olunurdu. Əks tərəfində – reversində – hökmdarın adı, titulları, zərb edildiyi yer dördbucaqlı formada göstərilirdi. Yazılar yunan dilində və əlifbasında çox dəqiqliklə vurulurdu. Belə pullar 200-250 ilə yaxın müddətdə işlədilmişdi. Bu zaman yerli pullar zərb edilməsə də, onların saxta nümunələri elm aləmində tanınır. Bu cür saxta pullar Azərbaycanda da ehtimal ki, gizli yollarla zərb edilirdi. Belə ki, belə saxta sikkə nümunələri buradan az miqdarda  da olsa tapılır. Həm erkən “oxşatma”, həm saxta Parfiya pullarının Azərbaycanda istehsal edilməsi yerli əhalinin pul işi ilə tanış olmasını, pul çatışmamazlığı yarananda  cürbəcür üsullara əl ataraq bazarları təmin etmələri faktı öz-özlüyündə əcdadlarımızın mütərəqqi insanlar olduqlarını, hər zaman çıxış yollarını tapmağı bacardıqlarını sübut edən faktlardandır.

III əsrin ortalarından Azərbaycan rəsmi olaraq Sasanilər imperiyasının ərazi-inzibati bölgüsünün bir hissəsinə çevrilir. Sasanilərin “kustaklar”ından biri olan Azərbaycan ilk dəfə bu zaman mərkəzləşmiş imperiyadan pul zərb etmək statusunu əldə edir. Bərdədə, Bakıda, Naxçıvanda, Gəncədə, Ərdəbildə, Atropatenada zərb edilən “sasanitipli” sikkələr  imperiyanın bütün hüdudlarında qəbul edilirdi. Belə ki, adı çəkilən şəhərlərin  adından zərb edilib dövriyyəyə buraxılan  pullar tarixə məlum olan Sasani imperiyasının sərhədləri çərçivəsində xeyli miqdarda aşkar edilir. Əslində belə bir faktın mövcudluğu Azərbaycanın qədim şəhərlərinin dünyada tanınması və qəbul edilməsi baxımından ən köklü arqumentdir. Deməli, imperiyanın tərkibində olan digər dünya şöhrətli mərkəzi şəhərlər sırasında bizim şəhərlərimiz də eyni hüquqlara malik idi. Əks halda onlara pul zərb etmək imtiyazı verilə bilməzdi. Bu cür gümüş və qızıl pulların üzərində şəhərlərin adları qısaldılmış şəkildə zərb edilirdi.Sasanilər imperiyasının tərkibində mövcud olan Albaniya və Atropatena pulları Ərəb xilafətinin yarandığı ilk yüzililliyə qədər- VIII əsrin ortalarına kimi zərb edilməyə davam etmişdir.

İlk ərəb–müsəlman pulları bizim ərazimizdə sasani-ərəb pulları adı ilə tanınır; çünki ərəblər xilafət yaratdıqları ilk dönəmlərdə müharibələrlə məşğul olduqları üçün iqtisadi məsələlərə o qədər də fikir vermirdilər. Bu səbəbdən də sasani pullarına bir neçə söz – Allah, bismillah əlavə etməklə onlardan istifadə etməkdə davam edirdilər. Yeni ərəb-müsəlman pulları xəlif Əbd-əl-Məlik tərəfindən islahatdan sonra zərb edilir və kütləvi şəkildə bütün xilafətdə yayılır. Belə dəyərli pulların bir qismi də Azərbaycan şəhərlərində zərb edilirdi. Bu zaman zərbxanaların sayı 10-dan artıq idi. Ərəb xilafəti zamanı əsas pul nümunələri gümüşdən və misdən hazırlanaraq, dirhəm və fulus adlanırdı. Qızıl pullar – dinarlar yazılı  məlumatlara əsasən az miqdarda və əsasən hədiyyələr üçün,  və yaxud dünya çapında yeni yaranan iqtisadi münasibətlərdə istifadə olunurdu. Xilafətin yarandığı ilk iki yüzillikdə həm mərkəzi şəhərlərin sikkələri, həm də Azərbaycan şəhərlərinin yerli zərbxanalarının pulları dövriyyədə eyni hüquqlu dəyər vasitəsi kimi istifadə olunurdu. Artıq IX əsrin ilk onilliklərində xilafətin parçalanması başlayır və imperiyanın işğal etdiyi ölkələrdə yeni,yerli dövlətlər yaranır.

