Azərbaycanın Səlcuq dönəminə aid torevtikalar

198 Baxış

10695268_10152492919334830_1167579441_n    Aida İsmayılova

Sənət sahəsi kimi kökü  tunc dövrünə gedib çıxan metalişləmə sənəti  orta əsrlər dövründə də öz əhəmiyyətini itirməmiş, xüsusi ilə Səlcuqlar dönəmində yüksək bədiiliyi ilə fərqlənən nəfis nümunələr hazırlanmışdır.  Milli Azərbaycan Tarixi Muzeyinin ( MATM) Arxeologiya fondunda qorunan və ekspozisiyasında sərgilənən Səlcuq dövrünə aid torevtika nümunələri hazırlanma texnikasına və ornamentlərinə görə maraq doğurur. Təəssüf ki,  bu dövrə aid torevtika nümunələri  azlıq təşkil edir. Bunun bir səbəbi metal məmulatının torpaqda pis saxlanması,  digər səbəb isə islam dinində qiymətli metallarda çox istifadənin məqbul sayılmaması, həmçinin keramikadan fərqli olaraq metalın sındıqda və ya korlandıqda təkrar emal edilməsi ola bilər. MATM-də qorunan torevtika nümunələrindən Altıağac kəndinin şimalında, Ataçayın sol sahilində, Dübrar dağının ətəyində yerləşən  Dərəzaratdan təsadüf nəticəsində aşkar olunmuş  tunc qazan  haqqında  Cabbar Xəlilov  qısa arayış xarakterli məlumat vermişdir.( 6, s. 113-114)  Torevtika nümunələri üzərində olan epiqrafik yazı nümunələrini Həbibə Əliyeva oxumuşdur. ( 4, s.48-49)  Daha sonra  Mərkəzi Asiya və Azərbaycan alimlərinin birgə əməyi ilə hazırlanmış “IX-XV əsrlərdə Mərkəzi Aisya və Azərbaycanın bədii mədəniyyəti ” adlı kitabın üçüncü  cildində MATM-da qorunan torevtika nümunələrində də bəhs olunmuşdur ( 16, s. 231-240) Sənətşünas alim Rasim Əfəndi də öz tədqiqat əsərlərində MATM-də olan torevtika nümunələrinin bir neçəsi haqqında məlumat vermişdir. ( 2, s.46-47)

Yuxarıda qeyd olunan ədəbiyatlarda müəlliflər bəhs olunan maddi mədəniyyət nümunələri haqqında ümumi məlumat vermişlər. Biz məqaləmizdə daha çox Səlcuq dövrü torevtika nümunələrinin  bədii işlənməsi və ornamentlərin semantikasına diqqət ayırmağı qarşıya məqsəd qoymuşuq. Həmçinin torevtika nümunələrinin qonşu ölkələrin həmdövr məmulatları ilə oxşar və fərqli xüsusiyyətlərinə də nəzər yetiriləcəkdir.

İlk öncə onu qeyd edək ki, Azərbaycan ərazisində metalişləmə sənətinin inkişafı üçün zəruri olan faydalı qazıntılarla zəngin olmuşdur. Bunu biz yazılı mənbələrdən açıq şəkildə görürük. Belə ki, VII əsrdə qələmə alınmış Moisey Kalankatuklunun “Alban Tarixi” əsərinin dördüncü fəslində belə qeyd olunur: “Albaniyanın dağlarında qızıl, gümüş, mis və oxra çıxarılır.” ( 7, s.19)  X əsrdə yaşamış ərəb coğrafiyaşünası Əbu Duləf yazır ki, Şiz yaxınlığında qızıl, civə, qurğuşun, gümüş, sarı arsen və daş çıxarılan mədənlər var. Sonra o, üç növ qızılın adını çəkir: “əl-qumisi”, “əş-şəhrani” və “əs-sədcəbazi”. Həmçinin yenə X əsr müəllifi  İbn Havqəl Arranda əhəng daşından (ağ gil)  və qiymətli metallardan nəfis qabların hazırlandığını yazır. (8, s. 77, 113)

MATM-də qorunan Səlcuq dövrünə aid torevtika nümunələrinə dörd ədəd tunc qazan , bir həvəngdəstə, bir ədəd açar, iki ədəd qazan qulpu və bir  ədəd mis qab fraqmenti daxildir.

