Azərbaycanlı qadınlara qarşı erməni qətliamı

35 Baxış

qadinlar1

Azərbaycan  Respublikası Prezidenti İşlər İdarəsi, Siyasi Sənədlər Arxivinin elmi işlər üzrə direktor müavini Lətifə ƏLİYEVA

 

Azərbaycan tarixşünaslığında bu vaxtadək 1918-1920-ci illərdə soyqırıma məruz qalmış qadınların aqibəti və vəziyyəti xüsusi tədqiqat obyekti olmayıb. Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonra on minlərlə qurbanlar bahasına başa gələn soyqırımı faciəsinin hərtərəfli və obyektiv elmi dərki prosesinə başlamaq mümkün oldu. On illər boyu arxivlərdə məxfilik qrifi altında gizlədilmiş faciəli hadisələrlə əlaqədar tarixi həqiqətin aşkara çıxarılması bu gün aktual problemlərdən biridir.

Arxivlərdə 1918-1920-ci illərdə erməni millətçilərinin müsəlman əhalisini total şəkildə qırmaları haqqında məlumat və faktları ehtiva edən sənədlər saxlanılır. Azərbaycanlıların soyqırımı haqqında mühüm sənədlərə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində də  rast gəlinir.

1. Türk-müsəlman əhalisinin qətliamı

1918-ci ilin mart hadisələrinə dövlət səviyyəsində ilk dəfə azərbaycanlıların soyqırımı kimi rəsmi siyasi qiymət Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən verilib. Prezidentin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanında xüsusi olaraq vurğulanır: “Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir”.

XX əsrin əvvəllərində baş vermiş bu qanlı hadisələrə Azərbaycanın dövlət və siyasi xadimləri tərəfindən də münasibət bildirilib, ətraflı təhlil edilib. Mart hadisələrinin ildönümünə həsr olunmuş məqaləsində M.Ə.Rəsulzadə bunu “türk-müsəlman əhalisinin qətliamı” adlandırıb. O hesab edirdi ki, bu, bolşeviklərin ətraflı düşünülüb, ölçülüb-biçilmiş planı idi və daşnakların köməyi ilə həyata keçirilib.

Azərbaycanın o vaxtkı görkəmli dövlət xadimlərindən olan Ə.M.Topçubaşov hesab edirdi ki, bolşeviklər Bakıda hakimiyyəti ələ keçirmək məqsədilə müsəlman əhalisinin qırğınını çoxdan hazırlayırdılar və qadın-uşaq demədən hamını məhv etməyə hazır idilər.

qadinlar2Başda Stepan Şaumyan olmaqla bolşeviklərin rəhbərlik etdiyi daşnakların cinayətlərini azərbaycanlı bolşeviklər də tənqid etmişdilər. Görkəmli dövlət xadimi Nəriman Nərimanov yazırdı: “Şamaxıda daşnak Əmirovun və Styopa Lalayevin törətdiklərinə nə ad qoymaq olar?” Bəlli olduğu kimi, 1918-ci il  aprel ayının əvvəlində S.Şaumyan tərəfindən Şamaxıya göndərilmiş S.Lalayev müsəlman qadın və uşaqları məscidə toplayaraq, onları canlı-canlı yandırıb. N.Nərimanov kədər hissi ilə qeyd edirdi: “Nəticədə müsəlman qadınları uşaqları ilə kütləvi şəkildə daşnakların, yəni “sovet hakimiyyətinin müdafiəçilərinin” əsirliyində bulunmuş oldular. Buradaca “bizim müdafiəçilərimiz” – daşnaklar tərəfindən qadınlara qarşı törədilmiş iyrənc təhqirlər haqqında necə susmaq olar?” – N. Nərimanov yazırdı. Bu hadisələrə qiymət verən Mir Cəfər Bağırov Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının XXII qurultayındakı çıxışında qeyd edirdi: “1918-ci ildə Amazasp, Abram Valuyants, polkovnik Avetisov sovet hakimiyyəti uğrunda savaşıblar. Mən iştirakçı idim, təəssüflər olsun ki, Amazaspın dəstəsinin üzvü idim və onların Qubada nələr etdiklərini görmüşdüm. Hələ mən Şamaxıda və başqa yerlərdə törədilənlərdən danışmıram”.

Qarşıya qoyulmuş məqsədin həyata keçirilməsi, yəni ərazilərin onların həqiqi sahiblərindən – azərbaycanlılardan “azad” edilməsi üçün erməni silahlıları etnik təmizləmə siyasəti aparır və torpaqları qəsb edirdilər. Onlar yerli müsəlman əhalini terrora məruz qoyur, dinc sakinləri öz evlərindən didərgin salır, Azərbaycan kəndlərinə hücumlar edir, yerli əhalini soyur və öldürürdülər.

