“Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı haqqında bir neçə söz

63 Baxış

Multikulturalizm kitabı

Fil.ü.f.d. Əzizağa Nəcəfzadə

Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı haqqında bir neçə söz

Məlumdur ki, bədii ədəbiyyat həyat hadisələrini obrazlı şəkildə əks etdirən söz sənətidir. Yəni hər bir sənət növü kimi ədəbiyyat da mövcud reallığa əsaslanır, əks etdirdiyi hadisələr həyatdan götürülür. Hər bir milli ədəbiyyat nümunəsi isə, istər yazılı, istərsə də şifahi şəkildə təzahür etməsindən asılı olmayaraq, konkret bir xalqın həyat həqiqətləri ilə bağlı olur, onun arzu və niyyətlərini ifadə edir, həmin xalqın tarixi, taleyi, qoruduğu və təbliğ etdiyi milli maraqları ilə səsləşir.

“Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” adlı bu kitab mənada öz unikallığı ilə seçilir. Kitabın müdəricəsindən də bəlli olduğu kimi bu 287 səhifəlik topluda Azərbaycan ədəbiyyatının ən azı min illik ədəbiyyat tarixi ehtiva olunub. Ərazi etibarilə böyük coğrafiyanı əhatə edən, müxtəlif dillərdə yaradılan bu sənət incilərini, ayrı-ayrı zamanlarda, ictimai-tarixi şəraitdə yaşamış, müxtəlif dövlətlərin, hakimlərin, hökmdarların, rejimlərin tabeçiliyində ömür sürmüş 76 müəllifi birləşdirən bir millətin övladları olmasıdır. Onları birləşdirən bir mühüm əlamət də var ki, bu da, sözsüz ki, yaradıcılıqlarında xalqımızın öyünə biləcəyi əsrlərlə qoruya bildiyi və nəsildən-nəslə ötürməyə müvəffəq olduğu multikultural dəyərlərə söykənmələridir: dilindən, dinindən, irqindən asılı olmayaraq, insanlığa sevgi ilə qucaq açmaları, müxtəlif din, təriqət, məzhəblərə hörmətlə yanaşmaları, hər məqamda ali hiss olan məhəbbəti təbliğ etmələridir. Kitabda hər bir sənətkarın yaradıcılığında, hər sənət əsərinin ideya-mövzu qaynağında multikultural dəyərlərin durması bu ənənənin təkcə bir sənətkara, bir cərəyana deyil, minillik ədəbiyyat tarixi nümayəndələrimizin hamısına aid olması onu sübut edir ki, multikulturalizm bu xalqın təfəkküründədir.

Əbəs yerə deyil ki, kitab ölkə prezidenti, cənab İlham Əliyevin  artıq bir şüara çevrilən, dövlətimizin siyasəti olan “multikulturalizim xalqımızın həyat tərzidir” sözləri ilə başlayıb və sonra böyük şairimiz Abdulla Şaiqin məşhur “Həpimiz bir yuva pərvərdəsiyik, həpimiz bir günəşin zərrəsiyik” misraları ilə davam edir. Deməli, yüz illər boyunca yaranan ədəbiyyatımızda, sarayda, yaxud ondan kənarda, dağda, yaxud aranda, Şimalda, yaxud Cənubda yaranmasından asılı olmayaraq, ədiblərimiz ilk öncə insanlığın vahid bir amala – insanpərvərliyə xidmət etməli olduğunu təbliğ etmiş, kamil insanı bir etalon, ona doğru gedən yolu bir nümunə kimi tərənnüm etmişlər.

Kitabın məziyyətlərindən bir neçəsini qeyd etmək istərdik:

1) Kitabın elmi redaktoru akademik Kamal Abdullaya aid olan “Həpimiz bir günəşin zərrəsiyik…” başlıqlı ön söz onun məğzini, məramını aça bilir, bundan əlavə xalqımızın tolerant keçmişini, multikultural dəyərlərə necə böyük sayğı ilə yanaşıb, bu mənəvi keyfiyyəti necə qoruduğunu elə kitabın girişindən oxucusuna çatdıra bilir. Ön sözdə oxuyuruq: “Oxucu ona təqdim olunan bu kitabda klassik şair və yazıçılarımızı tamam yeni bir rakusda görəcək”. Bu sözlər kitabı xüsusi diqqətlə oxumağa bizi sövq edir;

2) Kitabın tərtibçiləri Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun ən sanballı, elmi aləmdə öz çəkisi olan, orijinal düşüncə və müxtəlif ixtisas sahibi olan 4 əməkdaşı – müxbir üzv Möhsün Nağısoylu, tarix.ü.e.d., prof. Fərid Ələkbərli, fil.ü.f.d. Əkrəm Bağırov, fil.ü.f.d. İbrahim Quliyevdir. Onların birgə zəhməti, fərqli zövqü vahid amala xidmət etdiyindən maraqlı seçmələr ərsəyə gətirə bilib;

Haşiyəyə çıxaraq onu deyək ki, vaxtı ilə belə toplular ədəbiyyat tariximizdə olub. Keçən əsrdə nəşr olunan “Hikmət xəzinəsi”, “Poetik məclislər” bu qəbil kitablardan sayılsa da, bu kitabın məziyyəti müxtəlif sənətkarlarda eyni amalı aramaq olduğundan, o daha kamildir;

3) Böyük məziyyətlərindən biri də kitabda yer alan şeir parçalarında, nəsr nümunələrində dini və fəlsəfi terminlərə, ərəb və fars sözlərinə, arxaizm və tarixizmlərə verilən sətraltı şərhlər, çıxarışlardır;

4) Fərqinə vardığım və nəzərə çatdırmaq istədiyim ən dəyərli məziyyət kitabın sonunda verilən alimlərin, mütəxəssislərin öz gələcək tədqiqatlarında istinad mənbəyi kimi istifadə edə biləcəyi 100-ə yaxın ədəbiyyat siyahısının olmasıdır;

5) Nəhayət, bu kitabın estetiik tərtibatı haqqında bir neçə söz demək istərdik ki, hər bir oçerk və bədii materialın sonunda medalyon içində yer alan həm klassik, həm də müasir rəssamlarımızın əl işi olan miniatür nümunələri də Azərbaycan rəngarlıq sənəti haqqında geniş təəssürat yaradır, məlumatın əyaniləşdirilməsinə vasitəçi olur.

Kitabın “Son söz əvəzi” də maraqlı və cəlb edicidir. Hörmətli akademik Kamal Abdulla yazır: “…bu ilk kitab, əslində, həm dərininə, həm də eninə genişlənməyə hazır olan bir ədəbi mahiyyətin ilk qaranquşudur. Yeni-yeni, daha kamil nəşrlər hazırlanacaq”. Deməli, bu işlər axarlı olacaq və biz gənc mütəxəssislərin də bu işlərə qoşulma şansı var, gələcəkdə də multikultural varidatımızın təbliğində hələ çox işlər görə biləcəyik.