Azərbaycanlı rejissorun üç filmi İtaliyada mükafata layiq görüldü

12 Baxış

şoller

Bu gün mənim üçün çox sevindirici bir hadisə baş verib, İtaliya beynəlxalq film festivalında bir gündə 3 filmim mükafata layiq görülüb. Belə ki, “Şollerin arxivi” bədii filmi İtaliyada “Under The Stars International” film festivalında “Ən yaxşı bədii film” kateqoriyası üzrə mükafat qazanıb. Bundan əlavə, “Stalinin qaranlıq keçmişi” və “Nobel qardaşlarının ilk uğuru” sənədli filmləri də “Ən yaxşı sənədli film” kateqoriyasına seçiliblər.

Bu barədə Senet.az-a filmlərin ssenari müəllifi və quruluşçu rejissoru Cəlaləddin Qasımov məlumat verib.

“İstehsal etdiyimiz filmlər kommersiya məqsədi ilə çəkilməyib, ölkəmizi xaricdə keçirilən beynəlxalq festivallarda tanıtmaq üçün çəkilib və buna da nail olmuşuq”,- deyə Cəlaləddin Qasımov bildirib.

Cəlaləddin Qasımov deyib ki, “Şollerin arxivi” filmi almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama dəstək olaraq çəkilib. Film Avropa mədəniyyətindən, azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir.

Filmdə Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Əjdər Zeynalov, Rövşən Kərimduxt, Ramiz Vəliyev, Sevda Ələkbərova, aktyor Mətləb Ərdəbilli və başqaları rol alıblar.

Ekran əsərinin süjet xətti ötən əsrin 40-cı illərində Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulub. Filmin çəkilişləri Gəncə, Göygöl, Tovuz və Bakıda aparılıb. Ekran əsərində alman ailəsinin timsalında insan dramı göstərilib. Eyni zamanda, xalqımızın multikultural dəyərlərə sadiq qalması nəzərdən qaçmayıb. Filmdə baş verən hadisələr real həyatdan götürülüb.

Qeyd edək ki, dünyada böyük marağa səbəb olan “Şollerin arxivi” bədii filmi Azərbaycan kino tarixində beynəlxalq festivallarda ən çox uğur əldə edən ekran əsərlərindəndir.

Bölmə : Sənət xəbər