2.  Fövqəladə İstintaq Komissiyasının fəaliyyəti

Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış Fövqəladə İstintaq Komissiyasının (FİK) materialları o illərin qanlı hadisələrini öyrənmək baxımından xüsusi əhəmiyyət kəsb edir. 1918-ci ildə müstəqil respublikanın gənc hökuməti qarşısında bir sıra mürəkkəb vəzifələr dururdu. Bu vəzifələrdən biri də 1918-ci ildə ermənilərin azərbaycanlı əhaliyə qarşı törətdikləri cinayətlərin açılması üçün istintaq hərəkətlərinin təşkil edilməsi idi. Hər şeydən öncə Bakıda və onun qəzalarında ermənilər tərəfindən azərbaycanlıların soyqırımının, yəni dinc əhalinin etnik əlamətə – türk-müsəlman mənşəyinə görə kütləvi qırğınının törədildiyi 1918-ci ilin mart hadisələrinin təhqiq olunması qərara alınmışdı.

1918-ci il iyulun 15-də Azərbaycan Xalq Cümhuriyyətinin xarici işlər naziri Məmməd Həsən Hacınski hökumətin iclasında Fövqəladə İstintaq Komissiyası xarakteri daşıyacaq qurumun yaradılmasının zəruriliyi haqqında məruzə ilə çıxış etdi. Erməni quldur dəstələrinin fəaliyyətinin qarşısını almaq, habelə zorakılıq törədənləri və vurulmuş zərərin həcmini müəyyən etməkdən ötrü Fövqəladə İstintaq Komissiyasının yaradılması nəzərdə tutulurdu. Bu komissiya bütün zorakılıq hallarını və onların baş verdiyi vəziyyətləri qeydə almalı idi. Nazir dərhal zərərçəkənlərin, şahidlərin və hadisələri görənlərin ifadələrinin alınmasına, fotoçəkilişinə və maddi dəlillərin toplanılmasına başlamağı təklif edirdi.

3. Bakı Sovetinin 1918-ci ildə antiazərbaycan fəaliyyəti

1918-ci ilin mart ayının sonunda Bakıda azərbaycanlıların soyqırımının bilavasitə təşkilatçısı və rəhbəri başda S.Şaumyan olmaqla Bakı Sovetinin rəhbərliyi idi. 1918-ci ilin əvvəllərində Azərbaycan milli qüvvələrinin, Müsavat partiyasının siyasi mövqeləri əhəmiyyətli dərəcədə möhkəmlənib. Bu fakt bolşevikləri çox narahat edirdi. Bakı Soveti erməni millətçilərinin köməyi ilə Azərbaycan milli hərəkatını darmadağın etməyə hazırlaşırdı. Daha geniş planda söhbət Bakı şəhərində və Bakı quberniyasında demoqrafik vəziyyətin zorakılıqla dəyişdirilməsindən gedirdi. Azərbaycan əhalisinin məhv edilməsi dövlət səviyyəsində həll olunurdu.

Sovet tarixçiləri bu hadisələri Bakı Sovetini devirmək məqsədilə ona qarşı müsavatçıların antisovet qiyamı kimi qələmə verirdilər və hesab edirdilər ki, guya S.Şaumyan vətəndaş müharibəsi getdiyinə görə müsavatçılara münasibətdə cəza tədbirlərinə əl atmaq məcburiyyətində qalmışdı. Lakin tarixi qaynaqlar bunun soyqırımı olduğunu, dinc əhalinin məhv edilməsinin və talanların ilk növbədə milli əlamət (kimlik) üzrə həyata keçirildiyini sübut edir.

4. Bakı və onun qəzalarında qadınların soyqırımı

52Mart hadisələri zamanı əhalinin ən müdafiəsiz hissəsi – qadınlar və uşaqlar hamıdan çox zərər çəkiblər. Əlbəttə ki, qadın və uşaqlar heç bir partiyaya mənsub, yaxud da “Müsavat” partiyasının üzvü deyildilər.

Ermənilərin qadınlarla xüsusi qəddarlıqla davrandıqları barədə şahid ifadələri çoxdur. Onlar bilirdilər ki, azərbaycanlılar üçün ailə namusu qadının etik statusu ilə bağlıdır. Azərbaycanlıya mənəvi zərbə endirməkdən ötrü onun arvadını, bacısını və yaxud qızını öldürmək, ya da namusunu ləkələmək lazımdır.

FİK-in materiallarında göstərilirdi ki, təkcə Bakının bir yerində ermənilər qulaqları, burunları olmayan, qarınları yırtılmış və cinsiyyət orqanları kəsilmiş 57 qadın cəsədini basdırıblar. Canilər bir evdə 25 yaşlı qadını divara mismarlayıblar. Ermənilər Hacı xanım Allahverdi qızı adlı bir qadının qolunu doğramış, döşünü kəsmiş, öldürmüş və üzünün dərisini götürmüşlər. Türkiyə tədqiqatçısı Hüseyn Baykara qeyd edirdi ki, on minlərlə müsəlman şəhidi haqqında yazmaq çətindir, zira ermənilər türk qadınlarını çılpaq olaraq bir-birinə hörükləri ilə bağlanmış halda aparırdılar, sonra isə onlara qarşı müxtəlif zorakılıqlar törədir, qətlə yetirirdilər.

