Azərbaycan əsgərini dəfn edən erməni komandiri

448 Baxış

vətənAzərbaycan əsgərini dəfn edən erməni komandiri

Senet.az Şəmil Sadiq və Müşfiq XANın həmmüəllifi olduqları “Ümidlərin izi ilə” romanından parçanı təqdim edir. Qeyd edək ki, romandakı bu hissə I Qarabağ Müharibəsinin iştirakçısı olmuş bir zabitin xatirələri əsasında qələmə alınmışdır və real əhvalata dayanır.

 2016-cı il, aprel ayının 2-də Şəhid olan

on iki Əsgərimizə ithaf edilir

Səlim son məqsədinə çatmaq istəyən insanlar kimi tək inamla döyüşü davam etdirirdi. Onun bu halını təpənin arxasında olan cəbhə yoldaşları indi-indi anlayırdılar. Sən demə, Səlim qabaqcadan yoldaşlarına hiss etdirmədən ehtiyat üçün özü ilə avtomatdan əlavə bir neçə tapança və normadan bir neçə dəfə artıq güllə götürübmüş. Dayanmadan etdiyi atəşlər erməni əsgərlərini də get-gedə daha çox qorxuya salırdı. Sanki onun güllələri heç bitməyəcək, silahı heç susmayacaqdı. Əlacları kəsilən ermənilər nə onu öldürə bilir, nə də ki, yaxın düşməyə cürət edirdilər. Yeganə çıxış yolu erməni qanına susamış bu canavarın silahının susmasını gözləmək idi. Ürəklənib irəli yeriyənlər isə sərrast atəşdən sonra cəhhənnəmə vasil olurdu. Ramil və cəbhə yoldaşları bir neçə dəqiqə ərzində yalnız Səlim tərəfindən öldürülən ermənilərin sayını itirmişdilər. Sanki gördükləri həqiqət deyildi. Həqiqətən də, Səlimin döyüşünü görməyənlər bunun həqiqət olduğuna çətin inanarlar. Nə vaxtsa bunu eşidənlər də onun şücaətini xalq tərəfindən şişirdilmiş, dillərdə get-gedə daha çox əzbərlənən qəhrəmanlıq dastanı kimi xatirələrə yazacaqlar. Ramil isə onların görmədiyi bu hadisənin şahidi idi.

Türk canavarının getdikcə taqətdən düşdüyü hiss olunurdu. Bunu ona bir az da yaxınlaşıb dövrəyə almaq üzrə olan erməni əsgərlərinin hərəkətlərindən də görmək mümkün idi. Erməni mayoru Baqdasaryan isə gözləri önündə baş verən biabırçılığa dözməyərək dayandığı yerdən səsgücləndirici ilə bağırırdı:

– Hamınız qırılsanız da, onu sağ istəyirəm! Yoxsa sizi özüm güllələyəcəm! Eşitdiniz məni, it uşaqları?!

Səlim son nəfəsini verən insan kimi erməni dilində deyilən bu sözləri eşitdikcə bir az arxayınlaşaraq bacardığı qədər vaxtı uzatmaq istəyir, daha çox erməni öldürməyə çalışırdı. Amma…

Nəhayət ki, güllələri bitdi…

O, qəhrəmanlıqla döyüşərək son məqsədinə çatmışdı. İndi nə ermənilərin, nə də ki, Ramilgilin inkar edə bilməyəcəyi fakt onun bu döyüşə atılmasında son məqsədinin məhz ölüm olması idi. Səlim bu döyüşə öldürmək üçün girsə də, öləcəyini bilirdi.

Bu da sonu…

Erməni əsgərləri dörd bir yandan ona yaxınlaşıb mühasirəyə almağa başladılar. Artıq mayor Baqdasaryan da maşından düşüb ona tərəf gəlməyə hazırlaşırdı. O isə fiziki hazırlığından istifadə edərək avtomatın qundağı ilə gücü çatdığı qədər ağır zərbələr endirərək son dəqiqələrdə belə əlbəyaxa döyüş əzmini göstərirdi. Növbəti ağır zərbə isə arxadan onun özünə dəydi. Bütün dünya qaralaraq gözləri önündə pərdə çəkdi. Bu pərdə işıqlı dünya ilə axirət dünyasının astanasında olan dayanacaq idi. Gözlərini yumdu. Şüurunun özündə olduğu ana qədər gözləyə biləcəkdi. Son dəfə bütün iradəsini toplayıb ətrafına  daha çox erməninin yığışmasını gözlədi. Çox yubanmaq olmazdı. Əks halda huşunu itirib əsir düşə bilərdi. Bir az əvvəl gözləri önünə çəkilən qaranlıq pərdə getdikcə çəkilir, yerini sayrışan ulduzlara verirdi. Hiss edirdi ki, düşünmə qabiliyyətini itirir. Qabaqcadan fikirləşdiyi sonuncu həmlə planını reallaşdırmaq üçün barmağını ehmalca kitelinin iç tərəfində hazır vəziyyətdə saxladığı əl qumbarasının üzüyünə keçirərək vaxt itirmədən var gücü ilə çəkdi. Son nəfəsində partlatdığı qumbaradan sonra ətrafında olan bütün erməni əsgərləri yerə sərildi. Əksəriyyəti ölsə də, bəziləri yaralı idi.

Bir az aralıda isə onun cansız meyiti sərilmişdi…

Qumbara partlayışından sonra yaralanan Baqdasaryanın köməkçisi sürünərək onun meyidinə tərəf gəldi. Tapançasını çıxarıb Səlimin meyidinə tərəf tuşlamışdı ki, özünü yetirən mayorun açdığı atəş onu əlindən yaraladı. Tapança yerə düşdü.

– İt uşaqları, siz ancaq ölüdən qisas almağı bacarırsınız. O kişi kimi döyüşdü, son nəfəsində də sizi qırıb sonra öldü! Siz isə… Lənətə gələsiniz hamınızı! O Türk olsa da, qəhrəmandır!

Təpənin arxasından baş verənləri izləyən Ramilin nitqi qurumuşdu. Erməni dilində yaxşı bildiyi üçün mayorun dediklərini başa düşürdü. Dostunun şəhid olmasında özünü günahlandırsa da, bilirdi ki, ermənilər ona qarşı Səlimə olduqları kimi davranmayacaqlar. Səngərdən çıxan kimi öldürəcəklər.

– Tez olun, burada qəbir qazın və bu əsgəri basdırın. Hamınız bir nəfər kimi! Bu, əmrdir! O türk olsa da, kişi kimi qəhrəmanlıq göstərərək öldü. Siz isə hamınız qorxaqsınız! Sizin hamınızın…!

Baqdasaryanın əmrindən sonra Səlim erməni tapdağında olan doğma vətənində torpağa tapşırıldı. Kitelinin döşündəki Azərbaycan gerbini də mayorun əmri ilə onun baş daşına bərkitdilər.

Bir neçə saniyə sonra Baqdasaryan sağ qalan əsgərləri ilə birgə Səlimin inanılmaz şücaətinə ehtiram əlaməti olaraq havaya yaylım atəş açdılar…