Azərbaycan Beynəlxalq Təhsil Sərgisi

14 Baxış

SERGI1

Bakı Ekspo Mərkəzində 10-cu Beynəlxalq Təhsil sərgisinin açılışı olub. Sərgi oktyabrın 9-na kimi davam edəcək.

Senet.az xəbər verir ki, Təhsil nazirinin müavini Ceyhun Bayramov açılışda çıxış edərək bildirib ki, sərgi Azərbaycan təhsilinin gələcək inkişafına öz töhfəsini vermiş olacaq.

O qeyd edib ki, Təhsil Nazirliyi sərgiyə rəsmi dəstək verir: “Sərgi çərçivəsində ziyarətçilərə bakalavriat, magistratura, aspirantura, eləcə də ikinci ali təhsil və MBA proqramı, o cümlədən işgüzar xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar təqdim olunacaq”.

Ziyarətçilər sərgidə aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə ünsiyyət quraraq qəbul prosesi, qəbula daha yaxşı hazırlıq, sənəd qəbulu müddəti, təhsil haqqı və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab tapmaq imkanı qazanacaqlar: “Müxtəlif layihələrdə olan brendlərini də sərgidə görmək mümkün olacaq.

Həmçinin bu il Azərbaycanda yeni fəaliyyətə başlayan UFAZ Universitetinin stendləri də əks olunacaq. Bütün bunlar təhsil nailiyyətlərinin geniş şəbəkədə yayılması, yeniliklər barədə ictimaiyyətə ətraflı məlumat vermək üçün önəmlidir”.

Sərgidə 14 ölkədən 118 müəssisə iştirak edəcək. Almaniya, Latviya, Litva, Polşa, Macarıstan və digər ölkələrin ali təhsil müəssisələri, kollec və digər təhsil qurumlarının nümayəndələri sərgi ziyarətçilərini təhsil proqramları ilə tanış edəcəklər.

Sərgidə Azərbaycanı təmsil edən təhsil müəssisələrinin siyahısında Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Texnologiya Universiteti (Gəncə), Azərbaycan Memarlıq və İnşaat Universiteti, Gəncə Dövlət Universiteti və “CELT Colleges” yer tutub. Sərgidə hər il fəal iştirak edən Təhsil Nazirliyinin stendində isə nazirliyin yaxın illər üçün plan və proqramları barədə informasiya təqdim olunacaq.

Bölmə : OxucuKlubu