İstintaq materiallarında aşağıdakı fakt nəzərə çarpır: dinc azərbaycanlılara qarşı vəhşiliklərdə erməni ziyalıları bilavasitə iştirak edirdilər. Onların dəstələrindən biri Bakıda bir evə soxulmuş, 8 qadını və uşağı güllələmişdi. Ermənilərin öldürməyə macal tapmadıqları qadınları hörükləri ilə bir-birinə bağlayaraq, apardıqlarını və yolda tüfənglərinin qundağı ilə vurduqlarını şahidlər görüblər. Erməni hərəkatının rəhbərlərindən biri Bakıda öz tanışları qarşısında lovğalanırdı ki, Şamaxıda 10 müsəlman qızı zorlayıb və daha sonra tapança ilə güllələyib.

5. Azərbaycan qəzalarında qadınların soyqırımı

Ermənilər Naxçıvan, Qarabağ, Zəngəzur, Cavanşir, Sürməli və digər qəzaların müsəlman əhalisinin də qanını axıdıb və qırıblar. Sözügedən ərazilərdə silahlı quldurlarla yanaşı, əsasən Ermənistan Respublikasının hökumət qoşunları da fəaliyyət göstərirdi. Onlar nəinki müsəlman əhalisini məhv edir, eyni zamanda həmin əhalinin yaşamasının təsərrüfat əsaslarını təxrib edirdilər. Tədqiqatçı Aslan Xəlilov hesab edir ki, “Qars vilayətində ermənilər erməniləşdirmə və müsəlmansızlaşdırma siyasətini yürüdürdülər” və bu məqsədə çatmaq üçün ən çirkin hərəkətlərə və cinayətlərə hazır idilər.

1918-ci il dekabrın 20-də Azərbaycan parlamentinin təcili çağırılmış iclasında Gəncə quberniyasının müsəlman əhalisinə qarşı Ermənistan Respublikasının təcavüzü müzakirə olunmuşdu. Qarabağdan olan deputat Allahverdibəyov hələ 1918-ci il dekabrın 15-də “Qarabağda Andranikin quldur dəstələri tərəfindən törədilən azğınlıqlarla əlaqədar oradakı hadisələr haqqında sorğu” vermişdi. Parlamentin iclasında deputat Məhərrəmov da insanların nə cinsinə, nə də sağlamlığına məhəl qoymadan müsəlman kişilərinin, qadınlarının, uşaqlarının və qocalarının qanını tökmüş Andranikin quldur dəstələrinin azğınlıqları haqqında məruzə etmişdi.

Ermənilər Azərbaycanın digər bölgələrində, habelə Cənubi Azərbaycanda da görünməmiş vəhşiliklər törətmişdilər. Azərbaycan xalqının cəlladı olan An-dranik öz “könüllü” dəstəsi ilə Xoy, Ərzincan və Azərbaycan türklərinin yaşadıqları digər şəhərlərin əhalisini terrora məruz qoymuşdu. Onlar qadınlara divan tutur, onlara işgəncə verir, bir çoxunu zorlayırdılar.
“Daşnaksütyun” partiyasının banilərindən və rəhbərlərindən biri olan Ov. Kaçaznuni etiraf edirdi ki, onlar müsəlman kəndlərinə qarşı tez-tez “silaha əl atmalı, qoşun yeritməli, dağıtmalı və qırğın törətməli olurdular”. Erməni tarixçisi A.Karinyan qeyd edirdi ki, daşnakların gələcək milli dövlətin ərazisi uğrunda mübarizəsi və onun sərhədlərini “yuvarlaqlaşdırması” “Fevral çevrilişinin ertəsi günü” başlamışdı.

Ermənilərin 1918-1920-ci illərdə başladıqları münaqişə və azərbaycanlıları kütləvi şəkildə qırmaları Azərbaycan qadınları arasında milli özünüdərkin fəallaşması və konsolidasiyası proseslərinin katalizatoru rolunu oynadı. Millətlərarası münaqişə qadınların vətənpərvərlik əhval-ruhiyyəsinin yüksəlməsinə təkan verdi, onları  möhkəmləndirərək  ictimai fəaliyyətlərini gücləndirdi. Onu da qeyd etmək lazımdır ki, XX əsrdə hər dəfə dövlətin zəifləməsinə və ya  dağılmasına gətirib çıxaran ciddi problemlər ilə üzləşəndə Qafqazda ermənilər azərbaycanlıların əleyhinə hərəkətə keçərək, onları öz tarixi torpaqlarından sıxışdırıb çıxarmağa çalışırdılar.

 

 

 

 

 

 

 

Bölmə : Araşdırma, Manşet
KÖŞƏ YAZARLARI
TOP 10