Adları çəkilən maddi mədəniyyət nümunələri içərisində tunc qazanlar diqqəti cəlb edir. Şirvan bölgəsinə aid edilən tunc qazandan birinin gövdəsi yarımşar formalı olub, üçayaqlı və iki qulpludur, hündürlüyü – 18 sm, ağzının diametri  42 sm-dir. Qazanın  ağzı kənara qatlanmışdır. Qazanın ağzının kənarları dörd yerə bölünmüş və bölünən hissələr üzərində həndəsi, nəbati təsvirlər və epiqrafik yazı var. Qarşı-qarşıya durmuş dilimlərin ikisinin üzərində yarpaq formalı “buta” işarəsi təsvir edilmişdir. Buta ornamenti Azərbaycan tətbiqi sənətin bir çox sahələrində geniş şəkildə işlədilən ornamentdir. Qazanın yarımoval  şəklində olan qulplarının baş hissələri buynuz şəklində düzəldilərək və üzərlərində həndəsi və nəbati naxışlar vurularaq qazana bərkidilmişdir. Bu qulplar qazanı asmaq və götürmək üçün nəzərdə tutulmuşdur. Qazanın sağ və sol tərəflərdə olan iki üfüqi çıxıntısı üzərində ucları qıvrılaran qoç buynuzu şəklində olan bir-birinə paralel iki medalyon içərisində “+” ( plyus) işarəsi vardır. Medalyonların arasında isə ucları qıvrılaraq nəbati ornament şəkilli  “S” işarəsi yer alır .  Qeyd edək ki, medalyon içərisində plyus işarəsinə Azərbaycanda istər Gəmiqaya, Qobustan qayaüstü təsvirlərində, istərsə də o dövrün keramika nümunələri üzərində rast gəlinmişdir. Həmin təsvirlərdə Ülkər ulduzu keçi təsvirləri ilə birlikdə yer alır. (10,s.37) Bənzər təsvir nümunəsi Qırğızıstanın Saymalı Daş ərazisində qayaüstü təsvirlərdə də  var . Görünür, dairə içərisində “+” işarəsi qədim dövrdən insanların  təfəkküründə özünə yer etmiş və bu günəşin rəmzidir. S- formaılı fiqur əjdaha obrazına uyğun gəlir. Səlcuq dövründə Mərkəzi Asiya, Anadolu və Qafqazda geniş şəkildə istifadə olunmuşdur. Əjdaha obrazı ikilik ifadə edir. Belə ki,bir tərəfdən əjdaha uğurun simvolu, suyun qoruyucusudur, digər tərəfdən qara qüvvələrlə əlaqəlidir. Həmçinin Merkuri planetinin simvoludur. ( 16, s.274) Jan-Paul Roux türklərin əjdaha formalı təsvirləri çinlilərdən götürdüyünü qeyd edir, bunu əjdahanın qədim adının “luu” olması ilə əlaqələndirir. Müəllif həmçinin səlcuq dövrünə aid təsvirlərdə və keramika nümunələri üzərində qıvrılan, ilana bənzər əjdaha rəsmlərindən istifadə olunduğunu vurğulayır. (9, s. 67-68) Qıvrılmış qoç buynuzunu xatırladan təsvir də Azərbaycanın tətbiqi incəsənətində geniş şəkildə istifadə olunan motivdir. Belə ki, qoç xalq arasında qələbə və bolluq rəmzi kimi qəbul olunmmuşdur.Qoç buynuzu formalı təsvirlərin tarixi inkişaf yoluna nəzər salınsa,onun ən qədim nümunələrinə Altayda və Mərkəzi Asiyada müxtəlif dövrlərdə yaradılmış sənət əsərlərində rast gələrik. (3,s.70; 17, s. 89-90) Qazanın digər bir diliminin üzərində nəbati ornamentlərlə ərəb dilində kufi xətti ilə “ Əməl əl-Əhməd bin Muhəmməd” sözləri ilə ustanın adı qeyd olunmuşdur. (4, s.48-49)

biirteze

 

