Azərbaycan-Özbəkistan Musiqi Mədəniyyəti Mərkəzinin açılışı olub

2 Baxış

Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin layihəsi ilə Daşkənddə Özbəkistan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyli adına Azərbaycan-Özbəkistan Musiqi Mədəniyyəti Mərkəzinin açılışı olub.

Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, layihə çərçivəsində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistan Dövlət Konservatoriyasında yerləşən “Soqdiana” Xalq çalğı alətləri Dövlət Kamera Orkestrinin zalı müasir səviyyədə qurulub, tərtibat işləri aparılıb.

Özbəkistan Mədəniyyət və İdman Nazirliyi ilə əldə olunan razılaşmaya əsasən Mərkəzə dünya şöhrətli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin adı verilib.

Əvvəlcə Mərkəzin rəsmi açılışı olub, daha sonra giriş sözü ilə çıxış edən Özbəkistan Dövlət Konservatoriyasının rektoru, professor Bəxtiyar Yaqubov yüksək səviyyədə qurulmuş Musiqi Mədəniyyəti Mərkəzinin Özbəkistan-Azərbaycan arasında  mədəni əlaqələrin inkişafına təkan verməklə yanaşı, Azərbaycan bəstəkarlarının əsərlərinin Özbəkistanda öyrənilməsi, ifası işinə dəstək verəcəyini, bu ölkədə Azərbaycan musiqisinin fəal təbliğatçısına çevriləcəyini qeyd edib.

O, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin adını daşıyacaq Mərkəzin xidmətlərindən gələcəkdə Özbəkistan Dövlət Konservatoriyasında təhsil alan tələbələrin, mütəxəssislərin də faydalana biləcəyini bildirib və layihənin reallaşdırılmasına görə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirib.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov dahi Üzeyir Hacıbəylinin adını daşıyan Mərkəzin Özbəkistan Dövlət Konservatoriyasında fəaliyyət göstərməsini böyük hadisə adlandırıb və gələcəkdə Mərkəzin qardaş Özbəkistanda milli musiqimizin təbliğatçısına çevriləcəyini, dünya şöhrətli Azərbaycan bəstəkarlarının əsərlərinin təbliğinə və Özbəkistan səhnələrində tez-tez ifa olunmasına şərait yaradacağını qeyd edib.  O, Mərkəzdə  həmçinin Özbəkistanın “Soqdiana” Xalq çalğı alətləri Dövlət Kamera Orkestrinin məşqlərinin də həyata keçiriləcəyini vurğulayıb.

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov Azərbaycan musiqisinə, bəstəkarlarının əsərlərinə Özbəkistanda böyük maraq olduğunu qeyd edərək, Azərbaycanın zəngin musiqi ənənələri barədə danışıb və məhz Azərbaycanda Şərqdə ilk operanın əsasının qoyulduğunu qeyd edib.

Daha sonra Xalq çalğı alətləri Dövlət Kamera Orkestri dahi Üzeyir Hacıbəyovun əsərlərindən ifa edib, orkestrin solisti Səncər Qədirov “Ay Laçın” Azərbaycan xalq mahnısını ifa edib.

Qeyd edək ki, Üzeyir Hacıbəyli adına Azərbaycan-Özbəkistan Musiqi Mədəniyyəti Mərkəzinin Özbəkistanın xalq çalğı alətləri Kamera Orkestrinin bədii rəhbəri, professor Firuzə Abduraximova rəhbərlik edəcəkdir.

Firuzə Abduraximovanın rəhbərliyi Özbəkistanın Xalq çalğı alətləri Dövlət Kamera Orkestri dəfələrlə Özbəkistan səhnələrində Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsərini ifa edib, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən 20 yanvar və Xocalı soyqırımına həsr olunmuş anım tədbirlərində möhtəşəm konsert-rekviem proqramlarında  Azərbaycan  bəstəkarlarının əsərlərini ifa ediblər.