Azərbaycanda ilk dəfə müstəqil feodal dövlətlərindən olan Sacilərin hakimiyyəti zamanı “Azərbaycan” adında zərbxananın pulları dövriyyəyə daxil olur. Ərəb əlifbası ilə zərb olunan bu məkan adı ilk dəfə pul zərb etmək hüququ əldə etmişdi. Eyni zamanda qədim Azərbaycan şəhərləri də pul zərbi işini davam etdirirdilər. Çox maraqlı pullar Şirvanşahlar dövləti tərəfindən dövriyyəyə buraxılırdı. Şərq ölkələrinin tarixində gümüşün çatışmamazlığı zamanı Şirvanda buraxılan bilon-gümüş örtüyə salınmış mis nominallar kredit, yəni müvəqqəti xarakter daşısa da , bütün Qafqazda, o cümlədən müasir Gürcüstanda rəsmi dövlət tərəfindən qəbul edilən əsas pul vahidi idi. Bu pullar öz formalarına və hazırlanma texnologiyasına görə təkraredilməzlik statusunu bu günə qədər saxlayırlar. Bu sikkələrin üzərində olan yazılarda  hökmdarların titulları sırasında çox maraqlı – Şirvanşah,bəzi hallarda Şiranşah sözləri həmişə cümlənin sonunda yerləşdirilirdi. Bu və digər fərqli elementlərə görə Şirvanşahların XI-XIII əsrin əvvəllərinə aid sikkələrini heç bir dövlətin sikkələri ilə dəyişik salmaq mümkün deyil; hətta üzərində olan yazılar tam silinsə belə bunlar digər Şərq dövlətlərinin sikkələrindən seçilirlər.

XI əsrin əvvəllərində bu feodal dövlətləri müstəqilliyini itirərək Səlcuq imperiyasının tərkibinə daxil oldular. Az müddət keçdikdən sonra paytaxtı Naxçıvan olmaqla Atabəylər-Eldənizlər dövləti yarandı və iqtisadiyyatda  əsasən üzəri gümüşdən olan “kredit” -  mis dirhəmlər dövriyyəyə daxil oldu. İlk dəfə bu pulların üzərində hakimiyyət rəmzi kimi türklərə məxsus olan ikidişli silah-nizə zərb edildi. 1225-ci ildən monqol yürüşlərinə qədər Azərbaycanda pul zərbi işi dayandırıldı.

XIII əsrin 40-cı  illərindən etibarən bu iş yenidən başlayır və maraqlıdır ki, pul işi tarixində məhz monqollar ilk dəfə paqs-pa əlifbası ilə uyğur kəlmələrindən istifadə edirlər. Məsələn, “uluğ monqol ulus bek” – monqol ulusunun ulu bəyi – kəlmələri Azərbaycan türkləri üçün yad deyildi. Hülakilər-Elxanilər monqol dövlətinin yaranması ilə yenidən pul işi tam olaraq  bərpa olundu və bu zaman yaxın 100 ildə 30-dan artıq irili-xırdalı,qədim, yeni şəhərlərdə pullar zərb olundu. Əslində bu Azərbaycanın iqtisadi inkişafı dövrü idi. Maraqlıdır ki, bu günə bizə gəlib çatan pullar sırasında monqol-türklərinin yaratdığı dövlətlərin pulları say çoxluğu ilə seçilir. Digər bir maraqlı cəhət bu dövlətlərin – Hülakilərin, Cəlairilərin, Qızıl Orda xanlarının, Teymurilərin Azərbaycanda zərb etdirdikləri pulların bəzədilməsində türk sözlərindən və simvollardan daha çox yararlanmaqlarında idi. Misal üçün, Əmir Teymurun hakimiyyəti illərində imperiya daxilində zərb edilən pulların əsas kütləsi məhz Azərbaycan şəhərlərində istehsal edilirdi. Onun hakimiyyəti illərində burada zərbxanaların sayı 60-a çatır. Bu pulların üzərində ayrı-ayrı vaxtlarda “bizim sözümüz”, “əmirin yarlığından” kimi türk kəlmələri vurulurdu. Bu cür faktlar XIII-XV əsrlərdə türk dilinin dünya çapında qəbul edilməsi, anlanılması demək idi. Digər tərəfdən, XI-XII əsrlərdə yaranan müsəlman intibahı, türk dünyasının renesansı davam etməkdə idi. Artıq türk dili dövlət  və dövlətçilik atributu olan pullarda əsas yer tuturdu.