 

 

 

 

 

 

 

Səlcuq dövrünə aid eyni formalı digər bir qazanın da kənarları dörd dilim şəklində bölünmüş və dilimlərdən birincisinin  üzərində ərəb dilində kufi xətlə “Əməl Muhəmməd bin-əl Hüseyn” sözləri həkk edilmişdir. Digər dilimin üzərində tovuz quşu və nəbati ornamenti stilizə olunmuş şəkildə təsvir olunmuş və ortasındakı boşluqda “Səlcuq zənciri” həkk edilmişdir. Qarşı-qarşıya olan digər iki dilimin künclərində buta içərisində qoç buynuzlu naxışlar təsvir olunmuş və oval formada qulp bərkidilmişdir. Bu qazan digər qazandan kiçikdir.

uchuncu

 

Onu da vurğulamaq yerinə düşər ki, K. V. Orbeli Kubaçi qazanlarından bəhs edərkən onları iki tipə ayırmış və ikinci tipi, yəni gövdəsi yarımşar formalı olanları “Şirvan qazan”ı adlandırmışdır. (13,s. 307) Kubaçi qazanlarının həcmcə böyük olanlarının ağzının kənarlarının üzərində bitki ornamenti ilə yanaşı heyvan təsvirləri də vardır. (12, s. 96,106) Qeyd edək ki, metaldan hazırlanmış qazanlar türk tayfalarının yayıldığı ərazilərdə, Saltov-Mayskaya mədəniyyətində və Qızıl Orda dövlətində  də rast gəlinmişdir. ( 14,s 149; 15, s.88) Saltov-Mayskaya mədəniyyəti VIII əsrin sonu –X əsrin əvvəllərində Rusiyanın cənubu, Ukraynanın cənub şərqində yayılmış və bu ərazilər həmin dövrdə Xəzər xaqanlığın tabeliyində olmuşdur.  Tunc qazanların istər forma, istərsə də ornamentlərinə görə oxşarlarına Özbəkistan və Türkmənistan ərazilərində rast gəlinmişdir. (16, s.200-202) Tam olmasa da forma baxımından oxşar gil qazanlar erkən tunc dövründə hazırlanmışdır. Həmin gil qazanların gövdə hissəsi dayaz formalıdır. (1) Göründüyü kimi, insanların məişətində özünə yer etmiş qazanlar tarixi inkişaf prosesində öz formasını dəyişmiş və bəhs edilən dövrdə daha nəfis şəkildə hazırlanmışdır. Mis qazanların səfərlər zamanı daha çox istifadə olunduğunu söyləmək olar. Belə ki, metaldan olduğu üçün sınıb dağılma ehtimalı az idi. Mis qazanların üzərində ornament olanların feodal zümrəsi üçün nəzərdə tutulduğunu güman etmək olar.

Digər iki mis qazanlar formasına görə yuxarıda qeyd etdiyimiz qazanlarla eynidir. Lakin onların oturacaq hissələrində zədə var, tam yaxşı halda saxlanılmamışlar. Qazanlardan biri təsadüfən Dərəzarat , digəri isə Çuxuryurddan tapılmışdır. Onu da qeyd edək ki, qazanlar sadə formada hazırlanmışlar. Yalnız Dərəzaratdan tapılmış qazanın qarşı-qarşıya dayanan dilimləri üzərində nəbati ornament var.

