“Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı çapdan çıxıb

55 Baxış

Multikulturalizm kitabı“Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı çapdan çıxıb. Bu, “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasının ilk kitabıdır. AMEA-dan açıqlanan məlumata görə, Azərbaycan ədəbiyyatının bütün dövrlərində (1920-ci illərə qədər) yazıb-yaradan sənətkarların əsərlərində əksini tapan multikultural, tolerant dəyərlər beyt-beyt, qəzəl-qəzəl, abzas-abzas yığılıb bir kontekst daxilində toplanıb. Kitabda söz sənətkarlarımızın ayrı-ayrı dinlərə, dillərə mənsub xalqlara, başqa xalqlara məxsus alimlərə, yazarlara, gözəllərə sonsuz ehtiramın təsviri, tərənnümü faktlarla öz təsdiqini tapıb.

Qeyd edilib ki, bu gün xalqımıza xas olan tolerant, multikultural dəyərlər əsrlər boyu əcdadlarımızın canında, qanında yaşayıb. Bu isə Prezident İlham Əliyevin dediyi “Multikulturalizm Azərbaycan xalqına tarixən xas olan dəyərdir” sözlərinin əyani göstəricisidir.

Prezident İlham Əliyev 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan edərkən məhz xalqımızın tarixi kökündə formalaşan və yaşayan möhtəşəm mənəvi, elmi, siyasi qaynaqlara əsaslanır. Bu qaynaqlar xalqımızın daxili aləmini, ruhunu, mənəvi zənginliyini adekvat göstərən zəngin mənbədir.

“Azərbaycan multikulturalizminin qaynaqları” adlı seriyanın növbəti əsərləri (“Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və publisistik qaynaqları” və “Azərbaycan multikulturalizminin siyasi və hüquqi qaynaqları”) yaxın gələcəkdə işıq üzü görəcək. Bu əsərlər multikultural qaynaqlarımızın çoxşaxəli və çoxistiqamətli olmasının bariz nümunələri kimi təzahür edir.

Həmin seriyanın baş elmi redaktoru millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdulla, tərtibçiləri AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu, professor Fərid Ələkbərli, filologiya üzrə fəlsəfə doktorları Əkrəm Bağırov, İbrahim Quliyev, rəyçiləri isə  akademik Teymur Kərimli, tarix üzrə fəlsəfə doktoru Nəriman Qasımzadə və nəşrə məsul fəlsəfə doktoru Rəşad İlyasovdur.

Ön sözün müəllifi akademik Kamal Abdulladır.