Azərbaycan Milli Kitabxanasının nümayəndələri beynəlxalq konqresdə

9 Baxış

Astanada Qazaxıstan Respublikasının müstəqilliyinin 25 illiyinə həsr olunmuş Kitabxanaçıların Beynəlxalq Konqresi keçirilir.

Konqresdə alimlər, ictimai və siyasi xadimlər, şairlər, yazıçılar, kulturoloqlar, naşirlər, kitabxanaçılar iştirak edirlər.

Senet.az saytının AZƏRTAC-dan əldə etdiyi məlumata istinadən xəbər verir ki, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasından bildirilib ki, konqresin plenar iclasını Qazaxıstanın mədəniyyət və idman naziri A.Muxamediuli açaraq iştirakçıları təşəkkürnamə ilə təltif edib.

Konqres ümumilikdə kitabxana fəaliyyətinin demək olar ki, bütün aktual problem və məsələlərini əhatə edir.

Plenar iclasda Qazaxıstan, Rusiya, Azərbaycan, Gürcüstan, Belorus, Ukrayna, Moldova, İran İslam Respublikası və digər ölkələrdən olan məruzəçilər çıxış ediblər. Azərbaycan Milli Kitabxanasının direktor müavini, Əməkdar Mədəniyyət İşçisi Ədibə İsmayılovanın “Azərbaycan Milli Kitabxanası və XXI əsrin oxucusu” adlı məruzəsi dinlənilib.

Konqresin ikinci günü Qazaxıstan Milli Akademik Kitabxanasında Avrasiya Kitabxanalar Assambleyasının (БАЕ) XIX ümumi iclası keçirilib. İclasda Azərbaycan Milli Kitabxanasının direktor müavini Ədibə İsmayılova ilə yanaşı, kitabxananın şöbəsinin müdiri Aygün Hacıyeva da iştirak edib.

Sonda iştirakçılara sertifikatlar təqdim ediləcək.

 

Bölmə : Bölməsiz