XIV-XV əsrlərdə yeni yaranan  Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin pulları artıq dünya ticarət əməliyyatlarında qəbul edilirdi. Belə ki, qlobal  yönümdə dünya ticarət yollarının dəyişməsi, yeni dünyanın-Amerikanın kəşfi, okeanlararası su yolunun fərqli istiqamətləri, elmi-texniki nailiyyətlər Azərbaycanın istehsal etdiyi malların da  yeni tanınan Avropa bazarlarına çıxışını təmin etdi. Məhz bu zamandan başlayaraq Azərbaycan şəhərlərinin gümüş dirhəmləri  əcnəbi ölkələrdə ünvanına uyğun olaraq tanınırdı. İlk dəfə xarici ölkələrlə ticarət müqavilələri bağlanır, hansı malların hansı sərhədlər civarına çıxarıldıqda nə qədər pul ödənilməsi, tacirlərin hüquq və vəzifələri, onların təhlükəsizlikləri, satışa çıxarılan malların dəyərindən tutulan verginin məbləği  kimi vacib məsələlər öz həllini sənədlərdə tapır. Bütün bu sənədlərin çoxu bizim zəmanəmizə  çatmasa da, pulların ayrı-ayrı ölkələrdə aşkar edilməsi Azərbaycan dövlətləinin dünyada tanınmasını və ən vacibi pullar vasitəsi ilə qəbul edilməsini təsdiqləyir.

Azərbaycan Səfəvi imperiyası bu baxımdan vətənimizin tarixində, xüsusilə iqtisadiyyatın və mədəniyyətin inkişafında kulminasiya həddi idi. Belə ki, bu dövlətin həyata keçirdiyi iqtisadi siyasət nəticəsində ölkə daxilində yalnız imperiyanın pulları qəbul edilirdi. Artıq Avropa ölkələrinin pulları öz qiymətinə görə Səfəvilər imperiyasında qəbul edilmirdi. Tacirlər, hətta səyahətə çıxanda belə sərhədləri keçdikdə mütləq öz pullarını yerli pullara dəyişdirməli,sonra  imperiyaya daxil ola bilərdilər. Əks halda onların pullarına heç nə satılmırdı. Bununla da Avropanın pulları imperiya çərçivəsinə,o cümlədən Azərbaycana müasir elmi dildə ifadə etsək etnoqrafik məmulat –bəzək əşyası  kimi daxil ola bilərdi. Onlardan əsas dəyər vahidi kimi istifadə edilə bilməzdilər. Səfəvilər imperiyasının qızıl, gümüş pulları qeyri-adi möhür məzmununa malik idi. İlk dəfə pulların hər iki üzündə qəbul edilmiş qaydalara uyğun olaraq hökmdarın adı, titulları, zərb yeri, tarixi, həmçinin dini məzmunlu yazılarda şiyəlik simvolu-Əliyyən Vəliyullah sözləri mütləq öz əksini tapırdı. Belə sikkələrin üzərində müəllifləri məlum olmayan şer beytləri zərb edilirdi. Bu beytlərdə Allahın əməlləri, onun gözəllikləri, dünyanın hər üzü haqqında və s. məzmunda dərin, fəlsəfi fikirlər ifadə olunurdu. 200 ildən artıq hakimiyyətdə olan Səfəvilər bir neçə dəfə pul işində çoxlu qazanc götürmək məqsədilə islahatlar həyata keçirmişlər. Onların sırasında Şah Abbasın pul islahatı azərbaycanlıların yaddaşlarında daha uzunömürlü oldu. Belə ki, yaşlı nəsil hələ də leksikologiyada abbasi, şahı kimi sözlərdən müəyyən məcazi mənada istifadə etməkdədirlər. “Azərbaycan” adlı yer adı tariximizdə ikinci dəfə Nadir şahın hakimiyyəti illərində qısamüddətli olsa da pullarda zərb edilir. Yenidən bütöv Azərbaycan dövlətinin birləşdirilməsi məsələsi onun hakimiyyəti zamanı aktual olduğundan bu addım atılır. Sonuncu Azərbaycan pulları  xanlıqlar dövründə zərb edilir. Anonim xarakterli bu pullar yalnız ölkə daxilində ticarət münasibətlərində yararlı idi. 1859 –cu ildən etibarən Rusiyanın Qafqazda həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycanda yalnız Rusiyanın pulları dövriyyəyə çıxarılır. Bu fakt Azərbaycan dövlətinin sonu demək idi.

