Azərbaycanlı aktyor beynəlxalq festivalın qalibi oldu

6 Baxış

elm

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Şövqi Hüseynov İranın Təbriz şəhərində keçirilən “Əlif” beynəlxalq teatr festivalında “Ən yaxşı kişi” rolu nominasiyasında birinci olub.

Teatrın mətbuat xidmətindən Senet.az-a bildirilib ki, aktyor festivalda ölkəmizi “Dəlinin qeydləri” monotamaşası ilə təmsil edib.

Festivalda böyük uğur qazanan Əməkdar artist mükafatların yaradıcı adam üçün stimul olduğunu qeyd edib: “Səhnə əsəri bu günə kimi bir çox xarici ölkələrdə – Rusiya, Ukrayna, Belarus, Moldova, İran, Türkiyə, Orta Asiya ölkələrində beynəlxalq festivallara qatılıb. Sevinirik ki, hər dəfə də müxtəlif zövqlü insanların, fərqli xalqlara xas tamaşaçıların, sənət bilicilərinin müsbət fikirlərini eşitmişik. Ümumiyyətlə, Qoqolun qoyduğu problem ustadımız Cənnət Səlimovanın rejissor yozumunda son dərəcə aktualdır. “Kiçik adam” problemi sənəti hər zaman düşündürüb. Görünür həm də mövzunun aktuallığı bu səhnə əsərinin uğurudur. Bu cür uğurlar isə hər şeydən öncə vətənpərvərlik duyğusu ilə bağlıdır. Azərbaycan sənətinin ölkə hüdudlarından kənarda təmsil və təqdir olunması sevindiricidir. Bu mənada son illərdə müxtəlif teatrlarımızın simasında qazanılan bu cür nailiyyətlər biz sənət adamları üçün stimuldur. Mən tamaşanın festivala qatılması üçün göstərdiyi köməkliyə, dəstəyə görə Mədəniyyət Nazirliyinə və Gənc Tamaşaçılar Teatrı rəhbərliyinə minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, “Dəlinin qeydləri” monotamaşası gələn il fevral ayında İranda keçiriləcək növbəti “Fəcr” Beynəlxalq Festivalına dəvət alıb.

Bölmə : Sənət xəbər
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10