Azərbaycanlı alimin kitabı Rusiyada çapdan çıxıb

5 Baxış

149995383187903898_1000x669

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun Azərbaycan-Rusiya əlaqələri tarixi şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Sevinc Əliyevanın “Azərbaycan Xalq Cümhuriyyəti və Şimali Qafqazın dövlət qurumları 1918-1920-ci illərdə” kitabı (rusca) Rusiyada çapdan çıxıb. Nəşr Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” müvafiq Sərəncamına əsasən Tarix İnstitutunda elmi şuranın qərarı ilə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq işıq üzü görüb.

Tarix İnstitutundan Senet.az-a bildiriblər ki, Rusiya Federasiyasının Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının filialı olan Cənubi Rusiya İdarəetmə İnstitutunun Hüquqi Tədqiqatlar Mərkəzinin direktoru, professor Dəmir Şapsuqovun dəstəyi ilə “Qafqaz xalqlarının dövlət və hüququ” layihəsi çərçivəsində çap olunmuş kitabın elmi redaktorları professor Aleksey Çikovani və tarix üzrə fəlsəfə doktoru Eldar Abbasov, rəyçilər isə professor İqor Turitsın və dosent Firdovsiyyə Əhmədovadır.

S.Əliyeva geniş arxiv materialları əsasında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 1918-1920-ci illərdə Şimali Qafqazda mövcud olmuş dövlət qurumları – Dağlı Respublikası, Şimali Qafqaz əmirliyi və Nəcməddin Qotsinskinin imamlığı ilə əməkdaşlığı və qarşılıqlı əlaqələrini diqqətdə saxlayıb. Həmçinin AXC ilə onların birləşmək ideya və planlarını, Şimali Qafqaz xalqlarının müstəqillik uğrunda mübarizəsinə Azərbaycan xalqı və cümhuriyyət hökuməti tərəfindən göstərilən yardımı dərindən araşdırıb.

Xatırladaq ki, ötən ay X.M.Berbekov adına Kabardin-Balkar Dövlət Universitetində keçirilmiş beynəlxalq konfrans çərçivəsində “Azərbaycan Xalq Cümhuriyyəti və Şimali Qafqazın dövlət qurumları 1918-1920-ci illərdə” kitabının təqdimatı olub. Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov həmin konfransda “Azərbaycan xalqının etnik-siyasi tarixinə dair” mövzusunda məruzə ilə çıxış edib.

KÖŞƏ YAZARLARI
TOP 10