Azərbaycanın tarixində iki dəfə kağız pullardan  istifadə olunmuşdu: birinci dəfə  monqol hökmdarı Keyxatu xanın hakimiyyəti zamanı XIV əsrdə, ikinci dəfə 1918-1920 –ci illərdə Azərbaycan Cümhuriyyəti yarandıqda. Hər iki vaxt bu kağız pulların bazarlarda dövriyyəsi çox qısa müddətli olmuşdu. Birinci islahatın “ömrü” 2- 3 ay, ikinci – 19 ay çəkmişdi. Birincinin uzunömürlü olmamasının səbəbi xalqın, xüsusi ilə Təbrizdə, digər mərkəzi şəhərlərdə tacirlərin və əsnafın – sənətkarların kəskin etirazı və belə pulları qəbul etməmələri, nəticədə çap olunan kağız pulların yığışdırılaraq nümayişkaranə şəkildə yandırılması, ikinci dəfə Rusiyanın yenidən Azərbaycanı işğal etməsi nəticəsində Cümhuriyyətin kağız manatları tamamilə dövriyyədən çıxarıldı.

Şərq ölkələrində dövriyyədən çıxan və yaxud hələ istifadə olunan pullardan qadın və kişi bəzəklərində də istifadə edirdilər. Azərbaycanda isə pullardan hazırlanan bel bəzəyində – kəmərlərdən, baş bəzəyində- silsilə boyun bağı kimi də istifadə edilirdi. İndiyə qədər ölkəmizdə qadın baş bəzəyinin bir hissəsi olan boyunbağıların bəzi nümunələrində Rusiyada zərb edilən 5-lik, 10-luq adlanan qızıl pul vahidlərindən və napoleanka – çervon qızıllarından da istifadə edirdilər.

Tarixdən belə məlum olur ki, qədim dövlətlər çox zaman pullarını müqəddəs məbədlərdə zərb edir və xəzinələrini orada gizlədirdilər. Müqəddəs məbədlərin toxunulmazlıq statusu olduğundan burada hazırlanan pul kütləsi, həmçinin ayrı-ayrı dövlətlərin və varlı şəxslərin əmanətləri qorunurdu.  Xəzinələri qoruyan kahinlər,rahiblər idi. Orta əsrlərdə Şərqdə isə belə məbədlərdən türbələri və məscidləri misal çəkmək olar.

Bu məqsədlə də “İçərişəhər” tarixi muzeyinin fondunda sikkə və pul nümunələri toplusuna əsaslanaraq Çin məscidində Azərbaycan pulları (e.əIIIəsr – XIXəsr) ekspozisiyası nümayiş etdirilir və qorunub saxlanılır.

 Qənirə Pirquliyeva

 

 

 

 

 

 

Bölmə : Araşdırma
KÖŞƏ YAZARLARI
TOP 10