 

dord

5

 

 

 

 

 

 

 

 

MATM-ın ekspozisiyasında sərgilənən Səlcuq dövrünə aid digər maraqlı eksponat həvəngdəstədir. Həvəngdəstənin ağzının diametri-17,5 sm, hündürlüyü-16 sm, oturacağının diametri-16 sm-dir. Naxçıvanda hazırlanan bu maddi mədəniyyət nümunəsinin oturacağı üzük qaşı, gövdəsi silindrik formalı olub, ağzı kənara qatlanmışdır. Həvəngdəstənin üzərində maraqlı ornamentlər vardır. Qabın səthi həkk etmə və zərb etmə üsulu bəzədilmişdir. Altlığında və gövdəyə keçən hissəsində ensiz nəbati və həndəsi elementlərdən ibarət naxışı vardır. Qabın üzərində həkk edilmiş “səlcuq zənciri” xüsusi vurğulanmışdır. Həvəngdəstənin gövdəsini qurşaq əhatə edir, orada yazılar və içərisində quş təsviri olan medalyon verilmişdir. Quş profildən, nəbati fonda təsvir olunmuşdur. Təsvirə diqqətlə baxdıqda onun göyərçin olduğu görünür. Müsəlman Şərqində və Bizansın tətbiqi incəsənətində göyərçinin təsvir olunması çox geniş yaylmışdı. Belə ki, göyərçin qədim dinlərlə bağlı olub, amma islam dinində o ölümsüzlüyün rəmzi olub, “cənnət quşu” hesab edilib. (11,s. 202) Təsadüfi deyil ki, göyərçin quşunun təsvirlərinə tətbiqi incəsənətin bütün sahələrində- keramika, toxuculuq məmulatları üzərində, miniatürlərdə və s. rast gəlinir. Ümumiyyətlə, diqqət yetirsək, Səlcuq dövrünə aid keramika nümunələri üzərində də quş təsvirlərinə çox rast gəlinir. Həvəngdəstənin üzərində kufi xətti ilə dini məzmunlu yazı yazılmışdır. Yazının anlamı aşağıdakı kimidir:

1.Allah hamını qoruyandır.

2.Allah çox qüvvətlidir.

3. Babam haqqıdır.

4.Vəli (vəzifəli şəxs, şah) qızıldır.

5. Min-min əhsən olsun (tərifləmək)  ( 5,s. 17-18)

Formaca bənzər həvəngdəstə Türkmənistan ərazisində də tapılmışdır və xronolji baxımdan isə XI-XII əsrlərə aid olduğu vurğulanmışdır (16, s. 141) Qeyd edək ki, həvəngdəstələrin ornamentləri fərqlidir.

 

6

 

Bəhs edilən dövrə aid digər bir maraqlı eksponat zoomorf formalı açardır. Açarın forması kərgədanı xatırladır, uzunluğu 6,6sm, eni 0,8 sm-dir. Döş hissəsində kilid üçün yer var, arxası spiralvari bəzədilmişdir  və üzərində kufi xətti ilə yazılar həkk edilmişdir. H. Əliyeva yazının anlamınn  “Aç Kəbəni” olduğunu qeyd etmişdir ( 4, s. 48)Zoomorf formalı açarın üzərində həndəsi və nəbati naxışlar vardır . Güman etmək olar ki, bu açar  feodal zümrəsinə məxsus olmuşdur.

 

7

Bəhs edəcəyimiz digər maddi mədəniyyət nümunəsi tunc qazan qulplarıdır. Qazan qulpu 1963-cü ildə Beyləqan şəhər yerindən tapılmışdır. Qulpların orta hissəsi pələng başı formasında qabardılmışdır. Çox güman ki, bu qazan qulpları yuxarıda bəhs etdiyimiz qazanlarda qulp kimi istifadə olunmuşdur. Eyni formalı qazan qulpuna  Qazaxıstan və Özbəkistan ərazisində rast gəlinmişdir və qulpun XI əsrə aid olduğu qeyd olunur.9

 

Arxeologiya fondunda qorunan digər bir nümunə orta əsr Gəncə şəhər yerindən tapılmış mis qabdır. Qab fraqmentlər halında olduğundan tam formasını müəyyənləşdirmək mümkün deyil. Lakin salamat qalmış hissələrə əsasən dairəvi formalı olduğunu söyləmək olar.

