Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının fəaliyyəti beynəlxalq jurnalda

4 Baxış

 assitej-azerbaijan-national-center-logo-600x600Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının fəaliyyəti teatrın üzv olduğu Beynəlxalq qurumun jurnalında öz əksini tapıb. Beynəlxalq ASSİTEJ-in hər ay dərc olunan jurnalında ASSİTEJ-Azərbyacan Milli Mərkəzinin (Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı) dekabr ayı üçün olan yenilikləri yer alıb.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin saytında yerləşdirilən məlumata görə, hər ay mütəmadi olaraq həm elektron, həm də kağız formatında dərc olunan jurnalda bu dəfə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında İsveç Krallığının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Tomas Danestadla baş tutmuş görüş haqqında məlumat verilib.

Jurnalda göstərilib ki, İsveçin Azərbaycandakı səfirliyi görkəmli İsveç dramaturqu Astrid Lindqrenin bir neçə ən məşhur əsərini Azərbaycan dilinə tərcümə edəcək. Tərcümə olunacaq əsərlər içərisində “Balaca və damda yaşayan Karlson”, “Uzuncorab Peppi” və digərləri var. Tərcümə olunan əsərlər kitab halına salınaraq qaçqın şəhərciyində yaşayan uşaqlara paylanacaq. Həmçinin jurnalda yazarın əsərlərindən hər hansı birinin birgə əməkdaşlıq layihəsi çərçivəsində Dövlət Gənc Tamaşaçılar Teatrında səhnələşdiriləcəyi də göstərilib.

Jurnalda toxunulan digər məsələ ASSİTEJ – Azərbyacan Milli Mərkəzinin baş katibinin dəyişdirilməsi və İdarə Heyətində edilən dəyişikliklərlə bağlıdır.

Məlumat üçün bildirək ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 2011-ci ildən Beynəlxalq Uşaq və Gənclər Teatrı Assosiasiyasına (ASSİTEJ) üzvdür. Dünyanın 100-dən artıq inkişaf etmiş ölkəsi bu nüfuzlu teatr qurumuna üzvdür. Və qurumun hər ay dərc olunan jurnalında 100-dən artıq Milli Mərkəzin teatr mühitində baş verən yeniliklər, beynəlxalq mədəni hadisələr yer alır.

Jurnalla aşağıdakı link vasitəsilə daha yaxından tanış ola bilərsiniz.

http://1ukoq.r.ca.d.sendibm2.com/3c6k2fwqaqzf.html