 

102

 

MATM-ın Arxeologiya fondunda qorunan və ekspozisiyasında sərgilənən Səlcuq dönəmi torevtika nümunələri dövrün metalişləmə sənəti ilə yanaşı, bədii-estetik obrazı, dünyagörüşü haqqında müəyyən təsəvvürlər yaradır. Yuxarıda qeyd etdiklərimizdən də göründüyü kimi Azərbaycanın Səlcuq dövrü torevtika nümunələri ilə Mərkəzi Asiyanın həmdövr maddi mədəniyyət nümunələri arasında oxşarlıq özünü daha çox göstərir. Bunu qeyd edilən ərazinin və Azərbaycan Böyük Səlcuq dövlətinin  tərkibində olması, geniş ticarət əlaqələrinin, həmçinin coğrafi yaxınlığın nəticəsi olaraq görmək olar. Bundan başqa bu bir daha Azərbaycan mədəniyyətinin Şərq mədəniyyətinin bir hissəsi olması, ortaq dəyərlərin olduğunu göstərir. Bu anlamda MATM-ın torevtika nümunələrinin dövrün metalişləmə sənəti,  Azərbaycanın maddi mədəniyyət tarixinin öyrənilməsində böyük əhəmiyyəti vardır.

 

Ədəbiyyat:

1. AMEA Milli Azərbaycan Tarixi Muzeyi Arxeologiya fondu 648.

2. Əfəndi. R. Əfəndi R. Azərbaycan dekorativ-tətbiqi sənətləri (orta əsrlər). Bakı, 1976.

3. ƏfəndiR.  Azərbaycanelsənəti (parça,tikmə,xalça).  Bakı, 1971.

4. ƏliyevaH. Selçuklulardönemineaitmetalişlemesanatı. / IUluslararası SelçukluSempozyumuKayseri 2010.

  1. ƏliyevaH. Muzeyə yenialınanmetal əşyalar üzərində ərəbvə farsdilllikitabələr.// AzərbaycanMEAXəbərləri, ser. Tarix, hüquq, fəlsəfə seriyası.№ 8, 2007.
  2. XəlilovC.  Dərəzaratdaorta əsrkəndi. /  AzərbaycanTarixinə dairmateriallar, AzərbaycanTarixMuzeyinin əsərləri. III cild. Bakı, 1960.

7. Kalankatuklu . M.  Albaniya Tarix  ( tərcümə: Ziya Bünyadov).  Bakı, 2006.

8. Vəlixanlı N. IX-XII əsr ərəb coğrafiyaşünas səyyahları Azərbaycan haqqında. Bakı, 1974.

9. Roux. J. P Eski türk mitolojisi. (çeviri :Musa Yaşar Sağlam).  Ankara, 2012..

10. Yengi. M.R. Tuncay. B. Kür-Araz mədəniyyəti və türk damğaları: Damğadan yazıya keçid. Bakı, 2013

11.Достиев. Т. М. Поливная керамика средневекого города Шабрана (XI-XIII вв.) Советская археология,1989,№ 3. с.202

  1. Кильчевская Э.В. От изобразительности к орнаменту. Москва, 1968,

13. Орбели. К. В.  Албанские рельефы и бронзовые котлы. / Памятники эпохи Руставели . Ленинград, 1938.

14.  Плетнева С. А. От кочевий к городам.  Материалы и исследования по археологии СССР, № 142.  Москва ,1967.

15 Федоров-Давыдов Г. А. Кочевники Восточной Европы под властью Золотоордынских ханов. Москва, 1966.

16.Художественная культура Ценьтральной Азии и Азербайджана IX-XV веков. Т. III. Торевтика. Самарканд-Ташкент, 2012.

17. Эфенди. Р. Эмблематика и символика в декоративно-прикладном искусстве Азербайджана/ Известия Академии Наук Азербайджанской ССР. Серия литературы, языка и искусства. 1967, № 2.

 

 

 

Bölmə : Manşet, Tarix
KÖŞƏ YAZARLARI
TOP 10